Axırıncı şeirlə özümü vurdum

Axırıncı şeirlə özümü vurdum
29 aprel 2014
# 12:00

Kulis.Az gənc şairə Esmira Məhiqızının yeni şeirlərini təqdim edir.

***

bir şeir atdım sulara...

suların üzü oynadı -

üzünü şeirlə yudu

kəndimizin adamları.

indi dəli Cəfər də şeirdi,

suçu İsa da,

itoynadan Böbülü də.

və mən suları üzünnən oxuyuram.

***

eyni şəhərdi...

yarısı ağ, yarısı qara.

qara tərəfində ağ camaat olur,

ağ tərəfində qara camaat yaşayır.

eyni şəhərdi...

röyaları fərqlidi,

sevgiləri bambaşqadı,

xəstəlikləri də ayrıdı.

acların epiqrizində... elə vərəm,

toxların epiqrizində bir xəstəliyin adı

yazılır: “Piylənmə”

eyni şəhərdi...

öskürəndə güllü dəsmalı

ağzıma tutmağa qorxuram.

qorxuram güllər də vərəm ola.

və eyni şəhərdə...

bəxt üzüyünü itirən təzə gəlin kimi

barmağımın üzük yerinə

şeir oxumaq istəyirəm.

***

Məzahirdən sonra

ürəyinin üstündə yatırdı Vəzifə xala.

həkim də demişdi ki,

ürəyinin üstündə yatma.

amma Vəzifə xala heç kimi eşitmirdi,

oğlunun qəfil ölümündən sonra.

bütün günü ürəyinin səsinə qulaq asırdı.

kimi görürdüsə deyirdi:

- qulaq as, gör ürəyim nə deyir?

hamı da başını bulayıb gedirdi,

elə bilirdilər dəli olub yazıq arvad.

Bircə, məhəllənin uşaqlarından,

yəni bizdən soruşanda ki,

ay uşaqlar, ürəyim nə deyir?

xorla qışqırırdıq:

“Məzahir!”

***

şeirləri quşlar gətirir hərdən...

bir bulud çatından,

bir dodaq çatından,

bir ürək çatından...

bir qəbir çatından.

havalı sözlər gəlir

bütün çatlara dolmağa.

və budaqların çat yerində

sözlərin ağladığını görmüşəm

uçulan yuvalara.

ağzı üstə çevrilmiş yuvalarda

gecələməyən quşların

gözyaşı kimi gəlir şeir.

sonra...

bir sevgi ağladır əllərimi.

yəni...

şeirləri quşlar aparır hərdən...

qalan sözlər şeir deyil.

sözləri güllələnmiş şeirlər yazdım...

hər sətrə bir ana göyərçin qondu.

bəs görmürsünüz,

göyərçinlərin ayağı qandı?

şeirlər qanayır, Rəsi!

mən Qarabağ şikəstəsini

Kəsmə şikəstə kimi kəsdim

Ruhlar şəhərinin ruhuna...

axırıncı şeirlə özümü vurdum.

***

Bütün uçuşlar təxirə salınıb -

Şuşaya,

Ağdama,

Xocalıya...

bir də

Qarağacı qəbiristanına.

Orda bir rəfiqəm yatır

Ruqiyyə adında.

19 yaşı varıydı

ölümlə görüşəndə.

...Bütün uçuşlar təxirə salınıb görüşlərə.

bircə ölümə uçuş var hər yerdən.

***

Bilirsən, sevinmək nədir, oğlum!

Sənə uşaqlığımdan danışıram haaa...

O vaxtlar sevinməyin başqa dadı varıydı...

Sevinmək - təzə don idi,

əmimin Bakıdan kəndə gəlməyi idi,

bir də şirniquş idi.

Ən böyük sevincim qonşu kəndə gedəndə

ikimərtəbəli evləri şəhərə oxşadan qardaşımın

məni aldatması oldu.

O günü qızlara dedim ki, şəhər görmüşəm.

Harda? - soruşanda,

əlimi qonşu kəndə uzatdım.

Onda elə bilirdim ki, iki-üç dənə

sıralanmış evlərdi şəhər.

Elə sevinmişdim ki, heç əsl şəhəri görəndə

bir o qədər sevinmədim də.

Bilirsən, sevinmək nədir, oğlum!

Ehhh, sən kənd uşağı deyilsən...

sənə necə başa salım, nədir sevinmək -

bir şirniquşa,

bir təzə dona,

bir də... nə bilim eee....

# 2169 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #