İçində qız ağlayan şeir

İçində qız ağlayan şeir
30 yanvar 2014
# 10:59

Gecə biri oyaqdır!

Bir şeir yaz sağ əlim,

İçində sevgi olsun

Bolluca xoşbəxtlik qat,

Ac ruhum bəlkə, doysun.

Bir şeir yaz son dəfə,

Ağlasın içində qız

Tez-tez açım oxuyum,

Ərisin gözümdə buz.

Bir şeir yaz gecədən,

Səhərə işıq salan

Getsin yuxuya tezcə,

Bu biçarə ağlağan.

Sətirlər olsun qatar,

Aparsın xəyalları

Daha bizə kim batar,

Ey təkliyin adamı!

Hərdən yağışa dönüb,

Axsın damcı-damcı yaş

Mən çəkiləcəm geri,

Ruhumla özün dalaş!

Bir şeir yaz sağ əlim,

Sevginin gözü dolsun

Yağsın həsrət üstünə,

Bir azca hüzn olsun.

Bir gün kəsib atacam,

Sağ əl, səni kökündən

Gecə vaxtı çıxardın,

Ruhumu beşiyindən.

Tənhalıq nəğməsinin,

Notları baş-ayaqdır

Sus, qoy heç kəs bilməsin,

Gecə biri oyaqdır!

# 1992 dəfə oxunub

Müəllifin son yazıları

# # #