Dan ulduzunu gözləyən Murad

Dan ulduzunu gözləyən Murad
17 fevral 2015
# 15:23

Kulis.az gənc yazar Ulucay Akifin “Dan ulduzu” hekayəsini təqdim edir.

Yorğun evə qayıdırdım. Məhəlləmizə çatanda oturub bir az nəfəsimi dərmək istədim. Skamyada balaca bir uşağın oturduğunu görüb yanına yaxınlaşdım. 8 yaşlı balaca Murad idi. Məni tanıdı, mən də salamlaşıb yanında oturdum. Murad valideynlərini hələ məktəbə getmədiyi vaxtlarda itiribmiş. Babası ilə qalırdı. Məhəlləmizdəki digər uşaqlardan fərqlənir, ona görə də həmişə görəndə onunla söhbət edirdim. İndi deyəsən söhbət etmək istəmirdi, mənə baxmırdı heç. Gah yola boylanırdı, gah da dənizə.

- Kimi gözləyirsən?

- Babamı, işdən gələcək bir azdan.

- Nə işləyir ki, sənin baban?

- Dəmirçidi.

- Gələndə sənə oyuncaq alır, yəqin.

- Hə, həmişə alır, ya da çubuqlu sok alır.

- Ona görə çox istəyirsən babanı?

- Yox. Heç nə gətirməsə də çox istəyirəm. O da məni çox istəyir.

Gülümsədim. Suallarımla onu bezdirməmək üçün susdum. Murad bir az susduqdan sonra yenə dənizə tərəf baxaraq danışmağa başladı:

- Həm də dan ulduzunu gözləyirəm.

- Niyə?

- Dan ulduzu insanların arzularını yerinə yetirir.

- Onu sənə kim deyib?

- Babam. Əgər dan ulduzu çıxan kimi tez arzu tutsan tez yerinə yetir. Ulduzu gec görsən gec. Mən birinci sinifdə oxuyanda babam dan ulduzundan mənim yaxşı oxumağımı istəmişdi, indi əlaçıyam.

Artıq mən də dan ulduzunun çıxmalı olduğu tərəfə baxırdım. Mənim də arzularım var idi. Səhərə qədər dan ulduzunu gözləyəcək qədər həvəslənmişdim. Bir azdan Murad babasının gəldiyini gördü, yerindən qalxıb ona tərəf qaçdı. Babası əlindəki zənbilləri yerə qoyub Muradı qucaqladı, üzündən öpdü. Sonra sevinə-sevinə danışmağa başladılar. "Baba, bu gün iki dənə 5 almışam!". Tam gözdən itəcəkdilər ki, Murad mənə tərəf çönüb əl elədi. Mən də təbəssümlə əl elədim ona.

Evə getmək istəmirdim. Dan ulduzunu gözləmək keçirdi ürəyimdən. Hava çox buludlu idi, ümidim yox idi dan ulduzunun çıxmasına və qalxıb evə yollandım. Bəlkə başqa vaxt qarşılayaram dan ulduzunu.

# 992 dəfə oxunub

Müəllifin son yazıları

# # #