Yenə tənhalığını geyinib əyninə

Yenə tənhalığını geyinib əyninə
21 oktyabr 2013
# 10:01

Lənətlənmiş qadın

Heç oldumu ki,

Ümid axtardın, işıq axtardın...

Sevdiklərin arasında, Yer tapmadın...

İynə üstündə oturmuş kimi,

Daxilində qaçdın, qaçdın,

Ünvanını bilmədiyin mənzilinə?

Oldumu heç,

Açıb bütün pəncərələri

Bağırmaq istədin?!

İçindəki müharibədən

Qurtulmaq istədin?!

Oldumu heç,

Boğazındakı düyünləri açmaq istədin?!

Suallarına cavab aclığıyla

Ona yalvarmaq istədin!

Oldumu, söylə, qadın!

Oldumu, haqsız göz yaşlarına,

Əsəbi qısqanclıqlara,

Çarə istədin?!

Dizlərin boşalıb düşdünmü yerlərə?

Hönkürdünmü heç çarəsizcəsinə,

Bir ömürlük sevgiylə özünü aldatdığın

Acı xatirələrə?!

Ürəyinə saplanan o ağrının mənbəyinə?!

Sordunmu heç, niyəəə, niyəə, niyə?!.

Sən, hər dəfə, ey alçalan qadın,

Neçənci gecəndir bürünüb ümidlərinə,

Dərman qoxulu sabahları gözləyirsən?!

Sən, hər dəfə günahsızlığın gözlərində,

Sədaqətin boğazında düyünlənən qadın!

Yaz ömrünün neçənci payızındasan?!

Yenə tənhalığını geyinib əyninə, haradı yolun?

Getmə!...

Onsuz da, bütün yollar ona aparır...

Sus, yaradılışdan cəzalı qadın!

Lənətlənmiş qadın!

Nə qəribədir?!

Mələklər də qadın cildindədir!...

# 1748 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #