İlqar Kamil tənhalığı...

İlqar Kamil tənhalığı...
17 mart 2017
# 16:23

Şahanə Müşfiq

Onu ilk dəfə sosial şəbəkə vasitəsilə tanıdım: bir dostum şeirini paylaşmışdı. Diqqətimi çəkdi və özüm də ona dostluq yolladım, qəbul etdi. Vaxtaşırı elə öz səhifəsindəcə şeirlərini, esselərini paylaşardı. Mən onu ilk dəfə şair kimi tanısam da, sonradan öyrəndim ki, sən demə, iki nəsr kitabının müəllifi imiş (“Ayrılıq”, “Anam üçün”). Bu kitablar haqqında yetəri qədər fikir bildirilib, məqalələr yazılıb. Mən isə sizə onun üçüncü kitabından söz açacağam- “Tanrı tənhalığı” adlı şeirlər və esselər kitabından...

Kitab şeirlər və esselər olmaqla iki hissədən ibarətdir. İlk növbədə, kitabın adı cəlb etdi məni. Az-çox tanıdığım İlqar Kamil yaradıcılığında Tanrı məfhumu tez-tez qarşıma çıxır və xüsusi maraq oyadırdı. Bəzən o, Tanrını şəxsləşdirir, bəzən obrazlaşdırır, bəzən bütləşdirir, bəzən isə sadəcə bir obyekt kimi yadlaşdırır. Ancaq bu kitabın elə adındaca Tanrının şəxsləşdirildiyini görürük. Müəllif üçün Tanrı görmədiyi, amma qəlbi ilə, varlığı ilə, bütün mənliyi ilə hiss edə bildiyi bir Şəxsdir.

Dinlərdə deyilir ki, Tanrı təkdir, Vahiddir. Əsrlər boyu ədəbiyyat adamları Tanrının bu təkliyini bir az da poetikləşdirərək Onun tənhalığı kimi mənalandırıblar. Görəsən, Tanrı həqiqətən tənhadırmı? Əgər tənhadırsa, bəs bu tənhalığın səbəbi nədir? Tanrı özü bu tənhalığından məmnundurmu? Əslində, bu cür sualların sayını bir az da uzatmaq olar. Müxtəlif dövrlərdə müxtəlif şairlər də bu sualları öz təxəyyüllərinə uyğun şəkildə cavablamağa, bu tənhalığı müxtəlif cür mənalandırmağa çalışmışlar. İlqar Kamil isə bu tənhalığa kitab həsr etmişdir...

Şair kitabını “Sən gedəli” adlı şeirlə başlayır. Şeir məhəbbət şeiridir, yarından ayrı düşən aşiqin çəkdiyi iztirabları anladır. Elə ilk şeirdən biz bir Tanrı qədər tənha olanlardan biri ilə qarşılaşırıq. Bu aşiqin tənhalığı insanlarla doludur. Bir dünya insanın içərisində yalnızlıq çəkən qəhrəmanın düşdüyü bu daxili böhranın səbəbi isə könül həmdəmini itirməyidir. Qıraqdan baxanda hər şey yolunda kimi görünür, qəhrəmanımız, öz dili ilə desək, əməlli-başlı “ağıllanıb”, həyatı qaydasına düşüb, yenə özü dediyi kimi “adam olub”. Amma bu, yalnızca kənardan baxan biri üçün belədir. Bir də onun çəkdiyi iztiraba, rahatlığının arxasında gizlənmiş darıxmağa, çoxluğun qoynundakı tənhalığa nəzər yetirmək lazımdır. Bu işin öhdəsindən isə şair böyük məharətlə gəlir:

...heç olmasa, ax insafsız...

əllərin də yoxdu ki,

axşam-axşam darıxanda

adam tuta, təsbeh kimi oynada...

Elə ilk şeirdəncə artıq oxucuya kitab haqqında bəzi siqnallar ötürülür. Diqqətli oxucu artıq bundan sonra nələrlə qarşılaşacağını az-çox təxmin edir. “Tanrı tənhalığı”nın başlıca obrazları olan eşq, ayrılıq, darıxmaq elə sözügedən şeirdəncə kitaba “ayaq açır”:

Hər şey, hər şey qaydasında,

amma belə qəribə

günlər keçir, gedir,

yadda qalmır amma ki.

Sən gedəli...

necə deyim, qoy lap düzün deyim də:

Sənsiz adam olmaq olur,

Sənsiz olmur amma ki...

Tarix boyu insan oğlunu narahat edən suallar vardır. Hansı ki, illər, əsrlər keçməyinə, şairlərin, yazıçıların, filosofların cəhdlərinə baxmayaraq, hələ də o sualların cavabı tapılmamışdır. İlqar Kamil də kitab boyunca müxtəlif şeirlərində azadlıq nədir, ölüm nədir, həyat nədir, ədalət nədir kimi sualları öz düşüncəsinə uyğun şəkildə cavablayır:

“Bəlkə bir oyundur azadlıq”;

“Sən ədalət kimiydin, sevgilim,

axtarıb tapa bilmədiyim...”

“Ölüm ən rəngarəng yoxluğudu, ən vəfalı məfhumu, hörümçək adamıdı bu kainatın...”

“Yoxsa həyat- qürbətdir?!..”

Şair İlqar Kamil qələminin özünəməxsus xüsusiyyətlərindən biri də təsdiqi, həqiqəti inkarda ifadə edə bilməsidir. Yəni, darıxmağını darıxmıram deyərək, əzabını hər şey yaxşıdır kimi göstərərək... “Tanrı tənhalığı”, “Minacat” kimi şeirlər bu qəbildən hesab edilə bilər:

Deyim, biləsən,

sənin üçün darıxmıram,

heç yadıma da düşmürsən.

Sənə elə gəlir dərdindən ölürəm?

Yox, əşşi

sənsizlik məni üzüb eləmir

qətiyyən,

nə ağlayıram,

nə də pəncərədən baxa-baxa

gözümün yaşını silirəm.

Nə bilim,

sən yoxsan deyə

nigaran da deyiləm heç...

Hissləri bu cür ifadə edə bilmək dilin zənginliyindən, mükəmməl qrammatik bilikdən xəbər verir. Şair doğru sözü doğru yerdə işlətməklə nə demək istədiyini, əslində həqiqətin nədən ibarət olduğunu oxucuya üstüörtülü də olsa, çatdıra bilir:

Sənə deməyəcəm ki, məsələn,

niyə ölür insanlar?

Sənə qovuşmaq üçün

niyə illah ki, ayrılmalıdır bədənlərdən canlar?

Niyə var axı hər başlanğıcın bir sonu...?!

Şikayət etməyəcəm,

yox!

Deməyəcəm ki, İlahi,

çox çətindi bizim üçün qurduğun bu həyat oyunu.

“Axşam çağı şeiri”ndə şair ümidlərdən söz açır, insanın yaşam həvəsini, qayəsini təşkil edən ümidləri öz düşüncəsinə uyğun mənalandırır... Bundan da şablonlaşmış, bir növ daşlaşmış ümidlərin qəhrəmanı artıq yorduğunu, bezdirdiyini görürük. Ona görə də əbəs yerə deyil ki, şair “nəsə yeni bir ümid tapmalı, düşünməli”- deyir. Əslində, isə bu şikayətlərin, bu giley-güzarların səbəbi tamam başqadır. Şairin dili ilə desək, “məsələ xəstələnmək deyil bəzən, məsələ “ağrın mənə gəlsin” deyənin olmaması”dır. Bəs onda bu boşluğun, bu ümidsizliyin çarəsi nədir? “Çarə möcüzələrə inanmaqdır!”

İlqar Kamil qələmində tənhalıq da başqa cür mənalanır, sanki adilik libasını soyunub gözəlləşir. İnsan tənhalığa can atır, ona qovuşmaq, şairin təsvir etdiyi o gözəlliyi ruhunda hiss etmək istəyir:

Səndə elə xoşbəxtəm ki,

səni tərk edib getməyim,

özümə “gəlməyim” gəlmir-

-deyən şairin tənhalığını sevməmək olarmı?!

Kitabın adını aldığı “Tanrı tənhalığı” şeiri isə tənhalığın ən gözəl tablosudur. Hansı ki, bu tablo dünyanın ən qiymətli fırçası olan sözlə çəkilmişdir. Kitab boyunca axtardığımız “Tanrı niyə tənhadır?”, “Tanrı bu tənhalığından məmnundurmu?” suallarımıza cavabı məhz bu şeir verir. Özü də elə bir cavab verir ki, artıq bu cavabın qarşısında etiraza, inkara yer qalmır, insan sözsüz razılaşmağa məcbur olur. Və şeir bizə Tanrı ilə yanaşı İlqar Kamilin içindəki tənhalığı da açıb göstərir. Hansı ki, bu tənhalığın cəmi iki ortağı var: kağız və qələm!

Bax, sevgilim,

“Məni çağır!”,

“Məni sev!”,

“Mənə gəl!”...

-deyə səslənir Tanrı bütün səmavi kitablarında;

Görünən odur ki,

Yaradan da məmnun deyil təkliyindən;

içində 7 milyarda yaxın körpəsi

dünyanı beşik kimi yellədir sevə-sevə,

gülə-gülə,

bilə-bilə ki,

bəziləri “böyüyüb” üzünə ağ olacaqlar,

uzaq olacaqlar...

İndi mən

Tanrı tənhalığını yaşayan adamam.

Tənhalığın ən dəhşətli halı isə “Yorğun göyərçin” şeirində çıxır qarşımıza... Hansı ki, tənhalığın bundan o tərəfə gedəcək həddi, sərhəddi yoxdur:

Buz kimi tənhalıqdı hər tərəf,

qar yağsaydı,

bir adam düzəldərdim darıxmaq üçün,

darıxsın mənim üçün...

Bəs nədir bu tənhalığın səbəbi? “Mən Nəsimidən də, Füzulidən də tənhayam, indi mən 7 milyarda yaxın təkəm”- deyən şairi bu tənhalığa məhkum edən nədir? “O tək kişi” şeirində şair bunun səbəbini açıqlamağa çalışır. “Əmi, sən niyə təksən?”- deyən uşağın sualına cavab olaraq, şair deyir:

O qədər yalanlar gördüm ki;

öz uşağının dərdini arvadının boynuna atıb

Fələstin “qeydinə” qalanlar,

qonşusundakı yalavacı görməzdən gəlib

Somalidəki acların dərdini “çəkənlər”,

zəhlə tökənlər...

İnsana nifrət edib

Allaha “pərəstiş” edənlər...

və daha nələr, nələr...

Baxın, uşaqlar, dedim:

mən bu üzdən təkəm, belələrindən təkəm!

Yaxşı ki, təkəm!

İndi “Yasin” surəsindəki “o tək kişi”ni

elə gözəl anlayıram ki...

Şairin yaradıcılığı boyunca bir xətt kimi gəlib keçən uzaqlar vardır. Hansı ki, onun sevgisi, sevgilisi, xoşbəxtliyi, dincliyi, gülüşü orada, məhz uzaqlardadır. Bəs bu uzaqlar deyilən nədir, haradır, dünyanın harasıdır? Bax, bu, nə şairi, nə aşiqi, nə də oxucunu maraqlandırır:

Əlim sənə çatmırsa, əzizim,

nə fərqi var hansı uzaqlardasan?

Bəs bu uzaqlar aşiqin öz sevgisinə yetməyinə maneədirmi? Fiziki cəhətdən əlbəttə, özü də dediyi kimi, əli əlinə çatmır axı. Ruhən isə əsla... Çünki sevən aşiqin ürəyi də, ruhu da sərhəd tanımaz, hər daim sevgilisinin yanında olar, onu duyar, hiss edər:

Qəm eləmə,

dərd eləmə, amma ki,

harada olsam, mən duyacam- ağlasan...

Bəs şairin bu uzaqlar sevgisinin konkret bir səbəbi varmı? Doğrusu, bunu özündən soruşmaq imkanım olmayıb. Amma öz fərziyyəmi deməliyəmsə, məncə, bu, İlqar bəyin Vətənindən uzaqda, qərib diyarda yaşamağı ilə əlaqədardır. Ən gözəl sevgi də Vətən sevgisi deyilmidir?

Yuxarıda qısa statlar gətirdiyimiz “Onun ardınca” şeiri bir növ həmin uzaqlara, ayrılıqlara üsyan dolu etirazı xatırladır. “Mənə qalsa bütün sevənlər kəndirlə bir-birinə bağlanmalıdı”-deyən şair ürəyin istəmədiyi hər şeyi birmənalı şəkildə rədd edir. Xüsusən sevərək ayrılıqlar qəhrəman üçün əsl faciə təsiri bağışlayır:

Belə olmamalı, olmamalıdı,

istəmirsə getməməlidi heç kim;

bu nə məcburiyyət...

bu nə azadlıq?

Qəfil gözdən itməməlidi heç kim...

Şeirdə ünvansız və cavabsız suallar üstünlük təşkil edir. Şair sanki əslində bu sualların cavabını bilir, ancaq o, cavabları qəbul etməkdən boyun qaçırır, inkar edir. Çünki onu qəbul etmək artıq gerçək dünyaya boyun əymək, təslim olmaq deməkdir. Bu isə əlbəttə, xəyallar dünyasının əbədiyaşar sakini olan şair üçün yolverilməzdir:

Niyə axı bir anlıqdı vüsallar?

Üçgünlükdü, beşgünlükdü vüsallar.

Düşünürəm, gecəyarı,

gözüm bağlı, qəlb qırıq,

Niyə axı, niyə axı,

niyə axı əbədidi ayrılıq?

Ən gözəl şeirlər gedənlərə yazılar, ən möhtəşəm mahnılar vəfasızlara bəstələnərmiş. Məhz elə buna görədir ki, qaranquş ayrılıq, həsrət şeirlərinin baş qəhrəmanlarından biridir. Kimi qaranquşu “vətən həsrətli” adlandırıb halına yanar, kimi soyuğu lənətlər, kimi qaranquşun gəlişini toy-bayrama çevirər və unudar bu gəlişin gedişi də olduğunu. Nə qəribədir deyilmi, qışa, soyuğa, qara baxmadan yuvasını, vətənini tərk etməyən boz sərçə isə kimsənin yadına da düşməz. Görəsən, vəfasına görəmi?

“Tanrı tənhalığı”nın müəllifi isə nə payızı günahlandırar, nə soyuqlara qarğıyar, onun fikrincə, “soyuqlar bəhanədir, əslində, getmək qaranquşun zatında var”. Yəni, getmək istəyən üçün bəhanə mütləq tapılar. Ancaq elə gedişlər vardır, ki, bir başqa gözəl olar, bağrın başı yana-yana heyran qalarsan:

Getdin...

fəqət

bu dəfə getmək

ayaqlarına elə gözəl yaraşdı ki...

Bəs insan necə, o özü də bu dünyaya bir gün getmək üçün gəlmirmi? Onun gedişinin isə dönüşü olmaz həm də. Bəs bu dünyaya getmək üçün gələn varlığın qaranquşun gedişindən şikayətlənməyə haqqı varmı?!

İndi ki dünyadan

köçmüşük,

Dönməyək, əzizim,

dönməyək!

Gedən gedər, özündən geriyə isə bir dünyalıq tənhalıq, bir ürəklik darıxmaq buraxar... Şair ara-sıra darıxmıram deyib özünə təsəlli versə də, əslində, misra-misra, bənd-bənd, şeir-şeir darıxır. Həm də bilə-bilə, görə-görə, onu atıb gedən sevgilisinə inad darıxır. Bir növ intiqam alırmış kimi... Necə də darıxmasın axı, özü də dediyi kimi:

...mən dünyaya bir gün daha tez gəlməkçün

anasının qarnını təpikləyən o hövsələsiz uşağam.

Sən də deyirsən ki, darıxma!

Dedik ki, aşiq bilə-bilə darıxır, sevgilisinə inad darıxır. Yəni, bu darıxmaq boş yerə deyil, kölgəsində özü boyda məqsəd dayanır:

Bilə-bilə darıxıram sənin üçün,

gəlmən üçün darıxıram sənin üçün,

bilmən üçün darıxıram sənin üçün...

Bəs yoxmu bu darıxmaqdan çıxış yolu? Elə o çıxış yolunu da, darıxmağa çarəni də şair özü göstərir:

Öldürən – Allah,

darıxdıran – Sənsən!

Gəlsən, darıxmaram...

İlqar Kamilin şeirlərində dini motivlərlə tez-tez qarşılaşırıq. Allah, ölüm, axirət, Adəm, Həvva, cənnət, cəhənnəm, iblis, mələk kimi məfhumlar ta uşaqlığımızdan bizə tanıdılan, nağıllarla, əfsanələrlə, hədislərlə şüurumuzun alt qatına yeridilən simasını İlqar Kamilin qələmində dəyişir, başqalaşır. Biz onun şeirlərində görürük ki, hər zaman göylərdə, buludların arxasında axtardığımız Tanrı əslində, birisinin gözlərində və ya özümüzlə təkbətək qaldığımız zaman qaranlıq otağın bir küncündə, ya da elə ürəyimizin ta dərinində ola bilir. Bu şeirlərdə görürük ki, hərdən cəhənnəm cənnətdən də gözəl ola bilərmiş. Biz burada öyrənirik bəzən iblisə inanmağın elə də böyük bir günah olmadığını, ya da mələyin gün gəlib iblisləşə bildiyini və s... “Mələk dediyim”, “Supermen”, “Allahın yaratmadığı dünya” və s. belə şeirlərə nümunə ola bilər.

Bu kitabda ən çox qarşımıza çıxan obyektlərdən biri də qardır. Tarix boyu istər milli, istərsə də dünya ədəbiyyatında saflıq, təmizlik, ağlıq, paklıq rəmzi sayılan qar İlqar Kamil qələmində yerlə göyü barışdıran vasitə, darıxmağa, baş qatmağa əlac kimi mənalandırılır. Hərdən şair qarşındakına da “qarbəyaz” deyə müraciət edir. Bu simanın bəyazlığından əlavə, dediyimiz saflıq, paklıq mənasında da anlaşıla bilər:

Niyə aya toxunmusan, qarbəyaz?

Axı, sənə demişdim ki, yasaqdı.

Sən elə bilirdin asandı getmək?

Niyə susub dayanmısan nə vaxtdı?!

“Tanrı tənhalığı” ilk cümləsindən son misrasına qədər eşqi anladır. Haqqında danışdığımız ümidsizlik də, tənhalıq da, darıxmaq da- hamısı məhz eşqin şəklini dəyişmiş halıdır. Əvvəlcə bu eşq qadın obrazında qarşımıza çıxır. Səhifələrlə irəlilədikcə isə libasını dəyişir, gözümüzün önündəcə ucalır, böyüyür, böyüyür və nəhayət, özünün ən son halına- ilahiliyinə yetişir! Artıq bu eşq konkret qadın məhəbbəti deyil, qadının timsalında ilahi bir eşqdir. Bunu şairin sevgilisinə olan müxtəlif müraciətlərində də görürük: ömrümün əsası, Tanrının təbəssümü, ey iftarım, içimə nəfəs kimi çəkdiyim, taleyin büsatı və s.

Axşam-axşam azan çəkən

müəzzinin sözündə də sən varsan,

Xətamda da sən varsan,

Düzümdə də sən varsan...

Müəllifin kitab boyunca bir neçə konkret müraciət obyektləri vardır. Müxtəlif şeirlərində o, nəfəsə, ustada, Tanrıya, sevgiliyə, qızına, oğluna müraciət edir, səsini duyurmağa çalışır. Buna nail ola bilirmi? Bilsəydi, yəqin ki, tənha olmazdı...

“Bəyaz yalan” şeirində şair özünün ən möhtəşəm etirafını edir. Bu zaman qorxusuyla, acısıyla, bezginliyi ilə, qayğılarıyla, yorğunluğu ilə həqiqi aşiq canlanır gözlərimizin önündə. O aşiq ki, özü tir-tir əssə də, sevgilisinə “qorxma” deməyi, ümidsizliyin ən son həddində ümid verməyi, hönkürtüdən boğula-boğula qarşısındakının göz yaşlarını silməyi bacarır:

Sənə qorxma dediyimdə

özüm tir-tir əsirdim mən.

Sənə ümid bəxş edəndə

bilirsənmi,

əlimdə bir iti bıçaq

ümidimi “kəsirdim” mən...

....Sənçün dağları “dələn” mən,

özüm çoxdan dağılmışdım.

Dəryaları “ram” edərkən

haçandır ki, boğulmuşdum.

XX əsrin 60-cı illərindən etibarən Azərbaycan şeirində yeni yaranan özəlliklərdən biri də lirizmdən uzaqlaşıb, epikliyə doğru yön alması idi. Lakin əlbəttə, bu proses birdən-birə yaranıb başa çata bilməzdi. Hələ 60- cı illərdə köhnə şeir ənənələrindən, ölçü, heca, qafiyə sistemindən tam qopmaq mümkün olmamışdı. Şairlərimiz sərbəst vəzndə şeirlər yazsa da, müəyyən mənada ölçü, heca kimi sədləri də gözləyirdilər. Çağdaş şeirimiz isə lirizmdən epikliyə doğru sürətli hərəkətdədir.

İlqar Kamilin şeirləri də məhz ənənəvi şeirdən uzaqlaşaraq epik şeir anlayışını ortaya qoyur. Burada artıq pafos yoxdur, həyatın insani dillə əksi var. Yazı boyunca haqqında danışdığımız və nümunələr gətirdiyimiz şeirlərin əksəriyyəti məhz bu cür şeir anlayışına aid edilə bilər. Lakin İlqar Kamil şeirlərində lirizmdən tamamilə imtina etmir. Öz yaradıcılığı boyunca yenilik sərgiləyən şair ənənəvi şeirin də ən gözəl nümunələrini yaratmışdır:

Dünya sona çatır lap yavaş-yavaş,

Zamanın axışı səngiyir artıq.

Əqrəb də bezikib fırlanmağından,

Yaman dala qalır, ləngiyir artıq.

Və ya:

Ürəyimdə küçə-küçə

özümü axtarıram.

Axşam-axşam, gecə-gecə

özümü axtarıram...

“Mələk dediyim”, “Bir xurcun vaxt”, “Yenə tənha”, “Hardayam” və s. kimi heca vəznli şeirləri ənənəvi şeirin ən gözəl nümunələrindən hesab edə bilərik.

İlqar Kamil şeirlərində bədii təsvir və ifadə vasitələrindən də ustalıqla istifadə edir. Yeni deyim və ifadələr, yeni obrazlar, yeni bənzətmələr şairin yaradıcılığına heç də yad deyil:

Saçların fikrim kimi

üz-gözünə dağılıb...

və ya:

əlimdə bir ovuc, bir ovuc ümid var,

uçurur küləklər, isladır yağışlar.

Göstərdiyimiz misallarda təşbehin, litotanın və metaforanın ən gözəl nümunələri yaradılmışdır.

“Sən gedəli” şeiri ilə başlayan “Tanrı tənhalığı” kitabının şeirlər bölməsi “Getdik yox olmağa doğru” şeiri ilə yekunlaşır. Şeir həm də bir növ Ramiz Rövşənin “Gedək biz olmayan yerə” şeirini də xatırladır. Ramiz Rövşənin qəhrəmanı sevgilisinə özündən qaçmağı təklif edirdisə, İlqar Kamil yoxluq axtarışındadır. Onun hesabı özü ilə deyil, bütün kainatladır. Tənhalıqlar, ayrılıqlar, eşqlər, darıxmaqlar, ətrafdakı ədalətsizliklər, nankorluqlar, haqsızlıqlar şairi məhz yoxluğa vadar edir. Çünki o artıq bunlardan tək qurtuluşun yox olmaq olduğunu dərk edir. Yalnız yoxluğa tək getmək olmaz, bu yola birgə çıxdığı sevgilisi də onunladır:

Mən səni görəndə ilk dəfə

biz daş-daş, tikan-tikan yıxılırdıq;

qalxdıq,

sarılıb bir olduq,

tutduq əl-ələ,

getdik e, getdik yox olmağa doğru...

Şeirlərin çoxalıb, şairlərin “gündüz əldə çıraqla” axtarıldığı dövrdə İlqar Kamil kimi şairin və “Tanrı tənhalığı” kimi kitabın varlığı Azərbaycan ədəbiyyatının hələ də nəfəs aldığı anlamına gəlir. Belə şairlər var olduqca bu ədəbiyyat da yaşamağa davam edəcəkdir. Şairimizə gələcək yaradıcılığında uğurlar diləyirik!

# 9633 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #