Bulqakovun ev muzeyindən

Bulqakovun ev muzeyindən
28 yanvar 2013
# 08:15

Kiyevin qədim Arbat küçəsində – Alekseyevskiy spusk 13 (Andreyevskiy spusk) ünvanda ukraynalıların yaxşı tanıdığı və gələn qonaqlara həvəslə məsləhət bildikləri bir ünvan var: dünya şöhrətli rus yazıçısı Mixail Bulqakovun ədəbi memorial-ev muzeyi. Görkəmli yazıçı 49 illik ömrünün 1906-1919-cu illər arasında keçən 13 ilini bu mənzildə yaşayıb. Muzeyin əsası isə 1989-cu ildə qoyulub.

Memorial muzey daha çox “Turbinlərin evi” kimi tanınır. Mənzil muzeyin bu adla tanınmasına görə yazıçı Viktor Nekrasova minnətdarlıq düşür. Məhz onun 1967-ci ildə “Yeni dünya” jurnalında çap etdirdiyi “Turbinlər evi” məqaləsindən sonra mənzil-muzey bu adla adlanmağa başlayıb. Ona görə də muzey “Ağ qvardiya”nın müəllifinin adı ilə deyil, onun burada yaranan qəhrəmanları ilə tanınır.

“Morfi” aludəçisi

İkimərtəbəli qədim binanın qarşısında muzeyi ziyarətə gələn çoxlu insanlara rast gəlmək olur. Binanın yaxınlığında isə görkəmli yazıçının abidəsi yer alıb. Ziyarətçilər abidənin yanında fotolar çəkdirəndən sonra muzeyin hündür, taxta qapısından içəri daxil olurlar. Dəhlizdə ziyarətçiləri muzey bələdçisi qarşılayır. Bilet alandan sonra birinci mərtəbədəki otağa daxil olmağa icazə verilir.

Muzeyin əsas ekspozisiyaları ikinci mərtəbədədir. Evin taxta pillələri ziyarətçiləri ikinci mərtəbəyə aparır. Sanki yuxarıdakı otaqlara «Ağ qvardiya» romanının qəhrəmanları ilə birgə daxil olursan. Elə yuxarı dəhlizdəki qapının ağzındaca romanın qəhrəmanının ağ rəngli paltosu və papağı asılıb. Qonaq otağı dərhal belə bir fikir yaradır: evdə eyni zamanda iki ailə yaşayıb – Bulqakovlar və yazıçının ədəbi qəhrəmanları. Vaxtilə bu otaqda evin çoxsaylı qonaqları olub. Evin palıd parketi keçmiş səsləri hələ də qoruyub saxlayır.

Birinci otaq yazıçının qonaq otağı, bir sıra sevimli qəhrəmanlarının “yaşadığı” yerdir. Qonaq otağında həmçinin yazıçının şəxsi əşyalarını görmək mümkündür. Bələdçi qadın danışır ki, Bulqakovun əsərlərində açılmayan sirlər, müəmmalı məqamlar çoxdur: “Bunlar yazıçının öz çətin və əzablı həyatından yaranıb”.

Bələdçinin dilindən Bulqakovun Kiyevdəki yaşayış tarixçəsini eşitmək olur. Bu maraqlı tarixçə “Ağ qvardiya” romanı ilə sıx bağlıdır. Bulqakovun məşhur romanında isə 1918-ci ildə Ukraynada müxtəlif siyasi qüvvələrin hakimiyyət uğrunda apardıqları mübarizənin faciəli hadisələri təsvir olunur. Otaqdakı eksponatlar da sanki həmin hadisələri kino lenti kimi ziyarətçilərə çatdırır. Bu hadisələrin içərisində Bulqakovun özü var.

Bələdçi Bulqakovun həyat və yaradıcılığını vərəqləyir: “Mixail Bulqakov körpəliyindən bu evdə yaşamayıb. O, 1891-ci ilin 15 may tarixində Kiyev Ruhani Akademiyasının dosenti Afanasiy İvanoviç Bulqakov və Varvara Mixaylovna Bulqakovanın (Pokrovskayanın) ailəsində dünyaya göz açıb. Ailədə yeddi uşaq olublar. Mixail ailənin böyük uşağı olub”.

1909-cu ildə Mixail Bulqakov Kiyev Birinci Gimnaziyasını bitirib Kiyev Universitetinin tibb fakültəsinə daxil olub. Həkim kimi təyinatla Smolensk quberniyasının Nikolskoye kəndinə işləməyə gedib. Daha sonra o, Vyazmada, Moskvada həkim kimi çalışıb. 1913-cü ildə Tatyana Nikolayevna Lappa ilə ailə qurub.

Həkimlik illərinin təcrübəsi əsasında çap etdirdiyi «Gənc həkimin qeydləri» kitabında Bulqakov praktikasında rastlaşdığı xoş olmayan hadisələrdən söz açır. Etiraf edir ki, həkimlər vəzifələrinin icrası zamanı dəhşətli xəstəliklərlə, ölümlə, müxtəlif insan faciələri ilə üz-üzə gəlir, çox vaxt ölümə, xəstəliyə uduzurlar.

Bələdçi danışır: “Birinci Dünya müharibəsi dövründə Bulqakov əvvəllər həkim kimi müharibə zonasında, sonralar isə ehtiyatda fəaliyyət göstərib. Əyalət həkimi işlədiyi dövrdə gələcək yazıçı morfi aludəçisinə çevrilir. Bunu azyaşlı qıza göstərdiyi tibbi yardım nəticəsində yoluxduğu xəstəliyin ağrılarından qurtulmaq üçün edir. Əvvəllər iradəsinə güvənib bu bəladan xilas olmaq istəsə də bir müddət morfisiz ötüşə bilmir”.

Sonradan yazıçı «Morfi» hekayəsində öz həyatını qələmə alır. “Hekayənin qəhrəmanı elə Bulqakovun özüdür. Deyilənlərə görə sonralar Bulqakov onu məhvə aparan bu dərmanın cazibəsindən qurtula bilib. Amma tam yox, bir müddət onu kokain iyləməklə əvəz edib”.

Bulqakov 1917-ci ilin dekabrında ilk dəfə Moskvaya gəlir və tanınmış Moskva həkimi, dayısı N.M.Pokrovskinin mənzilində qalır. Sonralar "İt ürəyi" povestindəki professor Preobrajenski obrazı məhz Pokrovskinin timsalında yaradılır. Onun "İt ürəyi" povestində Komissar surəti bolşevizmə qarşı qiyam sayılır. 1918-ci ilin yazında Bulqakov Kiyevə qayıdır və orada özəl şəkildə veneroloq kimi fəaliyyət göstərir.

Ölməyən əsərlər

Yazıçının qonaq otağında piano da, stol-stul da, üzərindəki əşyalar da, qurumuş güllər də ağ rəngdədir. Bulqakovun qəhrəmanlarını yaratdığı otağa keçmək üçün isə qonaq otağında gizli qapı olub. Divardakı şkafa baxanda heç kəsin ağlına gəlməz ki, onun qapıları gizli otağa açılır. Buradan keçib yazıçının mübariz qəhrəmanlarının yarandığı otağa daxil olmaq mümkündür.

İkinci otağın küncündə yazıçının stolu qoyulub. Yenə də hər şey ağ rəngdədir. Kitab şkafında vərəqləri sapsarı kitablar yer alıb. Bələdçi heç bir şeyə toxunmağa və foto çəkməyə icazə vermir. Stolun üstündə yazıçının yarımçıq əlyazmaları, stolüstü lampa, tibbi təcrübə üçün istifadə etdiyi alətlər var.

Bələdçi danışır: “Bulqakov İ.V.Stalinə ünvanladığı məktubda belə yazırdı: «Mən ilahi qüvvəyə inanan yazıçıyam. Dünyanın insanlar tərəfindən yox, görünməz qüvvələr tərəfindən idarə olunduğuna əminəm. Yəqin ki, mənimlə razılaşarsınız ki, dünya yalnız insanın ümidinə qalsaydı, bizə qədər gəlib sağ çıxmazdı, o lap çoxdan artıq məhv edilmiş olardı...».

İosif Stalin məktubda yazılan bu cümlələrin altından qırmızı qələmlə xətt çəkərək, dərkənarda yazır: «Keşiş ruhunu abırlı yazıçı geyimi altında gizlədən yoldaş M.Bulqakovla dərindən və ciddi şəkildə maraqlanmalı».

Bu dərkənardan sonra Bulqakovun taleyinin necə olacağını düşünmək çətin deyildi. O, hər an gözləyir, başına gələcək faciədən çəkinmirdi. Amma xoşbəxtlikdən heç nə baş vermir.

Bələdçi danışdıqca tez-tez onun haqqında “Usta” sözünü işlədir. Axı Bulqakovun həyatını və əsərlərini incəliklərinə qədər bilən, araşdıran ədəbiyyatşünasların çoxu bu fikirdədir ki, yazıçının məşhur «Usta və Marqarita» romanındakı Usta elə Bulqakovun özüdür.

Hərçənd Bulqakov dəfələrlə «Usta və Marqarita» əsərinin əlyazmasını yandırmağa cəhd etsə də, roman hər dəfə yenidən həyata qayıdıb. Sanki görünməyən qüvvələr romanı xilas edib.

M.Bulqakov gündəliyində yazır: «Mən öz əllərimlə iblis haqqında yazdığım əsərin qaralamasını oda atdım...». Əlyazmanın az hissəsi yansa da materialın əsas hissəsi xilas edilir. Bundan sonra da yazıçı sonuncu əlyazmasını da oda atır. Həyat yoldaşı Yelena Sergeyevna əlyazma dəftəri yanan odun ağzından ala bilir. Sonralar baş verən bir sıra hadisələrə görə də tədqiqatçılar “Bulqakovun əsərləri yanmır” deyirlər. Məsələn, yazıçının ilk əsərlərindən olan «Mollanın oğulları» pyesi nəşr olunandan sonra məhv edilir. Çeçen müharibəsi dövründə bu əsərin nadir əlyazması Qroznı teatrından tapılır. Deyilənə görə, Bulqakov «Teatrvari roman»ını da yandırıb, amma bu əsər də sirli şəkildə sonradan tapılıb.

Yazıçının ağ rəngli yataq otağı, eyni rəngli mətbəx otağı da onun bu divarlar arasında keçən sirli həyatı haqqında ziyarətçilərə müəyyən məlumatlar verir.

M.Bulqakovun bu mənzildə yaşamadığı illər, həyatının sonu, yarıda qırılan ömrü haqqında da muzeydə geniş məlumatlar əldə etmək olur. Haqqında yazılan qalın-qalın kitablar, monoqrafiyalar yazıçının zəngin yaradıcılığına və keşməkeşli taleyinə həsr olunub.

Bələdçi yazıçının həyatının sonlarından danışır: “Sanki gələcək günlərindən xəbərdar olan Bulqakov Yelenaya deyir: «Yadında saxla, mən çox ağır şəkildə öləcəyəm, and iç ki, onda məni heç bir xəstəxanaya aparmayacaq və mənə qollarının üstündə ölməyə icazə verəcəksən».

Ölümündən altı ay əvvəl həkimlər onda hipertonik nefrosklerozun əlamətlərini tapırlar. Amma artıq xəstəliyin müalicəsi üçün gec idi.

1940-cı ildə Bulqakov öz vəsiyyətində yazır: “Mənim qəbrimin üstündə başdaşı ucaldın, dəmirdən xaç-filan lazım deyil”. Yelena Sergeyevna uzun müddət onun vəsiyyətinə əməl edə bilmir. Daş qoymaq, onu almaq üçün çoxlu pul lazım idi. Yox, əslində haradansa bir ucuz daş gətirib qoymaq da olardı, amma Yelena qəbir üstünə layiqli bir başdaşı qoymaq istəyirdi.

1957-ci ildə Qoqolun qəbri üstündə möhtəşəm bir abidə ucaldılır, köhnə başdaşı əvəzi olan abidəni isə sındıraraq yaxındakı quyuya atırlar. Bir gün Yelena Sergeyevna qranit daşlar yonulan sexin direktorunun yanına gedir və öyrənir ki, «Qolqof» adı ilə tanınan bu daş vaxtı ilə Qoqolun qəbri üstündə imiş. Yelena Sergeyevna bu qırılmış abidəni M.A.Bulqakovun qəbri üstə qoydurur.

Muzeyi ziyarətə gələnlər üçün Bulqakovun həyat hekayəti maraqlı olduğu qədər də kədərli səslənir. Bunu hər bir ziyarətçinin üzündən hiss etmək olur. Hamıya maraqlı olan da məşhur yazıçının təkcə bu evin divarları arasında keçən 13 ilik ömrü yox, bütün həyat və yaradıcılığı idi. Muzeyi ziyarət müddətində isə bu barədə tam olmasa da məlumat əldə etmək olur.

Kaspi.az

# 2771 dəfə oxunub

Müəllifin son yazıları

# # #