Zəlimxan Yaqubun süpürgəçiyə yazdığı ŞEİR

Zəlimxan Yaqubun süpürgəçiyə yazdığı <span style="color:red;">ŞEİR
22 sentyabr 2014
# 13:35

Kulis.Az Zəlimxan Yaqubun “Süpür bu yolları, ay süpürgəçi!” şeirini təqdim edir.

Süpür bu yolları, ay süpürgəçi,

Sənin də çörəyin bu yerdən çıxır.

Bu yolu bir dəfə təmizləməkçün,

Ürək neçə dəfə qan-tərdən çıxır.


Üzün sarıqlıdı, başın sarıqlı,

Təkcə gözlərindi gözə görünən.

Biz yaxşı görürük zibillikləri,

Hamıya görünməz bizə görünən.

Süpür bu yolları, ay süpürgəçi,

Yollar təmiz olsa, üzün ağ olar.

Bu yolu, bu izi, bu gözəlliyi,

Bircə süpürgəylə saxlamaq olar.


İstilər, tüstülər bozarmış üzdü,

Boğulan nəfəsdi, batan hənirdi.

Dünən yol içində qalamışdılar,

Toz-torpaq bu gün də tüstülənirdi.


Dünya başdan-başa zibillik deyil,

Dünya zibillikdən qat-qat gözəldir.

İstər zəri götür, istər zibili,

Yaşamaq istəsən həyat gözəldir.


Təmizlik yaşamaq, təmizlik həyat,

Allahın sevdiyi işi görərsən.

Peyğəmbər gözüylə baxmağı bilsən,

Sən itin leşində dişi görərsən.


Sənin o torbaya atdığın xəzəl,

Dünən bir ağaca göy yarpaq idi.

Şahlıq eyləyirdi budağın üstə,

Rəngi yaşılıydı, canı sağıydı.


Təkcə yarpaq deyil ora atdığın,

Sənin o torbanda nələr var, nələr.

Zibilə döndərir dünyanı insan,

Boşuna gəlmir ki, müharibələr.


Süpür bu zibili, yır-yığış eylə,

Yellər aparmasın süpürdüyünü.

Sənin süpürgənlə götürmək olar,

Kiminsə torpağa tüpürdüyünü.


Süpür bu yolları, ay süpürgəçi,

Zibilin olmasa, çörəyin olmaz.

Təmiz saxlasalar düzü, dünyanı,

Süpürgə heç zaman gərəyin olmaz.


Nə salam verən var, nə “sağ ol” deyən,

Gecəli-gündüzlü əlin işdədir.

Səni süpürgədən ayırmaq olmaz,

Əlin süpürgəli bir vərdişdədir.


Nə adın-sanın var, nə şan-şöhrətin,

Bilən yox süpürən kimdi, nəçidi.

Deyirlər filankəs nazir oğludu,

Demirlər filankəs süpürgəçidi.


Uzağa getməsin zibil atanlar,

Toz-duman qalxacaq, külək olacaq.

Hələ süpürgələr, süpürgəçilər

Bu qoca dünyaya gərək olacaq.


Qəlbimdə yatanlar deyilən deyil,

Ürəyim yanıqdı, könlüm ləlikdi.

Süpür bu yolları, ay süpürgəçi,

Onsuz da bu dünya süpürgəlikdi.


Bərk yapış, bərk yapış o süpürgədən,

Artıq nə dövlətin, nə malın olsun.

Səni düşünmüşəm, sənə yazmışam,

Get oxu, bu şeir halalın olsun!

# 1928 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #