"İki od arasında"... Və "yenə"...

"İki od arasında"... Və "yenə"...
12 dekabr 2016
# 17:38

Nizami CƏFƏROV

Elçin Hüseynbəylinin "böyük yazıçı, tədqiqatçı və fikir adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə ehtiramla" (və "Səkkizinci qarabağnamə" iddiası ilə!) qələmə alınmış "Yenə iki od arasında" romanı yalnız tanınmış yazıçının yaradıcılığı deyil, bütövlükdə müasir ədəbi-ictimai təfəkkür prosesi miqyasında həm böyük maraq doğuran, həm də bir sıra əhəmiyyətli məsələlər ətrafında səmərəli mübahisələrə rəvac verən əsərlərdəndir.

Və belə bir əsərin meydana çıxması təsadüfi deyil... Hər şeydən əvvəl ona görə ki, bu mövzu artıq neçə illərdir ki, ən müxtəlif səviyyələrdə hisslərimizi, düşüncələrimizi tarıma çəkib, nəinki regionda, eləcə də onun hüdudlarından çox- çox kənarlarda "Qarabağ problemi"nin köklərini, səbəblərini, günahkarlarını axtarırlar. Və axtardıqca, problem aydınlaşmaq əvəzinə, get- gedə daha da mürəkkəbləşərək belə bir təsəvvür yaradır ki, onu ağılla həll etmək, sadəcə olaraq, mümkün deyil.

Xalq yazıçısı Elçinin zəngin tarix faktlarına (və ondan da zəngin intellektual- fəlsəfi ümumiləşdirmələrə) əsaslanan "Baş" romanı mövzunun interpretasiya miqyasını xeyli genişləndirdi. Düşünürəm ki, belə bir cəhd "Yenə iki od arasında"nın müəllifində də uğurlu alınıb... Və öz böyük müasiri kimi Elçin Hüseynbəyli də problemin kökünü "tarix"də axtarır. Hər iki halda bu, ictimai- siyasi proseslərin, biri digərini əvəz edən münaqişələrin tarixindən (bunlar məsələnin görünən tərəfidir) daha çox, cəmiyyət- insan ruhunun tarixidir. Elə bil zaman- zaman incidilmiş, xəyanətə, şər- böhtana məruz qalmış insanların ruhları bu dünyadakı xələflərini "normal" yaşamaq imkanından məhrum edirlər. Dünya müasirləşir, ictimai münasibətlərdə modern etiketlər, yeni komplimentarlıq texnologiyaları yaranır, ancaq elə bir təhtəlşüur metafizika mövcuddur ki, o, əbədidir, dəyişməzdir...

Elçin Hüseynbəylinin yazıçı üslubu, ümumiyyətlə, polifonik və ya çoxsəslidir. Bu xüsusiyyət özünü yeni romanında, fikrimizcə, həm daha gen-bol nümayiş etdirir, həm də daha təfsilatlı, daha təfərrüatlı bir şəkildə təzahür edir. Həmin təfsilat- təfərrüatı hələlik nəzərə almasaq, romanda biri digərilə məzmunca sıx assosiativ əlaqədə olan ən azı üç süjet xətti mövcuddur ki, onlardan birincisinin qəhrəmanı "Səkkizinci qarabağnamə" müəllifinin - yazıçının özüdür... O, əgər belə demək mümkünsə, tərcümeyi-halının, düşüncə-yaradıcılıq irsinin axtarışına çıxdığı Yusif Vəzirin - Ustadın varisidir. Və bütün süjet boyu can atır ki, Ustadı daha dərindən anlamaq üçün onun yaşamış olduğu həyatın xırdalıqlarına qədər enə bilsin. Odur ki, "Yusif Vəzirin izi ilə" onun - "on üç nömrəli dustağ"ın cəza çəkdiyi Nijni Novqorod vilayətinə yollanır... Doğrudur, Yazıçının arxivçi Yevdokiya Prokosyevna ilə görüşlərindən, söhbətlərindən başlamış ta Suxobezvodnaya qəsəbəsində Yusif Vəzirin son günlərini keçirdiyi əlillər evinə baş çəkməsinə qədərki əhvalatların təsviri çox müfəssəldir və məncə əsərin ümumi polifoniyasına xələl gətirmir. Hər şeydən əvvəl ona görə ki, bu əhvalatlar bir tərəfdən romanın bədii intonasiyasındakı mistikliyi, psixoloji ağırlığı müəyyən qədər neytrallaşdırır, digər tərəfdən, tarixlə müasirlik arasında özünəməxsus bir dialoq yaradır. Və ən azından o məlum olur ki, Qarabağın taleyinin həll olunduğu nə XVIII əsrin sonu XIX əsrin əvvəllərinin, nə də sonrakı dövrlərin tragik mənzərələri heç də hamı üçün maraqlı deyil. Hərə öz işində- gücündə, gündəlik həyatını yaşamaqda, imkan düşəndə kefini çəkməkdədir. Yalnız özünü hər cür dünya "nemətlər"indən məhrum etmiş sentimental bir Yazıçının ağlına gələ bilər ki, Yusif Vəzirin dustaqlıq paltarlarını əyninə keçirib onun ayağı dəyən yerləri dolaşsın... Ancaq orası da var ki, ətrafdakı insanlar, dost- tanışlar bu "bədbəxt" Yazıçıya nəinki mane olur, əksinə, keflərini çəkə-çəkə ona bütün zəruri köməklikləri də göstərirlər. Qarabağın, yaxud Yusif Vəzirin taleyi ilə maraqlandıqları üçün yox, elə- belə, yoldaşlıq xatirinə... Yazıçı da incimir, gördüyü işin əhəmiyyətini böyüdüb ictimai problemə çevirmir, hətta axtarışlarına qəribə bir şəxsi- subyektiv (intim!) məhdudiyyət qoyur. Və elə bunun nəticəsidir ki, axtardığını tapa, Ustadla daxili, ruhi mükalimə, təmas yarada bilir:

"...1769- cu ildə Rusiya imperatriçası, at ehtiraslı İkinci Yekaterina saray məmurlarına buyurdu ki, Qafqazın yeni xəritəsini hazırlayıb ona təqdim etsinlər...

...Bəlalarımızın kökü də ordan başladı...

...Qarabağlı İbrahimxəlil xanın dediyi sözlər çin oldu: "Mən ruslarla dostluğun əleyhinə deyiləm, ancaq qorxuram ki, bura gələndən sonra erməniləri şirnikləndirə, onları üstümüzə qaldıra bilərlər..."

Sonra... Sonrası sonra oldu...

- Elə deyil, ustad? - deyə xəbər aldım.

Ustad solğun və bulanıq gözlərilə mənə baxdı və təsdiq əlaməti olaraq başını tərpətdi. Sonra gözlərini yumdu"...

"Yenə iki od arasında"nın ikinci süjeti Yusif Vəzirin kifayət qədər elmi dərinlik və bədii təfsilatlarla işlənmiş həyat yolundan ibarətdir. Əgər buna "həyat" demək olarsa...

Təbiidir ki, Elçin Hüseynbəylinin məqsədi Yusif Vəzirin tərcümeyi-halını təqdim etmək deyil. Tez- tez konkret faktlara müraciət edib yazıçı-mütəfəkkirin ömür yolunun bir sıra məqamlarını geniş təhlil eləsə də, əsas məqsədi onun tarixi şəxsiyyətini (ruhunu!) bərpa etməkdən ibarət olmuşdur ki, bu da əsərin ümumi ideya-estetik məramından irəli gəlir... Hissləri, düşüncələri etnogenetik yaddaşın ən dərin qatlarına nüfuz etmiş Ustadın həm keşməkeşli, hər cəhətdən faciəli məişəti, həm də mənsub olduğu milli varlığın tarix fəlsəfəsini bütün tərəfləri ilə dərk etməyin təzahürü olan mənəvi dünyası Elçin Hüseynbəylinin yazıçı- tədqiqatçı təfsirində kifayət qədər mükəmməldir. Və fikrimizcə, bu zaman "İki od arasında" romanına istinad edilməsi yalnız mövzunun tələbi deyil, eyni zamanda Yusif Vəzirin həmin romanda daha sıx, daha sistemli süxurlaşmış milli ruhu, Qarabağ (və ümumiyyətlə Azərbaycan) tarixinə verdiyi aydın analitik şərh, sonu görünməyən etnik- siyasi münaqişələrin mənbələrini dəqiq müəyyənləşdirməklə gələcək nəsillərə ünvanladığı əsaslı ibrət dərsləridir.

"Yenə iki od arasında" müəllifi bu fikirdədir ki, "İki od arasında" müəllifi sürgün illərində də mövzu üzərindəki araşdırmalarını davam etdirmiş, ağır, məşəqqətli həyat- məişət şəraitində belə roman üzərində işləmiş, ömrünün sonuna qədər romana nöqtə qoymamışdır... Oxucusu isə həbs düşərgəsinin nəzarətçisi Lyubov Petrovna idi.

"Lyubov Petrovna həmişə təzə gətirilən dustaqların şəxsi işiylə maraqlanırdı. Görünür ona xüsusi xidmət idarələri gizli tapşırıq vermiş, hər dustaqla fərdi davranmağı tapşırmışdılar.

Qış günlərinin birində o, təsadüfən on üç nömrəli dustağın işinə rast gəlmiş və onun ömürlüyü Lyubov Petrovnanı bərk maraqlandırmışdı. Məlum olmuşdu ki, bu yaraşıqlı qafqazlı kişi yazıçıdır, altı dil bilir, o cümlədən də fransız dilini"...

Nəzarətçi xanım Yusif Vəziri həm himayə edir, həm də təbii ki, onun nə yazdığını, nə dediyini mövcud şərtlər daxilində yuxarılara çatdırırdı. Ondan nəyisə gizlətmək barədə düşünməyin belə əhəmiyyəti yox idi... "...Yusif Vəzir qeydlərini dayandırdı və onu təkrarən oxuyandan sonra Lyubov Petrovnaya apardı. O, təəssüf edirdi ki, birinci romanda bütün bu hadisələri təfsilatı ilə yaza bilməyib. Amma ondan da rahat idi ki, istəyinə yavaş- yavaş çatır, həm özünün, həm də əsərinin ömrünü uzadır"...

On üç nömrəli dustağın həyatı romanda ustalıqla təsvir olunmuşdur desək, yəqin ki, səhv etmərik... Soyuq, ac- susuzluq, dözülməz iş şəraiti, xəstəlik, ailə- uşaqlardan daimi narahatçılıq, hər biri yüz cür mənəvi əzab verən, ağrılı xatirələr... Və düşünmək, yaratmaq eşqi!.. Reallıqla irreallıq arasında keçən günlərin üzücü vəziyyətinə Yusif Vəzir idi ki, dözür, nəyəsə ümid bəsləyirdi...

"Haradasa at kişnədi, kirşə cırıltısı gəldi. Yusif Vəzir bu qarmaqarışıq səslərin altında yuxuya getdi. Nə qədər yatdığını bilmədi. Yuxuda gördü ki, mələklər göydən endilər, onun qarşısında durdular və dedilər: "Hazırlaş, gedirik". "Hara gedirik?" - deyə təəccüblə soruşdu. "Sənin nazil olduğun yerə!" Sevindi. O sevinən kimi mələklər yox oldu. Sonra tufan qopdu. Soyuq iliyinə işlədi. Hardansa nəzarətçilər peyda oldu, onu soyundurub, qarın üstündə çılın-çılpaq saxladılar... Hövlnak yuxudan ayıldı. Ədyal üstündən sürüşüb yerə düşmüşdü. Otaq yoldaşları yuxudaydılar. Görünür, növbədən qayıdanda onu oyatmayıblar. Soba çoxdan keçmişdi. Ədyalı yerdən qaldırıb büründü. Yuxusunu xatırladı. Ev yadına düşdü..."

Dustaqların Yusif Vəzirə, onun da dustaq yoldaşlarına münasibəti real boyalarla rəsm edilmiş, səciyyəvi detallar verilmişdir...

"...On üç nömrəli dustağı otaq yoldaşı Vasya oyatdı.

- Nə olub? - deyə Yusif Vəzir key- key ətrafa baxdı.

Vasya dostunun tərləmiş alnını silə- silə:

- Sən sayıqlayırdın, - dedi.

Yusif Vəzir yuxudan yarımçıq oyanmasına heyfsləndi, hətta acığı da tutdu, amma Vasyanın xətrinə dəyəcəyindən çəkindi və:

- Mən sayıqlamırdım, yaşayırdım, - dedi..."

Elçin Hüseynbəyli Ustadın sürgün həyatını canlandırmağa, "bərpa etməy"ə çalışır...

"Axşama doğru hava soyuyurdu və mən yenidən gözlərimi tilova yox, sıx meşələrə tuşladım. Bir zamanlar orda taxta hasarların, tikanlı məftillərin arasında əyinlərinə sırıqlı geymiş, başlarına qulaqlı papaq qoymuş dustaqlar yaşayırdılar. Nəzarətçilərin əmrlərindən, ovçarkaların hürüşündən, dustaqların qışqırığından qulaq tutulurdu...

Diqqətlə baxdım, həm də qulaqlarımı şəklədim, sanki onların arasından nəsə eşitməli və görməliydim. Eşitdim də, gördüm də..."

Elçin Hüseynbəyli, ədalət naminə demək lazımdır ki, Ustadı həm görür, həm də eşidir... Onun tərcümeyi-halını ilk mənbədən alırmış kimi heç bir tərəddüdə yol vermədən, heç bir mübahisəyə yer qoymadan yazır...

"...İstanbulda səfirlik fəaliyyəti başa çatandan sonra Yusif Vəzir Bakıya qayıtmadı. Müsavatçılarla fikir ayrılıqları olsa da, o, yeni qurulmuş hökuməti də qəbul etmirdi. Ona görə də məcbur olub Parisə, qardaşı Mirinin (Mirdamətin) yanına getdi. Bakıdan xaricə getmək mümkün deyildi. Yeni hökumət hər kəsdən və hər şeydən şübhələnirdi, hərəyə bir damğa vururdu".

Paris Yusif Vəziri elə problemlər, çətinliklərlə üz- üzə qoyur, onsuz da doğulandan bəri kədəri sevincindən qat- qat çox olan ömür kitabına elə dərdli səhifələr əlavə edir ki, həmin səhifələrin təsvirində "Yenə iki od arasında" müəllifinin istifadə elədiyi sərt realizm metodu, görünür, özünü tamamilə doğruldur. Və qardaşı Mirinin ölümünü, özü də çətinlik içərisində olan yerlisi Ceyhun Hacıbəylidən kömək umması xəcalətini, Lev Nissenbaumun böyük, Xristoferin kiçik dələduzluqlarını, "həkimləri Şuşa dəlləklərindən də sırtıq" olan Parisin həyatını görəndən sonra Yusif Vəzirin Sovet Azərbaycanına dönməkdən başqa çarəsi qalmır.

Vətən o vətən olmasa da, ilk illər hər halda normal keçir... Bacılarının evlənmək təkidi, Bilqeyis xanımla tanışlıq, ailə həyatı, uşaqları - Fikrətin, Orxanın, Gülarənin dünyaya gəlməsi... Ancaq bu xoşbəxtlik ondan ötrü imiş ki, sonra onun həsrətini çəkə- çəkə qürbətdə can versin.

"...Yusif Vəzir otağına qayıtdıqdan sonra qeydlərini nəzərdən keçirməyə başladı. O, indiyə kimi Qarabağ tarixilə bağlı yazdıqlarını Lyubov Petrovnaya dilicu anlatmışdı. Bununla da onun Azərbaycan və Qarabağ tarixinə marağını artırmışdı. Hazırda İbrahim xanın özünün və ailəsinin müsibətindən bəhs edən hadisəni qələmə alırdı"...

"Yenə iki od arasında"nın üçüncü süjeti "İki od arasında"nın süjetinin, bir növ, təfsirindən ibarətdir. Və, bu təfsir maraqlıdır... Ağaməhəmməd şah Qacarın Şuşanı tutması, Molla Pənah Vaqifin, Məhəmməd bəy Cavanşirin şah hüzuruna gətirilməsi, eləcə də Qacarın, Vaqifin, Məhəmməd bəyin, İbrahim xanın qətlləri "Qarabağnamə"lərdən bu günə qədər müxtəlif əsərlərin mövzusu olsa da, "İki od arasında" müəllifi, yəqin ki, tarixi həqiqətə daha çox sadiq olmağa çalışmaqla yanaşı, həmin tarixin (və həqiqətin!) fəlsəfəsinə də daha çox nüfuz etmişdir... Elçin Hüseynbəyli bu fəlsəfəni, təbii ki, yeni dövrün faktlarına istinad etməklə daha da zənginləşdirməyə çalışaraq Ustadla birbaşa olduğu kimi, dolayısı ilə də mükalimə aparır ki, həmin mükalimələrin ən maraqlı təzahürləri Qarabağ uğrunda mübarizə ətrafında baş vermiş hadisələrin təcəssümüdür...

"...Nə ağır cinayət, nə pis rəzalət. Oğulun başını atanın sinəsi üstündə kəsmək!? Özü də o ata ki, Qarabağ camaatına nə qədər xeyri dəyib, çoxunu zindandan qurtarıb, vətəninin birliyini istəyib. Qadınlara gələndə isə... şair qəlbi sevgiyə acdır... yaxşı, onu keçək Molla Pənahın şairliynə. Düzmü dedim, ustad? Amma onu qətlə yetirdilər! Özü də necə?!

- Danışma, - deyə ustad bağırdı və əli ilə ağzımı yumdu.

Mən susdum. Qəfil gəldiyim kimi, qəfil də yox oldum. Mən onu danışdırmalıydım. Danışdı da..."

"Yenə iki od arasında" müəllifinin elə ehtimalları var ki, Ustadın özünü də düşünməyə məcbur edir...

"- Bəlkə, Mehdiqulu ağanın qarşıdakı müsibətdən xəbəri vardı? Axı, sonradan Rusiya imperatoru ona xan titulu, general rütbəsi vermişdi? - deyə hövsələsizlik eləyib ustaddan soruşdum...

Ustad çaşqın halda üzümə baxdı:

- Orasını fikirləşməmişəm, çünki inanmıram...

Bir az fikirləşəndən sonra:

-Bəlkə də... nə bilmək olar, - deyə yarıpıçıltıyla səsləndi..."

Əlavə təfərrüatları nəzərə almasaq roman Ustadın ölüm ayağında bacısına yazdığı məktubla başa çatır...

"Bacısı Əzətə məktubunda Yusif Vəzir yazırdı: "Əziz bacım!

Mən sağ və salamatam. Lakin sizdən heç bir məlumatım olmadığı üçün nigarançılıq keçirirəm. Mənə tez- tez məktub yazın. Məndən isə tez- tez məktub gözləməyin. Çünki başım çox qarışıqdı, işləyirəm. Boş vaxtlarımda yazıram. Yazdıqlarım əsasən Qarabağ tarixiylə bağlıdır. Ötənlərdə buraxdığım boşluqları doldururam. Mənim barəmdə qadınıma xəbər et. Bacı, mənim əvəzimdən ərizə verib xahiş et ki, məni başqa bir yerə azad sürgünə göndərsinlər. Mən xəstələnmişəm, qocalmışam. Zənnimcə icazə verərlər. Artıq yazmağa elə bir şey də qalmayıb. Sənin göndərdiyin bağlamalar biləsən mənə necə kömək etmişdi. Əgər mümkünsə, yenə bağlama göndər. Dəftər qələmlə birgə.

Yaz görüm, mənim ailəm necə yaşayır? Onlar sağdılarmı? Çoxdandır ki, mənim onlardan heç bir xəbərim yoxdur. Keçən ilin iyun ayında onların yazdıqları məktubu bu ilin fevral ayında almışam.

İndi məktublar vaxtında gəlir. Mənə tez- tez məktub yazın.

Ünvan: Qorki dəmir yolu. Suxobezvodnaya stansiyası. Poçt qutusu 242/9. Vəzirov Yusifə. 13.11.1942."

lll

...Məktub ünvanına çatanda Yusif Vəzir bu dünyada yoxuydu. O, 1943- cü il yanvarın 3- də, qışın oğlan çağında nahaq dünyaya əlvida demişdi: ürək tutmasından və onlarca xəstəlikdən..."

Elçin Hüseynbəyli "Yenə iki od arasında" romanı ilə sübut etdi ki, o, doğrudan da, böyük bir Ustadın Şagirdidir... Və yeni "Qarabağnamə" yazmağa da həm mənəvi, həm də intellektual haqqı varmış...

# 913 dəfə oxunub

Müəllifin son yazıları

# # #