Qadına kukla kimi baxanlar

Qadına kukla kimi baxanlar
18 aprel 2015
# 11:42

Kulis rus tənqidçi Nikolay Dobrolyubovun “Oblomovçuluq” essesini təqdim edir.

Oblomovların hamısının insanlara və xüsusən qadınlara olan münasibətlərində bəzi ümumi cəhətlər var. Onlar ümumiyyətlə insanlara, onların xırda zəhmətinə, məhdud anlayışlarına və kiçik arzularına nifrət edirlər.

Qadınlara münasibət məsələsində oblomovların hamısı özlərini eyni dərəcədə biabırçı aparırlar. Onlar qətiyyən sevməyi bacarmır və həyatda heç bir məna görmədikləri kimi, eyniylə sevgidə də, nə kimi bir məna axtarmaq lazım gəldiyini bilmirlər. Onlar nə qədər ki, qadına bir əyləncə, yay üzərində hərəkət edən bir kukla kimi baxırlar, onunla əylənməkdən vaz keçmirlər; onlarda qadın qəlbini əsir etməyə də meyl vardır... Bəs necə! Onların ağa təbiəti bundan çox razı qalır.

Lakin iş bir qədər ciddi şəkil aldıqda, onlar öz qarşılarındakının doğrudan da oyuncaq deyil, öz hüquqlarına hörmətlə yanaşmağı onlardan da tələb etməyi bacaran bir qadın olduğunu gördükdə, dərhal biabırçı şəkildə qaçmağa üz tuturlar! Bütün bu cənablar hədsiz dərəcədə qorxaqdırlar. “Məşhur və işvəli qadınların qəlbini çox erkən həyəcana salmağı bacaran”, qadınları “nəşəsiz axtaran və təəssüf etmədən, acımadan atıb gedən” Onegin Tatyananın qarşısında qorxaqlıq göstərir.

O, iki dəfə - özü ondan dərs alarkən və özü ona dərs verərkən - Tatyananın qarşısında qorxaqlıq edib geri çəkilir. Tatyana, axı lap əvvəldən onun xoşuna gəlirdi. Əgər Tatyana Onegini bundan az bir ciddiyyətlə sevsəydi, o zaman Onegin onunla ciddi bir əxlaq müəllimi kimi danışmağı fikrinə belə gətirməzdi. Lakin iş bu yerə çatanda Onegin görür ki, bu məqamda zarafat etmək təhlükəlidir, buna görə də öz keçmiş həyatından, öz pis xasiyyətindən, Tatyananın gələcəkdə başqa birisini sevəcəyindən və sairədən dəm vurmağa başlayır. Sonralar o öz hərəkətini belə izah edir ki, “Tatyanada zərif bir hissin qığılcımını görərək ona inanmaq istəmədi”:

Ayrıla bilməyib, əl götürmədim

Mənim bu zəhləkar azadlığımdan.

Gör bu qorxaq, özünü necə ibarələrlə pərdələyir! Məlum olduğu kimi, Beltov da Krutsiferskaya ilə axıra qədər yola gedə bilmir və əgər onun öz dediyinə inansaq, tamamilə başqa mülahizələrə görə olsa da, ondan qaçır, Rudinə gəldikdə isə, məlumdur ki, Nataliya ondan qəti bir cavab almaq istədikdə, o lap özünü itirir. O, Nataliyaya “boyun əyməyi” məsləhət görməkdən başqa heç nə deyə bilmir. Ertəsi gün Nataliyaya yazdığı məktubunda Rudin məharətlə izah edir ki, onun kimi qadınlarla yaxınlıq etməyə “alışmamışdır”.

Qadın qəlbinin mütəxəssisi Peçorin də belədir. O özü etiraf edir ki, dünyada qadınlardan başqa heç nəyi sevməmişdir, qadınlar üçün dünyada o, hər şeydən keçməyə hazırdır. Bununla birlikdə, o yenə də özü etiraf edir ki, əvvələn, “xüsusi səciyyəsi olan qadınları sevmir: belələrini sevmək, məgər onların işidir!” İkincisi, o heç vaxt evlənə bilməz. O deyir: “Mən bir qadını nə qədər ehtirasla sevirəm-sevim, yenə də, fərqi yoxdur, əgər o mənə hiss etdirsə ki, mən onunla evlənməliyəm - o zaman məhəbbətə əlvida! Qəlbim o saat bir daşa çevrilir və heç bir şey onu yenidən qızdıra bilmir. Mən evlənməkdən başqa hər cür fədakarlığa hazıram; öz həyatımdan iyirmi dəfə keçərəm, hətta namusumu belə ortalığa qoyaram, lakin öz azadlığımı satmaram. Mən nə üçün öz azadlığımı bu qədər sevirəm? O mənim nəyimə lazımdır? Mən bu azadlıqla haraya hazırlaşıram? Gələcəkdən nə gözləyirəm? Doğrusu, heç bir şey. Bu, nə isə, irsi bir qorxudur, izah edilməz və sövq təbii bir duyğudur ” və sairə. Lakin mahiyyət etibarilə bu, oblomovçuluqdan başqa bir şey deyildir.

Siz elə zənn edirsiniz ki, hələ Onegin bir tərəfə qalsın, Peçorin və Rudinə məxsus bu sifətlər öz növbəsində, İlya İliçdə yoxdur? İstədiyiniz qədər var! İlya İliç məsələn, Peçorin kimi, qadına mütləq malik olmaq istəyir, qadını, öz sevgisini sübut etmək üçün hər cürə fədakarlığa məcbur etməyə çalışır. O, Olqanın ona ərə gedəcəyinə əvvəlcə ümid etmirdi və buna görə də evlənmək təklifini Olqaya çox qorxa-qorxa açıb deyir. Olqa ona gərək ki, belə bir söz deyir: "Siz bunu çoxdan etməli idiniz". İlya İliç özünü itirir, Olqanın razılığı hələ onu kifayətləndirmir və siz bilən, o nə desə yaxşıdır?...

O, Olqanı sınamağa başlayır: Oblomov belə düşünür ki, Olqa onu çox sevirsə, onun aşnası olmağa özündə qətiyyət tapa bilər! Olqa heç bir zaman bu yolla getməyəcəyini dedikdə isə, Oblomov pərt olur: lakin Olqanın sonrakı izahatı və ehtiraslı səhnə onu sakitləşdirir. Buna baxmayaraq, İlya İliç axırda o qədər qorxaqlıq edir ki, hətta Olqanın gözünə görünməkdən belə qorxur. Özünü xəstəliyə vurur, körpünün açılmasını bəhanə gətirir, Olqaya işarə vurur ki, onunla evlənsə, biabır ola bilər və sair. Bütün bunlar nədən irəli gəlir? Ondan irəli gəlir ki, Olqa ondan qətiyyət, iş tələb edir, İlya İliç isə bunlara adət etməmişdir.

Evlənmək öz-özlüyündə onu Peçorin və Rudini qorxutduğu qədər qorxutmur: Oblomovun adət və vərdişləri daha çox patriarxal xarakter daşıyır. Lakin Olqa istəyir ki, evlənməkdən əvvəl, o, öz malikanəsinin işlərini sahmana salsın: bu onun üçün, əlbəttə, bir fədakarlıq olardı, o, bu fədakarlığı etmir və əsl bir Oblomov kimi özünü göstərir. Bununla belə o özü çox tələbkardır. O, Peçorin kimi hərəkət edərək, Olqanın başına belə bir iş açır: onun beyninə düşür ki, üzdən bir o qədərdə yaraşıqlı deyildir və ümumiyyətlə Olqanın onu möhkəm sevə bilməsi üçün kifayət qədər cəlb edici bir görkəmə malik deyildir.

O, bu dərddən əzab çəkməyə başlayır, gecə yata bilmir, nəhayət, qüvvəsini toplayıb Olqaya rudinsayağı uzun bir məktub yazır və bu məktubda vaxtilə Onegenin Tatyanaya, Rudinin Natalyaya və hətta Peçorinin knyajna Meriyə demiş olduğu məşhur və çeynəmiş fikri təkrar edir: “Mən, görünür, elə yaranmışam ki, siz mənimlə birlikdə xoşbəxt olmazsınız; bir zaman gələr, siz özünüzə daha layiq olan başqa birisini sevərsiniz”.

Dönür qız xəyala, dəyişir hər an,

Ağac da gördükcə bahar çağını

Dəyişir daima öz yarpağını.

Görünür göylərin qərarıdır bu.

Yenidən seviniz: bu dəfə, fəqət,

Sizi sarsıtmasın hissi-məhəbbət;

İradə! Saxlayın xatirdə bunu,

Hər kəs mənimkimi anlamaz sizi,

Fəlakət gözləyir təcrübənizi.

Oblomovların hamısı özlərini alçaltmağı sevirlər. Lakin onlar bunu o məqsədlə edirlər ki, sevgisi rədd edilmiş bir adam vəziyyətində qalsınlar və kimin qarşısında özlərini danlayıb alçaldırlarsa, onların tərifinə layiq olub, həzz alsınlar. Onlar özlərinin bu cür alçalmalarından razıdırlar və bu cəhətdən onların hamısı Rudinə bənzəyirlər. Rudinin haqqında isə Piqasov belə deyir: “Öz-özünü söyüb danlayır, özünü ləkələyib rusvay edir-fikirləşirsən ki, bu adam bir daha Allahın yaratmış olduğu bu işıqlı dünyaya baxmaz. Lakin, xeyr! O, bu halda elə nəşələnir ki, elə bil araq vurubdur!”.

Onegin də belədir. O da özünü söydükdən sonra Tatyananın qarşısında özünü alicənab bir adam kimi göstərir. Oblomov da belədir. O da Olqaya yazdığı məktubda öz-özünü məsxərəyə qoyduqdan sonra hiss edir ki, bir az yüngülləşmişdir və demək olar ki, tamamilə xoşbəxtdir… Oblomov da öz məktubunu Onegin kimi ibrət dərsi verməklə qurtarır: “Mənimlə keçirdiyiniz əhvalatın tarixi qoy gələcək, normal sevgi üçün sizə rəhbər olsun” və sair.

İlya İliç, məlumdur ki, özünü Olqanın qarşısında alçaldaraq düşdüyü bu vəziyyətin zirvəsində saxlaya bilmir: məktubun Olqaya necə təsir edəcəyini görmək üçün onun yanına gedir, onun ağladığını görüb razı qalır və bir böhranlı dəqiqədə ona yaxınlaşmaqdan saxlaya bilmir. Olqa isə “onun xoşbəxtliyinin qayğısı naminə” yazılmış bu məktubda Oblomovun özünü nə qədər bayağı, rəzil və xudbin bir adam kimi göstərdiyini ona sübut edir. Burada, səciyyə və inkişaf etibarilə özlərindən yüksək bir qadınla üz-üzə gəlirkən bütün Oblomovların etdiyi kimi, İlya İliç də bütünlüklə qorxaqlıq edib geri çəkilir./kultura.az

# 916 dəfə oxunub

Müəllifin son yazıları

# # #