AYB sədrliyinə ŞOK namizəd

AYB sədrliyinə ŞOK namizəd
7 oktyabr 2013
# 11:03

Gənc yazar Emin Piri Azərbaycan Yazıçılar Birliyinin qurultayında sədrliyə namizədliyini irəli sürəcək.

Bu barədə Kulis.az-a gənc yazarın özü məlumat verib.

Emin Piri deyib ki, bu qərar məndən çox, başqalarının narazılığından doğub: “Gənclər islahat aparılması üçün aksiya təşkil etmək istəyirdi, mən etirazımı bildirdim ki, bu dərəcə bölünmə lazım deyil. Yəni məsuliyyəti öz üzərimə götürdüm ki, hər şey yaxşı olacaq. İnanıram ki, danışıqlarla nəyəsə nail olacağıq. Bir çox insanların narazılıqlarının əsas səbəbi islahat adıyla biz gənclər yox, hətta 50 yaşlı yazarlarımız qalarkən pensionerlərə diqqət yetirilməsidir. Mən yaş baxımdan nə kimisə kiçiltmirəm və hər biri dəyərli adamlarımızdı. Amma insanların səsinə də qulaq vermək lazımdır. Mən bilmirəm nə olacaq, bəlkə də hər şey mənim başımda çatlayacaq. Olsun. Sırf bu fikrə düşmək bölünmənin qarşısını almaq üçündür”.

Emin Piri söyləyib ki, AYB-yə əllərindən gəldiyi qədər demokratik görünüş vermək istəyirlər: “Bütün bunlar qurumun xeyrinədir. Təsəvvür edin ki, alternativ variantlar var, görün bu AYB-yə qarşı nə qədər müsbət fikirlər yaradacaq. Anar müəllimin indiyə kimi yazdıqlarının heç bir neçə faizini ortaya qoymamışam. Onda olan məşhurluq da məndə yoxdu. Mən sadəcə ondan öyrənə bilərəm. Onun təkcə sədrlik dövrü yaşım qədərdir. İstəyimiz odur ki, gənclərə daha yaxın olan orta yaşdan bir yazar alternativ namizəd olsun. İndi həmin yerdə gördüyümüz insanlar bundan imtina edirlərsə biz məcbur oluruq ki, gənc kimi özümüzü odun içinə ataq, özümüz namizəd olaq. İstənilən halda gənclərdən nümayəndə olmalıdır, AYB-nin mətbu orqanlarında”.

Gənc yazar bu qərarın ironiya ilə qarşılanacağından qorxmur:”Bu təfəkkürü atmaq lazımdır. Ən azından Atatürkdən nümunə götürmək lazımdır ki, o nəinki ironiya etməyi məsləhət görərdi, hətta Türkiyəni gəncliyə əmanət edib. Bəzi gənclərsə mənim bu sözlərimdən sonra bilirsiz necə sevinəcək? Əllərinə yaxşı şans düşüb. Mənim qorxum bircə tək olan Allahdandır. Və unutmayaq ki, mıxı mismara döndərən var. Sonda onu demək istəyirəm ki, həyatda heç vaxt və heç nə təsadüfi olmur”.

# 2928 dəfə oxunub

Müəllifin son yazıları

# # #