Düşkün canım od axtarır qalana

Düşkün canım od axtarır qalana
3 fevral 2014
# 13:24

Kulis.az şair Mustafa Qocanın şeirlərini təqdim edir.

Ey fələk!

Yaman sığal çəkdi əlinin tərsi

Dəniz dalğası tək sendim, ey fələk.

Uçurdum Kəpəzin zirvələrində

Kürün dərəsinə endim, ey fələk.

Səndən qüvvət aldım, səndən güc aldım

Sən “ucal” söylədin, mən də ucaldım.

Bəs niyə hamıdan geriyə qaldım?

Mən ki, irəliydim, öndüm, ey fələk.

Köynəyim biçildi kəfən biçimdə

Alovum çölümdə, qorum içimdə

Bu qədər atəşin, odun içində

Donub buz dağına döndüm, ey fələk.

Baş qarışdı bəxtin gəlhagəlində

Yellər əsdi cavanlığın sərində

Bəd nəfəsin, bəd niyyətin əlində

Onluq çıraq kimi söndüm, ey gələk.

Nə varsa cahanda kəramətindi

Dayanan bir sənin dəyanətindi

Verdiyini almaq məharətindi

Əllidən iyirmi endim, ey fələk.

Olduğum dünyamın yaşı bilinmir

Ariflər tanınmır, naşı bilinmir

Getdiyim yolların başı bilinmir

Bəlkə cavablığa döndüm, ey fələk.

Ağlamaq istəyirəm...

Başımı əllərimə,

Alıb bu axşam çağı.

Gizlədib gözlərimi

Göz qapaqlarında

Bu nurla dolu olan,

Mənə əzab bəxş etmiş

İşıqlı dünyamızın

Bütün qapılarını

Taleyimin üzünə

Bağlamaq istəyirəm,

Ağlamaq istəyirəm.

Göz yaşımı qəlbimdəki

Namərdlərin vurduğu

Bütün ağrılarımı

Yuyub aparsın deyə,

Canım rahatlıq geyə,

Duyğular savaşından

Sevgisiz sevgilimdən

Vecsiz yoldaşlarımdan

Döndərib sifətimi

Atıb ülviyyətimi

Hər cür ünsiyyətimi

Saxlamaq istəyirəm.

Ağlamaq istəyirəm,

Ağlamaq istəyirəm...

Duyğularım

Büdrəməklə bircə kərə,

Dağdan uçdum, önüm dərə.

Süfrədirmi dilim sərə,

Mənim dilsiz duyğularım.

Nişanəsi söz içində,

Yanıb gedər köz işində,

Qovurulmaqda öz içində,

Mənim dilsiz duyğularım.

Gah şehdədir, gah mehdədi,

Gah ocaqda körükdədi

Heç kim bilmir nə kökdədi,

Mənim dilsiz duyğularım.

Kəhər məndən, yəhər məndən

Çapar axşam, səhər məndən

Danışar bir təhər məndən

Mənim dilsiz duyğularım.

Mustafayam, canım xəstə,

Düşkün ruhum səfər üstə

Cəllad olub durub qəsddə,

Mənim dilsiz duyğularım.

Azərbaycan

Mən canam

Azərbaycanam.

Kim baba olsa, nəvəyəm.

Ərəbi ölmüş dəvəyəm.

Kimi yük vurar,

Kimi yükümdən vurar.

Kimi pis niyyətlə arxamda durar.

Qorxuram

Bir gümana qəlbim açıb əlini

“Sevda” deyib yanılmaqdan qorxuram.

Ağıl gedir, istək gəlir yerinə

Hərdən xəyal tanınmaqdan qorxuram.

Sınıq könlüm qalıb salana

Düşkün canım od axtarır qalana

Yaxşım dönər yalan dildə yamana

Yalan-yanlış anılmaqdan qorxuram.

Duyğularım möhtac ikən bir bəndə

Əl uzadıb bağlamadı bir bəndə

Kədərimdən dostuma pay düşəndə

Xəta kimi danılmaqdan qorxuram.

# 1640 dəfə oxunub

Müəllifin son yazıları

# # #