Yazıçıların intihar dünyası

Yazıçıların intihar dünyası
5 iyun 2017
# 15:16

Reva Beyzadə

İntihar insanın özünə yönəlmiş zorakılıqdırmı?

Basdırılmış duyğulardanmı? Aqressiyamı? Yoxsa sənətmi?

Yaratdıqları ilə bunların hamısına güzgü tutan, təhtəlşüuru olduğu kimi bizə göstərən böyük rus yazıçısı Dostoyevski “İntihar edə bilmədim, çünki intihar edəcək qədər cəsarətli deyiləm” deyirdi. Buna baxmayaraq o, öz obrazlarına zorakılığı, intiharı, qatilliyi daddırmışdı.

Roskolnikovu qatil, Kirilovu intihar etdirən onun özü deyildi?

Bəs həqiqətdə o kim idi?

Epilepsiya xəstəsi olduğu söylənilən yoxsa Freydin dediyi kimi “öz həyat dərinliklərini yaradıcılığa yansıtmaqdan başqa bir şey bacarmayan”, atasının öldürülməsində yaşadığı travmaya “Karamazov qardaşları”ndakı atanın öldürülməsində güzgü tutan, daxili “mən”in əmrlərinə boyun əyən birisimi?

Dostoyevskidən təsirlənən Kafka, intihar etməsə də hər qəhrəmanına qorxuya boyun əydirdi və intihar əvəzinə yazdıqlarının yandırılmasını istədi. Bəlkə də hər gün qarşısındakı vərəqlərə qusurdu içindəki boz dünyanı. O, yaratdıqları ilə qarışıq bir divar hördüyünün fərqində idi. Bununla o, bizlərə boz dünyasındakı cəsədləriylə gəzən insanların qorxu və tənhalıq dolu yaşantılarını göstərirdi. Yadlıqla vuruşan Kamyu, insanın heç vaxt dünyanın bir parçası ola bilməyəcəyini düşünürdü və onun üçün fəlsəfənin bircə problemi var idi: İntihar!

Obrazlarına intihar etdirən bir yazıçı, bəlkə də Dostoyevskinin söylədiyi kimi böyük olmaqdan qorxduğu üçün kiçik oyunlar oynayırdı. Bəlkə də bu işin sirri yazıçının öz ssenarisini qəhrəmanına yaşadaraq özünü buna hazırlamasındaydı. Ölmədən öldürmək və bunu xəyalən yaşamaq.

Bunun adı təsəvvürdə bir gerçəklik yaratmaq cəhdi deyildimi?

Cek Londonun Martin İdenini yada salaq. O, Londonun özü deyildimi sizcə? Yaşadığı dünyaya sığmayan, insanın iç üzünü görən və pula görə ona geri qayıdan sevgini qəbul etməyən - bu, Cek Londonun öz xarakteriydi. Hətta özünü dərin sulara buraxacaq qədər cəsarətli idi. Yazıçının sonda oxucuya çatdırmaq istədiyi bir nüans var. Dənizin dərinliklərində birdən ortaya çıxan "yaşamaq istəyi".

Bəlkə də Dostoyevskinin, Kafkanın, Kamyunun, Cek Londonun axtardığı təbii hiss elə buydu. Tənhalıqlarına çəkilmiş və dünyanın absurdluğuna inanan insanlar bu boz dünyaya baxmayaraq bəlkə də "yaşamaq istəyi”nin onlara hansı mesajı verəcəyini axtarırdılar. Bir anlıq təsəvvür edək ki, İden o andakı istəklə ölümündən qurtulsaydı, tarixə bir Cek London intiharı yazılacaqdımı? Əgər bunun adı cəsarətsizlik, yəni yaşamaqdan qorxmaq olsaydı, inanın dünyadan gəlib keçmiş bütün dahilər bunu qurcalamazdı. Yaşamaq nədirsə intihar da odur. İntiharın hər yaşayan insan qədər çeşidi var.

# 1889 dəfə oxunub

Müəllifin son yazıları

# # #