Fikrət Qocanın yeni şedevri

Fikrət Qocanın yeni şedevri
17 sentyabr 2014
# 10:26

Kulis.Az Fikrət Qocanın “Ramazan axşamlarında düşündüklərim” şeirini təqdim edir. Şeir "Azərbaycan" jurnalında çap olunub.

Allahım, min illər

bundan əvvəl

minlərlə əl

“acıq” – deyib Sənə uzandı.

Bilmirəm o ayın adı

Ramazandı?

Nə fərqi var,

Zaman elə zamandı.

Onda bəndələrin üçün

Göydən bildirçin

yağdırdın.

İndi Ramazandı

Kimin əli sənə uzandı?

Kim nə mızıldandı...

İndi göydən

İnsan əli, ayağı,

insan döşü, başı yağır,

insan naləsi, insan göz yaşı yağır.

Allahım, bunu səndən istədilərmi...?

“Acıq, bizə yemək ver” – dedilərmi?

Kim səndən icazə aldı?

Göyün yeddinci qatından.

Allahım, Sənin ayağının altından,

Kim təyyarəni vurub saldı,

Bunu bizə deyəcəklərmi?

Bu göydən yağan,

yanan

İnsan parçaların

yeyəcəklərmi.

Bir yandan indi kainatda

uçmağı öyrənir insan.

Amma belə vaxtda

Göydən də iyrənir insan.

Düşündüm şikayət edim.

Səs gəldi:

- Kimdən kimə?

dedim:

- hə... Səndən, sənə!

Düşündüm.

Fikrimdən daşındım.

Hə, şikayət etdim

hər gün

Həsəndən Həsənə.

Səmada yer kürəsi səyyarədir.

Həm də sərnişini olduğumuz

Bir təyyarədir.

İştah diş altındadır deyirlər,

Bəziləri bu iştahla yeyirlər

Yer kürəsini də...

hərə bir parçasını

qopartmaq istəyir.

Yer kürəsini də vurmaq,

atmaq, partlatmaq

istəyir.

Allahım, yaxşı fikir ver.

Sənin ətəyindən də dartmaq istəyəcəklər.

başını qatmaq,

aldatmaq,

Səndən də bir şey qoparıb

Satmaq istəyəcəklər.

bu zopba ölkələrin

dini-iman siyasətdi.

Onlar istəyəndə

Siyasət sərhəddi,

Səddir.

İstəyəndə nüvə silahıdı – Siyasət.

Günahsızların günahıdı – siyasət.

Siyasət – hər mərtəbədə oyundu.

Siyasət – Xamelyondu.

Siyasət – Rezin əmzəkdi

Kiçik xalqların ağzında.

Gözəl səslənir deyəndə, yazanda.

Əmziyi var, ağzı doludu, südü yoxdu.

Qarnı acdı,

Siyasət sarıdan gözü toxdu.

Allahım, İnsan

Öz yaratdığının əlində

girovdu, əsirdi.

Havada uçanlar, suda üzənlər,

Yerdə gəzənlər.

Hamısı bir-biri üçün ovdu,

hamısı müqəssirdi.

Qaçan da “ya Allah” – deyir, qovan da

Con da “ya Allah” – deyir, İvan da.

İvanın Allahdan xəlvət

Allahsızlığı da olur.

Ona görə, arabir haqsızlığı da olur.

Qaçana qapı açarlar,

qaçan neyləsin,

Dəlinin qabağından qaçarlar.

Dünya qəliz olub,

bilmək olmur kimin əlindədir açarlar.

heç kəs sənin kimi tək deyil.

Belə tənhalıq heç kəsə gərək deyil.

Allahım, Sənə də deməyə qorxuram,

öz aramızda qalsın.

qoy mən deyim, söz ürəyimi deşir.

söz aramızda qalsın.

Bu dünya zorbaları

Allahı da “tək” istəmirlər.

hələ ki, qorxurlar, demək istəmirlər.

Dünyanın beş qitəsində

paraları-pulları var.

Saysız-hesabsız

qulluqçuları, qulları var.

hər yana su altından,

yer üstündən yolları var,

hansı qibləyə dönsələr,

gözləyən dulları var.

Kimin istəsə başına quş qondurar,

Kimin istəsə banklarda pulunu,

damarında qanını dondurar.

İstəsə, yer kürəsini

Şəxsi limuzini kimi dayandırar.

Niyə şəxsi Allahı olmasın?

niyə axı olmasın?

Böyük haqsızlıqdı ona qarşı.

Bu dərddən ağrıyır ürəyi,

çatlayır başı.

Allahım, tövbə, bunları mən demədim

yaxşı-yaxşı...

öz aramızda qalsın.

söz aramızda qalsın.

Mən ölüm,

deməmişəm, deməmiş olum.

Niyə o yazıqlara

mən də qəmiş olum.

Yenə gərək

Allahım, Səni görək.

həyatdakı ehtiyaclara,

ac-yalavaclara,

Məhəbbətə, çörəyə möhtaclara

Yenə Sən

Sahib çıxmalısan

Bir az aşağı enəsən.

Bəzi qudurğan qaniçənləri

Sən yıxmalısan.

Bəlkə Sən də tövbə deyib,

Keçmişinə yenidən baxmalısan.

Bunların arasında

Yetişdirib, bəslədiklərin var.

Lazım olanda səslədiklərin var.

Başları qarışıb,

ağılları çaşıb,

çıxıblar aradan.

Dünyada bir neçə nadan

Özünü yaradan sayır, yaradan!

Hələ tam aydın deyil

dünyanın düzəni.

bəzilərinin boyu-buxunu,

uzunu-eni məlum deyil.

Heç kəs tək deyil.

Bir qorxaq üstünə gəlirsə,

Bil ki, arxalandığı eli-ulusu var.

Bazarda keçi kişmişini yeyirsə,

Qovma,

onun da qoçu Nəcəfqulusu var.

Heç kəs özünə tam arxayın deyil,

Çünki heç kəs tam xain deyil.

Hərə bir az xaindi.

Bunun min bir səbəbi var.

Səbəb – yaşanmış tarixdi,

gələcək gündü.

Qonşuluq, qohumluqdu,

məzhəbdi, dindi.

Başının üstündəki dərddi,

Torpağın altındakı sərvətdi.

Hansı xalqdı,

necə millətdi?

İndi üzdə hamı dostdu,

İçində hamı mərdimazardı.

çünki Yer üzü

böyük bir bazardı,

hər şey satılır, alınır.

ən dərin quyunun üstünə

ən gözəl xalılar salınır.

Altından xəbərin olmasa,

Necə keçəsən xalının üstündən,

Deyən də yoxdu:

“həsiri basma, dolan gəl”

nəhənglər də qorxur pis gündən.

Bu bazar qanunudu,

dəllalları yaşadır bazar.

Allahım, mələk də göndərsən bura,

bu bazarda azar.

Siyasətbazlara uduzar.

Keçən əsrdə

İki dünya müharibəsindən

keçdi zaman.

Atom bombasından,

Nüvə hədəsindən

Keçdi zaman.

Düşünürdüm insan

Ən ali məxluqdur Yer üzündə

Güc tapacaq özündə.

Qəlbini şumlayacaq, düzləyəcək.

Ruhunu təmizləyəcək.

qayğısız qalmış saflığını,

canıyla, qanıyla

oxşayıb əzizləyəcək,

ürəyində, beynində

haqqa, saflığa yol açacaq.

Saflıqdan insan mələk olacaq.

Səyyarələr arasında uçacaq.

İnsanı uçmağa qoymayan

Öz qəzəbi, kinidi.

Nifrət, qəzəb, kin

İnsanın ayağına bağlanmış

ağır daşlar kimidi.

İnsanı qol-qanad açmağa qoymur.

Yerdən ayrılmağa, uçmağa qoymur.

ümidimin önündə

bir şam yandırmışdım,

özüm özümü inandırmışdım.

Kim məcbur edə bilər insanı:

Sən boynundan bu ağır daşı as!

İnsan içindəki pislikləri

İkinci minilliyə daşımaz.

Amma daşıdıq, daşıdıq!

Ərəb baharı ilə başladıq.

Sonra rəngbərəng

inqilablar yaşadıq.

Mələr qoyduq insan balasını,

Ağlatdıq insanın anasını.

insan qanı ilə yuduq

ikinci minilliyin astanasını.

Əlimizi yumamışıq hələ.

Belə görürəm

üçüncü dünya müharibəsinə

gedirik mərhələ-mərhələ.

hamı görməzliyə vurub.

hamı guya sülhün tərəfində durub.

hər kəsin də əlində - qoltuğunda,

arxasında güvəndiyi silahı.

Xəlvət cinayəti, gizli günahı.

Allahım, Sən yaddan çıxmısan,

hərə bir peyğəmbərin adamıdı.

Biri Məhəmmədin, biri İsanın,

biri Musanın...

Səma İnsan evinin damıdı.

Bəs adamı yoxdu

İnsan oğlu İnsanın?!

Dininə, dilinə,

mənzilinə

mərmi yağır.

“La İlahə İlallah” səsinə

mərmi yağır.

Hələ dini-dili məlum olmayan

İnsan körpəsinə mərmi yağır.

Ağrıdan hansı dildə bağırsan, bağır!

Ağrının adı birdi.

Allah səni eşidəcək, duyacaq.

Qorxuram bir gün Allah da

bizdən cana doyacaq.

Bizdən bezəcək, Allahlığı bir yana qoyacaq.

Yer üzünü yana-yana qoyacaq.

Sizi cənnətdən qovdurdu

Tamah saldığınız haram bir tikə.

Allah sizi atdı Yer üzünə.

Dedi bəlkə hərə özünə bir bağ sala,

bir ev tikə.

Yenə gözünüz bir-birinizin

inəyində, atındadı.

həyətində

bağındadı.

Suyunda, torpağındadı.

O haram tikə

İçəridən qurd kimi yeyir sizi

Neçə dəfə cəhənnəmə döndərilib,

viran olub Yer üzü

Ağalar?

Deməyin ki, bu lap ağ olar.

Bu silahlarla

Səyyarəmizi viran qoymaq olar.

Vaxt varkən yığışın

qayıdın həddinizə,

öz sərhədinizə

öz səddinizə sığışın.

Tamahınızdan qaçın

Gözlərinizi geniş açın.

Kainata yaxşı baxın.

Siz ayağının altındasınız

böyük Allahın.

Özünüzü haqq saymayın,

Özünüzü Allah saymayın!

Durduğunuz yerə enincə, enin.

Ətrafdakı ağlayan,

gülən insanları

görüncə enin!

Bizə verilən vaxt Allah amanıdır.

“Bir zaman daşları atmaq vaxtı idi,

İndi daşları yığmaq zamanıdır”.

29.07.2014

# 2739 dəfə oxunub

Müəllifin son yazıları

# # #