Dəhşət Maştağalının həyatı və ölümü

Dəhşət Maştağalının həyatı və ölümü
19 sentyabr 2014
# 15:15

Kulis.az Natiq Rəsulzadənin “Dəhşət Maştağalının həyatı və ölümü” adlı yeni hekayəsini təqdim edir.

Əllə hamarlanmış kimi ölçülü-biçili həyatında elə bil bomba partladı. “Qurama” oyunu kimi hissələrdən quraşdırılmış gözəl tablonu sanki gözlənilmədən silkələdilər və hissələr (əslində anlamsız və yöndəmsiz, amma sehrin gücüylə birləşərək, təbiətin gözəl, sakit, orada yaşlanmaq istədiyin yaşıl guşəsinə çevrilmiş parçalar) ətrafa səpələndi, indi yenidən bərpa etmək üçün, toplamaq, qurmaq, xaosdan harmoniya yaratmaq lazımdı.

Boş şeydən başladı. İyirmi mərtəbəli evin damında kart oynayırdılar. O uduzurdu, axırda son qəpiyini də uduzdu, ciblərini çevirdi, yəni uduzduğunu ödəmək üçün heç nəyi qalmayıb. Onda digər üç oyunçu kartları atıb ayağa qalxdı, onun əllərindən, ayaqlarından yapışıb damın kənarına gətirdilər və dinməz-söyləməz aşağıya tulladılar. Bir tək onun səsi gəlirdi, qışqırır, fəryad edir, bağırır, aman istəyir, uşaqlarının canına and içirdi ki (fikirləşirdi ki, and içmək olar, onsuz da uşaqları yoxdu), borcunu qaytaracaq, yalvarırdı ki, onu damdan atmasınlar, yoxsa arvadı hirslənəcək-bu gün kişinin evdə yır-yığış günüymüş. Lakin trio heç nə eşitmirdi və kişini aşırdı. On beşinci mərtəbəni keçhakeçdə möcüzə baş verdi, balkonun məhəccərindən yapışıb dəhşətdən və gərginlikdən təngnəfəs yad balkona atıldı.

Bu anda oyandı, qışqırığına ayılıb bayaqdan onu silkələyib oyatmağa çalışan arvadına sarı çevrildi, güclə nəfəsini dərib dilləndi:

- Yaxşı ki, oyandım, yoxsa yerə dəyib parça-parça olacaqdım.

- Yenə?- qadın soruşdu.

- Hə,- deyə cavab verdi.

- Nə qədər olar e? Her gecə iniltinlə məni yuxudan edirsən...

Bax gör saat neçədi?

- Neçədi?

- Üçə az qalır. İndi daha yata bilməyəcəyəm...

- Məni damdan atırdılar, nə edəydim, dinməzcə uçaydım?

- Neçə dəfə demişəm, özünlə pul götür. Bir də niyə sən həmişə uduzursan? Bir dəfə də ud da... Sən zavallı fərsizsən!

“Niyə fərsiz?- Kefinə dəydi,- həm də zavallı! Buna bir bax! İşlərim pis getmir, qazanıram, bir əyər-əksiyimiz yoxdur...”

Amma heç nə soruşmadı, susdu. O, arvadının intəhasız söz ehtiyatına bələddi, bilirdi ki, milçəkdən fil düzəldib sonsuza qədər mübahisə edə bilər. Bu suflyor köşkündən unutqan aktyora ötürülmüş replikaya bənzəyir. Bir kəlmədən saat kimi işə düşən aktyor başqasının-dramaturqun fikirlərini uzun-uzadı monoloqa düzüb səhnədə gur-gur guruldayır, ona replika atmış suflyoru çoxdan unudub.

- Səhər səni falçıya aparacağam,- qadın davam etdi.- Bəlkə səni nəzər atıb?

Cadunu da çıxarır... Belə baxanda kimə lazımsan sən?

Kişi yenə dillənmədi, arxasını arvada çevirib yatmağa çalışdı.

- Bir də məni oyatsan, səni özüm damdan atacağam,- qadın vəd etdi.

Səhər arvadı zəng vurub vaxt təyin etdikdən sonra ərini qabağına qatıb falçıya apardı.

- Falçının adı Məryəm xanımdı,- arvadı yolda izahata başladı.- Bu səninçün indiki fırıldaqçılardan deyil, yüksək səviyyəlidi. Onu televizorda da göstəriblər, ağ-qara magiyadan danışırdı... Pul götürdün?

Məryəm xanım onları işgüzar tərzdə qarşıladı,dalğın görkəmlə:

- Danışın,- dedi.- İyirmi dəqiqə vaxtınız var...

Arvadı danışmağa başladı. Olanları sürətlə və xırda təfərrüatına qədər, yerli-yerində anlatdı.

Məryəm xanım qarşısındakı masanın üstünə iri kəlağayı sərib kişiyə üz tutdu:

- Şəxavətini göstər, yoxsa bu gecə yerə çırpılıb tikə-tikə olacaqsan.

Bic-bic gülən gözlərində şeytanlar oynaşırdı, başa düşmək olmurdu ki, zarafat edir, yoxsa ciddidir.

Kişi arvadının çaşqın, eyni zamanda qərgin baxışları altında cibindəki bütün pulları çıxardı. Məryəm xanım gözübağlıca kimi cəld pulları qamarlayıb xalatının cibinə qoydu.

- Uşaqlarınız var? – Kişinin arvadından soruşdu.

- Bəli, var,- arvad cəld cavab verdi,- oğlanın iyirmi üç yaşı var, Neft Akademiyasını əla qiymətlərlə bitirib, evləndirmək istəyirik, Sokarda işləyir, yaxşı qazanır, onun üçün yaxşı qız gözaltı eləmişəm, valideynləri elə orada-Azərneftdə işləyirlər, yaxşı adamlardır, qızımsa tələbədir, xarici dillərin ikinci kursunda oxuyur, iki dil bilir, ing...

- Kifayətdir!- Məriyəm xanım onun sözünü ağzında qoydu. – Siz niyə yuxuda fikirləşdiniz ki, ovladınız yoxdur? – deyə kişidən soruşdu.

Kişi fikirə getdi.

Məryəm xanım sual verdi:

- Adınız nədir?

- Mənim?

- Unutmayın ki, vaxtınız məhduddur, qəbul otağında başqa ziyarətçilər növbələrini gözləyirlər, - Məryəm xanım əsəbi halda birnəfəsə sözünü dedi.

- Adım Dəhşətdir, - kişi də onun tərzində cəld cavab verdi.

- Bu nə addır? -Məryəm xanım daha da hirsləndi.- Zarafat edirsiniz?

- Yox, yox,- Dəhşətin arvadı Nərgiz ildırım sürətilə müdaxilə etdi və sözləri noxud kimi səpələndi:

- Bilirsiniz, ailələrində on üç uşaq olub, doqquz oğlan, dörd qız.

Dəhşət ən kiçikləri olub, sonbeşik, valideynləri ölüb, böyük oğlanlardan da ölən olub. O, anadan olanda tüklü olub, yəni saçlı, gözləri də açıqmış, sonbeşiyi doğanda anasının qırx yaşı varmış, hər şey ola bilərdi, oldu da. Akuşer, daha doğrusu kənd mamaçası qəfildən qışqırır: dəhşət. Atası ayağını basır ki, axırıncı oğlanın adı Dəhşət olsun, çünki bu söz deyiləndə mamaça iki dəfə asqırıb. Sonra uşağın saçları tökülməyə başlayıb, gözləri də vaxtında açılıb-bağlanırmış, adi körpə sifətini alıb, amma qeyri-adi adı qalıb. Atası öləndən sonra, oğlan həddi-buluğa çatıb pasport alanda öz ərizəsinə əsasən adı dəyişdirilib, Dəyanət yazdırılıb, amma ailədə alışdıqları üçün hamı onu əvvəlki kimi Dəhşət adlandırırdı. Evləndiyimiz zaman bu ad mənim də xoşuma gəldi, ona Dəhşətciyim deyirdim. Beləcə, qeyri-rəsmi əvvəlki adı üstündə qaldı, alışmışıq, soyadını isə bu yaxınlarda dəyişib, bu məsələdə mən etiraz etdim, adam kimi soyadı vardı - Məmmədov, yaxşı, dəyişmək istəyirsən, sonluğunu dəyiş, indi çox adam elə edir, rus şəkilçilərindən – “ov”, “yev”dən qurtulur,- arvad sözünün kəsiləcəyindən qorxaraq üyüdüb tökürdü,- götür Məmmədli elə, yox, tərsliyinə saldı, “şairlərdən nəyim əksikdi”, dedi, - “özlərinə elə təxəllüslər götürürlər ki, xan-bəy olurlar: xanlı, bəyli, hansı ki, necə gəda idilər, elə də qalırlar. Mən isə özümə təxəllüs, daha doğrusu, yeni soyadımı doğma kəndimdən götürürəm, nəyi pisdi ki: Dəhşət, daha doğrusu Dəyanət Maştağalı! Yaxşı səslənir?” O qədər də yox,- deyirəm. Amma o tərsliyinə salıb dəyişdi. Indi o Maştağalıdı, mən isə necə Məmmədova idim, elə də qaldım. Bilsəydim qızlıq soyadaımı dəyişməzdim...

- Bəsdir!- Məryəm xanım qışqırıb arvadın sözünü kəsdi.

Aralığa çökən sükut qulaqlarda cingildədi, Dəhşət ehtiyatla səssizliyi pozdu:

- Mən özüm əvvəlki adımı dedim, fikirləşdim ki, bəlkə belə lazımdı.

- Yaxşı etdiniz, - Məryəm xanım gözucu Nərgizi süzüb Dəhşəti ürəkləndirdi.- Hə-əə,-gözləri güldü,-maraqlı hissə başlayır...Hə, niyə?

- Nə niyə?-Dəhşət anlamadı.

- Sual yadınızdan çıxdı? –Məryəm xanım məzəmmət edirmiş kimi başını yellədi.- Elə geniş nitqdən sonra olan şeydi.- qınayıcı nəzərlərlə Nərgizə baxdı. –Niyə uşaqlarınız ola-ola yuxuda “yoxdur” dediniz.

- Yəqin ona görə ki,- təhlükəli qısa fasilədən sonra Dəhşət cavab verdi, -yuxuda mən xeyli gənc idim, iyirmi-iyirmi beş yaşlarında olardım,- qeyri-əminliklə mızıldandı. – O vaxt, deyəsən, heç evlənməmişdim. Yoxsa evlənmişdim?

- Nə danışırsan?- Nərgiz hiddətləndi.

- Bildim, bildim,- Məryəm xanım davam etdi.

- Bildiniz? Nəyi bildiniz? - Dəhşəti maraq götürdü.

- Bunu şəxsən mən bilirəm. Mənim bildiyim sizə bəlli olmaya bilər, xalatının cibindən kiçik kətan kisə nəsə çıxarıb Dəhşətin arvadına uzatdı,-balışının altına qoyun. Yalnız başbir olduqdan sonra.

- Məryəm xanım,- Nərgiz nəzakətlə astadan dilləndi,- bağışlayın, bu iş tez-tez olmur, hər halda yaş öz sözünü deyir: mənim az qala əlli yaşım var, onun daha çox, bu olmasa, balışının altına qoymaq olar?

- Lap yaxşı.

- Yaxşı?- Nərgiz bir şey anlamadı.

- Yox, pis, -Məryəm xanım dəqiqləşdirdi.- Yaxın olursunuz-olmursunuz, dəxli yoxdur, bunu yaxın olduqdan sonra balışınızın altına qoyursunuz.

- Bəlkə fikirləşirsiniz dünyaya uşaq gətirməliyik,-Nərgiz ehtiyatla soruşdu.

- Sizə daha nə lazımdır? Hələ cavansınız, doğun-törəyin.

- Bilirsiniz, biz başqa məsələ üçün gəlmişik!-Nərgizin səbri tükəndi.

- Nə məsələdi? Uşaqdan vacib məsələ var? – Məryəm xanım əsəbi halda soruşdu və sifəti eybəcərləşməyə, göz baxa-baxa qocalmağa başladı, yaşı altmışı haqlasa da, yaşından cavan görünən nazlı qadın saniyələr içində dişsiz, çənəsi batmış, üzünü dərin qırışlar örtmüş kaftara çevrildi.- Gedin, gedin, vaxtımı almayın! Gündə üç dəfə bir çay qaşığı... cavan madyanın sidiyindən bir damcı əlavə etməyi unutmayın! Çıxın, çıxın, - qarı masanın arxasından qalxıb, əllərini yelləyə-yelləyə ər-arvadı otaqdan çıxardı.

Qorxu içində mənzildən çıxdılar, dəhlizdə kimsənin olmadığının fərqinə belə varmadılar, halbuki qadın başqa ziyarətçilərin növbə gözlədiklərini iddia edirdi.

- Fu!- Nərgiz küçədə dərindən nəfəs aldı. - Lənət şeytana!

Dəhşət dilini saxlamadı:

- Sənin tanışın yüksək səviyyəliydi bəs!

İndiyədək həyatını təşkil edən lövhə üzərindəki oyunun ecazkar mənzərə yaradan kiçik parçaları sınmış bahalı kövrək sürahinin qəlpələru kimi ətrafa səpələndi.

Gecələr arvadı havalı falçının verdiyi düyünçəni Dəhşətin balışının altına qoyurdu, amma elə ki, əri həvəsə gəlib ona yaxınlaşırdı düyünçəni balışın altından çıxarır, nazla deyinə-deyinə hücumlara tabe olurdu.

- At getsin bu zibili! – arvadının ayaqları arasında eyni tərzdə hərəkət etməkdən nəfəsi təngiyən Dəhşət dilləndi.-Gözlə ha qoca vaxtında ilişməyəsən...

- Hansımız...- arvad altda fısıldayaraq dilini saxlamadı,-kim qoca yaşında? Sən məndən beş yaş böyüksən...Yadından çıxıb?

Ancaq içində naməlum toz olan dürmə, kisə, düyüncə-necə istəyirsiniz adlandıran-Dəhşətə kömək etmədi. O yenə əvvəlki kimi hər gecə (hər gecə olmasa da, bir gecədən bir) göydələndən atılmaq istəməyərək, yuxuda qışqırır, arvadının da yuxusuna haram qatırdı.

Falçıya getdikləri günün gecəsi arvadı soruşdu:

- Yenə pulsuz idin?

- Hə, pullarımı qəpiyinədək o qoca fırıldaqçıya vermədim?-Kişi özünü təmizə çıxartmağa çalışırdı.

İki həftədən sonra məlum olanda ki, başının altına qoyduğu bu məchul toz düyünçəsi bir işə yaramır, Dəhşət öz üzərində təcrübə keçməyi qərara aldı. Belə işlərdə xam olsa da, tozu bir stəkan suda qarışdırıb birnəfəsə başına çəkdi.

- Eşşək sidiyi yaddan çıxdı,-bayaqdan mətbəxin kəndarından ərini izləyən qadın hiss etdirmədən arxasında peyda oldu.

Dəhşət diksindi, qorxudan müvazinətini itirəcəkdi, udqundu:

- Onu haradan tapacağam?

- Səninki də yarayardı,-arvadı zarafatından qalmadı.

- Bura bax, özünü yığışdır, - Dəhşət qabardı. - Belə şeylərə görə bilirsən nə edirlər?

- Nə?

- Boynuna kəndir keçirərərlər,-bunu əminliklə demədi.- Bir də ki, eşşək yox, madyan sidiyi. Haradan tapacağıq, kənddə yaşamırıq ki...

- Sən elə bilirsən? Amma mənə elə gəlir ki, bütün kəndlər buradadır-şəhərdədir.

İçdiyi məhlul da kömək etmədi, amma ereksiyaya faydası oldu.

Bir müddət sonra böyrəkləri Dəhşətə əziyyət verməyə başladı, həm də ikisi birdən. Nərgiz yaxşı uroloq həkim tapdı, müayinə üçün birlikdə getdilər.

- Sizi heç bir şeylə sevindirə bilmərəm,-analizlərin və ultrasəs yoxlamasının nəticələrinə baxan həkim birbaşa mətləbə keçdi.- Böyrəklər nəzərə çarpacaq dərəcədə fəaliyyətdən qalıb, üstəlik ikisi də birdən, tədricən tamamilə fəaliyyətini dayandırmaq ehtimalı var, həm də ikisinin birdən... Müalicə kursu yazıram, yenə də təcrübədən keçirin. Amma proses çox sürətlə gedib, xəstəxanada müalicə olunmağınızı məsləhət görürəm, həkim nəzarəti altında olmalısınız...

Həkimin diaqnozu Dəhşəti də, arvadını da təşvişə saldı və qərara aldılar ki, ləngiməsinlər.

- O qoca qancığın sənə gözü dəydi,-dedi arvadı.- Onun zibilini də içdin, heç bilmədin nədir... Nəyinə lazımdı? Ay Allah! Ataydılar da səni damdan, cəhənnəmə, yuxudaydı da, gerçəkdə deyildi ki...

Dəhşət mübahisə etmədi, halbuki etiraz edə bilərdi, axı falçıya getməyi o təklif etmişdi, bəlkə cadugərdi, hansı məzhəbə qulluq etdiyini kim bilir?

Ertəsi gün işdən bir az gec gələn Nərgiz təlaşla ərinə dedi:

- Qarının yanına getmişdim, Məryəm xanımın... Ağlına nə gəlir?

- Ağlıma heç nə gəlmir,-Dəhşət az qala ağlayacaqdı.-Böyrəklərimin ağrısı kəsmir, fikirləşə bilirəm ki...

- Evi orada yoxdu,-arvadı səsini qısıb davam etdi.-Al, ağrı kəsici, at...

Dəhşət arvadının çantasından çıxardığı həblərə baxdı, ümidsizcəsinə əlini yellədi.

- Köməyi yoxdur. İynə lazımdı. Bəlkə həqiqətən xəstəxanada yatmalıyam, hə? Evdən nə deyirdin. Kim evdə yoxdur?

- Məryəm xanımın evi yoxdur,-arvadı izah etdi. – Qəribədir, elə deyilmi?

- Qəribə nə var ki? Orada bütün məhlləni sökəcəklər. Artıq başlayıblar, sakinlərə bir metr üçün min beş yüz verirlər, o da köçüb, qəzet oxumursan?

- Yox, - arvadı çaşqın halda cavab verdi. – Oxumuram... amma necə oldu axı birdən... qəribədir

- Qəribə heç nə yoxdur və mənimlə mübahisə etmə... Lənət şeytana. Başlayır. A-a-a-a! Oy-oy-oy!

- Çox ağrıyır, hə? – Sanki canı ağrıyırmış kimi üz-gözünü bürüşdürüb soruşdu. – Tibb bacısını çağırım iynə vursun...

- Çağır-r-r... Tez!

Ertəsi gün Dəhşəti kəskin böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yatırdılar. Palata həkimi dəhlizdə Dəhşətin arvadını gözləyirdi.

- Sizə ümid verə bilməyəcəyəm, təcili donor lazımdır, yoxsa... – həkim cümləsini bitirməyib qollarını yana açdı.

Həkimin jesti Nərgizi xoflandırdı:

- Yoxsa?..

- Bəli, məhz yoxsa, - həkim yenə üstüörtülü danışdı. – Amma bax təcili, təcilidən də təcili, yoxsa mən cavabdeh deyiləm. Biz belə vəziyyətlə çox nadir hallarda üzləşirik, iki böyrəyin birdən, həm də sürətlə dağılması çox az rast gəlinən hadisədir. Çox qəribədir, sanki başqa aləmlə bağlıdı. Çox adam İrana, Türkiyəyə, Almaniyaya gedir. Orada transplantasiya sahəsində təcrübəli həkimlər var. Lakin çox bahadır... Vaxt da azdır. Bizdə də yeni aparatlar var. Çoxdan belə əməliyyatlar aparılır, yaxşı mütəxəssislər var. Bir əla cərrah var, Allah vergisidir... Südev İmamverdiyev, akademikdir. Hələ 1979-cü ildə transplantasiya əməliyyatı keçirib, o vaxt, əlbəttə ki, akamedik deyildi, adi istedadlı gənc cərrah idi... Onunla danışın. Mən sizi tanış edərəm. Tələsmək lazımdır, yoxsa mən cavabdeh deyiləm.

- Cavabdeh deyilsiniz? – vəziyyəti mümkün qədər tez dərk etmək vacib olduğu halda Nərgiz heç nə anlamayaraq, key kimi qeyri-ixtiyari soruşdu.

Qadının küt baxışları, axan gözləri həkimi ehtiyatlandırdı.

- Sizə nə oldu? Özünüzü pis hiss edirsiniz?

- Əlbəttə ki, pis hiss edirəm, - Nərgiz yuxudan oyanmış kimi özünü ələ aldı. – Doktor, siz donor tapa bilərsiniz? Bir də... neçəyə başa gələr?

- Yox, yox, yox! – Həkim əllərini yelləyib qəti şəkildə etiraz etdi, sanki belə bir xahişi əvvəldən gözləyirdi. – Yox, yox, xahiş etməyin! Sonra şəhərə küy düşər ki, mən orqan alverilə məşğul oluram... Bu mənim işim deyil...

- Bəs nə edək?

- Bilmirəm, - dedi həkim. – Mən sizə cərrah, yaxşı cərrah məsləhət görə bilərəm. Donor barədə özünüz düşünməlisiniz. Fikirləşin.

- Mən nə fikirləşə bilərəm ki?

- Bilmirəm. Amma siz tək deyilsiniz ki, evdə məsləhətləşin, qohumlarla, yaxınlarla. Soraqlaşın, bəlkə kimsə böyrəyini satmaq istəyən adam tanıyır?

- Kim satar axı? Elə bir adam tapmaq olar?

- Niyə də yox? İnsanlar bir böyrəklə də yaşaya bilirlər.

- Doğrudan?

- Əlbəttə. Bu barədə ilk dəfədir eşidirsiniz? Yəqin təbabətdən uzaqsınız. İxtisasınız nədi?

- Bəli, təbabətdən uzağam və onunla bu qədər yaxınlaşacağım heç ağlıma gəlməzdi, - deyə Nərgiz fikirli-fikirli cavab verdi.

Acı düşüncələrinə dalıb sağollaşmadan həkimdən uzaqlaşdı. Səssiz ağlayaraq, dəhlizdən keçib xəstəxanadan çıxmaq istədi, lakin çaşıb çıxış əvəzinə əks istiqamətdə getdi.

- Sizin iki, maksimum üç gününüz var! – həkim qadının arxasınca səslənib yeni pasientin ucadan zarıdığı palataya girdi.

Nərgiz gecə boyu əvvəlcə ümumi, sonra özünün, daha sonra ərinin qohumlarına, dostlarına, tanışlarına zəng etdi. Doğru-düzgün yol göstərən olmadı.

- Bölgələrə getmək lazımdır, orada sağlam gənclər çoxdur, ucuz da başa gələr, - biri belə dedi.

- Mənim cəmi iki günüm var. Görəsən neçəyə başa gələr?

Tanışlardan heç kim bu barədə bir şey bilmirdi.

Bir başqası:

- Razılaşma yolu ilə ola bilər, - dedi.

Üçüncü məsləhət gördü:

- Sən niyə böyrəyini vermirsən? Xərcin də çıxmayacaq. Bir böyrəklə normal yaşamaq olar...

Bu fikir ağlına batdı, onsuz da həkimlə danışarkən də, xəstəxanadan çıxarkən də bu barədə düşünmüşdü. Indi kənar adam bu barədə deyəndə daha ciddi fikirləşməyə başladı və səhərə qədər götür-qoy etdi.

Səhər erkən artıq xəstəxanadaydı. Çox tezdi, personal hələ gəlməmişdi. İynələrdən sonra Dəhşət özündən getmişdi. Onu oyandırmadı, dəhlizə çıxıb səbirsizliklə həkimlərin gəlməsini gözlədi. Həkim gəldikdə qadınla o dəqiqə görüşə bilmədi, çünki səhər toplantısına tələsirdi. Sonra həkim urologiya şöbəsinin müdiri ilə palataları gəzməyə başladı, qadın dabanbasma onları izləyirdi. Onu palatalara buraxmırdılar, məcburən dəhlizdə gözləyirdi. Yoxlama bitdi, qadın həkimə yaxınlaşdı və birbaşa mətləbə keçdi:

- Bəlkə mənim böyrəyimi götürəsiniz?

- Nə olar, məncə, bu ən yaxşı variantdır, - həkim razılaşdı. – Siz müayinədən keçməlisiniz, bütün parametlər uyğun gəlsə, könüllü razılıq verdiyiniz barədə ərizə yazarsınız və sair və sair...

- Və sair və sair nə deməkdir? – Nərgiz bir şey anlamadı.

- Heç, - həkim izahat verdi, - normal şeylər. İndi ən vacibi müayinədir. Sənədiniz yanınızdadı?

Müayinənin nəticəsi gözlənildiyindən də yaxşı çıxdı. Xəstənin ağır vəziyyətini, səhhətinin saatbasaat pisləşməsini nəzərə alıb əməliyyatı ertəsi günə təyin etdilər. Həkimin təriflədiyi Allahdan vergili cərrah xəstəyə baxıb dərhal əməliyyat olunmasını qərara aldı, dediyinə görə, ləngimək ölümə bərabərdi. Nərgizə səhər saat doqquzda acqarına, üstəlik də mədəsini təmizləyib gəlməsi tapşırıldı.

Axşam Nərgiz həkimlərin qərarını övladlarına çatdırdı.

- Ana, sən nə danışırsan? – qızı təşvişə düşdü. – Necə ola bilər axı? Başqa adam tapılmadı?

- Niyə indiyə qədər demirdin? – oğul da özündən çıxdı. –

Əməliyyat qabağı xəbər edirsən...

- Təcili lazımdı, təcili, - Nərgiz durumu izah etməyə başladı, - Atanızın iki böyrəyi də işləmir, bu çox qorxuludur, çox, ölüm-qalım məsələsidir. Yəqin ki, donor tapmaq olardı, amma bu vaxt aparardı, bizim isə vaxtımız yoxdur, gözləyə bilmərik...

- Mən özümkünü verərdim, - oğul bu bir cümləni elə qətiyyətlə dedi ki Nərgiz oğlunun bunu özünü göstərmək naminə demədiyinə inandı: o fikirləşmədən verərdi. – Niyə bu evdə heç kim mənimlə məsləhətləşmir? Nədir, mən yadam?

- Yox, oğlum, sən yad deyilsən, sən bizim doğmamızsan, sən bizim istəkli oğlumuzsan, - Nərgiz birnəfəsə danışdı ki, oğlunu sakitləşdirsin. –Amma mən buna heç vaxt qol qoymazdım. Atan da icazə verməzdi, ölərdi, amma icazə verməzdi. Nə danışırsan, oğlum, sən cavansan, həyatın qabaqdadır, tezliklə evlənəcəksən, elə şey olar? Bu, mənim ağlımdan belə keçməyib...

- Qadın kişi üçün donor ola bilər? Oğlu da geri çəkilmək istəmirdi. – Olmaz axı, elə deyilmi? – bunu son dəlil kimi dedi, amma əmin deyildi.

- Olar, oğlum, olar, - Nərgiz gülümsədi. – Mən hər şeyi öyrənmişəm. Artıq yatmaq vaxtıdır. Dincəlməliyəm, sabah yaxşı görünməliyəm, cərrah xoşuma gəlib...

- Bəsdi boş-boş danışdın! – Qız çığırdı. – sabah, sabah... – səsi qırılırdı, birdən anasını qucaqlayıb hönkür-hönkür ağladı.

Səhər əməliyyat başladı. Dəhşət ağrıdan inildəyirdi, anesteziyadan sonra əməliyyat masasında huşunu itirdi. Gözünə iri, rəngbərəng dairələr görünməyə başladı. Hələ balaca Dəhşətcik olanda kənddə gördüyü göyqurşağı rəngdəydi. Uşaqlıq xatirələri sanki anesteziyaya bəndmiş, Dəhşəti alıb apardı. Çoxdan vəfat etmiş “məmə” çağırdıqları anasını gördü, Abşeron kəndlərində evdə yaşlı qadına “məmə” deyirdilər. Atası gəldi. Ikisi də öyüd-nəsihət tonunda nəsə deyirdilər, sanki vaxtında verə bilmədikləri tərbiyəni haqlamaq istəyirdilər (o qədər uşağı necə tərbiyə edə bilərdilər, özlərinə oxşadacaqdılar), səsin ahəngini tuturdu, amma sözlər aydın deyildi: Dəhşətin uşaqlıqda aldığı tərbiyə kimi. Özündən iyirmi iki yaş böyük qardaşını gördü. Onlara ata əvəzi olan böyük qardaş üç il əvvəl rəhmətə getmişdi. Gördükləri real deyildi, göy qurşağının əlvan, ürəkaçan rənginə boyanmışdı hər şey, uşaqlıq çağına aid çox şeyi indi ahıl vaxtının yüksəkliyindən görmək istədiyi kimi görürdü. Uşaqlığın retuşlanmış şəkilləri. Anası böyük bir dilim çörəyin üzərinə yağ yaxır, üzərinə o illərin indikindən daha şirin olan şəkər tozundan səpir. Bəzən naharı da belə yola verirdilər. Dəhşət yağ sevməzdi, şirnini isə sevirdi, yaxmacın üst qatını-şirin yerini sıyırır, yağı ya qardaşlarına, ya bacılarına-kim istəsə, ona-verirdi. Dəhşətin beş yaşı var, o hələ getdikcə böyüyüb qəsəbəyə çevrilən kənddə - Maştağada yaşayır, yaşadıqları səmtdə gecələr vəhşiləşmiş yiyəsiz it sürüsü sülənirdi və gözləyirdi ki, balaca Dəhşət qapıdan çıxan kimi onu parçalasın. Bu böyük qardaşının tərbiyə üsulu idi, uşaqları qorxudurdu ki, sakit dursunlar, əl-ayağa dolaşmasınlar. Ən böyükləri hələ faşistlərlə davadan əvvəl doğulmuşdu, o vaxtlar qonşular bir-birindən ehtiyat edirdi, qorxurdular ki, kimsə onlardan donos verər. Əslində pis işlərlə məşğul olmurdular, amma hər ehtimala qarşı dillərini dinc qoyurdular, ağızlarını da qıfıllayırdılar, bir kəlmə artıq danışmırdılar. Otuzuncu illərin sonu – Stalin repressiyalarının qızğın çağı idi. Qarmaqlarından mal ələngələri asılmış qəssabxana, cüssəli qəssab qəssabxanaya güclə yerləşib. Söz gəzirdi ki, o, təhlükəli adamdır, “onların” adamıdır, kimdən xoşu gəlmirsə, donos verir, şeytanlayır... Balaca Dəhşətcik qəssabdan qorxurdu.

Qəssab da sanki balacanın ondan tük saldığını hiss edir, hər dəfə onu görəndə iri pəncələrilə baltadan yapışıb oynadır, sadistcəsinə hırıldayır, sanki uşağın qorxmasından həzz alır, deyirdi: “Gəl bura, xayalarını kəsəcəyəm, yoxsa satmağa ət yoxdur!” Axır o yerə çatdırdı ki, bir gün uşaq şalvarını islatdı. O anda qəssabın üzünə təbəssüm qondu, kişinin sifəti dəyişdi, tamam başqa bir adama çevrildi, deyərdin, ondan mərhəmətlisi, ondan canıyananı, ondan xeyirxahı yoxdur. Sonra yanında uzandığını unudub arvadını xatırladı, evlənib, demək olar ki, canbirqəlb yaşadıqları yadına düşdü. Deməmək, xatırlamamaq, aldatmamaq da olar... Bu illər ərzində o, arvadına xəyanət etməmişdi... Olsa-olsa, bir dəfə... ya da iki dəfə... Artıq olmaz. Belə baxanda mehriban yaşayıblar, əlbəttə, hər bir ailədə olduğu kimi sözlərinin çəp gəldiyi, mübahisələri, qalmaqalları da olub, amma hədlərini aşmayıblar. Belə baxanda bir-birlərini sevdikləri, illər ərzində bir-birlərinə alışdıqları, uyğunlaşdıqları anlaşılırdı... Birdən əlvan qövsi-qüzehi yarıb cadugər qarı əlində zəhər peyda oldu. “Deyirdim ki, duracaq, bax durdu! Sidik qatmağı yaddan çıxarma, əclaf!” – deyə bağırdı. Dəhşət boşluğu əl havasına yoxladı və məlum oldu ki, qarı düz deyir: öz-özündən durur. Yarıyuxlu-yarıhuşsuz çox şey gördü... Bütün bu kiçik mənzərələr xəyalından keçdi, necə ki, həyatın ən qorxulu anlarında fikirləşirsən ki, bax indicə sonun gələcək, eləcə də ötən illər bir anda gözünün önündən keçir və bununla da ömür nə qədər zəngin, aşdım-daşdım olsa da, Allah qarşısında bir ana sığır, ona görə də nə qədər uzun, dolğun həyat sürdüyünüzlə lovğalanmağa dəyməz...

“Bəlkə artıq ölmüşəm?” – Dəhşət huşsuz halda fikirləşdi, lakin dəqiq anlamadı, sadəcə bir anlıq hiss etdi ki, o tərəf – valideynlərinin, böyük qardaşlarının, bu yaxınlarda infarktdan ölmüş ortancıl qardaşının olduğu tərəf bir addımlığındadır. Qarabasmalar gəldiyi kimi də çəkilib getdi, Dəhşət böyrək köçürmə əməliyyatı altında iki saat masada qaldı, yanaşı masada uzanan arvadının isə Dəhşətdən fərqli olaraq, nə fikirləşdiyi, nə gördüyü, nə hiss etdiyi məchul qaldı.

Əməliyyatdan sonra anesteziyadan yavaş-yavaş özünə gəlməyə başlayan ər-arvad özlərini reanimasiya palatasında gördülər. Hər ikisi – Dəhşət də, Nərgiz də (həm arvadı, həm də donoru) qusurdu – anesteziyanın təsirindəndi-dinməzcə bir-birlərinə baxır, gülümsəməyə çalışırdılar.

- Necəsən, - qadın pıçıldadı.

- Halsızam, - kişinin də səsi güclə çıxırdı.

- Mən də...

- Nara, - kişi atasından çağırdı.

- Nə var?

Kişi susub nə deyəcəyini xatırlamağa çalışdı.

- Heç... – dedi. – Unutdum...

Yavaş-yavaş özlərinə gəlməyə başladılar, səhər ikisini də reanimasiya şöbəsindən palataya keçirdilər, hər ikisinin orqanizmi gündən-günə aktiv şəkildə bərpa olunurdu, cərrah da, palata həkimi də razı qalmışdılar. Bir həftə sonra xəstələrə palatada gəzməyə icazə verdilər, iki həftə sonra evə buraxırdılar. Dəhşət səkkiz kilo arıqlamışdı, qarnı yığılmışdı, əməliyyat keçirməsinə baxmayaraq, indi daha cavan görünürdü. Arvadı üç kilo itirmişdi, necə vardısa, elə də qalmışdı.

- Siz mənim şah əsərimsiniz, - cərrah vidalaşarkən dedi. – Əməliyyat çox uğurlu keçdi, bu, həqiqətən fəxr ediləcək əməliyyatlardandı...Belə vaxtda rəssamlara həsəd aparmaq olar, onlar öz şedevrlərini evdə-gözlərinin qabağında asa bilirlər. Siz də çox uzağa çəkilməyin.

Xəstəxanadan çıxarmağa övladları gəlmişdi, maşında gözləyirdilər. Oğlanları Zaur yaxınlarda “toyota” almışdı, indi də fəxrlə maşının qapısını açıb, valideynlərini ilk dəfə maşınına oturdu.

Dəhşət:

- Təbrik edirəm, - dedi.

- Biz sizi təbrik edirik, – deyib Nərminə qızılgül dəstəsini anasına uzatdı.

Evdə Nərgiz hər tərəfə nəzər yetirdi.

- Heç vaxt bu qədər uzun müddətə evdən çıxmamışdım, - dedi, - hər şey yerindədi, elə bil evdən dünən çıxmışam...

- Ona görə ki, xəstəxanada gündə üç dəfə bizi ziyarət edirdilər, - Dəhşət dilləndi, - burada da yanımızdadılar, ona görə də bizə elə gəlir ki, sanki heç bir yana getməmişdik.

Üç ay əvvəl Dəhşətin səhhəti necə sürətlə pisləşirdisə, necə tez-tez sonunun yaxınlaşdığını fikirləşirdisə, indi də o sürətlə sağlamlığı bərpa olunurdu. Hər gün, hər saat (vallah, lap nağıllarda olduğu kimi) özünü daha yaxşı, daha gümrah hiss edirdi, tezliklə bizim Dəhşət tamamilə özünə gəldi. Tutulduğu ölümcül xəstəlik yuxusunu qaçırmışdı, ölüm haqqında o qədər fikirləşirdi ki, hətta qumarbazlar da röyasına girmirdi. Ardınca gələn fantastik sağlamlaşma isə həyatın puçluğu, insan canının əslində bir teldən asılı olduğu barədə düşünməyə vadar edirdi, eşitmək başqa, başına gəlmək başqa, öz təcrübəsində buna əmin olmuşdu. Ömür şüşə kimidir, hər an qırıla bilər, onunla ehtiyatlı davranmaq lazımdır. Digər tərəfdən qədrini bilmək lazımdır, elə yaşamaq lazımdır ki, ömrü başa vuranda peşman olmayasan.

Bir sözlə, Dəhşəti elə bil dəyişmişdilər. Həm də tədricən deyil, birdən-birə. Başına gələnlər də elə qəfil olmuşdu: anidən xəstələnmiş, tez də sağalmışdı, indi də birdən-birə başqa adam olmuşdu. Ölüm haqqında düşüncələr ona çox şey öyrətmişdi, keçmiş həyatındakı çox şeyə yenidən baxmağa məcbur etmişdi, ilk növbədə ona ayrılmış qiymətli vaxtı itirməməyə, nə qədər sağdı, doya-doya yaşamağa, həyatdan zövq almağa yönəldirdi. Yoxsa, Allah qorusun, başına yenə bir iş gələrsə, arvadı ilə yeknəsək yaxınlığından başqa xatırlamağa bir şey olmayacaq. Bu düşüncələrlə bir müddət səyahət etməyi, əvvəllər yaşamadığı bir həyata baş vurmağı qət etdi.

Belə təsəvvür yarana bilər ki, qəhrəmanımız məişət qayğılarından uzaqmış və damda qumar oynayıb uduzmaqdan başqa işi-gücü olmayıb. Belə bir fikir yaranmaması üçün gec də olsa, deyək ki, Dəhşət ticarətdən baş çıxarırdı, alver işini yaxşı bilirdi (soydaşlarının böyük əksəriyyəti kimi, bu camaat nəyi bilməsə də, ticarəti və pul saymağı bacarır). On il kiçik ərzaq dükanı işlətmişdi, bir neçə il əvvəl qonşu sahəni də icarəyə götürüb, mağazanı bir az da genişləndirmişdi. Supermarketlərlə rəqabətə tap gətirdi, çünki demək olar ki, məhəllə dükanı idi, çoxmənzilli iki doqquzmərtəbəli binanın sakinləri Dəhşətin daimi müştəriləri idi, hələ yol keçənləri demirik. İstirahət, bayram günləri demədən gündə iyirmi beş saat dükanda alver qaynayırdı. Mağaza yaxşı gəlir gətirirdi: sahib gündə tərtəmiz üç yüz manata qədər gəlir əldə edirdi. Satıcı da çoxdan tanıdığı və işə görə ona minnətdar olan etibarlı adam idi. Bizim zamanda iş tapmaq asan deyil. Yaşlı satıcı Dəhşətin dükanında əldən cəld, zirək oğlu ilə işləyirdi. İşlər sahibin məcburi yoxluğu zamanı da dayanmamışdı, öz qaydasıyla getmişdi. Belə ki, Dəhşətin maliyyə cəhətdən işləri tam qaydasındaydı, yəni kənardan göründüyü kimi dəhşətli durum yoxdu.

Əməliyyatdan sonra ər-arvadın vəziyyətinin yaxşılığa doğru getdiyi, səhhətlərinin sabitləşdiyi, məlum olduqda, əməliyyat sonrası yoxlamalar müsbət nəticə verdikdə artıq qara-qura fikirlərdən uzaqlaşıb başlarına gələnlərə gülə də bilərdilər. Ərinin bir az xəsis olduğunu bilən Nərgiz arada zarafat edirdi:

- Parazit, böyrəyimin pulunu nə vaxt verəcəksən?

O qımışıb əlini yelləyirdi.

- Əlini yelləmə, - deyirdi Nərgiz. – Öyrənmişəm, iyirmi üç min avrodur qiyməti.

- Kim qoyub bu gic qiymətləri? – Dəhşət ciddi görkəm alıb guya heç nədən xəbəri yoxmuş kimi soruşurdu.

- Lap yaxşı bilirsən ki, Almaniyada böyrək köçürməsində təkcə donora iyirmi min verilər, sən yaxşı qurtarmısan, pulumu ver və şükür et ki, xərcə düşməmisən.

- Biz Almaniyada deyil ki, - Dəhşət saqqalı ələ vermirdi.

- Çox təəssüf, - arvadı da əl çəkmirdi. - Yaxşı, beşə razılaşacaq. Damda qumarda uduzduğundan çox-çox azdır... Yeri gəlmişkən, çoxdandır səni damdan atmırlar... Xeyir ola?

- Udmağa başlamışam.

- Ola bilməz.

Əlqərəz, ömrün vəfazlığı, ölümün qaçılmazlığı, arvadın təsiri altına düşməkdən – yaxşı mənada – qurtulmaq (neçə vaxtdı özünü arvadağız kimi hiss edirdi, hansı ki, əvvəllər kim ona belə bir şey eşitdirsəydi, əməlli-başlı inciyərdi) və gəzmək, işıqlı dünya görmək məqsədilə Dəhşət mağazanı etibarlı satıcısına, arvadı-uşağı isə Allaha tapşırıb, arvada dumanlı, anlaşılmaz bir əsas gətirib səyahətə yollandı.

Əvvəlcə seçim Braziliyanın üzərinə düşdü, orada əyinlərində stringindən başqa şey olmayan qadınların oyun çıxardığı məşhur karnaval başlayacaqdı.

Orada nə etdi, nə oyun çıxardı, özünüz bilirsiniz – hamınız karnaval zamanı Rio-de-Janejroda dəfələrlə olmusunuz – onu deyə bilərik ki, Braziliyadan Argentinaya, sonra Bermud adalarına, oradan Şeysel adalarına uçdu. Sağlam vaxtında hüdudlarını tərk etmədiyi doğma şəhərdən uzaqda ay yarım ərzində dükanının illik gəlirini xərclədi. Amma aldığı təəssürat da ömrünün arxırınacan bəs edərdi.

Evə qayıdıb Nərgizlə üz-üzə gəlincə o təəssüratdan çox az şey qaldı.

- Hə... Gəzməkdən doydun? - arvadı mehribancasına soruşdu.

- Naracan, - o da eyni mehribanlıqla sözə başladı.

- Zəhrimar Naracan!

Belə... Başlanğıc belədirsə, Allah xeyrə calsın... Son da yaxşı olmadı. Sözləri çəp gəldi. Dalaşdılar.

- Bu nədir, qoca kaftar, cızığından çıxmısan? – Nərgiz təmkinini əldən vermədən, lakin kobud tərzdə maraqlandı. – Əvvəlki böyrəklərinin xəstəliyi başına vurub, hə? Qırx üç gün! Qırx üç gün xəbər-ətər yox, bir dəfə zəng etməmisən... Haradaydın? Cavanlığında etmədiklərinin əvəzini çıxmaq istəyirdin, hə? Qoca kaftar, heç güzgüyə baxırsan?

- Nara, mən iş üçün getmişdim, ticarət işi üçün... – Dəhşət özünü təmizə çıxarmağa çalışdı.

- Xəbər etmişdin, zəng etmişdin? Əməliyyatdan sonra ağlın oynayıb deyəsən... Biz bütün xəstəxanaları, morqları ələk-vələk etmişik, axtarışa vermişik. Bütün şəhər mənə gülür... Təzə qohumlarımız, Zaurun nişanlısının valideynləri bizə gəlir, sən yoxsan, gəlirlər, sən yoxsan... Xəcalətimdən yerə girməyə hazırdım... Necə ört-basdır edəcəyimi bilmirdim... Tez de görüm hansı cəhənnəmdə idin, yoxsa özümdə deyiləm, bu tava ilə başını əzərəm...- Beləcə üyüdüb tökürdü.

Məsələ burasındaydı ki, Braziliya festivalına, xaricidəki eyş-işarətə baxmayaraq, Dəhşət bununla nöqtə qoymaq fikirində deyildi: axı əmin olduğu kimi, ömür vəfasızdır. Gərək kefini çəkəsən ki, öləndə heyfislənməyəsən... Gəzib-dolanır, övladı yaşda gənclərin getdiyi gecə barlarına baş çəkir, fahişələrlə tanış olurdu, amma ehtiyatı əldən vermir, həddini aşmırdı... Braziliya, karnaval... bu qu quşlarının havasıydı, ildə bir dəfə özünə qıya bilərsən... İndi o, fahişələrlə görüşür, kəsilmiş qiymətdən bir qəpik də yana çıxmırdı. Qiymətlər də əsasən eyni idi: müəyyən vaxt üçün əlli, gecə üçün yüz. O, xidmətdən vaxtla istifadə edirdi. Bahalılar da vardı, amma Dəhşət pulun qədrini bilirdi, deyildiyi kimi, bir az xəsisdi. Bahalı nəyinə lazımdır. Özümə aşna tapdı... Bu da xərcdi... Gah bir şey, gah başqa şey... Hələ bayramlar... Nə qədər bayram olar? İki gündən bir bayramdır! Bu camaat haçan işləyir? Səkkiz mart, bir may, Novruz, konstitusiya günü, müəllim günü, şaxtacı günü... Zarafat. Bəs ad günü? Bax bu zarafat deyil... Aşnaya bahalı hədiyyələr almaq lazım gəlirdi. Aşna da elə-belə qadın deyildi: elmlər namizədiydi, doktorluq dərəcəsinə bir addım qalırdı, universitetdə dərs deyirdi, duldu, övladı yoxdu, on beş yaş da kiçik.

Əlbəttə ki, bütün bunlar ailə həyatına təsirsiz ötmürdü, doğrusu, evdə vəziyyət yaxşı deyildi. Nərgiz onu danışdırmırdı, uşaqlarla arası saz deyildi. Qohumluğa potensial namizədlər duyuq düşməsinlər deyə, hamı ailə başçısının birdən-birə püskürmüş sarsaqlığını gizlətməyə çalışırdı, yoxsa biabırçılıqdan qurtara bilməzdilər. Amma informasiya sızırdı, xəbər yayılırdı. Dəhşət isə elə bil zəncirdən qırılmışdı, bu yaxınlarcan münasibətlərinə uzun illər önəm verdiyi tanış-bilişə tüpürərək yaşına-başına yaraşmayan yüngül həyatına qərq olmuşdu.

Bir dəfə yeni aşnası ilə maşında gedərkən, qadının xahişilə bahalı mağazanın qarşısında dayandı. Birdən Məryəm xanımı gördü. O da Dəhşəti gördü və deyəsən tanıdı. Məryəm xanım əvvəlki görüşdən bu yana xeyli yaxşılaşmışdı, ona əllidən artıq yaş vermək olmazdı. Ağbəniz və təravətliydi, şıq geyinmişdi, elə şəstlə yeriyirdi ki, sanki gəzdiyi küçəyə onun adını vermişdilər. Kişinin fikrindən, hətta, yasaq şeylər də keçdi. Tamahdan gözləri alışıb-yanan aşnası mağazaya cumanda Dəhşət falçıya yaxınlaşdı. Qadın ayaq saxldı, təəbəsinə baxırmış kimi yuxarıdan aşağıya onu süzdü.

- Məni tanıdınız? - Dəhşət soruşdu.

- Əlbəttə! – falçı cavab verdi. – Belə bir ad daşıyan, bir yeri özündən böyük kişi yaddan çıxar?

- Nə? – Kişi çaşdı. – Haradan bilirsiniz?...

- Yaxşı, yaxşı, - falçı gülümsədi. – Nə var ki? Bir az müşahidəsi olan anlayar: hülqumunuz, burnunuz böyükdür, əlləriniz iridir, dabanlarınız enlidir... Vitirində nə varsa, mağazada da odur, - şit-şit izah edib şaqqanaq çəkdi, - Ha-ha-ha-ha! Siz də elə bildiniz yenə fala baxıb dedim, hə?

Kişi duruxdu, çaşıb qalmışdı, sonra başı ilə təsdiq etdi. Məryəm xanım “Leksus”una yaxınlaşıb, sükanın arxasına keçdi, mühərriki işə saldı, pəncərəni endirib:

- Mən indi bu göydələndə yaşayıram, - dedi və başı ilə iyirmimərtəbəli nəhəng binaya işarə etdi. – Bir şey lazım olsa, gəlin. “Birja” qəzetində telefonum var, taparsınız...

Kişi donub qalmışdı.

Falçının maşını gözdən itdi, Dəhşətin ağzı açıq qalmışdı. Amma tez ağzını bağlamalı, hətta dişlərini sıxmalı oldu, çünki aşnası mağazanın qapısında göründü, əlindəki dolu çantanı göstərib, barmaqlarını şıqqıldatdı, yəni əlin cibində olsun.

- Sən məni müflis edəcəksən, - kişi aşnasının nə aldığını bilmədən deyindi.

- Deyinmə, - qadın çantasını göstərdi, cəmi bir çanta almışam, gör nə gözəldi...

- Bu gözəlliyin qiyməti nədir?

- Cəmi səkkiz yüz manat...

- Səkkiz yüz manat! – Dəhşət dəhşətə gəldi. –Bu, min dollar edir! Nədir, qızıldandır?

- Yox, çox dəbdədir...

- Nə böyükdür! Bunun içində yatacaqsan?

- Ha-ha-ha! – qadın güldü, sonra astadan dedi. – Yalnız səninlə...

Yox, qadın qəsdən belə edir ki, tezliklə onu bezdirsin. Səkkiz yüz manatı qoyub çıxdığı mağazadan uzaqlaşanda birdən Dəhşətin yadına ətli-canlı Məryəm xanım düşdü.

Axşam evə gələndə arvadı mətbəxdə oturub şam yeməyi yeyirdi.

- Uşaqlar haradadır? – deyə soruşdu.

Arvadından səs çıxmadı.

- Sualım sənə çatmadı?

Qadın yenə dillənmədi, ərini süzdü, sonra dedi:

- Səndən boşanıram. Əlbəttə ki, Zaurun toyundan sonra. Yəqin ki, toya gələcəksən...

- Toya gələcəyəm? Toyu mən edirəm, əgər bilmirsənsə, bil, - hirslə cavab verdi. – Dəvətnamələr sifariş verilib, müğənnilərlə danışmışam, restoranı bağlatdırmışam, tamada hazırdı, gəlinin valideynlərilə də hər şeyi razılaşmışıq... Əlbəttə ki, sənin xəbərin yoxdur.

- Mənimlə belə yekə-yekə danışa bilməzsən, - Nərgiz səsini ucaltdı. – Başdan ayağa günah içindəsən, sən ailəmizi dağıtdın, indi də məni borclu çıxarırsan. Mənim xəbərim yoxmuş... sənin çıxardığın bütün hoqqalardan xəbərdaram. Sənə görə uşaqlaradan utanıram, səninlə danışmaq istəmirlər.

- Ağlaşma qurma. Lap tutaq ki, gəzirəm, nə olsun? Cavanlıqda çəkingəndim, üzüyolaydım, həlimdim... bəli, səni də sevirdim, düzünü deyim... O vaxt kənara getmək ağlımdan da keçməyib... Amma zaman dəyişir. Bir ayağım artıq gördadır... ölümün gözünün içinə baxmışam. Bu mənim həyata baxışımı dəyişib: birgə həyatımıza, ailəmizə, işə, dincəlmədən yalnız sizin üçün qazandığım pullara... Mən canlı insanam, hələ əldən düşməmişəm... Ağıllı arvad hər şeyi olduğu kimi saxlayardı, dinc durardı, dava-dalaş salmazdı, uşaqları mənə qarşı qaldırmazdı.

- Sus!

- Uşaqları mənə qarşı qaldırmaq! – kişi getdikcə səsini qaldırırdı.

- Ağzını yum, dedim, gələn var... – arvad astadan çımxırdı.

Kişi susdu, giriş qapısının kilidi çıqqıldadı, bir dəqiqə sonra qızları mətbəxə daxil oldu.

- Salam, ana, - Nərminə atasına tərəf baxmadan anası ilə salamlaşdı.

- Salam, ana? – Dəhşət fasiləni gözləyib soruşdu. – Səncə mən gözə görünməzəm, yoxsa heç burada deyiləm? Niyə belə gec gəlirsən? – qızına acıqlandı.

- Ana, ona de ki, indi saat doqquzun yarısıdır, - qız heç halını dəyişmədi, otağına keçib qapını arxasınca kip bağladı.

- Sən hələ bunların tərbiyəsilə məşğul olacaqsan, - dedi Nərgiz – Gülməlidi.

Kişi cavab vermədi.

- Sən mən deyəni unutma, - qadın dilləndi. – Zaurun toyundan dərhal sonra boşanmaq üçün ərizə verəcəyəm.

- Gicsən də, - kişi dedi.

- Gic olmuşam. İndi ağıllanmışam. Mümkün olsaydı, böyrəyimi də geri alardım. Canın çıxardı, ölərdin, - birdən çarəsizcəsinə ağlamağa başladı, hıçqırıqlarını boğmağa çalışır, amma özünü saxlaya bilmirdi.

O dəqiqə Nərminə mətbəxə gəldi, anasını qucaqlayıb sinəsinə sığındı.

- Ana, anacan, lazım deyil, ağlama, sakit ol, - Nərminə anasını öpür, saçlarını oxşayırdı, - gedək mənim otağıma, gəl...

Nərgiz stuldan qalxıb ağlaya-ağlaya qızı ilə bərabər otaqdan çıxdı. Heç biri gözünün ucuyla belə Dəhşətə baxmadı.

Dəhşət mətbəxdə qaldı, içəriyə girəndə paltosunu çıxarmamışdı, stula çökdü, yerindən qalxmadan əlini atıb stəkan götürdü, çaydandan çay süzüb qarşısına qoydu, bir xeyli gözünü stəkana zillədi, sonra qalxıb qapıya getdi, evdən çıxdı.

Yağış çiləyirdi. Zaur hədəfdə maşınını yerləşdirdi, atasını görüb maşından düşdü.

Dəhşət oğlunun gözlərinə baxmadan:

- Nə var, nə yox? – deyə soruşdu.

Zaur isə əksinə, atasının baxışlarını tutmağa çalışırdı. Nə görmək istəyirdi?

- Salamatçılıqdı, - dedi. – Gedirsən?

- Vəziyyət gərgindir, - dedi Dəhşət.

- O vəziyyəti sən yaratmısan.

- Sən başa düş...

- Ay, Allah xatirinə! – Oğlu atasının sözünü kəsdi. – Demə ki, mən böyüyəndə səni anlayacam. Şüar cümlələrini sevmirəm. Sənin elədiklərini, sakit, səssiz-küysüz etmək olardı... başqa kişilər də gəzirlər, günahsız kişi yoxdur.

- Sənin ananla səsiz iş görmək olar? - dedi Dəhşət. – Boşanmağa hazırlaşır, - qəfildən ağzından çıxdı, dediyinə peşman oldu, alatoran həyətdə də Zaurun rənginin qaçdığı sezildi, xəbər onun yeddi qatından keçdi. – sənə deməməliydim. Ağzımdan çıxdı, - səhvini düzəltməyə çalışdı, - lap biz qərara alsaq da, təbii ki, toydan sonra olacaq.

Zaur heç nə demədi, maşını tam yerinə yerləşdirmədən dinməzcə evin girişinə sarı getdi.

- Oğlum, - Dəhşət astadan oğlunu çağırdı.

Zaur çevrilib atasına baxdı, üzündə gərginlik hiss olunurdu.

- Maşını kilidləmədin, - dedi Dəhşət.

Dəhşət bir neçə gün evdə gecələmədi, amma toya, hazırlıqda yeni qohumlarıyla bərabər fəal iştirak edirdi. Mağazadakı işində də nizamlı idi, bütün məsələləri həll edirdi. Bəzən işçisinin, xüsusən onun oğlunun mənalı baxışlarını üzərində hiss edirdi. Xoşuna gəlmirdi, qaşqabağını sallayırdı, üzünü çevirib, hətta ağlından keçirirdi də: işdən çıxarmasın ki?

Şəhərin məşhur, bahalı restoranlarından birində çalınan toy necə deyərlər, yüksək səviyyədə keçdi. Süfrədəki yemək və içkilər baha olduğu kimi çalıb-oxuyanlar da bahalıydı, müxtəlif kanallarda tez-tez sayrışan müğənnilərdəndi. Tamada olaraq məhşur şair dəvət etmişdilər, bütün çıxışlarını nəzmə çəkir, coşub özündən çıxırdı, üçüncü şeir-tostdan sonra qızın atası tamadanı kənara çəkib, həddini göstərdi və başa saldı ki, bura poeziya gecəsi deyil. Qız tərəfdən məşhur qonaqlar vardı: deputatlar, bankirlər, hətta bir nazir də gəlmişdi. Bir sözlə, yeyib-içir, oynayır, tost söyləyir, bəylə-gəlini tərifləyir, gül-çiçək səpirdilər. Nərgiz süni təbəssümlə masalara yaxınlaşır, Dəhşət də onun kimi qonaqlara diqqət göstərirdi. Bəzən bir masanın ətrafında üz-üzə gəlirdilər, qonaqlara gülümsədikləri kimi qeyri-ixtiyari bir-birilərinə də gülümsəyirdilər. Kişiyə maraqla baxırdılar.

Toydan qabaq gənclərin mənzil məsələsini də həll etdilər.

- Onlar üçün mənzil nəzərdə tutmuşuq, Dəyanət müəllim, - dedi gəlininin atası, - sakit, seçmə, ekoloji cəhətdən təmiz yerdə, göydələnin onuncu mərtəbəsində, yeraltı qarajı da var, hər şeyi yerli-yerində...

- Əla döşənib, - gəlinin anası Nərgizə müraciətlə davam etdi. – Dünən mebeli gətirdilər, təmiz rumın malıdır, quraşdırdılar, kompüter, ev kinoteatrı, hər şey yerli-yerində...- qadın sözünü ərinin ifadəsilə bitirdi. Üzündə bir təəssüf hissi də oxunurdu, yataq camaşırına qədər hər şeyi necə məmnuniyyətlə sadalamaq istədiyi aydın sezilirdi.

- Belə ki, mənzil problemi yoxdur, - atası yekunlaşdırdı.

- Onda icazə verin xərcin yarısını mən ödəyim, - dedi Dəhşət.

- İcazə verin mən buna icazə verməyim, - gəlinin atası zarafatından qalmadı, hamı güldü. Arvadı məcburi gülürdü.

Sonda məbləğ açıqlandı, yarıya bölündü və gəlninin atası

Dəhşətdən məbləğin yarısını aldı.

Toydan sonra Dəhşət və Nərgiz VVAQ-a boşanma ərizəsi verdilər. Kişi daha evə gəlmirdi, bir tək Nərminə yeni qohumlarının və ya gənc evlilərin gələcəyini bildirəndə tam təyin olunmuş vaxtda gəlirdi. Bəzən, çox vaxt gecələr Nərgizlə gəncliklərini, evliliklərinin ilk çağlarını xatırlayır, içindən bir sızıltı keçirdi, hiss edirdi ki, gecikmiş sərbəstliyində həddini aşır, ağını şıxarır. Lakin sızıltı gəldiyi kimi də, tez çəkilib gedir, Dəhşət yataqda yad, bəzən də təsadüfi qadınla qalırdı.

Mağazaya vaxtlı-vaxtında gəlir, mallara, gəlirə nəzarət edir, satıcının oğlu ilə Nərgizə böyük məbləğ göndərirdi, özünə gəlirdən az bir miqdar saxlayırdı. İsrafçı aşnasından çoxdan qurtulmuşdu, çox pula ehtiyacı yoxdu. Nəyinə lazımdı çox pul? Braziliyada karnavalda artıq olmuşdu... Həyatın karnavalında, ona görə də...

Nərgiz əvvəl pulları qaytarmaq istəyirdi, amma tez də başa düşdü ki, on doqquz yaşlı qızı ilə layihə institutu əməkdaşının maaşına yaşamaq olmaz.

Dəhşətin şəhər mərkəzindən uzaqda birotaqlı mənzili vardı, sərbəst həyata başlamağa qərar verdiyi zaman almışdı. Burada sakit, rahat ömür sürürdü. Birdən ağlına gəldi ki, keçmiş aşnasının bir bazar yerləşən çanta aldığı mağazaya getsin. Nə etdiyini dərk etməmiş, amma təxminən anlayaraq və etiraf etməyə qorxaraq maşınını yerləşdirdi (butikdən uzaqda qoydu, səkilərin önü bahalı xarici maşınlarla dolu idi, şəhər çiçəklənirdi, milyonçular şəhərinə çevirirdi, yazıq kasıblar), düşüb mağazaya yollandı.

Bəxtindən bu dəmdə Məryəm xanım əlində bağlamalar mağazadan çıxdı. Qadın təəccüblənmədi, sanki onun gələcəyini bilirmiş, burada qarşılaşacaqları da ona bəlliydi. Qadın elə də dedi:

- Səninlə bu gün rastlaşacağımı bilirdim, Dəhşət, - bağlamaları ona verib qulluqçusuna əmr edirmiş kimi əlavə etdi, - maşına apar.

- Mən də maşındayam, bəlkə mənim maşınımla?..

- Yox, - qadın etiraz etdi.

Dəhşət qadına baxdı, ona elə gəldi ki, görmədiyi vaxtda Məryəm xanım daha da cavanlaşıb, indi ona qırx yaş vermək olardı, çox məlahətliydi, elə bil indicə saunada masajdan çıxmışdı, dincəlmiş, totuş-motuş. Ağbənizli, dolu, amma gənc, qızlar kimi əndamlı Məryəm xanımdan göz çəkmək olmurdu.

- Otur, - məhz park etmək qadağan olunduğu yerdə dayanmış maşını göstərdi.

- Neçə yaşınız var, - mağazadan uzaqlaşan kimi Dəhşət sual verdi.

- Görmürsən? – qadın müəmmalı cavab verdi.

Susdular. Qadın ehtiyatsızdı, tez-tez sürət həddini aşırdı, lakin ona “dur” deyən yoxdu, baxmayaraq ki, hər addımda yol polisi əməkdaşı dayanmışdı, xaricidən gələn yüksək qonağın pişvazına çıxmışdılar.

- Nə oldu, sənə verdiyim toz işə yaradı? – Məryəm xanım qımışaraq soruşdu.

- Yaradı... Əlbəttə, - Dəhşət mızıldandı. Sizin tozdan sonra bütün həyatım dəyişdi.

- Məgər pisdir? Vaxtaşırı həyatın astaranı üzünə çevirmək lazımdır.

- Az qala ölmüşdüm.

- Xoşuna gəlmədi?

Dəhşət nə cavab verəcəyini bilmədi. Birdən əlvan qövsi-qüzeh dairələrini, uşaqlığına qayıdışını, məməsini, atasını, ölmüş qardaşlarını, uşaqlığının kənd köşələrini xatırladı. Balaca Dəhşətcik olarkən əli baltalı qəssabdan qorxduğu, üzərinə şəkər tozu səpilmiş yağçörəyi yadına düşdü. Fikrə daldı, cavab vermədi.

Məryəm xanım:

- Çatdıq, - deyəndə düşüncələrdən tam ayılmamışdı.

Bağlamaları Məryəm xanımın evinə qaldırdı, kəndardan keçməyə ürək eləmədi:

- Mən gedim, - dedi.

- Boş-boş danışma, - Məryəm xanım əmr etdi, -keç yataq otağına.

Nəsə ürəyi əvvəllər hiss etmədiyi bir tərzdə sancdı. Bununla belə dəhlizdə ayaqqabılarını çıxarıb ev başmağı geydi, düz ayaqlarının ölçüsündəydi, sanki onun üçün alınmışdı. Ona göstərilən səmtə getdi.

Məryəm xanım seksdə naşı deyildi: əvvəlcə kişini hazırladı, qadın özü də işindən razı qaldı. Sonra qara, tor corablarını çıxarmadan güzgülü geniş çarpayıda bədəninin qıvraqlığıyla Dəhşəti heyran etdi, müxtəlif vəziyyətlər alsa da, kişini yaxına buraxmadı, ona toxunmasına icazə vermədi. Kişi nəfəs dərmədən qadına baxırdı, indi ona heç otuz yaş da vermək olmazdı, Dəhşət fikirləşdi ki, əsas məsələyə gələndə o yəqin ki, yeniyetmə qız kimi olacaq. Bəlkə elə bunun üçün çalışırdı. Lakin tezliklə sakitləşib, uzandı, yavaş-yavaş mərmər kimi hamar ağ ayaqlarını aralamağa başladı... Kişi ona yaxınlaşdı. Qadın ehtiraslı baxışlarıyla təkəbburlə ona baxdı, nökərinə uzadırmış kimi əlini öpülmək üçün uzatdı. Kişi əli öpdü...

Qadın yorulub, kişini də yorduqdan sonra möhkəm yuxuya getdi. Kişi mətbəxə keçib qapını kip bağladı, işığı yandırmadan Nərgizə zəng etdi.

- Mənəm, - dedi, Nərgizin səsini eşitəcək ürəyi çırpındı.

İkisi də susdu, sükutu Nərgiz pozdu:

- Nəsə olub?

- Yox.

- Sənə nəsə lazımdır?

- Yox?

- Yaxşı, nə istəyirsən?

- Elə zəng etmək istədim, - astadan dedi: - Sizdə hər şey qaydasındadır?

- Hə, - qadın susdu, sonra əlavə etdi, - Nərminə universitetdən bir oğlanla görüşür.

- Hə? – səsində həyacan duyuldu. – Yaxşı oğlandır? Ailəsi nəçidi?

- Yaxşıdı. Zaurun arvadı hamilədi. Haradan danışırsan?

- Nə oldu?

- Ürəyimə pis şey gəlir, - dedi qadın.

- Yaxşı. Get yat – arvadının sözlərinə əhəmiyyət vermədi, bir az susub, əlavə etdi. – Gecən xeyrə qalsın...

Mətbəxin qapısını açanda Məryəmin xorultusu qulaqlarını dəldi, üzünü turşutdu, bilmədi nə etsin, gedib qadının yanına uzandı. Gözünün ucuyla ona baxanada, qadının yenidən yaşlandığını gördü, indi o tam altmış yaşındaydı, amma yaşına görə yenə yaxşı qalmışdı.

“Cəhənnəmə”, deyib arxasını qadına çevirdi.

Göydələnin damında kart oynayırdı.

- Pulları göstər, - o üç oyuncu tələb etdi. –Biz səni tanıyırıq...

O cibindən xeyli pul çıxarıb göstərdi və yenidən cibinə qoydu.

- Çoxdan gəlmirdin, - üçlükdən biri dilləndi.

- Məşğul idim, - Dəhşət kartı alıb diqqətlə baxdı.

- Nəylə məşğuldun? – ikinci oyunçu istehza ilə soruşdu.

- Oğlumu evləndirdim. – Dəhşət kartı atıb, rəqibinin yolunu bağladı, - arvadımı boşadım.

- Aydındır, - üçüncü oyunçu onun kartını bağladı.

Bir müddət sonra bütün pullarını uduzdu, əli ətəyindən uzun ciblərini çevirdi, cibləri bomboş idi.

- Sonra verərəm, - deyə vəd etdi.

Üçlük onu eşitmək istəmədi, əllərindən, ayaqlarından tutb damın kənarına gətirdilər və Məryəm xanımın yaşadığı evin iyirminci mərtəbəsindən aşağıya tulladılar.

Səkidə qan gölünə qərq olmuşdu, zülmət gecədə falçının artıq cizgiləri yayılmağa və ölüm anında qeyb olmağa başlayan ağ bənizi ona sarı əyilmişdi.

- Nərgiz, - Dəhşət xırıldadı. – Nara...

# 2577 dəfə oxunub

Müəllifin son yazıları

# # #