Bir az gülək, poza verək

Bir az gülək, poza verək
30 sentyabr 2013
# 16:30

Əsir çərpələnglər

Yazıb-silək,
Keçib-gedək,
Bir yalançı qafiyətək,
Qəlibinə düşməsə də,
Qəlbimizi peşkəş edək.
Yenə də cəng,
ölənədək...
Hər nə qədər cütləşdisə...
O qədər də təkləşərək,
ələk-vələk oldu ürək!

Bir az gülək,
Poza verək,
Şəkillərdə yaxşı düşək...
Ötüb-keçək...
Çəkildimi?
Şəkillərim də dərd kimi...
Gözlərimin parıltısı,
Yaşadırmış nisgilimi.
Yenə də bərk,
Yenə də tərk...
Atın tərki, silah tərki,
Ümid tərki, murad tərki...
Günahlarım tərk etməz ki...
Savablarım külək-külək.

Gah üzümə vuracaqmış,
Gah sərinlik verəcəkmiş...
Gah yerimdən qoparacaq,
Gah da yerə yıxacaqmış.
Dilim yüyrək,
Lap nağıltək...
Ta sənədək
Gələnədək...
Mən boşluqda yellənirəm,
Ya bilmirəm, sürünürəm...
Xəyallar azad quşsa da,
Arzular əsir çərpələng!

Nə olacaq,
nə gələcək?
Kömək etmir
"-acaq", "-əcək"...

# 1866 dəfə oxunub

Müəllifin son yazıları

# # #