Ən anlaşılmaz Azərbaycan hekayəsi

Ən anlaşılmaz Azərbaycan hekayəsi
2 noyabr 2015
# 09:38

Kulis Bəhlul Seyfəddinoğlunun “Ağzıheyvərə cordanabənzərlər” hekayəsini təqdim edir.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə yer alan “sözlərdən” (qara şriftlə) istifadə olunub

Gecə gözümə yuxu getmədi. Səhərə kimi bəstərimdə qovruldum. Dünən səhər işlədiyim kafedə birisinin alax-bulaxlığı məni yaman əsəbiləşdirmişdi. Cahıla da oxşamırdı, bəlkə hələ kiminsə ağvalideyni idi də. Nə başınızı ağrıdım, bu cinqursaq piştaxtaya yaxınlaşıb dedi ki, ab var? Başa düşmədiyimdən:

- Yoxdu, - dedim. Qayıtdı ki, onda abco ver”. Dedim:

- A kişi, abco nədi axı, bir əməlli başa sal görüm, nə istəyirsən də.

Elə bil bu sözə bənd imiş, əlini atıb piştaxtanın üstündəki çiçəkdanı götürüb mənə sarı tolazladı. Yaxşı ki, başımı əyməyə macal tapdım. Çiçəkdan gedib abajura dəydi, çilik-çilik oldu (yaxşı ki, bir divarımız abajurludu, o biriləri abajursuz). Çiçəkdanın qırıqları hər yerə səpələndi. Ciring, ciring-ciring, ciringhaciring səslərindən kafeyə elə bir ciringildəmə, ciringildətmə düşdü ki, ciringiltili-ciringiltisiz bütün başqa goduşlar da titrəməyə başladılar. Goduşları özüm seçib almışdım, içərisində abı-göy, abı-qırmızı, yaşıl-sarı, narıncı-mavi rəngdə olanları da vardı, göy-abı, qırmızı-abı, sarı-yaşıl, mavi-narıncı rəngdə olanları da. Onların da, dəqiq yadımda deyil, parça-tikələriydi, yoxsa tikə-parçalarıydı, ətrafa səpələndi və bayaqkı ciring-ciringə üstəlik, bir də dınq, dınq-dınq, dınqadınq, dınqadırınq, dınqlı, dınqlı-dınqlı səsləri də qarışdı.

Səs-küyə ətrafdakı badban uçuranlar, badkeş qoyanlar, bəşşaşlar, bəzzaziyyə alıb-satan bəzzazlar, kankanlar, kırtızlama işləri görən kırtıllar və kırtızlar, cülmətikməçilər tökülüşüb gəldilər. Onları görcək, kişinin dili gah çalpaşıq, gah da çəlpəşik vurmağa başladı. Çoğultulu səslə dedi:

– Bura lap cansürtənlər də gəlsə, mənim bakım yoxdu, mən bibakam.

Bunu eşitcək, cəzm elədim ki, cillikə batmış inək kimi tərslik edən bu cəsimin cavabını verməliyəm:

– Bura bax, - dedim, - burda nə cığ-cığ, cığ-bığ, cığ-vığ salmısan!? Büğz-büğzlü danışma! Bakın olmadığını çaxınc eləmə! Sən bibaksansa, mən də dafiə deyiləm. Mən səndən də yaxşı cik-cik, cik-bik edə bilərəm. Amma bura hər gün gələn damənli, damənsiz xanımlardan, dəftərli, dəftərsiz danişgədə danişcularından, danişyarlardan, danişvərlərdən yaxşı düşməz. Onlar, axı, səhərlər gəlib burda çay-çörək, günortalar abgüşt yeyirlər. Axşamlar da bir basabas salırlar, elə bil bu bashabasda çay-çörəksizlikdən ac qalacaqlarından ehtiyat edirlər. O qədər zahiriqəşəng, zahiriqəşəng-batiniçirkin insanlar gəlir ki bura...

Goduşları niyə sındırırsan? Onsuz divarlarımız da bərbad vəziyyətdədir, zamazkasızdı, təmirə ehtiyacı var. O gün depeşalamışam, zamazkaçıları çağırıb demişəm ki, gəlib zamazkalasınlar.

Hələ əvvəlcədən bumajnikimdən altun da çıxarıb vermişdim (indi dəqiq xatırlamıram ki, altun verdim, yoxsa altın). Çünki vaxtlı-vaxtında zamazkalatmayanda tavan da uça bilər. Dünən gəlib işə başlamaq istəyirdilər.

Ancaq divarı qaşımağa başlayan kimi uçub-tökülən köhnə malanın səsi kafeni başına götürdü. O səs indi də qulaqlarımdadı: taqq, taqqataq, taqqataraq...

Taqqataqsalanlara, taqqataraqsalanlara dedim ki, “bir az sakit işləyin də”. Dedilər ki, bizim işimiz taqqataraqsalmasız əmələ gəlmir. Dedim, heç məsələyə də belə baxılış olar? Elə düzəldin ki, yel əsməmiş divarlar titrəkçiçək kimi, titrəquş kimi titrətməqovaq olmasın. Dedilər, qorxma, burda zəlzələyədözümsüzlükdən söhbət belə gedə bilməz, zəlzələyədözümlülükdə bu tikiliyə çatan olmayacaq. Dedim, ötən ay direktoryanı məsələlərin müzakirəsi zamanı cağdandan gələn calğalar, fabiçilər bicərrəklik edib demişdilər ki, sizin çardağınızdan çırt, çırt-çırt, çırtaçırt, çırtıldama, çırtıldamaq, çırtılma, çırtılmaq, çırtıltı, çırtı-pırtı, çırtlama, çırtlamaq, çırtlaşma, çırtlaşmaq səsləri gəlir, yəqin, orda cordanabənzərlər yuva salıb (kişilər bir balaca səhv salmışdılar, diqqətlə qulaq asanda çardaqdan xırt, xırtaxırt, xırt-xırt, xırt-xurt, xırtıltı səslərini aydın eşitmək olurdu).

Elə işləyin ki, gələn qonaqlar kafenin abadanlandığını, abadanlaşdırıldığını, abadanlaşdırılmaq üçün abadanlıq alındığını görsünlər. Özü də abadetməni abadedənlər həyata keçirməlidirlər ki, buralar əsl abadıstana dönsün. Hələ heç işə başlamamısınız, səhərdən üqab kimi başımın üstünü alıb, nitqpərdazlıqedənlər kimi nitqpərdazlıqetmə ilə məşğul olub ufuldaya-ufuldaya uf, uff, uff-of, uff-uf, ufhauf, ufuldama, ufuldanma, ufuldaşma, ufuldatma, ufultu, ufuldayıb-ofuldama, ah-vay, ahu-vay, ah-zar, ahu-zar, ah-nalə, ahu-nalə, ah-uf, ax-tüf, ax-uf salmısınız ki, pulumuzu ver. Narahat olmayın ey, həvəslə işləsəniz, naharda ağdamınızı, kürdəmirinizi, ağstafanızı da verəcəyəm. Dünəndən qalan gəmirintiləri gəmirtləməkdənsə, gəncəfə ilə vaxt öldürməkdənsə, durun işinizi görün. Burada gimgə açmayın, gəhgir olmayın, boş-bekar gəzinişdən bir şey çıxmaz. Gedin o küncdəki goduşları da yığışdırın ki, heç olmasa, bir səliqə-sahman yaransın. Hər tərəfə səpələnmiş gərməncləri, gəvəşləri, gəzitləri, girgiləri, girsləri yığın bir küncə ki, əl-ayağımıza dolaşmasınlar. Bax, əgər burdan bir şey itsə ha, məndən inciməyin, yapışacağam giribanınızdan. Bəsdir, godulluq etdiniz. Hələlik isə, işinizi heç nə ilə göstəriliş edib öyünə bilməzsiniz.

Bura dincəlməyə gələnlər əsl musiqiyə qulaq asmaq istəyir. Sizin musiqiçilərinizin çalğırlıqları, çalğıntısı isə heç kimə lazım deyil. Qonaqlarımız elegiyasayağı, elegiyasayaq, elegiyatəhər, elegiyavarı, elegiyayabənzər, elegiyayaoxşar musiqilərdən artıq cana doyublar...

Mən bütün bunları dedim, sonra özüm də çaşıb qaldım ki, aya, görəsən fəhləlik edən bu kəndçilər, bu kəndli-kütlülər dediklərimdən bir nəticə çıxaracaq? Hər halda, hər ehtimala qarşı, onlara dedim ki, əgər nəyisə başa düşməsələr, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 6-cı nəşrinə baxılış etsinlər.

# 1053 dəfə oxunub

Müəllifin son yazıları

# # #