Gənc şairin sonuncu sevgi şeiri

Gənc şairin sonuncu sevgi şeiri
9 iyun 2019
# 12:34

Kulis.az “Bazar oxusu” layihəsindən gənc şair Əsəd Qaraqaplanın “Sonuncu Sevgi Şeiri”ni təqdim edir.

bir qadın da sevmədik, ayrılaq, şeir yazaq.

bir qızla evlənmədik, çəkilək, xoşbəxt olaq.

bir evimiz olmadı kirayələrdən uzaq

bir oğul böyütmədik, əsgərə yola salaq...

hər şey bizdən böyükdü, hər şey bizdən balaca

ortalıqda qalmağın cəzası tənhalıqdı.

bunu da bu şeirin küncünə yaz, balaca,

- biz olan sevgilərin başında ayrılıqdı...

getdik, gördük atamız çoxdan ölüb... anamız

evimizlə bərabər qocalıb, əldən düşüb.

bacılar gəlin köçüb, evlənib qardaşımız

həyət də ağaclardan, ağac da güldən düşüb...

hər şey saralıb-solub biz gedəndən şəhərə

biz kirayə qalandan yetim qalıb uşaqlıq...

bəlkə sevmədiyimiz bir qadından ötəri

ya çox böyük adamıq, ya da ki çox uşağıq...

bizi də böyütməyə gücü çatmaz şəhərin

nə şəhərlər var bizim uşaq xəyalımızda...

bu böyük gecələrin açılmayan səhəri

bizi kim anlayacaq, bizi - bu halımızda...

bir oğul böyütmədik, əsgərə yola salaq...

bir evimiz olmadı kirayələrdən uzaq...

bir qızla evlənmədik, çəkilək, xoşbəxt olaq...

bir qadın da sevmədik, ayrılaq, şeir yazaq...

# 4139 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #