Məni qadın kimi qucaqla

Məni qadın kimi qucaqla
7 noyabr 2014
# 18:10

Kulis.Az gənc şairə Fəridə Məmmədovanın yeni şeirlərini təqdim edir.

1.

Hər sevdiyimdə tərk edildim

Ya doğru sevə bilmədim, ya da doğru adamı...

Və bütün ayrılıqların acısını anam çəkdi.

Məndən ayılıb gedən hər kəs

Anamdan rahatlıq apardı özüylə

Hər şeydən uzaqlaşıb, hamıya yadlaşdıqca

Bir Allahı bildi anamın nələr çəkdiyin ..

Lütfən, bu dəfə sevəcəyim kəs,

Ya gedərkən məni də apar

Ya da

Elə ayrılıb get ki, anamın xəbəri olmasın ..

2.

Gedək...

Burda hamı kar olub vicdanının səsinə

Duya bilməzlər bizi.

Mükəmməllik arayışında olanların xəyal qırıqlığı

Ağır gəlir zaman itkisindən...

Qaranlığa lənət oxuyur şamları gizlədənlər .

Anlamağa çalışma

Qonşu kəndin işıqlarına baxıb

böyüyənlər lənətləməz qaranlığı

Orda işıq var, bilərlər... laaap yaxınlarda...

Tut əllərimi gedək

Boş ver arxadan ağlayanları.

Yalnız öz yerindən gedənlər unudulmur

Bura yerimiz deyil... unudacaqlar...

Yatağa tökülən çörək qırıntıları kimi

Batır bədənimə yalnızlıq

Heç olmaya, bir gecə adıyla çıxaq,

Bütün ümidləri geridə qoyaq, gedək

Qoy hamı düşünsün ki, “qayıdacaqlar’’ ..

3.

Dəliliyin bircə addımlığındayam

Bircə güzgü ayırır bizi bir-birimizdın...

Ey, sən, ordakı, kimsən?

Gülürəm-gülürsən

Mənimlə ağlayırsan

Danışıram – dodaqların tərpənir

Səsin yoxdu amma.

Danış, noolar... darıxıram...

4.

Başını qaldırıb baxdığında görürsən ki, tavan

Göyüzünü gizlədəcək qədər nəhəngdi.

Və aynanın o tayındadı

Hər əllərini uzatdığında çatacağını düşündüklərin...

Biz keçmişində dəniz olmayan qadınlarıq

Amma çox sularda boğulub gəlmişik

Yollar – ayaqlarımızın getmədiyi

Kişilər – əllərimizin yetmədiyi qədərdi.

O qədər tanışdı ki, bu qaranlıq dünya

Deyirsən, bəs, min il əvvəl ölmüş adamlarıq

Yenidən doğulub gəlmişik...

Və bu ad familiya

ən az qədim dünya tarixi qədər uydurma .

indi bu vağzal həyatda

nə qədər “sudba “ , “şasti” fısıldasa da falçı qadınlar

sənin gələcəyini ən dəqiq

Qatar fitləri xəbər verir...

Gəl, məni sonuncu qadın kimi qucaqla,

Sonra at!

İntihar deyil, bu

Sonuncu balıq tək ölüb dənizdə

Birinci kürüdən yaranmaq istəyidi...

5.

Min ildi yaşadığım dogma küçəyə

Hardansa atılmış daş idin… ilişdim sənə...

sənsə

bir əlində alma, birində cənnət

taraz olsun deyə

almanın yanına yığmışdın bütün günahlarını...

beşinci mərtəbədən atılıb intihar etmək istəyən

dördüncü mərtəbənin pillələrində

sınıq qabırğalarla zarıyan insanın arzuları qədər

yarımçığam indi.

bir də.. aldana bilməyəcəm sənə

daha gəmiləri

yardığı sulardan tanıyır balıqlar...

indi maşının ardınca qaçıb hürən it kimi

qısılıb quyruğuma qayıdıram asta-asta .

gücüm yetmədi qaranlıqlarına

mən dibçək gülüyəm

pəncərədən sızan qədərdi işığım...

açıb pəncərələri,

yandırıb işıqları

otursam da faydasız

kimsə gəlməyəcək daha

cırtdanları ithürəni seçmiş div yalnızlığıdı mənimki.

6.

Çox şey istəmirəm ki səndən

“sev’’ demirəm ki.

Bilirəm, hər sevgi ya keçmişində

Ya da gələcəyində nifrətdi.

Sevgi - iki nifrət arasındakı pauzadı .

Keçiləndi... Qısadı...

Sadəcə bircə addım da yaxın gəl

Balaca qız kimi əzizlənməkdən yorulmuşam

Məni qadın kimi qucaqla...

7.

Gülləylə giliz ayrılığıdı bizimki

Yəni, böyük ehtimalla ölüm deməkdi...

# 5460 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #