Söz: sehri, mənası, enerjisi, gücü

Söz: sehri, mənası, enerjisi, gücü
14 sentyabr 2015
# 15:16

Bəşər xəlq olandan bəri Adəm evladı sözün sehri, mənası, enerjisi və gücü barədə mübahisələr, müsahibələr etmiş və münasibətlər bildirmişdir.

Azərbaycan elmi-ədəbi mühitində də, elmi yaradıcılığında da sözü “tikinti” materialı kimi işlədən alim–üləmalar, şairlər olmuşlar.

Sözün sehri - necə ki, müqəddəs Qurani-Kərim “Yasin” surəsində deyir: “İnnəma əmruhu izaəradə şəyən ən yə-ə-qulə ləhu kun fəyəkun.” Yəni Mucid-Allah bir dəfə “ol” deməklə kulli-aləm xəlq olmuşdur.

Sözün mənası - məlum qrammatik qanunlardan bilirik ki, bir necə hərf birləşməsindən məna kəsb edən söz əmələ gəlir.

Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,

Bu nə sirdir kim olur hər ləhzə yoxdan var söz.

Sözün enerjisi - məlum qrammatik qaydadan bilirik ki, cümlə bir necə sözdən ibarət olub bitmiş bir fikri ifadə edir. Psixoloji-fəlsəfi yöndən yanaşdıqda hər hansı bir fikir, özündən sonra təsəvvürdə mənəvi fəza formasını alır. Burada bir haşiyə çıxım:

İsmin ilə başladım, ey arzular məzhəri

Ey olan zatı qəni, ey gənci-dövlət sərvəri

Ey səxavət mənbəyi, ey varlığı icad edən

Ey qədim mülkü fənasız, ey dəyişməz cövhəri.

Böyük şairimiz Məhəmməd Füzulinin təbiri ilə desək, insan əqlinin, gözünün kəsdiyi-gördüyü mövcudat - mülki aləm hansı vəsaitə və hansı xəzinə ilə başa gələrdi? İlahi xəlqilik sxemasını böyük şairimizin belə verir:

Bahar əyyami girsən laləzara, xak əczasın

Mühəqqər görmə kim hər zərrə bir cam ilə Cəmdir.

Xaliq-Xilqət münasibətində hər xilqət tamı təşkil edən bir hissədir. Beləliklə İlahi güc, enerji, xəzinə tükənməzdir. Hər bir varlıq nə qədər istəsə bu xəzinədən, enerjidən götürə bilər. Necə ki, böyük Füzuli istəmişdir:

Qəlbimi nurunla açdın, nolar, açsan nitqimi

Verdiyin nemətlər olsun ta ki dillər əzbəri

Nitq verdinsə, gözəl söz söyləməkdə lütf qıl

Şerim ilə zahir olsun gizli hikmət zivəri

Lütfün əlası sözün bilməkdədir mənasını

Həmd qıl, VERMİŞ Füzuli, Həqq sənə bu gövhəri.

Böyük şairimiz mənəvi xəzinə, ilham, istedad istəmiş, Allahda ona vermiş.

Dünyada çoxlu maddi sərvətə, milyardlarla dollara sahib olan zənginlər mütləq xüsusi keyfiyyətlərə mənsubdurlar. Ya qeybdən səs eşidərlər, sövqi-təbii bir istiqamət his edərlər, yaxud da yuxuda görürlər.

Misal üçün... Qurani-Kərimdə Həzrəti Yusif qissəsində deyildiyi kimi Allahu-təala öz nemətindən Yusifə yuxu yozmaq qabiliyyəti vermişdir və bu qabiliyyət sayəsində o, ən ali qədrə çatmışdır. Bu çox geniş və ali, çox da məşhur bir qissədir.

Öz başıma gələn bir əhvalatı danışım. Bir dəfə 4-cü sinifdə oxuyan qızım, məktəbdə keçirilmiş tədbirin bədii hissəsində Osman Sarıvəllinin “Ana” şeirini söyləmiş və bütün pedaqoji heyət ağlamışdı. Bunun səhəri, günortadan sonra ailəvi həmin tədbirin təkrarına baxırdıq. Sonda çox təsirləndik! Şeir belədir:

Ana, gəncliyim var, yarısı sənin

Sən də saçlarını böl iki yerə,

Ağı mənim olsun, qarası sənin.

Ay ana, gözlərin yaman korşalıb

Al, mənim gözümü ağla, can ana,

Mənim kədərimi ağlayan zaman!

Şeirin təsirindən xanıma müraciətlə dedim ki, mənim paltarımı hazırla kəndə gedirəm. Dedi ki, bu nə vaxtın kəndə getməyidir, yağış yağır, bir azdan şər qarışacaq, bəlkə sabah gedəsən? Dedim ki, yox, gedirəm. Hazırlaşıb çıxdım və şəhərdə bazarlıq edib düzəldim yola. Kəndə qədər iki-üç saatlıq yolumuz var.

Nəhayət gəlib kəndə çatdım. İşıqlar sönmüşdü, kənd zülmət qaranlıq idi, yağış da yağırdı. Bir yandan yağış məni isladır, yol da palçıq, bata-bata gedirəm, həm də ehtiyat edirəm ki, sürüşüb yıxılmayım. Gəlib həyət qapısına çatanda həyəcanlı idim, bir az nəfəsimi dərib qapını döydüm. İçəridən anamın səsi gəldi: “Ədə, Hacı, sənsən? Nə xəbər, nə olub, bu yağışnan gəlmisən? Qapı acıqdır.”

Qapını acıb içəri keçdim.

Bizlərdə belə bir adət var: əsas evdən başqa həyətdə də bir aşxana tikərlər. Anamız da bu aşxanada qalardı və biz hamımız aşxanaya, anamın yanına yığışardıq. Səs gələn tərəfə - aşxanaya tərəf getdim. Anamla qapıda rastlaşdıq, qucaqlaşıb görüşdük. Hal-əhvaldan sonra soruşdum ki, ay ana, nə bildin gələn mənəm (Anamın 11 övladı var, 8-i oğlan, 3-ü qız), bəlkə başqasıdır?

Anamın 90 yaşı var. Söylədi ki, günortadan bəri elə hey ürəyimdə səninlə danışıram, bilirdim ki, gələcəksən. Soruşdum ki, ay ana, bəs ev adamları hanı? Dedi, Bahar bacıngilə, şəkərburaya naxış acmağa gediblər. Yarım saatdan sonra onlar da gəldilər və biz bir azdan şam süfrəsi arxasında anamızın möcüzəsini müzakirə edirdik.

Bu bir pisixoloji hadisədir. Mən niyyət etdim ki, anama dəyməyə gedirəm və bu niyyət efirə yayılır. Anam da bilmirəm, bəlkə zənlə, bəlkə də gümanla məlumatı efirdən alıbmış, ona görə də əminliklə bilib ki, gələn mənəm.

Sözün gücü - dilimizdə belə bir atalar məsəli var: Vur demək əsasdır, nəinki vurmaq. Ta qədimdən türk ellərində savaş vaxtı hücuma başlayanda qoşun sərkərdəsi qılıncını sıyırıb, əmr verərmiş: Vuraaaaa!!!!!

Ardınca minbaşılar, yüzbaşılar, onbaşılar və bütün qoşun qılınclarını sıyırıb nərə çəkəllərmiş (vuraaaa!!!!!) və bu əmrin güclü dalğası cəbhə boyu çölə, dağa-daşa əks-səda salıb, lərzəyə gətirərmiş. Bu uğultunu “Uraaa!” kimi eşidən qarşı tərəf nələrin baş verdiyini anlayanadək, türk qoşunları güclü qasırğa kimi düşmənin başının üstünü alıb, qələbəni təmin edirdilər!

Məşhur Çanaqqala döyüşündə türk qoşunlarının hərbi-hümanitar böhranı zamanı Mustafa Kamal Atatürk və türk şairi Məhməd Akif qoşun qarşısında çıxış edirlər. Bu gözəl görüşdən-ünsiyyətdən sonra qoşun heyətinin bədbin ruhu az müddət içərisində mübariz bir ruha çevrilir. Burada Məhməd Akifin çıxışını xüsusi qeyd etmək istəyirəm:

Arkadaş, yurduma alçaqları uğratma saqın,

Sipər et gövdəni, dursun bu həyasızca axın!

Doğacaqdır, sənə vəd etdiyi günlər haqqın,

Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaxın!

Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı,

Düşün, altındakı minlərcə kəfənsiz yatanı!

Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı,

Vermə, dünyaları alsan da, bu cənnət vətəni!

Ey vətən, kim sənin uğuruna olmaz ki fəda!

Şühəda! Fışqıraçaq torpağı sıxsan, şühəda!

Canı, cananı, bütün varımı alsın da Xuda,

Etməsin tək vətənimdən məni dünyada cüda.

Bu sözlərdən güc alan əsgərlər döyüşlərdə əhəmiyyətli-möcüzəli qəhrəmanlıqlar göstərərək, tarixə Çanaqqala salnaməsini qanları ilə yazdılar!

O söz ki, ilahi məhəbbət nurunda işlənir, onda o sözün sehri, mənası, enerjisi və gücü hədsiz olacaqdır! Necə ki, böyük türk şairi Yunis Əmrə deyir:

Söz mənə həqdən gələr!

# 4879 dəfə oxunub

Müəllifin son yazıları

# # #