Sultan Mərzilinin bir şeiri

Sultan Mərzilinin bir şeiri
6 avqust 2015
# 10:50

Sarı gəlin

Bir Sarı gəlinin

telini hördüm,

Töküldü gərdənə sarı göründü!

Yastı balabanın səsini gördüm,

Bu bahar

nədənsə sarı göründü.

Sarıydı,

zili də, sarıydı bəm də,

Bir sarı yarpağa sarındı qəm də.

Bir sarı gül kimi

tutdum əlimdə,

Nazını çəkməyə arı göründü.

Bir sarı rəng

gəldi qövsi-qüzehdən,

Gözlərim saraldı sapsarı şehdən.

Əlimdə tutduğum dolu qədəhdən,

Bir damla içməmiş yarı göründü...

Bir sarı yarpağı

geyib əyninə,

Sarı kəlağayı düşüb çiyninə,

Dünyanı almazdım mən də eynimə,

Nə tez soldun gözəl, sarı göründün?!

Əvvəlcə, “sarı” anlayışının məna ifadə etmə imkanlarına nəzər salaq. Etimoloji təhlillərdə “sarı”nın böyük, dağ mənalarında işləndiyi bildirilir. Bu sözün kübarlıq, incəlik bildirmək məqamı da var. Sarı Aşığın adında da həmin sözün təkcə rəng bildirmədiyi ehtimalı da ağlabatan görünür. Dilimizdə “sarı ilan” ibarəsi vardır, “səni sarı ilan vursun” deyirlər. İslamdakı qadın şəxsiyyətlərin ümumiləşdirilmiş alilik, nəciblik obrazı bu sözlə də ifadə olunmuşdur.

Şah İsmayıl Xətainin adı ilə də, fərqli rəvayət və əfsanələrlə də çulğaşan anlamları qeyd etmək olar. Nəhayət, “Sarı gəlin” xalq mahnısının mətnindən də müəyyən qənaətlər əldə etmək olar. Yekun olaraq, “sarı” leksemi qadın gözəlliyini və bundan törənən duyğusal ovqatı kodlaşdıran poetik-emosional nitq vahidi kimi dilimizdə və təfəkkürümüzdə sabitləşibdir.

Şeirdə insan gözəlliyi sarı rəng üstdə naxışlanır və mətnin alt qatında “sarı”nın semantikasındakı bütün mümkün incələmələrə yer ayrılır. Sarı rəngin poetik çalarları “əşyəvilik” prinsipi ilə əks etdirilibdir. Bütün “sarı obrazlar” keçmiş və yeni “sarı gəlin əfsanələrini” tamamlamağa xidmət edir. Deyək ki, mahnıdakı tarixi rəvayət və əhvalatlarla səsləşən “saçın ucun hörməzlər” interesi şeirdəki “bir sarı gəlinin telini hördüm” xatircəmliyi ilə identifikasiya olunur. Əgər “Sarı gəlin”in sosial statusuna hər hansı əlavələr etmək mümkün olmayacaqsa, bu səslənişdə qurulmuş hər hansı yeni mətn diqqət doğura bilməz. Əşya və hadisələrin bir zaman məsafəsinə nəzərən dəyərləndirilməsində şair rəng faktoruna üstünlük verir.

Bu baxımdan, Sultan Mərzili öz yeni mətnini sarı rəngləyə bilibdir. Şeirdə SARI həm bütöv şəkildə təqdim olunur, həm də onun təfərrüatları qeydə alınır. Mətnin bir tərəfindən digər yönünə keçidlər həm deduktiv, həm induktiv metodlarla edilir. Məsələn, assosiativ üzərində qurulan bu mətndə “sarı gül”, “sarı tel”, “sarı kəlağayı”, “sarı yarpaq” SARI GƏLİN rəsmini konkret cizgilərlə, “sapsarı şeh”, səs, yastı balabanın sarı rəngdə təsviri bir qədər abstrakt şəkildə tamamlayır. Ayrı-ayrı “sarıya çalan” detallardan bütöv bir sarı “çələng” hörülür. Bir sarı güldən, yarpaqdan, ya balabanın səsindəki sarı ovqatdan sarı rəngdə bir təbiətə, bahar fəslinə çıxışlar, girişlər edilir. Eldə “Sarı gəlin”in və bu tipli həzin musiqinin, melodiyanın tütəkdə, yastı balabanda daha uğurla ifa edildiyi bildirilir.

Şair qarşıya qoyduğu məqsədinə tam nail olmaq üçün bəzən xırda detalları daha xırda hissələrə bölməyə üstünlük verir. Səsdəki zil və bəmin sarılığı adamın yaddaşında “sarı sim”, “sarı tel (sarıtel, “baş sarıtel”, “orta sarıtel”…) informativini də canlandırır. Şeirin uğuru həm də müxtəlif çeşidli bədii aksessuarların zənginliyindədir. Sarı rəngin əhatə dairəsi olduqca genişdir. Qövsi-qüzehdəki sarı, Günəşin sarı saçması təbii olaraq bir şeh damlasında da əks etdirilir, ordan da gözün sarılığı, həsrət assosiasiya olunur. Qəm badəsini dolub-daşdıran bu “sarı gülüstan”ın adı poeziyadır, ədəbiyyatdır. Nəhayət, şair bu “sarı” və “sarı gəlin” əhvalatını dünyanın işləri ilə bağlayır, ictimai motivi şərtləndirən səbəbi sadə şəkildə dilə gətirir.

Dünyanı almazdım mən də eynimə,

Nə tez soldun gözəl, sarı göründün?!

Sultan Mərzili yaradıcılığında tədqiqat tələb edən, həlli üçün daha ağır zəhmət və bacarıq tələb olunan mövzuya müraciət edilməsi hallarına çox rast gəlirik. “Sarı gəlin” şeirinin meydana gəlməsində keçmişlə bağlı olan, dillərdə əzbər olan, lakin incəliklərinə gedib çıxmağın müşküllərini də bildiyimiz bir materialı müasir insanın arzu və istəkləri, hiss və duyğuları ilə aranjeman etmək qabiliyyəti tələb olunur. Bu tipli mətnlərin düzənlənməsində Sultan Mərzili də qələmini tez-tez sınayan alim və yazarlarımızdandır.

Şeirdə yerinə düşməyən məqamları da qeyd etmək istərdim. Mahnıda deyilir ki, “saçın ucun hörməzlər”. Şair “hördüm” yazmaqla eşq bilgiləri sahəsində öz konsepsiyasını irəli sürür və bəlkə də, bu misranı yazmaqla şeirdə, sənətdə öz fərqli üslubunu, kredosunu təsdiqlədiyini bəyan etmək istəyir. Bu, çox yaxşıdır.

Amma bu şeirdə Sultan müəllimin qələmi və peşəkarlığı ilə tutuşmayan xətalara yol verilmişdir. Burada yastı balabanın xatırladılması yerinə düşmüş olsa da, “balabanın səsini gördüm”, məncə, düz deyil. Çünki səsi görmək yox, eşitmək mümkündür.

İkinci bənddə “nazını çəkməyə arı göründü” misrası nitqin sığalını pozur, fikir, söz sırasını tamamlaya bilmir. “Əlimdə tutduğum dolu qədəhdən bir damla içməmiş yarı göründü” misralarında da nitq xətasına yol verilmişdir. Bu qədər məşhur bir mövzuya – həm tarixi, həm müasir bir mövzuya istinad etməklə oxucuda fərqli bir əhval-ruhiyyə yaratmaq çətin iş olsa da, Sultan bəy “ol düşvarı asan etməyi” bacarıbdır.

# 1351 dəfə oxunub

Müəllifin son yazıları

# # #