İndi gözəllərə bacı deyirəm

İndi gözəllərə bacı deyirəm
10 yanvar 2014
# 11:52

Kulis.az şair Ədalət Salmanın şeirlərini təqdim edir.

İlahi, sən bizi sözə bağışla

Mələklər tanrıdan yetirər ruzu,

Bəndələr şairin üzünə baxmaz.

Dönəndə əlləri ətəkdən uzun,

Evdə qadını da sözünə baxmaz.

Haqq nahaq önündə durub müntəzir,

Bu yalan dünyada düz axtarırıq.

İndi hamı düşüb var-dövlət gəzir,

Bizsə gecə-gündüz söz axtarırıq.

İlahi, sən bizi sözə bağışla,

Sözlə yediririk balamızı da.

İlahi, sən bizi, bizə bağışla,

Onsuz da çəkirik bəlamızı da.

Nə xoşdur

Şeytanla bardaş qurub,

üzünə üz çəkənlərdən,

üzülə-üzülə

üz vurub

üzümün abrını

tökənlərdən

biryolluq əlimi üzdüm,

üzü sənə gəldim.

Göy üzünə,

üzü qəlbiyə yüksəldim.

Üzünün nuruna

üz tutduğum insan,

nə xoşdur,

nurlu adamlarla

üz-üzə,

çiyin-çiyinə olasan!

* * *

Baxmadı heç yaşına,

Həyat çoxunu əydi.

Dəydi əhlət daşına,

Mənim də başım, dəydi.

Çiynimi eləyib taxt,

Oturan oldu xoşbəxt.

Sınadım, çatanda vaxt,

Baxıb... gözünü döydü.

Yıxılana əl tutdum,

Pisliyini unutdum.

Xoş üz verdim, qudurtdum,

Sonra.. dizimə döydüm.

El dərdi düşmür yada,

Satılır ar-həya da,

Tüpürdüm bu həyata,

Söydüm, özümü söydüm.

Mənim

Haqq sözün üstə əsirəm,

Əyrini düzlə kəsirəm.

Əl tutmağa tələsirəm,

Yamanlar haxlayır məni.

İçimi sökdükcə səbrim,

Əlimlə qazılır qəbrim.

İstəyirəm dinəm, abrım,

Dilimi bağlayır mənim.

Zaman ömrü yun tək didir,

Dövran belə hara gedir?

Pislər tərki-dünya edir,

Yaxşılar saxlayır məni!

Hələ yaşaya bilirəm

Yaratmısan, mən də varam,

Qoy eyləyim sənə şükür.

Yaxşı-yaman dolanıram,

İlahi, bu günə şükür.

Yanımdan küləyin əsir,

Aldığım nəfəsə şükür.

Gözüm görür, ağlım kəsir,

Eşitdiyim səsə şükür.

Yeyirəm halal tikəni,

Şükür, içdiyim suya da.

Tamarzı qoymadın məni,

Çatdırdın çox arzuya da.

Durub bir yerə getməyə,

Şükür, bir cüt ayağım var.

Dar gündə dada yetməyə,

El-obam tək dayağım var.

Su içəndə quşcuğaz da,

Başını göyə qaldırır.

Bilmədiyin bir şey yoxdu,

Bilirsən niyə qaldırır.

Kaş təkcə sənə əyiləm,

Qarşında dağ da diz çökür.

Naşükür bəndə deyiləm,

Nə vermisən, buna şükür.

Öz yükümü öz çiynimdə

Dözüb daşıya bilirəm.

Şükür, kəfənim əynimdə

Hələ yaşaya bilirəm.

Qocalırıq yavaş-yavaş deyəsən

Dünən qızlar çıxardılar yoluma,

Keçərdilər gah sağıma, soluma.

İndi gəlin axtarıram oğluma,

Almalıyam toya daş-qaş deyəsən,

Qocalırıq yavaş-yavaş deyəsən.

Cavanlığa ömrün tacı deyirəm,

Sevənlərə eşq möhtacı deyirəm.

Gözəllərə indi “bacı” deyirəm,

Bəlkə sən də mənə “qardaş” deyəsən,

Qocalırıq yavaş-yavaş deyəsən.

Alacağım daha düşmür kitaba,

İş görürəm bir “sağ ol”a, savaba.

Diş də batmır indi tikə kababa,

Sifarişi gərək bozbaş deyəsən,

Qocalırıq yavaş-yavaş deyəsən.

Vaxt var ikən gün ağlayım özümə,

Təsbeh alım, eynək taxım gözümə.

Hərdən dəyir əcəl mehi üzümə,

Yada düşür halva, lavaş deyəsən,

Qocalırıq yavaş-yavaş deyəsən.

Sabahına ömür saxla, yaş ayır,

Sənətkar öz nəğməsiylə yaşayır.

Qocalıqdan az gileylən, a şair,

Eşidənlər qalıb çaş-baş deyəsən,

Vaxtsız gəlib bu əlli yaş deyəsən?!

...Göz dəyməsin, gənclik eşqi sinəndə,

Gəncləşirsən, yavaş-yavaş deyəsən.

Ayrılaq

Gəl qurtaraq bu gizlənqaç oyununu,

Sənki səndə, mənki məndə, ayrılaq.

Şeytanmıdır mənə açan qoynunu,

Günahkarsa buna bəndə, ayrılaq.

Gözəllərin həsrətiylə ölmədim,

Öz sevgimi mən ikiyə bölmədim.

Necə oldu, heç özüm də bilmədim,

Ürəyimi saldın bəndə, ayrılaq.

Bu gördüyün mən deyiləm nə vaxtdı,

Yaşamadım tale yazan bu baxtı.

Mənə neçə sual dolu göz baxdı,

Hərdən evə gec dönəndə ayrılaq.

Nə vaxtadək bu oyunla baş qatım,

Qoy özümü oyatmaqçın daş atım.

Öz evimə öz ölümü daşıdım,

Can qalmadı bu bədəndə, ayrılaq.

Ağlım mənə ayıl dedi,

eh, -dedim,

İndi necə mən özümü əfv edim.

Daha yaş da o yaş deyil səhv edim,

Saçlarıma düşüb dən də, ayrılaq.

Nə olursa, mənə olan düz olur.

Peşman kimsə dizə döyür, saç yolur.

Düşünmədik başlayanda bu yolu,

Gec olacaq yol bitəndə, ayrılaq.

Günel bala

Üzün, gözün yaman gəlir tanış mənə,

Kimliyini özün söylə, danış mənə,

Mən əmini tanımazsan, Günel bala,

Tanısan da qınamazsan, Günel bala.

Yaddaşımda bir qız yaşar,

Bilsən sənə necə oxşar!

O qız bu gün anandımı,

O qız sənin xalandımı,

Düzmü dedim, Günel bala?

Yoxsa şirin yalandımı?

O da elə sənin kimi sarışındı,

O da elə asta-asta danışandı,

Saçları da sənin ki tək qızılıydı,

O adicə qız deyildi, qızıl idi,

Xoşbəxtəm ki, bir zamanlar mənim olub...

Bağışla ki, Günel bala, gözüm dolub,

Bağışla ki, bir az qəmli danışdım,

Üzün, gözün axı mənə tanışdı.

Bir az da dur önümdə sən, getmə hələ,

Qoy doyunca baxım sənə elə-belə,

Bu da mənə təsəllidi, Günel bala,

Ovunmağa bəs elədi, Günel bala.

Bu gecə yağış xətrimə dəyir

Yağış vaxtmı tapdı yağmağa belə,

Üzümü, gözümü gör necə yuyur.

Görmürmü baş qoyub dizimin üstə,

Bəxtimə düşəcək bir qız uyuyur?!

Onsuz da isladıb məni göz yaşı,

Onu ovutmağa dilim gəlmədi.

Siz Allah, saxlayın siz bu yağışı,

İstədim oyadam, əlim gəlmədi.

Başını dizimdən necə ayırım,

Ağlayıb, toxtayıb, yuxuya gedib.

Mən onu özümdən necə ayırım,

O öz istəyinə indicə yetib.

Əyilib o gülə çatır olmuşam,

Üzünə doyunca baxmağım gəlir.

Elə kövrəlmişəm, elə dolmuşam,

Dönüb yağış olub yağmağım gəlir.

...Niyə göz yaşımız quruyan kimi,
Bu sel-su başlayır axmağa belə?

Yağış vaxtmı tapdı yağmağa belə?-

Bu gecə bu yağış xətrimə dəyir,

Bir gözəl uyuyur dizimin üstə,

Onu oyatmağa əlim gəlməyir.

Bu sirri bilsinmi üçüncü adam

Qızlar gül qoxuyur süslü olanda,

Gözlər də dil açır sözlü olanda.

Sevgi şirin olur gizli olanda,

Sənə bir dünyayam, özgə bir dadam,

Bu sirri bilsinmi üçüncü adam?

Bu yaşda sevməyi ar eyləyimmi,

Dünyanı başıma dar eyləyimmi,

De, səni özümə yar eyləyimmi?

Soruşsa nə deyim doğmaya, yada,

Bu sirri bilsinmi üçüncü adam?!

Elə ki, görürəm səni yanımda,

Ağrı-acılarım çıxır canımdan.

Keçimmi varımdan, xanimanımdan,

Tək sən tutummu fani dünyada,

Bu sirri bilsinmi üçüncü adam?!

Dilindən düşmürəm hər kəlməbaşı,

Axır məndən ötrü gözünün yaşı,

Kəsib aramızı ağ saçım, yaşım,

Ayrı bir qismətə bağlıyam, adam,

Bu sirri bilsinmi üçüncü adam?!

Mənə “can” deyirsən, canın bibəla,

Səni öldürəcək bu eşq, bu bəla.

Gəl, sevmə sən məni, a quzu bala,

Qoy olum səninçün əlçatmaz ada,

Bu sirri bilməsin üçüncü adam...

Qoymadı dünya

Dayanıb kənardan özümə baxdım,

Gördüm mən deyiləm, daralıb vaxtım.

Bir şair ömrünü yaşayacaqdım,

Məni yaşamağa qoymadı dünya.

Mənim tapındığım öz dünyam vardı,

Müqəddəs sandığım söz dünyam vardı,

Halal dünyam vardı, düz dünyam vardı,

Məni yaşamağa qoymadı dünya.

Hər gün bir sualla kəsdi qarşımı,

Hər gün bir yalanla qatdı başımı.

Ömür sarayımdan sökdü daşımı,

Məni yaşamağa qoymadı dünya.

Dərdini kim çəkdi qəlbi çat oldu,

Özgə damaqlarda şirin dad oldu.

Mənə ögey oldu, mənə yad oldu,

Məni yaşamağa qoymadı dünya.

Mən onu saxladım qolumun üstə,

O ilan çıxartdı yolumun üstə.

Elə bil dayanıb mənimlə qəsdə,

Məni yaşamağa qoymadı dünya.

Arxamca daş atdı namərd əliylə,

Qəlbimi qanatdı nadan diliylə.

Özündən bezdirdi fitnə-feliylə,

Məni yaşamağa qoymadı dünya.

Əcəl kəməndini yaxşıya atdı,

Yamanı qoynunda yüz il yaşatdı.

Halal çörəyimə haramı qatdı,

Məni yaşamağa qoymadı dünya.

Sözlə qoyacaqdım öz heykəlimi,

Qırdı qələmimi, tutdu əlimi.

Arxamca saldırdı neçə ölümü,

Məni yaşamağa qoymadı dünya.

Günaha batırdı alıb ağlımı,

Mərdi namərd edən dünya haxlımı?

Savaba aparan yolu bağlımı?

Məni yaşamağa qoymadı dünya.

Üzünə kim dedi qəbahətini,

Gördü bu dünyanın xəyanətini.

Niyə ucuz tutdu Ədalətini,

Niyə yaşamağa qoymadı dünya?

Çal, ay bacı, tamarzıyıq laylaya

Layla üstə qəfil dindin nə yaman,

Bir yanıqlı neyə döndün, ay aman.

Bir ah qopdu ürəyimin başından,-

Çal, ay bacı, tamarzıyıq laylaya.

Ovundurub olmayanda çörək, su,

Laylalardı nəğmələrin ulusu.

Çal, dinləyək ürəyimiz dolsu,

Çal, ay bacı, tamarzıyıq laylaya.

Layla səsi qərib durna harayı,

Sığınmağa beşik başı arayır.

Baxma bizi oda, közə qalayır,

Çal, ay bacı, tamarzıyıq laylaya.

Nadan çətin söz anlaya, yol qana,

Susma bir an, laylan açsın qol-qanad.

Nənələrin ruhu olsun bu gün şad,

Çal, ay bacı, tamarzıyıq laylaya.

Laylalarla uyumayır balamız,

Gündən-günə unudulur laylamız.

Gör haçandı eşitmirik layla biz,-

Çal, ay bacı, tamarzıyıq laylaya.

Nənəmin gileyi

Gözü açılmamış bulaq kimidi,

Çiçəyi bar üstə budaq kimidi,

Ata ocağında qonaq kimidi,

Kövrəkdi, göyçəkdi kənd qızlarımız.

Şəhərə can atar kəndçi oğlanlar,

Orda axtararlar bəxt ulduzların.

Orda yelə verər ömrünü onlar,

Gözləri yol çəkər burda qızların.

Dəstəylə dönəndə bulaq başından,

Sanarsan köç edir durna qatarı.

Oğlan anaları əli qaşında,

Durub boylanarlar şəhərə sarı.

Ev işi, çöl işi... dincəlməz bir an,

Hər xırda iş-gücə iş deməz qızlar.

Qayıtsa şəhərdən qonşu bir oğlan,

Qonşu toyuğuna “kiş” deməz qızlar.

Bu qızlar evlərin bar sünbülüdü,

İş-gücdən görüşə vaxtları çatmır.

Tutub yaxasından kəndçi oğlanın,

Demək istəyirəm, dünənki qızlar

Niyə bu gün sənin könlünə yatmır?

Sevsən, kəndsiz keçən ömrü qınarsan,

Durub danışarsan bir kənd adından.

Bu qara qızları, kişmiş qızları,

Özünə hamıdan əziz sanarsan,

Şəhərli qızlar da çıxar yadından.

İnanım

Məni aparmayın yas məclisinə,

Ürəyim dözməyir ağı səsinə.

Görməyim insanın köç etdiyini,

Ölümün həyatı puç etdiyini.

Deməyin, bu dünya fanidir belə,

Mən öz inamımda qoy qalım elə.

Məni aparmayın yas məclisinə,

Çağırın siz muğam, saz məclisinə,

Şair məclisinə, söz məclisinə.

Qoy həyat eşqinə inanım yenə.-

İnanım insanın ölməzliyinə!

İnanım həyatın əbədiliyinə!

* * *

Çıxmayın

tərif yarışına,

Baxın,

boyuna, yaşına,

Yalandan qaldırmayın

dağbaşına...

...Yazığınız gəlsin ona!

* * *

Övladını öyməyə

yer tapmadınmı, atam,

Bildinmi,

nələr çəkdi

göz yaşları içinə tökülən

sonsuz adam?!

* * *

Söyüd əkməyin

meyvə ağacının yanında,

O ağacı əyəndə barı,

söyüdü yıxacaq

içindən çəkdiyi

qübarı!..

İlahi...

Elə bil

gül topasıdı

bu toppuş qızcığaz

güllü donunda.

Şıltaqlıq edib

hamını güldürür

metro vaqonunda.

Duası dilində

bir gəlin də

əllərin qoyub qoynuna,

köksünü ötürə-ötürə

baxır ona...

...Nə çəkdiyini

bir sən bilirsən,

İlahi!..

Quru budağı da

çiçəkləndirən,

cansız ağacı da

sevindirən Sən.

Mərhəmət edənsən,

sevindirənsən.

İlahi,

nə ola,

bu gəlini də sevindirəsən!

Sən hardan biləsən

Əlləri qoynunda durub tənha, tək,

Oyaq qalmamısan gecə sübhədək.

Hələ sevməyirsə sinəndə ürək

Sən hardan biləsən məhəbbət nədir?

Narahat, yuxusuz günün olmayıb,

İçin sıxılmayıb, gözün dolmayıb,

Ayrılıq odundan rəngin solmayıb,

Sən hardan biləsən məhəbbət nədir?

Ömrünün eşq adlı piri yoxdusa,

Qəlbində sevginin yeri yoxdusa.

Həsrətin çəkdiyin biri yoxdusa,

Sən harda biləsən məhəbbət nədir?

Baxıb sevənlərə köks ötürmədin,

Sevib, kirpiyinlə od götürmədin,

Kiminsə ömrünə yaz gətirmədin,

Sən hardan biləsən məhəbbət nədir?

Bu xəbər sevgimin qara kağızı

Sarsıldım içimdə boğdu səsimi,

Dəldi ürəyimi, dəldi bu xəbər.

Sənin gözlərində mənim əksimi

Məgər görmədimi gələn elçilər?

Olanım, qalanım bircə qəlbim var,

Onu da köksümdən dərib getmişdin.

Bəs sənin “hə”yini necə aldılar,-

Sənki ürəyini verib getmişdin?!

Dilindən çıxanda özgənin adı,

Duydunmu kənardan sənə kim baxır.

Bu gecə qəlbində sevgim ağladı,

Onu ovutmadın, ögeydi axı...

İndi aramızda uçurum boşluğu,

Ümid sükançısız ömrüm yol azır.

Bu xəbər kiminsə könül xoşluğu,

Mənimsə sevgimin “qara kağızı”.

Qoymadım söz gələ sevdiyim ada,

Dövrənə sədd çəkdim kirpiklərimdən.

Əlinlə yazdığın ünvanını da,

Daha köçürmüşəm ürəyimə mən!

Daha nə söyləyim, daha nə deyim,

Xətrinə dəyməyə dilim də gəlmir.

Hamıya təsəlli verən ürəyim,

Dərdə bax, özünü ovuda bilmir.

Qoy xəsis desinlər, eybi yox, səni,

Yuvan gözlərimdə gizlədəsiyəm.

Səni aparmağa gələn maşının,

Yolunda qırmızı işığa dönüb,

“İnsafı” üstündə gözlədəsiyəm...

# 2332 dəfə oxunub

Müəllifin son yazıları

# # #