Dəli - HEKAYƏ

Dəli - <span style="color:red;">HEKAYƏ
9 mart 2016
# 15:49

Kulis Nazim Əhmədlinin “Dəli” hekayəsini təqdim edir.

Sahildə dayanan gəmi bir azdan yola düşəcək. Uzaq ölkələrə səyahət edəcək o gəmi. Mən də o gəmidə olmalıyam. Səfər etmək üçün biletim də var. Dünən bir qırmızı köynək də almışam. Hə, artıq mən tərpənməliyəm. Gəmiyə gecikə bilərəm. Bəlkə də elə indi minik başlanıb. Mən gedim...

Mən var gücümlə qaçıram. Çiynimdən asılan tumaş çantadakı azacıq da olsa özüm üçün götürdüyüm səfər hazırlığım var. Sevindiyimdən quş kimi uçuram. Və həm də qaçarkən heç ayaqlarımı da hiss eləmirəm. Heç nəyin, heç kimin fərqinə varmıram. Sevindiyimdən qaça-qaça mahnı da oxuyuram. Sözlərini də özüm qoşmuşam:

Götür məni uzaqlara ağ gəmi,

Şirin-şirin çağlara, ağ gəmi.

Küçə uzunu qaça-qaça adamlara, ağaclara ilişirəm, qarşıma çıxan nə varsa heç nəyin fərqinə varmıram. Toxunduğum adamların bəziləri yıxılır və qalxıb arxamca söyüş yağdırırlar. Mənsə qayıdıb heç onlara sarı baxmıram. Təkcə küçədə şütüyən maşınlar mənə daha çox mane olurlar. Mən maşınlardan çox qorxuram. Ancaq indi o qorxu hissim də yox olub. Çünki mən sahildəki Ağ gəmiyə çatmalıyam. Bu şans mənə ömrümdə bir dəfə verilib.

Mən mütləq çatmalıyam. Gəminin üzmək vaxtı çatan kimi yola düşəcək. Bir dəqiqə də olsa belə məni gözləyə bilməz. Hətta quşdan qanad almaq lazım olsa belə mən çatmalıyam. Hər dəfə uzun-uzun addımlar atdıqca sahilə daha çox yaxınlaşıram. Ancaq nədənsə hələ gəmi görünmür.

Hə, bax indi çatıram. Artıq gəminin dorunu aydın görürəm. Hardansa qulağıma səs gəlir. Yoxsa gəmi fit verir? Yox. O yola düşəndə fit verəcək. Mən bir az da bərk qaçmaq istəyirəm. Lakin ayaqlarımda başlayan ağrı buna imkan vermir. Mən bir daha var gücümlə irəliyə atılıram. Yenə adamlara toxunuram. Axı bu adamlar küçədə niyə belə yavaş-yavaş yeriyirlər. Bunlar bir yana tələsmirlərmi? Bu zaman kimsə arxadan kürəyimə bir yumruq ilişdirib məni səsləyir:

- Ey, nə olub sənə, mədəniyyətsiz?! Hara qaçırsan? Elə bil yağı daşır.

Mən heç dönüb o adama sarı baxmıram da. O və onun kimilər mənim fikirlərimdən və arzularımdan kənarda olan insanlardırlar. Axı onlar məni necə başa düşə bilərlər. Nə deyirlər desinlər. Onların arxamca yağdırdıqları söyüşlərdə, ilişib yıxdığım adamların ah-naləsi də mənim üçün boş şeydir...

Onların çoxu öz boynuyoğun müdirlərinin qarşısında ikiqat olurlar. Üz-gözlərindən yaltaqlıq yağır. İndi məni fağır görkəmdə görüb xoruzlanırlar. Ayıb olsun sizə. Bəlkə də heç onlar mənim düşündüyüm kimi pis adam deyillər. Görünür heç mənim kimi istirahətə getməyə pulları da yoxdur. Onlara yazığım gəlir. Axı mən bu səfər üçün aldığım biletin pulunu qəpik-qəpik yığmışam.

Ancaq onların arxamca yağdırdığı söyüşlər də, ilişib yıxdığım adamların ah- nalələri də mənim üçün boş şeydir.

Hündür binalar, qollu budaqlı ağaclar, yeraltı keçidlər, küçələrdəki işıqforlar və sel kimi axan maşınlar, adamlar – hamısı mənə mane olur. İlahi, mənə qanad ver tez çatım sahilə. Gəminin sahildən ayrılmasına az qalıb.

Bir daha dərindən nəfəs alıb var gücümlə götürüldüm. Yenə ilişib yıxdığım insanların söyüşləri məni təqib edirdi. Mənsə, qaçmaqda davam edirdim. Mən uşaq vaxtından iti qaçanam. Dörd-beş yaşım olanda məhəlləmizdəki uşaqları vurub qaçırdım. Onlar mənə çata bilmirdilər. İtləri, pişikləri qovurdum, toyuq-cücəni uçurdub ləzzət alırdım. Qonşuların çəpərini daşlayırdım. Balaca qız uşaqları məndən qorxurdular. Məktəb illərində də çox dəcəl idim. Ancaq bir dəfə şəhər məktəbləri üzrə qaçış yarışı keçirilirdi. Mən bu yarışda məktəblilər arasında birinci yerə çıxdım. Mənə bir medal da vermişdilər həmişə məktəbə gedəndə o medalı boynumdan asar və qürrələnərdim. Bir dəfə uşaqlar medalı boynumdan çıxardıb qaçdılar, mən də onların arxasınca düşdüm. Onlar yolda qayıdıb məni tutdular və möhkəm döydülər.

İndi isə var gücümlə qaçıram. İçimdən yalvarış dolu bir səs gəlir. Allahım, məni tez çatdır o gəmiyə. Yox, deyəsən çata bilməyəcəm. Deyəsən, gəmi yola düşür. Arzularım puç olacaq. Axı mən bu şəhərdən bir metr də o yana çıxmamışam. Nə görmüşəm axı bu dünyada? Bu qırmızı köynəyin cibindəki səyahət biletindən başqa heç nəyə gümanım gəlmir. Və birdən mənə elə gəldi ki, sahil tərəfə gedən insanların hamısının mənim kimi o gəmiyə bileti var. Bəs onlar niyə mənim kimi tələsmirlər?

Mən yenə sürətlə qaçıram. Artıq hiss edirəm ki, bərk yorulmuşam. Ayaqlarım heydən düşmək üzrədir. Küçə boyu hamı mənə baxır. Bəzi insanlar mənim qaçışımdan və hərəkətlərimdən qıcıqlanaraq yanlarından keçərkən məni vurmaq istəyirlər. Bəziləri də mənə rişxənd edir. Ancaq mənə qarşı olan bütün haqsızlıqları dəf edərək sahilə doğru qaçır və Ag gəmiyə çatmaq istəyirəm.

Hə, deyəsən çatıram. Artıq sahil küçəsini keçirəm. Yaşıl parkdan o yana Ağ gəminin dayanacağıdı. Canımı dişimə sıxıb artıq heydən düşmüş arıq qılçlarımla sürəti bir az da artırmaq istəyirəm. Hə, gəmiyə yaxınlaşıram. Göyərtədə çoxlu adamlar var. Hamı hərəkət edir, elə bil bulvarda gəzirlər. Uşaqlar, böyüklər, çiyni çantalı turistlər...

Şükür sənə Allahım, mən gəmiyə çatdım. Bir təhər, ayağımın birini çəkə-çəkə gəmini sahilə atılan körpüsünü keçdim və göyərtərə qalxdım. Əynimdəki qırmızı köynəyin cibində səyahət üçün aldığım bilet var. Onu çıxardıb təqdim etməliyəm. Off.. Yaman yorulmuşam. Bir az dincəlim. Nə vecimə, artıq gəmiyə çatmışam.

Hə, deyəsən başım gicəllənir. Ürəyim şiddətlə döyünür. Başımı qaldırıb göy üzünə baxdım. Ağ buludlar qaçır. Buludların arasından tala-tala mavi göy üzünün parçaları görünür. Mənə elə gəldi ki, göy üzü dalğalı bir dənizdir. Ruhuma çökən sakitlik və həzinlik bütün bədənimə yayıldı. Bəli, mən xoşbətəm. Çox xoşbəxt. Öz-özümə bu gəmini Titanikə bənzətdim. Bəli, mən də Titanikin sərnişiniyəm. Uzaq sahillərə yollanıram. Mən tarixə düşəcəm...

Dənizdə dalğalar sakitdir. Artıq ürəyim də sakitləşib. İlahi, bu günü də gördüm.

Və birdən-birə elə bil diksinib yuxudan ayılan kimi oldum. Nə Titanik, nə tarix?... Axı Titanik gəmisi qəzaya uğrayıb. Bu lap çoxdan olub. Ağ gəmi isə buradadır. O, bütün okeanları üzüb keçəcək.

Elə bil dünya başıma fırlanırdı. Heç nə dərk eləmirdim. Özümü lap dənizin dibindəymişəm kimi hiss etdim. Adamların səsi boğuq-boğuq qulağımın içinə süzülürdü.

Qeybdən gəlirmiş kimi bir səsə dikəldim:

- Qalxın, vətəndaş, nə olub, niyə buraya uzanmısınız?

- Mən bu gəmi ilə səyahətə gedəcəm, bax, biletim də var. Əlimi qırmızı köynəyimin cibinə salıb gəmiyə aldığım bileti mühavizəçiyə verdim. O biletə baxıb başını buladı:

- Sən dəlisən-nədi? Bu gəmi illərdir burada dayanıb, heç haraya getmir. Bu gəmi muzeydir. Bu kağız parçası da bilet deyil. Sənin ağlın yerindədi, yoxsa yox? Sən dəlisən-nəsən?

Bu isti yay günü elə bil başımdan bir qazan buzlu su tökdülər. Nəfəsim tıncıxdı.

- Hə, mən dəliyəm, dəəəlliii – deyə içimdən gələn nərilti ilə bağırdım: Elə bil göy üzü silkələndi, bütün ağ buludlar qar kimi gəminin üstünə yağdı. Dünya sanki ağappaq rəngə boyanmışdı.

24 fevral 2016

# 1127 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #