Mənim tanıdığım Əlabbas

Mənim tanıdığım Əlabbas
27 iyun 2018
# 14:33

Avdı Qoşqar

Əlabbas mənim yadımda həmişə odlu-odlu danışan, iti addımlarla hərəkət eləyən adam kimi qalıb. Görmüşəm ki, gah yazı-pozu, gah çap, gah da ev-eşik qovğası onun enerjisini ruhundan qoparmağa çalışıb. Yazdıqlarını da daim atüstü, qaçaqaç yazıb. Bütün bunlara rəğmən əyiləndə də ya ayaqqabısını bağlamağa əyilib, ya da qamətini şax saxlamaq üçün yerdən enerji götürüb. Başını qaldıranda düz baxıb buynuzu içində olan boz üzlərə... Odu dözüb bu vurhavura... Gəlib çıxıb bu günə...

...“81-in sentyabrında sevdiyim müəllimlik işindən ayrılıb Şahbuzdan Bakıya üz tutanda yazı-pozu ilə bərabər, ordan özümlə iki yara gətirmişdim; biri mədəmdə, o biri ürəyimdə... İyirmi ilin o lənətlənmiş mədə yarasına 2002-ci ilin ayazı adamı nahaq söz kimi yandıran bir qış günündə axır ki, cərrahlar birtəhər əncam qıldılar, amma ürəyimdəkinə Tanrı özü də əlac eləyə bilmədi...”

...Nə yer verən əzaba, nə Tanrı əta eləyən “yaraya” bu dünyada çarə bulunmur, Əlabbas. Çünki yer də öz hökmündə qətidir, ulu Tanrı da qıydığını geri istəyən deyil. Çünki, bir qabdan çox su içmişik. Hərdən cərrahların götürdüyü yaranın göynəyinin səni necə əyib-bükdüyünün canlı şahidi olmuşam – “cərrahlar əncam qıldılar” – desən də...

Ürəyindəki yaranı isə Tanrı eşq bələyinə möhkəm qundaqladığı üçün çalın-çarpaz dağların yeri yaxşı ki, indi də küt ağrı kimi için-için sızıldayır canında... O müqəddəs göynərtidir – ondan yaxa qurtarmağa çalışma... Əgər onu da yellərə versən, day onda heç nədən danışma, heç nə yazma. Otur gözlə əli qılınclı kişini...

Canım Əlabbas, nə “iyirmi ildən çox sənə qayınanalıq eləyən tənqidi” qına, nə də “acı bir xatirəyə sözardı”nı oyat. Qoy hər şey öz qınında sakitcə otursun... Özün yaxşı bilirsən ki, nə gündöyəndə qar əylənməz, nə gözəldə ilqar. Sən nəyi əyləmək istəyirsən?

Barış münasibətlər xoruna dirijorluq eləyən tənqidlə də, sənə, mənə, duyğulu arkadaşlara acılar yaşadan qabaqda gedən əli baltalılarla da...

Yaxşını, istedadı hamı görsə də, dəyər verəni az olur. Bu “Şərq boyda xarabanın”, biganə yurddaşlarımızın şakəridir. Sevirlər közü öz qabağına çəkməyi. Özümüzdən sonranın kökünü qazımağa bir canıq. Ustad Məmməd Araz demişkən:

Özü şapalağa dəyməyən kəsi –

Hörmətə mindirmə bir şapalaqla...

...Sən ondan yapış – necə ki, möhkəm yapışırsan Tanrının sevdiyi bəndələrinə qıydığı “könül yarasından”. Hamıya verilməyən eşq butasını möhkəm saxla. Necə ki, ürəklə, xoş bir müjdə kimi hayqırırdın: “Mən Qarateli sevirdim.” O təkcə Qaratelə olan sevgi deyildi. O uca Tanrının sənə ürək dolusu verdiyi həyat eşqi, yaşayıb, yaratmaq sevdası idi. Onun kəramətiydi ki, sənə iyirmi yaşında “Köhnə kişi”ni yazdırırdı. O idi ətrafın pıçıltıyla deyə bilmədiyini, sən ürəklə aləmə bəyan eləyirdin. O idi səni Azərbaycan dilinin xalis qatıyla düşünüb-danışdıran...

“Murad əlini cibinə sala-sala həyətin tən ortasında iri, dəyirmi duz daşının üstünə çökdü. Cibindəsə vur-tut üç şey var idi: dəsmal, papiros, kibrit...

Murad ən birinci dəsmalı çıxartdı...”

Muradı – altı qız atasını çöllərə salan da eşq adlı bəla idi. Ona tutulan ondan yuxarı heç nəyi görmür – eynən sənin kimi. Yoxsa sənin nə hünərin idi – 60 yaşlı Muradı Qaratelin ayağına gətirəsən. Öz acığını çıxırdın. Çıxdın da. Onun uğuru da bundaydı.

...O ilahi eşq, o dəli istək idi səni yerindən eliyən. O cür insanı sevib içinin ağrıyan, öləziyən yerini ağrıya-ağrıya kəsib doğramaq, altmış yaşlı kişini – Muradı həyatın dəli girdablarında insafsızcasına batırıb öldürüb-diriltmək, sinəsi sevgiylə dolu duyulmayan Qarateli eşq sınağında tikə-parça eləmək üçün özündən yuxarı eşqin, ehtirasın gərək ola...

...Böyük ədəbiyyatda ziddiyyətli obrazlar var... “Sakit Don”da Melexov, “Dəli Kür”də Cahandar ağa... Obrazın, xarakterin böyüklüyü onun ziddiyyətinin boyuyla ölçülür. Bütün böyüklüyün kökü, xarakterin dərinliyinə bağlanır. Yadımdadır, doqquzuncu sinifdə oxuyanda ötən əsrin altmışıncı illərinin sevilən romanı - “Dəli Kür”lə bağlı yazı yazmaq istədim. Cahandar ağanı açmaq elə də asan deyildi. Ha əlləşdim onu müsbət obraz kimi təhlil eləyəm. Nə illah elədim, alınmadı. Necə milli bəy obrazıdır ki, arvadının, yekə oğul və qızının üstünə yad bir kişinin arvadını gətirir. Bununla bağlı evdə ziddiyyət düşür. Arvadla, oğulla Cahandar ağa üz-üzə dayanası olur. Elə Cahandar ağanı da, Qriqori Melexovu da sevdirən onların həyata baxışlarındakı ziddiyyətdir. Bu min illərlə belədir. Şübhə biliyin, elmin açarı olduğu kimi ziddiyyət xarakterin ucalığı və faciəsidir. Muradı necə sevmiyəsən? Deyəsən, Qorkinin sözüdür: “Hər bir halal qadının ürəyinin dərin qatında fahişəlik uyuyur.” Muradın altı qızı var, altmışa yaxın yaşı. Qaratel isə bir ilin gəlinidir. Bunların gözünü bağlayan eşqin iki ayrı-ayrı tərəfi var; birində kəndin iblislərinin, şarlatanlarının əliylə işindən uzaqlaşdırılan, şər yaxılan Muradın intiqam qarışıq bəlalı sevgisi. O biri tərəfdə isə sevməyib ərə gedən və oranı gor evi bilən Qaratelin duyulmaz qadın ürəyi. Bu obrazların alt qatında həyatın bütün rəngləri çox ustalıqla açılır. Murad yalama kimi tolazladığı daşlarla beş-on dələduzu qovmur – halal üç nəfərdən başqa. O yalanı, dələduzluğu, nadan sürüsünü daşlayır. Çünki o murdar toxumdan yad şivlər cücərəcək...

Bütün sevdiyim, eşqlə yazılan əsərlərin dilini belə qaynar, odlu gördüm. Birinci səhifəni başlayan kimi sanki boğazında isti bir udum tüpürcək eləcə havadan asılı qalır. Sanki onu udmağa cəsarətin çatmır. Elə bilirsən ki, udsan bütün əsərin şirinliyi gedəcək. Odur ki, əsərin hərarətiylə isinən o isti tüpürcəyi oxuyub qurtarana qədər uda bilmirsən.

Peşəkar söz adamları belədir. Elə bil cümləsini daşdan yonur. Nəinki bir sözü, heç bir səsi də maqqaşla dartıb çıxarmaq olmur.

“Qaratel gözlənilmədən xəbər aldı:

- Məni çox istəyirsən, Gülab xalanı?

Nə təhər ki, ağıllı, üzüyola uşağı öpüb əzizləyərlər, eləcə də Murad Qaratelin alnından öpüb narınca-narınca güldü və:

- Gecələr səni çox istəyirəm, - dedi, - gündüzlər Gülab xalanı...”

“...Bu o günlər idi ki, hələ bütün yaşıdları kimi Qaratel də Murada dayı deyirdi və o xəlvəti gecələrin birindəki ta bu həyətin iti Murada hürmədi, tanıyıb hürə bilmədi, o vədə Qaratel bildi ki, fikirləşməyinin daha kor qəpiklik əhəmiyyəti yoxdur. İşin tərsliyindən Murad da o gecə yerini lap şirin saldı...”

...Düzyurdun, Sarıyalın, Arvananın yolları bağlıdı. Qışın çovğunu əldən salıb qocaları. Əsgərxan ölüm yatağındadır. Məktəb direktoru Lətif müəllimin xəstə üstdə getməyə halı qalmayıb. Ölünü basdırmağa kişi xeylağı qəhətə çıxıb. Dağ boyda kişinin cəsədi qalıb qadınların umuduna. Erkək Ağca bu işin öhdəsindən ustalıqla gəlməyi bacarar, ancaq covqun, tufan ara vermir. Kənddə isə cəmi-cümlətanı üç qoca kişi qalıb. Lətif müəllim, Əsgərxan, biri də Dağbəyi. İndi Arvananın qara günləridi. Əsgərxan dünyasını dəyişir, fəqət onu basdırmağa adam tapılmır. Bu təkcə dağ kəndinin bəlası deyil. Bu düzü dünyada sağ əməlli üç kişi tapmaq müşkül məsələdir. “Lətif müəllim ömrü boyu can qoysa da, Arvanadakı məktəbi on illik eləmək ona qismət olmadı. Kənd uşaqları, əsasən də oğlanlar, hələ də qonşu kəndə - Düz yurda ayaq döyürlər. Arvananın dağılması elə belə şeylərin ucbatından oldu...”

Müəllifin sətiraltı fikirləri çox sərrastdı. Dağılan təkcə Arvana deyil, Əsgərxan basdırmağa beş kişinin olmamasının səbəbi təkcə onun övladının olmaması deyil, yol göstərən, salqarlı kişilərin yoxa çıxmasıdır. Aşınan cəmiyyətin gününü ağlamağa Əlabbasın yatağı quruyan gözündə hələ ehtiyat göz yaşı tapmaq olar...

Bu da sevginin təzahürüdür... yazıçının insana, insanlığa olan məhəbbətinin bədii ifadəsidir. Həm də aşınmaya məhkum cəmiyyətə mesajıdır. İnsanın ölə bilməmək, basdırılmamaq təhlükəsinə çalınan SOS-dur.

...Yazı yazmaq iynəylə gor qazmaq kimi bir şeydir. İllah da sözü köynəyindən yana-yana keçirənlər üçün. Yazıçı Əlabbasın yaradıcılığında sözün, yazının rəngi, boyası qabarıq görünür. İki istiqamət özünü göstərir Əlabbasın yaradıcılığında. Birincisi cəmiyyətin, həyat tərzinin insanı sıxan, əzib xırdalayan, dalana dirəyən ağrıları, buxovları yazıçı ustalığı ilə verilir. Elə bil bununçün doğulub Əlabbas. Cəmiyyətdəki ziddiyyətləri obrazların daxili aləminə elə usta eydirir ki, elə bil bu obrazlar anadan belə doğulub. “Köhnə kişi”, “Uçurum”, “Qiyamçı” və bir çox hekayələrində olduğu kimi...

Müsahibələrinin birində özünün dediyi kimi... “Kim ki, iyirmi yaşda qiyam etmir, ürəyi, kim ki, qırx yaşda qiyam edir ağlı yoxdur. Mənim uğurum onda oldu ki, “Qiyamçını o iki yaşın arasında və üstəgəl “Köhnə kişi”nin xofu ilə yazdım. İndinin özündə də ürəyimdə dərin bir inam var ki, mən “Qiyamçı” ilə Azərbaycan dilinin çoxlarının enə bilmədiyi bir dərinliyinə enmişəm.”

Yazıçının bu cür özünə güvənci çox vacib elementdi – bu mənada ki, Əlabbas kimi onu deməyə haqqı ola... İkincisi Əlabbasın eşidiləcək dərəcədə vuran ürək çırpıntıları ilə qələmə aldığı povest və hekayələrinin dili ayaq açıb yeriyir sanki. Adamın içini qopardır. “Gümüşü gecələr”, “Mən Qarateli sevirdim.”, “Qaraqovaq çölləri”...

Bir oxucu kimi mənimçün Əlabbasın “Qiyamçı” yönündə yazıları daha maraqlıdır. Ancaq bu da var ki, “Köhnə kişi”ni və başqa alt layı dərin olan əsərləri sevdirən də yazıçının ürəklə qələmə aldığı sevgi notlarıdı. Milli kökdən gələn salqarlı sevgi səhnələri, Qaratelin əsgərlikdən gələn “arvaddan tez yatan köpəkoğlu” ərini qarşılama səhnəsindəki usta gedişlər, gözlənilməz psixoloji məqamlar sanki lay-lay açılır. Qaratel gor evi bildiyi ər evindən Muradın komasına üz tutur. Burda Qaratel oxucu gözündə “öz günahını” yuyur. Cəfakeş Əlabbas bu məqamı o qədər usta verir ki, iyirmi bir yaşlı gəncin potensialının sonralar bir yazıçı kimi o nəhənglikdə açılmaması üçün cəmiyyəti və ədəbi mühiti daha çox qınayası olursan – Əlabbasdan qabaq. Əlabbasın ədəbi taleyinə bələd olduğum üçün bu məndə acı təəssüf doğurur. Özləri hər cür qayğıdan yararlandığı halda, onu göstərməyə çox xəsisdilər. Ədəbiyyat elə bil dədələrinin örüş yeridir, orda ancaq onların pazaq qoyun-quzuları otlamalıdır. Əcəb yoncalıq tapıblar... İstər-istəməz ədəbi mühitin qeyri-sağlam yönünün bəlasını ayrı-ayrı qələm sahibləri daşımalı olur. O “ayrı-ayrılar” da mənəm, sənsən, odur – nəticədə beli qırıq ilan kimi sürünməyə məcbur olan qələm sahibləri ölənəcən belini dikəldə bilmir. Qələm təpərdən düşür, o səhnələri şövqlə təsvir eləyən eşq “soyuyur”, torpağa bulaşır, yerə enir. 2013-cü ildə qələmə aldığı “Arvanada dəfn” hekayəsindəki boşalan yurdun ağrısı can verən qocanın yerdə qalan tabutu qadınlar çiynində qəbiristanlığa aparılsa da o, Əsgərxan “Xan” kimi dünyasını dəyişmir. Ən azından buna boşalan kəndin boyatımış sevgisi çatmır.

Elə əslində dünyada çatmayan ən böyük iksir sevgidi, eşqdi, “Mən Qarateli sevirdim”di. İndi onun qıtlığıdı. Hamı sənin kimi eşq qulu deyil ki. Qarateli canı dildən indi də sevəsən və o sevgiylə yazıb yaradasan. Özünün yazdığın kimi:

“Heç bir sevginin vüsalı insanı bunca xoşbəxt etməzdi ki, mən o sevgidən yarıdım.

...İndi yaşıdlarımın bir çoxundan fərqli olaraq yaradıcılıq enerjisini artıran və yararlılıq müddətinə heç bir məhdudiyyət qoyulmayan əbədi və qüdrətli bir həbim var mənim.”

Yaxşı bildiyin kimi, bu həbin adına eşq deyirlər, Əlabbas... Ulu Tanrı onu səndən əskik eləməsin.

# 1247 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #