Ruhi xəstə olmuş 10 dahi

Ruhi xəstə olmuş 10 dahi
24 iyun 2014
# 15:57

Onlar dünya ədəbiyyatının, fəlsəfəsinin xəzinəsini dəyərli ideyaları, əsərləri ilə zənginləşdiriblər. Özləri ruhi cəhətdən sağlam olmasalar da.

Gi de Mopassan, fransız yazıçısı (1850-1893)

Diaqnoz: Beynin proqressiv iflici

Simptomlar: ipoxondriya (insanın öz sağlamlığından aşırı narahatlığı), intihara meyl, sayıqlama, hallüsinasiya.

Mopassan ömrü boyu psixi pozuntulardan əziyyət çəkirdi, ən çox qorxduğu şeysə dəli olmaq idi.

1884-cü ildən başlayaraq onun xəstəliyi ağırlaşır. Ömrünün sonunda iki dəfə özünə qəsd edir: bir dəfə revolverlə, bir dəfə isə bıçaqla.

1891-ci ildə yazıçı yarıanlaqlı vəziyyətdə Passidə doktor Blanşın klinikasına yerləşdirilir və ölənəcən həmin klinikada qalır.

Edqar Allan Po, Amerika yazıçısı (1809-1849)

Bəlkə də psixikasının pozulması səbəbindən idi ki, Poe-nun hekayələri əsasən qorxunc hadisələr üzərində qurulurdu.

20-yaşından sonra Poe tez-tez depressiyaya düşürdü. İçki düşkünü olması da onun psixikasını pozurdu. Tezliklə o, tiryəkə də meyllənir. Ruhi tarazlığı tamam pozulmuş yazıçının mütəmadi tutmaları tutur, idarəolunmaz məxluqa çevrilirdi. Şəxsi həyatındakı uğursuzluq da bir yandan onu üzürdü. Həyat yoldaşı Virginia gənc yaşlarında vərəmə tutulmuşdu. 5 il Poe-nun gözləri qarşısında əriyən Virginia nəhayət canını tapşırır. Bu yazıçıya ağır zərbə olur. Bundan sonra o iki dəfə evlənməyə cəhd edir. Heç biri alınmır. Birincisində yazıçının əcaib davranışlarından qorxuya düşən qız ona "yox" cavabı verir. İkincisində isə toy ərəfəsində Poe-nun qəfil yoxa çıxması işləri pozur.

Poe o qədər içir ki, gecələr evə də gəlmir. Bir dəfə isə onu axtarıb 5 gün sonra Baltimorun ucuz qəlyanaltıxanalarının birində tapırlar. Yazıçını ruhi xəstəxanaya yerləşdirirlər. Dəhşətli hallüsinasiyalardan qurtula bilməyən yazıçı 5 gün sonra vəfat edir. O, həmişə təklikdə ölməkdən qorxurda. Amma başına gəldi. 1849-cu ilin 7 oktyabrında gecə saat 3 radələrində keçinəndə Poe-nun yanında yaxınlarından kimsə yox idi. Ölümqabağı o, sayıqlayıb Ceremi Reynoldsu (şimal qütbünü öyrənən səyyah) çağırırmış...

Fridrix Nitşe, alman filosofu (1844-1900)

Görkəmli filosof ömrünün son 20 ilində psixi pozuntulardan əziyyət çəkib.

O özünün ən çox diqqət çəkən əsərlərini də həmin dövrdə yazıb.

Məsələn, "Zərdüşt belə deyirdi"ni. Onun günü ruhi xəstəxanalarda keçirdi, evdə isə onun sağlamlığının qeydinə anası qalırdı.

Nitçenin xəstəlik tarixçəsində deyilir ki, o, bağırıb əzab səslər çıxarar, öz çəkməsindən sidiyini içər, xəstəxananın gözətçisini Bismark zənn edər. koykada yox, yerdə yatar, keçi kimi atılıb-düşərmiş. Onda özünüböyütmə sayıqlamaları vardı. Məsələn, tanış-bilişə "İki aydan sonra dünyada ən böyük adam olacam" tipli məktublar göndərərmiş.

Nitşenin ideyaları sonralar faşizm üçün də ilham mənbəyi olmuşdu. Onun təklif etdiyi əxlaq mərhəmətə əsaslanmırdı. Onun üçün "Allah ölmüşdü". Bu, güclü insanın hakimiyyətə sahiblənməsini dəstəkləyən, zəiflərin çıxdaş edilməsinə bəraət qazandıran əxlaq idi.

Ernest Heminquey, Nobel mükafatı laureatı (1899-1961)

1960-cı ildə Heminquey Kubadan ABŞ-a qayıdır. O, tez-tez depressiyaya düşür, özünə inamı azalır, qorxuları artırdı. Demək olar ki, yaza bilmirdi. Bütün bunlara görə ruhi xəstəxanada müalicə almağa razılaşır. 20 seans elektroşokdan keçir.

Yazıçı həmin seanslar haqda belə yazırdı: "Məni elektroşokdan keçirən həkimlər yazıçıları anlamırlar. Mənim beynimi darmadağın edib, yeganə kapitalım olan yaddaşımı pozmaq, məni həyatın bir kənarına atmaq onların nəyinə gərək idi? Yüksək səviyyədə müəlicə idi, amma onlar bu prosesdə pasientlərini bir insan olaraq itirdilər".

Klinikadan çıxan Heminquey görür ki, yenə də yaza bilmir. İlk intihara cəhdi də bu zaman edir. Amma yaxınları onu xilas edirlər. Arvadının xahişi ilə o, təkrar mülicə alır. Amma intihar niyyətindən əl çəkmir. Xəstəxanadan çıxan kimi özünü qoşalüləsi ilə güllələyir. "Kişinin yataqda ölməyə haqqı yoxdur" - o deyirdi, "kişi ya döyüşdə ölər, ya da gülləni alnına çaxar".

Franz Kafka. Avstriya-çex yazıçısı (1883-1924)

Kafkanın psixi problemlərinin kökü uşaq vaxtı atası ilə baş verən konfliktlərə gedib çıxır.

Bir də gənc yaşlarında intim sahədəki psixosomatik problemlərinə.

Ailəsi onun yazıçılığına pis baxırdı. Buna görə də Kafka ilk dövrlərdə bu işlə gizli məşğul olurdu.

"Bu mənim üçün dəhşətli bir ikili həyatdır" - Kafka gündəliyində yazırdı - "bu dəhşətdən bir çıxış yolu var, o da dəlilik".

Atası istəyirdi ki, Kafka işdən gəlib onun dükanında da bir neçə saat çalışsın,"gicgici işlərlə məşğul olmasın".

Dostu Maks Brod yazır ki, bir dəfə Kafka buna görə intihar etmək fikrinə də düşübmüş, hətta vida məktubu da yazıbmış. Brod həmin vaxt dostunu fikrindən daşındıra bilmişdi.

Kafkanın psixi vəziyyəti bəzən aylarla qeyri-stabil olurdu.

Yazıçı gündəliklərində etiraf edirdi ki, "Yata bilmirəm, yuxu görmürəm. İçimdə qəribə bir təlatüm var. Başımda da müdhiş bir aləm. Necə edim ki, bütün bunlardan azad olum?"

Yazıçı 41 yaşında vərəmdən ölür, ömrünün son 3 ayında onun təkcə cismi məhvə doğru getmir, həm də psixikası pozulurdu. Ölümündən qabaq o, dostu Maksdan əsərlərini məhv etməyi də xahiş edir. Yaxşı ki Brod bu vəsiyyətə əməl etmir.

Conatan Svift, irland yazıçısı (1667-1745)

Ömrünün sonunda məşhur yazıçının ağlı zəifləmişdi.

Güman edilir ki, Alzheymer xəstəliyinə tutulmuşdu. Yaddaşını tamam itirmişdi. Ətrafındakı insanları tanıya bilmir, onların nitqini anlaya bilmirdi.

1742-ci ildə xəstəlik kəskinləşir, Svift iflic olur.

Özünü idarə edə, özünə baxa bilməyən yazıçını yaxın qohumunun himayəsinə verirlər.

1745-ci ildə Svift vəfat edir.

Sağlığında hədsiz dərəcədə populyar olan, əsərlərindən, o cümlədən "Qulliverin səyahəti"ndən çoxlu pul qazanan yazıçı var-datının ruhi xəstəxana tikilməsinə xərclənməsini vəsiyyət edir.

Jan Jak Russo, fransız yazıçısı, filosofu (1712-1778)

Russo daim ona qarşı sui-qəsddən şübhələnirdi, düşünürdü ki, ətrafındakı adamlar onu aradan götürmək, şərləmək istəyirlər.

1760-cı illərdə yazdığı "Emil, yaxud Tərbiyə haqqında" məşhur kitabından sonra yazıçının kilsə və hökumət ilə konflikti yaranır.

Bundan sonra o, daim məkanını dəyişməyə başlayır.

İzlənilməkdən ehtiyatlanır.

Bir dəfə isə qaldığı qəsrdə qalmaqal yaradır.

Ona elə gəlir ki, qəsrin sakinləri onu ölmüş xidmətçinin qatili sayır və yazıçı tələb etməyə başlayır ki, meyit yarılsın...

Nikolay Qoqol, rus yazıçısı (1809-1852)

Diaqnoz: Şizofreniya, periodik psixoz

Simptomlar: Görmə və eşitmə hallüsinasiyaları, apatiya dövrləri, süstlük, qəfil həyəcan tutmaları, klaustofobiya (kiçik məkanlardan qorxu)...

Şizofreniya böyük yazıçını ömrü boyu rahat buraxmayb. Ömrünün sonunda isə kəskinləşib. 1852-ci ildə Qoqolun yaxın dostunun bacısı Yekaterina Xomyakova qarın yatalağından vəfat edir. Bu, yazıçıda ippoxondriya tutmaları doğurur. O, demək olar ki yeməkdən imtina edir, gecəsi-gündüzü ibadətdə keçir, həkimlər təkzib etsələr də, sağalmaz xəstəliyə düçar olduğunu düşünür.

O hətta əlyazmalarını yandırır. O dövrün müalicə üsullarının, zəlilərin, başın buz kimi suya salınmasının xeyri olmur. 1852-ci il fevralın 21-də Qoqol vəfat edir. Onun ölümünün səbəbləri hələ də tam bəlli deyil. amma güman edilir ki, yazıçı öz şübhələri və qorxuları ilə özünü fiziki və ruhi cəhətdən tükəndirmişdi.

Virciniya Vulf, ingilis yazıçısı (1882-1941)

Virginia 13 yaşında olarkən yaxın bir qohumu onu zorlamağa cəhd edir.

Bu onun psixikasına təsirsiz ötüşmür, onda kişilərə nifrət yaranır.

Daha sonra anası və atası dünyasını dəyişir...

Gənc qız hətta intihara da cəhd edir. Bundan sonra depressiyalar, yuxusuzluq və dəhşətli yuxular onun həyatında adi hala çevrilir.

Yazıçı daim şikayətlənirdi ki, quşların səsi ona rahatlıq vermir.

Halbuki bu, hallüsinasiya idi.

1941-ci ilin əvvəlində gecə bombardmanından sonra yazıçının Londondakı evi dağılır. Onun kitabxanası məhv olur, əri ölümdən qayıdır.

Bütün bunlar yazıçının psixikasına son zərbə olur. Həkimlər ona ruhi xəstəxanada müalicə olunmağı tövsiyə edirlər.

Yaxınlarına əziyyət vermək istəməyən yazıçı 1941-ci il martın 28-də paltosunu geyir, ciblərini daşla doldurur və özünü Ous çayında boğur...

Sergey Yesenin, rus şairi (1895-1925)

Diaqnoz: Manyakal-depressiv psixoz

Simptomlar: İzlənilmə maniyası, qəfil qəzəblənib özündən çıxma, qeyri-adekvat davranış (o, mebeli, qab-qacağı, güzgünü sındrır, insanları təhqir edirdi).

Yeseninin tutması ən çox da içki içəndən sonra tuturdu.

O. dəfələrlə Rusiyanın, Fransanın ruhi xəstəxanalarında müalicə almışdı.

Amma bunun xeyri az olmuşdu.

Professor Qannuşkinin klinikasından çıxandan 1 ay sonra Yesenin intihar etmişdi:

"Anqleter" mehmanxanasındakı otağının istilik borusundan özünü asmışdı.

Oxuzali.az

# 3199 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #