Məmməd Arazın dağıtdığı yuva

Məmməd Arazın dağıtdığı yuva
14 oktyabr 2014
# 11:14

Bu gün böyük Azərbaycan şairi Məmməd Arazın doğum günüdür. Bu münasibətlə şairin gənclik illərində yazdığı "Qaranquş" şeirini təqdim edirik

Əsdi vədə yeli...yaz müjdəsilə

Qondun eyvanıma yenə, qaranquş!

Mən sənin eşqinlə gəlirkən dilə,

Uçmağın dərd oldu mənə, qaranquş!

Bir zaman yuvanı uçurmuşam mən,

Bəlkə də, bəlkə də o yadındadır.

Dilin yox, dərd açıb söz söyləyəsən,

Dilin də, sözün də qanadındadır.

Bəzən əlində şiş, çiynində yaba

Uşaqlar yanıma yığıldı, ay quş!

On günə, bir aya tikdiyin yuva

Bircə an içində dağıldı, ay quş!

Yelləmi, selləmi keçdi ötən gün?

O, bəlkə ötəri şimşək səsiydi.

Sənin öz yuvandan ayrı düşməyin

Mənimçün bir uşaq əyləncəsiydi.

Bəlkə bu halımdan incidi dağ-daş

Bunu öz vaxtında duya biləydim.

Bir günlük uşaqlıq günahmı, kaş

Bütün ömrüm boyu yuya biləydim.

Bilmədim o günün ani nəşəsi

Mənə dərd olacaq ömrüm uzunu.

Bəlkə ev qayğısı, övlad nəfəsi

Olmasa indi də duymazdım bunu.

Eh, xəyal nələri gətirir yada...

Yeni müjdən ola mənə, qaranquş!

Körpəlik gülüşüm qanadlarında

Bircə gün geriyə dönə, qaranquş!

Vaxt olur cansızdan can umur insan-

Adi təsəllidir, bunlar da ancaq.

Uçan körpəliyim, uçulan yuvan

Onsuz da geriyə qayıtmayacaq.

Gəl yenə yuva qur doğma yerində,

Könlüm həsrətinlə dindi, qaranquş!

Ta uçma, çəkinmə məni görəndə,

Mən uşaq deyiləm indi, qaranquş!

1957

# 1853 dəfə oxunub

Müəllifin son yazıları

# # #