Cavid Zeynallının "Leyla"sı

Cavid Zeynallının "Leyla"sı
4 fevral 2014
# 13:23

Bu gün ədəbi prosesdə «roman xəstəliyi» deyilən bir ifadə formalaşmaqdadır. Həqiqi, yüksək istedadla yaradılan romanlara ehtiyac duyulur və belə romanlar demək olar ki, nadir hallarda yaranır ya da illər boyu biz onu gözləməli oluruq. Amma əvəzində roman kəmiyyəti nəsrin başlıca faktına çevrilib və indi yazılan, jurnallarda işıq üzü görən, kitab halında oxucuların ixtiyarına verilən romanların sayından isə gileylənməyə dəyməz. Hesablamamıza görə son yeddi ildə (2007-2013) müasir Azərbaycan nəsrində 120-dən artıq roman yaranmışdır və belə çıxır ki, hər ilə nə az, nə çox, 17 roman düşür. Bu, əlbəttə, böyük rəqəmdir, hətta Azərbaycan romanının bütün mərhələləri üçün ən yüksək bir nəticədir. Amma yüksək nəticə keyfiyyətə yox, kəmiyyətə xidmət edir. Bəli, roman çox yazılır, hətta «roman axını» hadisəsi baş verir, amma ortada Azərbaycan romanının yeni bir nailiyyəti görünmür.

Vaxtilə rus tənqidinin flaqmanı-Belinski romana belə qiymət vermişdi: «Romanın məzmunu –müasir cəmiyyətin bədii təhlilidir... Müasir romanın vəzifəsi-həyatı bütün çılpaq həqiqəti ilə əks etdirməkdir. Buna görə çox təbiidir ki, roman, bir istisna kimi, ədəbiyyatın bütün digər növlərinə nisbətən hamının diqqətini cəlb etmişdir; cəmiyyət romanı öz güzgüsü hesab edir və ona baxıb özünü görür, öz-özünü dərk edir». Çox təəssüf ki, XIX əsrdən fərqli olaraq, bizdə - XXI əsrdə belə bir roman yoxdur ki, onu güzgümüz hesab edək, ona baxıb ürəkdən sevinək ki, bax, bu yeni Azərbaycan romanıdır.

Ancaq bununla yanaşı, romanlar yaranır və təbii ki, onların içərisində diqqəti cəlb edən, az-çox janrın tələblərinə cavab verən və müəllifinin gələcəkdə daha sanballı romanlar yazacağına ümid verən nümunələr də var. Bu romanlardan biri haqqında söz açmaq istəyirəm.

Cavan bir nasir- Cavid Zeynallı artıq iki romanın müəllifidir. O, bir neçə hekayənin müəllifi idi və bu hekayələrdə Cavidin süjet qurmaq bacarığı, obraz yaratmaq istedadı az-çox gözə dəyirdi. Amma hekayədə kifayət qədər talant nümayiş etdirməmiş o, «Günəşi gözləyənlər» adlı bir roman çap elətdirdi və tənqidçi Əsəd Cahangir həmin romana «İnsan olmaq lazımdır!» adlı kifayət qədər tərifli və tanıdıcı bir məqalə həsr elədi. Əsəd Cahangir məqalənin əvvəlində Cavid Zeynallının hekayələrində nəzərə çarpan «canlı dili, axıcı təhkiyəni, realist müşahidə qabiliyyətini, süjet qurmaq, hansısa məsələ qoyub onun bədii həllini vermək çabasını» xüsusi qeyd edir və onun birdən-birə romana keçməsini sözün yaxşı mənasında təəccüblə qarşılayır. Bu təəccüb tənqidçinin rəğbətini ifadə edir. Yazır ki: «Özü-özünü ötüb keçən müəllifin istər mənəvi, istərsə də yazı texnologiyası baxımından sıçrayışı göz qabağındaydı… Cavid uğursuz eksperiment aparmayıb, fiasko ilə sonuclanan roman məşqi eləməyib, öz yaşı, təcrübəsi, savadının konturları çərçivəsində uğurlu bir çabada bulunub». İlk romanını çap etdirən cavan bir müəllif üçün ədəbi prosesdə öncül tənqidçilərdən biri kimi imic qazanmış bir müəllifin bu sayaq tərifi bizim üçün heç də gözlənilməz deyil. Əsəd Cahangir düzünü desə də, səhv mülahizə yürütsə də, fikirlərini isbata yetirməyə özü demişkən, «çaba» göstərir və buna nail olur... Hətta Cavid Zeynallı o şərəfə layiq görülür ki, «Günəşi gözləyənlər» romanı bir Norveç yazıçısının əsəri ilə müqayisə edilir və Əsəd Cahangir yazır ki, Cavid təqlidçilik yolu tutmur, Norveç kronunu sadəcə Azərbaycan manatına dəyişməklə kifayətlənmir, daha çox psixologizmə köklənən Norveç romanından fərqli olaraq Cavidin romanı süjetin rəngarəngliyi baxımından diqqəti çəkir. Onun qəhrəman və personajları xarakterik milli xüsusiyyətləri ilə seçilirlər.

«Günəşi gözləyənlər» romanı ilə bağlı başqa bir yazıda söz açacayıq. Burada söhbət Cavidin «Leyla» romanından gedir («Azərbaycan» jurnalı, 2013, № 6-7).

«Leyla» romanında müəllif mənəvi-əxlaqi bir problem qaldırır və təqdim etdiyi qəhrəmanlarının timsalında bu problemi bədii-estetik səviyyədə ifadə etməyə çalışır. Müəllif bu romanın təqdimatında söyləyib ki: «Leyla bir müğənninin obrazıdır. Onun timsalında mən Azərbaycan şou-biznesinin çağdaş durumunu və şou-biznes mühitində bir insanın faciəsini göstərməyə çalışmışam». Amma biz belə düşünmürük. Çünki şou-biznes aləmi(əslində, Azərbaycan mühitində belə bir aləm hələ tam formalaşmayıb) məhdud bir sahədir və bu məhdudluq özünü o dərəcədə hiss etdirir ki, haqqında mənəvi-əxlaqi prizmada danışmağa haqq vermir. Çünki romanda qaldırılan problem «şou-biznes» problemindən daha üstündür. İndi keçək roman haqda mülahizələrə.

Roman bir jurnalistin bir şöhrətli müğənni ilə tanışlığından başlayır, bu tanışlıq getdikcə dərinləşir, qarşılıqlı anlaşma halına da keçir. Qırılan anlar da olur, anlaşılmazlıqlar da yaranır, amma bu tanışlıq, sonra «eşq» münasibətləri, daha sonra müğənniyə görə zorakılıq, döyülmə faktı romanda təfsilatı ilə nəql edilir. Romanın sonluğu heç bir gözlənilməz hadisə ilə diqqəti cəlb eləmir və müəllif, qəhrəmanı olan jurnalistin «Leyla» romanını bitirdiyini söyləyir. Əlbəttə, biz Cavid Zeynallı ilə onun qəhrəmanı - jurnalist Rəcəbi eyniləşdirmək fikrində deyilik. Lakin yazıçı ilə onun qəhrəmanı arasında fikir eyniliyi, hədəf müəyyənliyi nəzərə çarpır və bu mənada Cavid Zeynallının romanında, münasibətini və mövqeyini açıq şəkildə bildirməsə də, müəlliflə onun qəhrəmanı arasında həmrəyliyi hiss edirik.

Cavidin romanını oxuduqca fikir-xəyal aləmi səni ötən illərin romanlarına qaytarır. O dövrün romanlarını təhlil edərkən biz tənqidçilər ilk növbədə, əsərin qəhrəmanlarından söz açırdıq. Bu qəhrəmanları biz dövrün kontekstində təhlil edirdik, «zamanına uyğun ədəbi qəhrəman» axtarışını alqışlayırdıq. Qəhrəmanın mənəvi-əxlaqi, sosial prizmalarda özünü necə doğrultduğunu, onun xarakterindəki müsbət və mənfi cəhətlərin necə ifadə olunduğunu nəzərə çarpdırırdıq. Əlbəttə, bizim nəslin tənqidçiləri sosrealizmin «müsbət qəhrəman», «mənfi qəhrəman» kimi qabaqcadan proqnozlaşdırılan bölgülərini qəbul etmədi, qəhrəmanın «boyaların qatışığında», mürəkkəb, hətta bir qədər də təzadlı tipini qəbul etdi. Və belə əsərlər, belə qəhrəmanlar son əlli ildə nəsrimizdə maraqlı nümunələrlə nəzərə çarpdı.

Cavidin romanına qəhrəman konsepsiyası nöqteyi-nəzərindən yanaşdıqda, ilk növbədə, onun təqdim etdiyi obrazların yaşadığı, fəaliyyət göstərdikləri mühiti də nəzərə almalıyıq. Bu mühit ziyalı mühitidir, lakin orada işıq, müsbət ideal, yəni o dövrdə bizim axtardığımız işıq və ideal nəzərə çarpmır. Sadəcə olaraq bu ziyalı mühitinin işıqlı tərəfləri yox, işıqsızlığı canlandırılır. Diqqət edin: şöhrətli müğənni Leyla başdan-ayağa səhvlər və günahlar içindədir, şöhrət zirvəsinə istedadı ilə yüksəlsə də, şəxsi həyatında xoşbəxt deyil. Yalanlar, riyalar, günahlar onu heç vaxt tərk etmir. Bir tərəfdən biz onu həssas, incə qəlbli bir xanım kimi qəbul ediriksə, digər tərəfdən, onunla bağlı elə hadisələrlə üzləşirik ki, təsəvvürlərimiz dəyişir. Doğrudanmı, cəmiyyətimizdə bu tipli insanlar var və belələri doğrudanmı bizim mənəviyyatımızın göstəriciləridir? Bu mənada Leylanı həyatdan, gerçəklikdən gəlməyən bir obraz kimi qəbul etməyə bilərik.

Lakin… məsələ burasındadır ki, Leyla məhz gerçəkliyi ifadə edir. Belə mürəkkəb taleli insanlar əhatəmizdə çoxdur və gənc Azərbaycan yazıçısı Cavid Zeynallı onu təsvir edərkən, hərəkətlərinə, davranışına, əxlaqına qiymət verərkən qətiyyən yanlışlığa yol verməmişdir. Leyla jurnalist Rəcəblə söhbətində öz həyatını birər-birər xatırlayır və doğrudan da biz, istedadlı bir insanın son dərəcə mürəkkəb taleyi ilə üzləşirik. Həyat, indiki yaşam dünyamız son dərəcə mürəkkəbdir. Cəmiyyətdə, həyatda situasiyalar, əvvəlki normalar, qanunlar dəyişib, təbii ki, bu, özünü ədəbiyyatda da hiss etdirir. Xüsusilə, bədii əsərlərdə təsvir olunan obrazların (qəhrəmanların) xarakteri də yeni meyl və tendensiyaları ifadə edir. İndi İsa Hüseynovun Kollu Koxası, Sabir Əhmədlinin Laçını, Anarın Zauru, Təhminəsi, Feyzulla Kəbirlinskisi, Əsməri, Əkrəm Əylislinin Canəli müəllimi, Sadığı, Elçinin Baladadaşı, Məmmədağası, Məsməxanımı, İsi Məlikzadənin Umudu, Qəribi... nəsrin qəhrəmanı olmaq missiyasını yerinə yetirə bilməzlər və onların hər biri mükəmməl bir bədii obraz kimi diqqəti cəlb etsələr də, müəyyən zamanın, gerçəkliyin övladları idilər. Adiliklərində qeyri-adiliyini yaşatdılar bu obrazlar. İndinin, müasir dövrün obrazlarına gəldikdə, fikrimizi bu şəkildə ifadə edə bilərik: «Özünü axtaran, dünyanın mürəkkəbliyini, gerçəkliyin təzadlarını dərk etməyə çalışan qəhrəmanlar». Və Cavid Zeynallının təqdim etdiyi obrazlara da bu baxımdan yanaşmaq daha doğru olardı.

Cavidin Leyla ilə yanaşı digər obrazlara - Rəcəbə və Əsmərə münasibəti də reallığı əks etdirir. Rəcəb-həyatda gözləniləməz hadisələr arxasınca gedən, qorxmadan, çəkinmədən, heç nəyin fərqinə varmadan cəsarətli bir yazar ömrü yaşayır, özü də Leylanın əhatə olunduğu mühitin hər guşəsinə bələd olmağa çalışır, burada təhqirlərə də tuş olur, başı qəzalardan qurtulmur, amma bütün bunlar onun gerçək həyatıdır, o, bundan zövq alır. Xəyalında hətta «böyük yazıçı» imicini yaşayır. Ancaq romanda heç bir «məhəbbət üçbucağı» ilə qarşılaşmadıq və buna ehtiyac da duyulmur.

Roman gözlənilməz hadisəsiz və sakit tərzdə başa çatır. Rəcəb «Leyla» romanını itirir və uğur qazanır. Onun romanı təbii ki, elə Cavidin «Leyla» romanındakı Leylanın həyat yolunun əksidir. Vəssalam…

Roman başa çatır və onun qəhrəmanları ilə bağlı bir sıra suallar ortaya çıxır. Niyə Cavid Leylanın əhatə olunduğu mühiti az-çox canlandırırsa, Rəcəbin mühitini xəsis boyalarla təqdim edir? Çox xəsis…Romanda üç qəhrəmandan ikisi dolğun nəzərə çarpdığı halda, Əsmər az qala epizodik təsir bağışlayır. Niyə? Yaxud, başqa suallar da meydana çıxır: romanda təsvir olunan hadisələr daha çox şəxsi məsələləri əhatə edir. Doğrudur, burada cəmiyyətdə baş verən hadisələrə də işarə edilir, ancaq bu işarələr fon yaratmır. Xüsusilə, Klaranın mühitini daha əhatəli təsvir etmək lazım idi ki, cəmiyyətdə baş verən mənfi halların kökünə, mahiyyətinə nüfuz edəydik. Elə Klara deyilən bu qadın da az qala ətsiz, qansız bir obraz təsiri bağışlayır.

Bu fikirləri söyləyərkən biz müəllifə bütün bunların yoxluğunu irad tutmuruq, təbii ki, artıq yazılmış bir romana nəyisə diktə eləmək mümkün deyil. Özü də Cavid Zeynallının hələ gənc bir qələm sahibi olduğunu da unutmuruq. O, axtarışdadır.

«Leyla» romanında Cavid Zeynallının gələcəkdə yaxşı bir romançı olacağını vəd edən bir sıra məqamlar diqqəti cəlb edir. Bunları nəzərə çarpdırmaq pis olmazdı.

Birincisi: «Leyla» romanı vahid bir roman tipi deyil. Yəni nə macəra romanıdır, nə sırf realist roman, nə publisistik səpgidə yazılan, cəmiyyətdə baş verən ictimai-siyasi məsələləri əks etdirən bir roman, nə də detektiv bir əsər. Ancaq onu «qarışıq roman» tipinə aid edə bilərik. Burada macəra ünsürləri də var, detektiv də nəzərə çarpır, cəmiyyətdə baş verən neqativ halların təsvirini də görürük, bir az da sentimental romanlara xas olan məqamlarla üzləşirik. Ona görə də «Leyla» bugünkü Azərbaycan oxucularının müəyyən qisminin oxuduğu, mütaliə etdiyi bir romandır. «Leyla» bu gün Varis və Elxan adlı iki romançının əsərləri ilə müqayisədə yaxşı təsir bağışlayır, hətta deyirik ki, bir sıra xüsusiyyətlərinə görə, xüsusilə, psixoloji təhlilin daha artıq nəzərə çarpmasına, maraqlı roman strukturuna görə onları üstələyir. Arzu edərdik ki, Cavid «qarışıq roman tipi»ndən konkret bir roman tipinə keçsin.

İkincisi: Cavid Zeynallının romanında onun mükəmməl bədii dili, daha dəqiq-roman dili xüsusilə nəzərə çarpır və biz bunu gənc Azərbaycan yazıçısı üçün müsbət bir hadisə hesab edirik. Cavidin roman dili ilk növbədə, özünün leksik-semantik mənzərəsi ilə xoş təsir bağışlayır. Dil burada canlıdır, təsvir olunan hadisələrin, təqdim olunan obrazların mükəmməl «görünüşünü» reallaşdıra bilir. Emosionaldır. Ona görə də oxucunu özünə cəlb edir. Və burada da bir arzumuzu bildirək: müəyyən bir əsərdə dil şirin, emosional, təsirli ola bilər, amma bu gərək məzmunu, ideyanı kölgədə saxlamasın.

Üçüncüsü: Öncə «maraqlı roman strukturu» ifadəsini işlətdik. Bəli, «Leyla» romanının oxunaqlılığını və maraqlılığını təmin edən başlıca xüsusiyyətlərdən biri və bəlkə də öncülü, onun bir roman kimi qurulmasıdır. Cavid ilk növbədə süjeti – kompozision sistemi qurmağa çalışır, hadisələri, situasiyaları qaydasınca düzür, bir hadisə o biri hadisə üçün vəsilə olur. Romanda nəyinsə çatışmadığını söyləmək olar, amma təsvir olunan hadisələrin yarımçıqlığını iddia etmək olmaz. Hətta romanın sonlarına doğru süjetə daxil edilən Humay xətti də artıq görünmür.

Dördüncüsü: Ola bilsin, Cavid Zeynallı bir cavan yazıçı kimi hansısa Qərb romanlarından, ya türk romanlarından faydalanmış ya təsirlənmiş olsun. Yaradıcılıq təcrübəsində bunların hər ikisi məqbul sayıla bilər. Bu gün-qloballaşma əsrində, dünya ədəbiyyatına yaxınlığın sürətlə artdığı bir dönəmdə xarici romanların təcrübəsindən istifadə etmək ya faydalanmaq müsbət hadisədir. Gənc Azərbaycan yazarları içərisində Qərb romanlarından təsirlənənlər az deyil. Həm də bu təsirlər bəzən təqlid səviyyəsinə də gəlib çatır. Cavidin romanı isə belə təsirə məruz qalmayıb və gündəlik formasında yazılan bu əsərdə milli romançılığımızın ənənələrini görə bilərik. Bu da yaxşı cəhətdir…

«Leyla» romanı gənc bir Azərbaycan yazıçısının əsəridir və bizim fikrimizcə, indiki kəmiyyətcə bol, keyfiyyətcə qıtlıq keçirən romanistikamızda maraqlı bir nümunədir. Belə nümunələrin sayı çox olsun!..

Kaspi.az

# 2134 dəfə oxunub

Müəllifin son yazıları

# # #