Zəlimxan Yaqubdan xalq yazıçısı Anara açıq məktub

Zəlimxan Yaqubdan xalq yazıçısı Anara açıq məktub
27 may 2013
# 16:32

Hörmətli Anar müəllim!

Mən sizin əsərlərinizi həmişə sevə-sevə oxumuşam, bu gün oxuyuram, sabah da oxuyacağam! Dədə Qorquddan bu günümüzə qədər elə bir görkəmli şəxsiyyət yoxdur ki, siz onun haqqında öz gözəl fikirlərinizi bildirməmiş, yazmamış olasınız. Dədə Qorqud müdrikliyi də, Nizami dühası da, Füzuli həsrəti də, Nəsimi əqidəsi də, Xətai böyüklüyü də, Cavad xan fədakarlığı da, Natəvan kövrəkliyi də, Mirzə Fətəli dərdi də, Mirzə Cəlil həqiqəti də, Sabir üsyankarlığı da, Cavid ağrısı da, Hadi faciəsi də, Müşfiq yarası da, Cabbarlı dünyası da, Şəhriyar nisgili də sizin qələminizin qüdrətiylə daha da büllurlaşıb, aydınlaşıb, gözəlləşib və oxuculara təqdim olunub. Rəsul Rzanın və Nigar Rəfibəylinin – iki böyük şəxsiyyətin ailəsində, ədəbiyyat ocağında dünyaya gəlmək Allahın sizə ən böyük lütfü, ən gözəl hədiyyəsidir. Müasir ədəbiyyatımızın demək olar ki, bütün nümayəndələri ilə həmdərd, həmnəfəs olmusunuz. Bundan böyük xoşbəxtlik ola bilərmi?

XX əsrdən XXI əsrə ürəyi dolu, qələmi və ilhamı dolu gələn Anar müəllim!

Siz kimlərdən və nələrdən yazmamısınız. Azərbaycandan, onun keçmişindən, bu günündən, gələcəyindən, türkçülükdən, türk dünyasının milli və bəşəri problemlərindən, dilimizin adından və taleyindən, azadlığımızdan, müstəqilliyimizdən, istiqlalımızdan, bu yollarda gördüyünüz çətinliklərdən, çəkdiyiniz ağrı-acılardan, Dağlıq Qarabağ faciəsindən, 20 Yanvar hadisələrindən, Azərbaycanın başına gətirilən müsibətlərdən, sapı özümüzdən olan baltaların özümüzə qarşı münasibətindən, xalqımız üçün lazımlı və gərəkli olan mövzulardan.

Siz kimlərdən yazmamısınız? Sizin ömrünüz bir ədəbiyyat ensiklopediyasıdır. Orda Azərbaycanla bağlı istənilən tarixi hadisəni, istənilən tarixi şəxsiyyəti axtarıb tapmaq, oxumaq, öyrənmək, ucalmaq və böyümək olar. Bunun üçün görən göz, döyünən ürək, düşünən ağıl lazımdır. O ensiklopediyada N.Nərimanov da var, M.Ə.Rəsulzadə də, Aşıq Ələsgər də var, Səməd Vurğun da, Nazim Hikmət də var, Rəsul Rza da, Üzeyir bəy də var, Qara Qarayev də, Səttar Bəhlulzadə də var, Tahir Salahov da, Süleyman Rüstəm də var, Almas Yıldırım da, İsmayıl Şıxlı da var, Bəxtiyar Vahabzadə də, Mirvarid Dilbazi də var, Nigar Rəfibəyli də, Ənvər Məmmədxanlı da var, İlyas Əfəndiyev də, Mirzə İbrahimov da var, Çingiz Aytmatov da, Osman Sarıvəlli də var, Hüseyn Arif də, Rəsul Həmzətov da var, İmran Qasımov da, Nəbi Xəzri də var, Qabil də, İsa Hüseynov da var, Mövlud Süleymanlı da, Elçin də var, Fikrət Qoca da, Məmməd Araz da var, Tofiq Bayram da, Nəriman Həsənzadə də var, Cabir Novruz da, Yusif Səmədoğlu da var, Vaqif Səmədoğlu da, Kamal Abdulla da var, Çingiz Abdullayev də, Ramiz Rövşən də var, Sabir Rüstəmxanlı da, Afaq Məsud da var, Rafael Hüseynov da, Vaqif Bayatlı da var, Rəşad Məcid də... Bu adları istənilən qədər artırmaq olar. Ancaq bu fikir kifayətdir ki, müasirlərimizin əksər nümayəndələri haqqında ürək genişliyi ilə söz açmaq hər oğulun hünəri, hər kişinin işi deyil. “Min beş yüz ilin oğuz şeiri” antologiyasını araya-ərsəyə gətirmək də sizə qismət olub. İki cilddə bu kitabların dünyaya gəlməsi üçün antologiyalardan, müntəxablardan, şeir toplularından, türk və rus dillərində olan çoxlu sayda əsərlərdən, kitablardan istifadə olunub. Bu kitablar bütövlükdə quzeyli, güneyli Azərbaycanın və bütövlükdə türk dünyasının mənəviyyatını əks etdirir. Bu kitablar ədəbiyyat tarixində həmişə qalacaq və oxunacaq kitablardır. Ədəbiyyata ən böyük xidmət elə budur. Bu kitablar çoxları kimi mənim də stolüstü kitablarımdır.

Antologiya 1500 ilə güzgü tutan bir aynaya bənzəyir. Bu aynada Qaşğarlı Mahmud da var, Yusif Balasaqunlu da, Əhməd Yəsəvi də var, Yunis Əmrə də. Orxon Yenisey yazılarından başlamış “Tariximizin uca yaddaşı” adlı son sözə qədər nə varsa, hamısı böyük zəhmətin, uzun illərin, yuxusuz gecələrin, türk şeirinə, onun bütün qollarına dərindən bələd olmağın bəhrəsi, sonsuz axtarışların nəticəsidir. Bu nəticə yenidir, təzədir, təravətlidir, ona görə ki, bu kitab türk dillərinin müştərək abidəsidir. Bu abidə əbədi abidədir. Ədəbiyyata bundan böyük nə xidmət ola bilər! Ancaq təəssüf edirəm ki, bu kitablarla bağlı dövrü mətbuatda samballı, layiqli yazılara rast gəlməmişəm!

Ulu öndərimiz Heydər Əliyevlə bağlı yazdığınız yazılar sizin ömrünüzdə ayrıca bir fəsildir. Bu fəsil tədqiq və təbliğ olunmalıdır, ona görə ki, ümummilli liderimiz Heydər Əliyevin yaşadığı ömür onu yetirən xalqın, dövlətin, dövlətçiliyin ömrüdür. Ziyalılığın və ziyalıların ömrüdür.

Hörmətli Anar müəllim!

İctimai-siyasi xadim kimi, yazıçı və dramaturq kimi, çoxlu sayda ssenarilərin müəllifi kimi, klassiklərimiz və müasirlərimiz haqda bir-birindən qiymətli məqalələrin müəllifi kimi sizi təbrik eləmək, sizin haqqınızda ən xoş söz demək, ən gözəl fikirlər söyləmək olar.

Mən sizin yaradıcılığınız haqqında geniş fikirlər söyləmək iddiasında deyiləm. Bu, mümkün də deyil. Çünki zəngin yaradıcılıq sahibi haqqında geniş fikir söyləmək çox çətindir. Bu, bir məqalənin yox, kitabların, dissertasiyaların mövzusudur, ədəbiyyatşünasların fəaliyyətinə aiddir.

Mən sizin “Azərbaycan” jurnalının 2013-cü il, 3-cü nömrəsində “Sabahın sətiri” adlı ədəbi ssenarinizi böyük maraq və məhəbbətlə, acgözlüklə oxudum. Çünki bu ssenaridə təkcə Mirzə Fətəli Axundovun yox, eyni zamanda onun müasirlərinin portretləri, taleləri, ömür-gün yolları, gördükləri çətinliklər, xalq, millət naminə gördüyü işlər çox gözəl işıqlandırılıb. Əsərdə Bodenştet də var, Mirzə Şəfi də, Bestujev Marlinski də var, Lermontov da, Abbasqulu Ağa Bakıxanov da var, Puşkin də, Həsən bəy Zərdabi də var, Nəcəfbəy Vəzirov da. Mirzə Fətəlinin obrazını bütünlükdə canlandırmaq üçün müasirlərin dili ilə onun fəaliyyətinə hərtərəfli bir baxış var. Bu baxışların hamısında Mirzə Fətəlinin böyüklüyü, faciəli ömür yolu, Arazın o tayından gələn bir uşağın 66 yaşında dünyasını dəyişənədək bütün hadisələr genişliyi ilə verilir.

Mirzə Fətəlinin əsərlərini yaradan köklər, səbəblər, hadisələr, Mirzə Fətəlini yetirən mühit çox gözəl açılır. Ssenaridə göstərilən həkim Müsyo Düpon da, Tubu xanım da, Nisə xanım da, Rəşid bəy də, Mirzə Fətəlinin atası Məmməd Tağı da, Axund Ələsgər də, məşhur müğənni Səttar da – hamısı Mirzə Fətəlinin taleyini işıqlandırır.

Mirzə Fətəlinin obrazları yenidən dilə gəlir. Teymur Ağa da, Molla İbrahimxəlil də, “Yuxulu”lar da, Molla Həmid də, Dərviş Abbas da, Məstəli Şah da, Hacı Qara da, Xacə Məsud da, Pəri xanım da, Şərəfnisə də, Heydər bəy də, Əsgər bəy də yenidən xəyalımızda canlanır. Görün son mənzilə yola salmaq üçün Mirzə Fətəlinin taleyini kimlər müzakirə edir.

“Molla İbrahimxəlil:

– Bu dinsizi nəbadə müsəlman qəbiristanlığında basdırasınız, bu mürtədin mömin müsəlmanların arasında yeri yoxdur, aparıb harda istəyirlər başqa yerdə basdırsınlar.

Məstəli şah deyir:

– Bu kafirin dəfnində iştirak etmək də günahdır. Onun dəfnində iştirak edən hər kimsə elə günaha batacaq ki, o dünyada cəhənnəm zəbanəsində yanacaq.

Lənkəran xanın vəziri:

– Bu məlunun qəbrini elə dərin qazın ki, xortlayıb ordan çıxa bilməsin, yenə də camaatı bizə güldürməsin”.

Həyat çox maraqlı, zaman çox ədalətlidir. Mirzə Fətəlinin taleyinə quyu qazmaq istəyənlərin heç birinin izi-tozu qalmayıb. Ancaq Mirzə Fətəlinin kədərli çöhrəsi, uca şöhrəti, heykəlləşən ömrü bu gün də hamını düşündürür. Ədəbiyyatımızda bir Mirzə Fətəli ucalığı var ki, o ucalıq həmişə zirvədə qərar tutacaq.

Yazdığı əsərlərin heç birinin səhnə təcəssümünü görə bilmir.

“Mirzə Fətəli:

– Teatro əsəri səhnədə oynamaq üçün yazılır. Səhnəmiz var ki, əsəri də oynasınlar?

Zərdabi:

– Bildiyimə görə “Müsyo Jordan”ı Tiflisdə oynayıblar.

Mirzə Fətəli:

– Bəli, rus dilində. Amma mən, onu türk dilində yazıram. Bə nə zaman mənim xalqım öz doğma dilində səhnədə görəcək?

Zərdabi:

– Darıxmayın Mirzə, o gün də gələcək.”

Əlifba islahatı ilə bağlı Türkiyəyə səfər edir. İrana məktub yazır, ancaq dediyi təklifə əməl olunmur. Əlifba məsələsi həll olunmamış qalır. Ona görə ki, Türkiyədə sədri-əzəm Fuad paşa əlifbamızın taleyini Aleksandr bəylərə, Akop bəylərə həvalə edir (biri erməni, biri cuhud). Mirzə Kazım bəy kimi bir alimin, Ziya Paşa ilə birlikdə “Hürriyyət” qəzetini çıxaran Vətən şairi Namiq Kamalın, Fransa və Hindistan alimlərinin əlifba ilə bağlı fikirləri nəzərə alınmır. Ortaya çoxlu əmmalar, bəlkələr çıxardırlar.

“İndi mənim bütün fikrim-zikrim əlifba məsələsidir. Ərəb hürufatını dəyişmək arzusu ilə hazırlaşıram axirət səfərinə”, – deyən Mirzə Fətəli əlifbanın dəyişildiyi günü də görə bilmir.

Dilimizin, dinimizin, millətimizin, mədəniyyətimizin, maarifimizin taleyi, dərdi, problemləri ilə bağlı Mirzə Fətəlinin Həsən bəy Zərdabi ilə söhbətləri olduqca düşündürücü və maraqlıdır.

Millətin iki böyük oğlu öz xalqının taleyi, keçmişi, bu günü və gələcəyi haqqında dərdləşir.

“Mirzə Fətəli (Zərdabini qucaqlayaraq):

– Mənim kimi qəmlərə mübtəda olan, müasirlərin qabiliyyətsizliyindən, anlamazlığından təngə gələn əziz qardaşım. Qəm yemə. Gələcək nəsillər biləcək ki, millətimizin yolunda biz nə çəkmişik. Bizim arzularımızı onlar həyata keçirəcək”.

Mükafatını öz vicdanından alan gənc Həsən bəy Zərdabi can üstündə olan Mirzə Fətəliyə ürək açan sözlər desə də, Mirzə Fətəli dövrdən, zamandan, insandan gördüyünü görmüş, çəkdiyini çəkmişdi. Mirzə Fətəlinin dərdli-qəmli söhbətlərinə Zərdabi belə cavab verir. “Bilirəm, Mirzə, dünya belə gəlib, belə də gedəcək, vilayət nadansız olmaz. İntəhası, iş nadanların çoxluğunda, azlığındadı. Bizdə axı deyəsən bir az çox olub. Nə isə, başınızı çox ağrıtdım, mən gedim”.

Ssenaridəki Mirzə Fətəlinin vəsiyyətindən bir parçanı oxuculara çatdırıram. “Ömrüm boyu mən xalqa namusla xidmət etmişəm, vəsiyyətim də var. Bilirəm, mən öləndən sonra gəlib evi ələk-fələk edəcəklər, görsünlər, yazıdan-pozudan nəyim qalıb – nə yazmışamsa hamısı senzordan keçib, izinlə basılıb. Xilafi-hökumət bir yazım yoxdur. Amma... Bax, o sandığı görürsən? Onun dibində, matrasın altında kamallüdövlənin əlyazmalarını gizləmişəm. Nəbadə xəbər tutarlar. Vaxtı gələndə Rəşidlə onu basarsınız. Amma nəbadə mənim adım olsun. Mənə day bir şey edə bilməzlər. Sümüklərim də çürüyəcək o vaxta, amma sizləri incidə bilərlər. Odur ki, basanda mənim adım olmadan çap edin. Çalışın tək türkcə yox, farsca, rusca, fransızca da basılsın. Həyatımın ən böyük arzusu bu idi”. Görün bu vəsiyyətin altında nə qədər kədər yatır! Bu kədər xalqın taleyindən, Vətənin əhvalından, əsərlərinin çapından, əlifbamızın, dilimizin vəziyyətindən nigaran bir ürəyin kədəridir.

Ssenaridə rusca verdiyiniz mətnlərdə mətləb daha dərinə gedir. Tiflisin müxtəlif yerlərində, M.F.Axundovun evində Mirzə Fətəlinin, A.Bakıxanovun, B.Marlinskinin görüşlərində təkcə Azərbaycanın yox, Rusiyanın, Türkiyənin, İranın, dağlıların vəziyyətindən, şərqlə qərbin münasibətlərindən söhbət gedir. Puşkinin ölüm xəbəri insanları sarsıdır. Qriboyedovun, Lermontovun, Puşkinin, M.Rılskinin vaxtsız və faciəli ölümləri dövrün, zamanın bəlası kimi meydana çıxır, danteslər öz işini görür. Ölən xalqın böyük oğullarıdır. Danteslər, puşkinlər üz-üzə dayanır. M.Fətəli “Puşkinin ölümünə şərq poema”sını yazır. Lermontova Aşıq Qəribdən danışır. Bütün hadisələrin və insanların fonunda Mirzə Fətəlinin böyüklüyü, uzaqgörənliyi üzə çıxır.

Əzizim, Anar müəllim!

Ziyalılarımızın başına çox oyunlar açılıb. Bu biabırçılıqlar bu gün də davam edir. Cəlil Məmmədquluzadə, Üzeyir bəy, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Qara Qarayev kimi xalqın böyük oğullarına, hətta dahi Füzuliyə, Xətaiyə sataşanlar, söz atanlar var. Görün adını çəkdiyim şəxsiyyətlər sağlıqlarında sapı özümüzdən olan baltalardan nələr çəkiblər.

“Əkinçi” kimi bir qəzetin naşiri, mətbuatımızın peyğəmbəri səviyyəsinə yüksələn Zərdabi gör özü haqda nə deyir:

“- Mirzə, bilsəz məndən hökumətə nə qədər danos yazırlar. Özü də ən çox canfəşanlıq edən özümüzünkülərdi. Məni seçkilərdə də qaraladılar. Öz müsəlmanlarımız pozdu, o yerə xaricilərdən birini intixah elədilər.” Bəli, budur böyüklərin, dahilərin, seçilmişlərin taleyi. Ariflərdən ürək, ağıl mükafatı, nadanlardan, naqislərdən pislik, şər-böhtan yemək, dedi-qodu pəncəsində çırpınmaq.

Ancaq dedi-qodular, naqisliklər, paxıllıqlar, şər-böhtanlar suda qar əriyən kimi əriyib gedir. Qalan halal yaradıcılıq, halal zəhmətin yaratdığı milli və bəşəri sərvət kimi yaşayan kitablar, qiymətli əsərlər, deyilən sözlər, yazılan fikirlər olur. Gedən küləkdi, qalan qayadı, gedən dumandı, qalan dağdı, itən, yox olan köpükdü, axan çaydı.

Dünyada zirvələr, ucalıqlar, yüksəkliklər, ucalanlar, ucaldanlar yaşayır. Siz də o zirvələrdən biri kimi, “Əsrin əsiri” kimi, ədəbiyyatımızın fədaisi, xalqın oğlu kimi həmişə yaşayacaqsınız. Sizə uğurlar olsun, Anar müəllim!

# 4455 dəfə oxunub

Müəllifin son yazıları

# # #