Ağamusa müəllimi xatırlayarkən

Ağamusa müəllimi xatırlayarkən
5 sentyabr 2016
# 17:41

Müasir Azərbaycan elminin parlaq simalarından, nadir zəka və istedad sahiblərindən biri olan akademik Ağamusa Axundo­vun dünyasını dəyişməsindən bir il ötür. AMEA-nın həqiqi üzvü, dövlət mukafatı laureatı, əməkdar elm xadimi, "Şohrət" ordenli Ağamusa Axundov cismən aramızda olmasa da, bu böyük alimin və gözəl insanın işıqlı xatirəsi onu tanıyanların qəlbində yaşayır və yaşayacaqdır...

Ağamusa Axundovun adını, səs sorağını, şan-şöhrətini hələ universitetdə oxuduğum illərdə (1963-1967) eşitmişdim. O vaxtlar qəzetlər Ağamusa müəllimin 32 yaşında doktorluq dissertasiyasını böyük uğurla müdafiə etməsndən, universitetin ən cavan professorlarından biri olmasından, Misir Ərəb Respublikasının ən nüfuzlu ali təhsil ocaqlarından birində ingilis dilində mühazirələr oxumasından böyük iftixarla yazırdılar...

Ağamusa müəllimlə şəxsən tanışlığım isə Azərbaycan Milli Elmlər Akademiyasında olub. indiki M.Füzuli adına Əlyazmalar İnstitutunda işlədiyim illərdə Ağamusa müəllim də universitetdə çalışmaqla bərabər, eyni zamanda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik etmişdir. Eyni bir elmi qurumda işləməyimiz, təbii ki, tez-tez görüşməyimizə, yaxından ünsiyyət qurmağımıza gətirib çıxardı. Ağamusa müəllim (2001-2007) illərdə həm də AMEA-nın humanitar və ictimai elmlər bölməsinə rəhbərlik etmişdir ki, bu amil də aramızda olan tanışlıq və ünsiyyət bağlarını daha da möhkəmləndirdi.

Məsələ burasındadır ki, məhz həmin llərdə mənim bir neçə monoqrafiyam ("Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti", “Füzulinin “Həqiqətüs-süəda”əsəri, “Şirazinin “Gülşəni-raz” tərcüməsi” və s) işıq üzü gördü və onlardan bir nüsxəni Ağamusa müəllimə təqdim etdim.Hər kitabıma diqqətlə baxan Agamusa müəllim onlar haqqında öz fikirlərini bildirir, tövsiyələrini verirdi. Elə həmin vaxtlarda Ağamusa müəllim mənə AMEA-ya seckilərdə iştirak etməyimi də məsləhət gördü.

2014-cü ildə ASMEA-ya seçkilər ərəfəsində AMEA-da müşavir vəzifəsində çalışan Ağamusa müəllimə biblioqra­fiyamı təqdim edərkən o gülümsəyərək dedi:

- Möhsün, buna ehtiyac yoxdur.Mən sənin elmi yaradıcılığına yaxşı bələdəm və məmnuniyyətlə sənə səs verəcəyəm...

Quraşdırılmış təsvir 1

Ağamusa müəllimlə sonuncu dəfətelefon vasitəsilə danışığımız olub. 2015-ci ilin iyul ayının sonlarında Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsinin icrasına təzəcə başlarkən mənə zəng etmişdi.- Möhsün, səni təbrik edirrəm, sən bu işi bacaracaqsan, - dedi... Həmin vaxt səsində açıq-aşkar titrəyiş və ağırlıq duyulurdu Ağamusa müəllimin...

Təxminən bir ay sonra isə Ağamusa müəllimin vəfat etməsini eçidib çoxları kimi üzüldüm.

Ağamusa Axundov özündən sonra zəngin elmi irs qoymuşdur. Onnlar içərisində “Azərbaycan dilinin fonetikası” kitabı xüsusi yer tutur. Bu bir danılmaz həqiqətdir ki, Azərbaycan dilinin fonetikası dedikdə ilk növbədə Ağamusa müəllimin adı çəkilir.

Ağamusa müəllim bilik dairəsinin genişliyi, elmi diapazonun əhatəliyi ilə seçilən nadir elm adamlarımızdan biri idi. Alimin “Dil və ədəbiyyat məsələləri” adlı iki cildlik əsəri bunun əyani sübutudur. Bu sanballı kitabında adından da göründüyü kimi Ağamusa müəllimin dilçiliklə yanaşı, ədəbiyyatşünaslığa dair li fikirləri də öz əksini tapmışdır.

Ağamusa müəllim böyük elm təşkilatçısı idi. İnsanlara qayğı ilə yanaşır, özünü sevdirə bilirdi.onun bənzərsiz səsi,cəlbedici diksiyası hələ də çoxlarının qulağında cingildəyir.

Bu dünyanın faniliyi, əməllərin isə əbədiliyi məlum bir həqiqətdir. Böyük alim, gözəl insan Ağamusa Axundov bu fani dünyada mənalı ömür yaşadı, xeyirxah və nəcib əməllərini, zəngin elmi irsini xalqına, millətinə, bizlərə miras olaraq qoyub getdi. Düşünürəm ki, Ağamusa müəllim cismən bizdən uzaq olsa da, ruhən yaşayır. Doğmalarının, yaxınlarının, onu tanıyan bütün insanların qəlbində yaşayır. Yaşayır və hələ çox yaşayacaq.

Möhsün Nağısoylu,

AMEA, Nəsimi aadına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

# 1495 dəfə oxunub

Müəllifin son yazıları

# # #