Tiflisdə şairlər günü keçirilib

Tiflisdə şairlər günü keçirilib
31 may 2018
# 10:06

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Şairlər günü” qeyd olunub.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) və birliyin Gürcüstan bölməsinin birgə təşkil etdikləri tədbirdə ölkəmizin Gürcüstandakı səfiri, Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan dəvət olunmuş tanınmış şairlər, ədəbiyyat və sənət adamları, ziyalılar iştirak ediblər.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva tədbirin əhəmiyyətindən, ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf perspektivlərindən danışıb.

AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət bildirib ki, “Şairlər günü” 8 ildir qeyd olunur. Artıq Türkiyə və Azərbaycanda bu bayram geniş qeyd olunub. Bugünkü tədbir Azərbaycanın Xalq Şairi, bütün türk dünyasında sevilən Zəlimxan Yaqubun və qırğız şairi Alıkul Osmanovun xatirəsinə həsr olunub.

Sonra səfir Dursun Həsənov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğu bir ərəfədə bu cür tədbirlərin Tbilisi şəhərində təşkilini yüksək qiymətləndirib, mədəni əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi üçün yeni layihələrin hazırlanmasının vacibliyini vurğulayıb.

AYB-nin məsul əməkdaşı Xəyal Rza bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin əsas məqsədi şairlərimizin xatirəsini yaşatmaqla yanaşı, bu sənəti, sözü daha geniş arenada təbliğ etməkdir.

Sonra çıxış edənlər bildiriblər ki, əsası Azərbaycanda qoyulmuş “Şairlər günü” artıq beynəlxalq əhəmiyyət daşıyır. “Şairlər günü” bütövlükdə poeziyaya, həm də milli şeirimizin çox sevilən nümayəndələrinə olan hörmətimizin təzahürüdür.

Tədbir çərçivəsində yazıçı–publisist Zemfira Məhərrəmlinin müəllifi olduğu "Qarabağ müharibəsi zərif talelər" kitabının da təqdimatı olub.

Mərasim sənət ustalarının maraqlı konsert proqramı ilə davam edib./azertag.az/

# 1011 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #