Barmaq silkələyən Anar

Barmaq silkələyən Anar
27 iyun 2014
# 11:11

Kulis.az yazıçı Aslan Quliyevin “Qurultaydan sonra” yazısını təqdim edir.

Havası bürkülü və boğucu olan binadan çıxıb Bakının isti küləklər əsən isti küçəsiylə gedirdim.

İlk dəfəydi qurultayda nümayəndə kimi iştirak eləyirdim. Təkcə binanın boğucu havası yox, həmkarlarımdan vuran riyakarlıq havası məni əldən salmışdı, əzgin, yorğundum. Özümü məzəmmətləyirdim. Niyə gəlirdin, bu sənə lazımdımı?

Yaşım əllini adlayandan sonra elə gün olmasın ömrün payızı və qürubu haqda düşünməyim. Bu adamlar isə doqquzuncu onluğu xırdalamaq ərəfəsindədilər, amma təkcə öz həmkarlarına yox, az qala Əzrayıla da meydan oxuyurlar. Bilirəm, bu yazıdan sonra kölgəmi qılınclayanlar çox olacaq, amma bir Allah şahiddir ki, mən bu sətirləri qəlb ağrısı ilə yazıram və həqiqəti yazıram!

Qurultay başladı və bitdi.

Mən lap yuxarıda oturub bütün olanları seyr eləyirdim, mənə elə gəlirdi otuz-qırx il bundan əvvəlki hansısa yığıncaqda oturmuşam. Yazıçıların dərd-sərindən, ədəbiyyatımızın problemlərindən, əsərlərimizin xarici ölkələrdə necə tərcümə olunub yayılmasından, dünya ədəbi nümunələrinin dilimizə çevrilməsindən, bizdən sonrakı nəslə, gənclərə qayğıdan, onlara hansı mirası qoyub gedəcəyimizdən danışmaq əvəzinə, ancaq Anardan danışırdılar, onun sədrliyə namizədliyini dəstəklədiklərini bəyan eləyirdilər. Əyər Anar sədr seçilməzsə, birliyin binasının satılacağını, binanın dağılacağını deyirdilər. Qocaman yazıçıları hansısa dəyərsiz bir binanın dağılacağı elə narahat eləmişdi ki, sanki ölkənin, millətin taleyi bu binadan asılıydı. Bina dağılarsa, ölkə də dağılacaqdı.

Gözümüzün qarşısındaca Birlik özü dağılırdı, çökürdü, azad yazıçı ruhu boğulurdu, azadlıq, insanlıq, demokratiya boğulurdu, bunlarsa yalnız binanın hayında idilər, binadan ötrü vay-şivən qopartmışdılar. Hamısı da bir ağızdan bu binanı yalnız Anarın qoruyub saxlayacağını deyirdi. Əcəba ölkə, dövlət rəhbərliyinin bu bəyanatlardan, özlərinin binaları satan, dağıdan obrazlarının içindən özünün fövqəl gücüylə binaları qoruyub saxlayan Anar obrazının ucaldılmasından, Anar bütünün qurulmasından xəbərləri varmı?

Vaqif Səmədoğlu tribunaya qalxıb danışanda ətim ürpəşdi. Heç vaxt dünyasını dəyişmiş adamlardan başqalarının təsdiq eləməyəcəyi misallar gətirən adamların səmimiyyətinə inanmamışam. Tribunadan xəstə canıyla od püskürən Vaqifin də səmimiyyətinə inanmırdım. Görəsən Vaqifin AYB-yə beşaçılan sürüyüb gətirməsinə və Yusifin də birbaşa Heydər Əliyevə ingilis səfirini güllə ilə vuracağı ultimatumunu verməsinə o salonda oturanlardan neçə nəfəri inandı? Əsla və əsla beşaçılanlarıyla silahlanıb Birliyin binasının həndəvərində oğruncasına gəzişərək binanı fəth eləməyə, ələ keçirməyə gələn ingilis səfirini və ya digər istilaçıları güllələyəcək Səmədoğlu qardaşlarını təsəvvür eləyə bilmədim!

Belə deyirlər, amma mən bu adamların mərhum keçmiş prezidentlə başqa söhbətlərinin şahidi olmuşam. Heydər Əliyev bunlardan soruşanda ki, sizdən sonra da gələn varmı, bir ağızdan gələn olmadığını dedilər. Yəni ədəbiyyat bunlarla da sona çatırdı. Gələn yoxdusa, kölgəsini qılıncladığınız gənclər kimdilər, hardan gəldilər? Bəs onda bizlər kimik? Bir dəfə də Heydər Əliyev bunları yığmışdı, Yazıçılar Birliyini, ədəbi jurnalları büdcəyə qaytarmaq istəyirdi. Həmən illərdə internet və başqa ədəbi jurnallar çap olunmadığından Azərbaycan yazıçıları öz əsərlərini çap elətdirməyə bir yer tapa bilmədikləri halda Anar da, digər həmkarları da material olmadığını, daha yazıçıların yazmadığını əsas gətirərək bu jurnalların uzağı iki-üç aydan bir çapının mümkünlüyünü deyirdilər. Az qala Heydər Əliyev bunları zorla razı saldı. İndisə dindir, gözlərini qırpmadan deyirlər, Yazıçılar Birliyini biz saxladıq, ədəbi jurnalları biz saxladıq! Halbuki bütün ölkə bu söhbətin, xüsusi ilə də bu adamların jurnalları necə qoruyub saxlamalarının şahididir!

İndisə xalq şairi dartınır, yumruq göstərir, hədələyirdi. İnanılası deyildi, fasilə verib nərildəyirdi, Anara səs verməsəniz… Ənginizi əzərəm deməkdən özünü güclə saxlayırdı. Qardaşım, sənin əng əzən çağındırmı, biz sənin hayındayıq, sənə Allahdan uzun ömr, ağrısız bir ömür arzulayırıq, sənsə az qala öz vida nitqində keçmişə səs verməyə çağırırsan.

Danışırdı və mən uzun illər ərzində qazandığı nüfuzun, imicin bu nitqiylə ondan necə uzaqlaşdığını görürdüm. Qazandığı hörmət, yaxşı işlər onu tərk eləyirdi. Tribunada xəstə bir qoca dartınır, danışırdı.

Onun bura gəlməsinin, burda danışmasının onun üçün nə qədər təhlükəli olduğunu bilsələr də, onu bura gətirdib danışmağa məcbur eləyənləri başa düşürəm. Onlara şairin burda danışması lazım idi, onun özü, səhhəti onları düşündürmürdü. Mənim başa düşmədiyim xalq şairinin özünün buna necə razı olması, özüylə belə rəftar edilməsinə necə razılıq verməsi idi. Bu sənə lazımdımı? Belə nitqlərlə özünün sonuncu nüfuzunu sonuncu qəpik-quruşun kimi xərcləmək əvəzinə, bu yarıqaranlıq, rütubət qoxuyan salona gəlmək əvəzinə küçəyə çıx, mavi-mavi dənizə bax, yaşıl-yaşıl ağaclara bax, göy-göy otlara bax, uçan qağayılara əl elə, insanlara gülümsə! Yaddaşlarda mavi dənizə, yaşıl ağaclara, göy otlara, uçan qağayılara, insanlara gülümsəyən, əl eləyən Vaqif Səmədoğlu kimi qal! Tribunadan dartınıb həmkarlarını hədələyən Səmədoğlu kimi yox!

Elə onun kimi ağır xəstə olan Zəlimxan Yaqub da, digər natiqlər də həmən çağırışı elədi. Bu danışıqlara əsasən iki qənaətə gəlmək olardı. Ya bu adamların danışdıqları cəfəngiyat, riyakarlıq idi, ya da yazıçılar birliyi təcili olaraq elə bu qurultaydaca öz nizamnaməsini dəyişdirib ordan bütün mətni silməli, ora yalnız bircə cümlə əlavə eləməliydi. «Anar nə qədər sağdırsa, Yazıçılar Birliyi fəaliyyət göstərəcək, Birliyin əbədi sədri Anar olacaq, Birliyin qocaman yazıçılarımızın xatirələri dolaşan binasına da bir kimsə toxuna bilməz, Anar olmayanda Yazıçılar Birliyi də olmayacaq, binası da satışa çıxarılacaq”.

Yatsam, çay fasiləsi versəm, bəzi nümayəndələri nizam-intizama dəvət eləsəm də, əsəblərim ancaq günortaya kimi tab gətirə bildi.

Nahar fasiləsi veriləndə isə yalnız qonaqları avtobuslara dəvət elədilər. Bu adamların acgözlüyü, pula hərislikləri məni bir daha dəhşətə gətirdi. Sənə qurultayı keçirmək üçün 450 min manat pul ayırırlar. Sənsə bu puldan heç olmaya iki-üç min ayırıb əyalətdən gələn nümayəndələrə nahar verməyə belə qıymırsan?! İki-üç yüz manat teatrın çayxanasına pul ayırmırsan ki, dəvət elədiyin qonaqlar pulsuz çay içə bilsinlər. Təkcə yerli nümayəndələrin yox, xarici qonaqların da ciblərinin puluyla çay alıb içmələri əsl biabırçılıq idi. Adicə çayın belə baha olmasına elə heyrətlənirdilər, mən onların bir daha ağızlarını yuma bilməyəcəkləri qənaətinə gəlirdim. Yaxşı, qonaqlara çay almağa da qıymadınızsa, bəs o pulu nəyə xərclədiniz? Xarici qonaqların gəlişinə, onların xərclərinin qarşılanmasına? Heç kimə lazım olmayan portfellər ala bilirsən, mənasız yerə pul xərcləyirsən, amma cəmisi iki-üç min tapa bilmirsən?

Xarici qonaqlar isə ayrıca bir mövzudur. Adamdan soruşarlar, siz onları niyə dəvət eləmişdiniz və onların içində Oljas Süleymanovdan başqa nə vaxtsa yaxşı mənada Azərbaycan adı tutan olubmu? Sən hətta burda da ölkənin yox, dövlətin yox, öz marağını güdərək, bu fürsətdən yararlanaraq özünün, katiblərinin dostlarını, tanışlarını, tərcüməçilərini və ölkəmiz üçün əlini ağdan qaraya vurmayanları dəvət eləmək əvəzinə, Vladimir Kuznetsovu, Bəhram Batıyevi, Murad Adcini dəvət eləyə bilməzdinmi? Yaxşı, gəldilər nə oldu? Bəlkə teatrın foyesini xalqımızın faciəsini, ədalətsiz müharibənin gətirdiyi fəlakətləri, şəhidlərimizin, hələ də əsirlikdə olanlarımızın ağrı-acılarını özündə əks elətdirən foto stendlərlə bəzədiniz, bu haqda yazılan, müxtəlif dillərə tərcümə olunan kitablarımızı nümayiş elətdirdiniz? Onlara Qarabağ faciəmizlə bağlı məlumatmı verdiniz, natiqlər çıxış eləyib torpaqlarımızın işğalından, insanlarımızın faciələrindən, tarixi abidələrimizin necə məhv edilməsindənmi danışdılar? Bəs onlar nəyin şahidi oldular? Kommunist dönəmindəki kimi şablon nitqlərin, şit təriflərin, yüzlərlə gənc kadrlar qaldığı halda, 78 yaşlı qocanın yekdilliklə alternativsiz yenidən birliyə sədr seçilməsinin. Bir sözlə rüsvayçılığın şahidi oldular. Sizcə burdan qayıdandan sonra onlar ölkəmiz haqda xoş söz yazarlarmı? Belə çıxır faktiki olaraq ölkə özünü rüsvay eləmək üçün pul ayırıbmış.

Bəs qonşularımızda, deyək ki, Ermənistanda necədir? Dövlət 40-50 min dollar ayırır, hansısa tədbiri keçirdirlər, ora tanınmış ictimai xadimləri, şair və yazıçıları dəvət eləyirlər. Onları erməni xalqının əsrlərlə hansı əzablara, faciələrə məruz qaldıqları haqda məlumatlandırır, sonra isə aparıb qədim alban abidələrini, kilsələrini, dağıdılmış, yandırılmış şəhər və kəndlərimizi göstərir, bunları vəhşi azərbaycanlıların yandırdığı, dağıtdığı erməni abidələri, yaşayış məskənləri kimi qələmə verirlər. Qəzəblənmiş məşhur yazıçılar da ölkələrinə qayıdan kimi ölkəmizi nüfuzdan salan yazılar, kitablar yazır, bütün dünyanın gözündə vəhşi azərbaycanlı obrazı formalaşdırırlar.

Bizsə bundan on dəfə çox pulla özümüzü təriflətdirir, qara portfellər alır və ölkəmizi rüsvay elətdiririk, fərq bundadır.

Çıxış edənlər tez-tez Anara daş atanların adını hallandırır, az qala onlara lənətlər oxuyurdular. Yəqin mənim adım da o daş atanların siyahısındadır. Mən bir kimsəyə daş atmadım və atmaram da! Sadəcə olaraq bu natiqlərin və şəxsən Anarın fikrincə Anarı tənqid eləmək olmaz, Anarı kim tənqid eləyirsə, şər-böhtan yazır, ona daş atır, kim tərifləyirsə, həqiqəti yazır. Başa düşmürəm, niyə axı məhz Anara böhtan yağdırmalıdılar? Doğrudanmı Anarı tənqid eləyənlərin hamısı haqsızdılar? Şəxsən mənim yazıçı Anarla bağlı heç bir iradım yoxdur, mənim iradlarım məmur Anarla bağlıdır.

Doğrudanmı Birlik haqda və onun sədri haqda yazılan bütün tənqidi fikirlər böhtandır? Əyər belədirsə, onda soruşuram, nəyə görə bir ictimai təşkilat öz nizamnaməsinə əməl eləmir? Nəyə görə Birlik qurultayını nizamnamədə nəzərdə tutulan vaxtda keçirtmir? Nizamnamədə nə vaxtsa Birliyin binasında təmir getsə, üzvlərin sayı artsa, kimsə xəstələnsə, qurultay keçirilməyəcək yazılmadığı halda bina təmirə dayandı, ona görə qurultay keçirmədik deməyin qırımızı yalan olduğunu bilməyən varmı? Yox, siz istədiyiniz vaxt istədiyiniz bəhanəni əsas gətirib nizamnaməyə əməl eləməyəcəksinizsə, onda lütfən deyin, nizamnamə sizin nəyinizə lazımdır?

Niyə nə qədər tələb olunsa da, sizə rəsmən yazılıb xahiş edilsə də, Birliyin xətti ilə təqaüd alan yazıçıların siyahısını mətbuatda dərc elətdirmirsiniz? Düz adamsınız, ədalətli adamsınız, amma bu ədalətlimi işdir? Əyər düz, təmiz iş görürsünüzsə, qorxunuz nədəndir? Elə isə siz nəyə görə təqaüd alanların adlarını açıqlamırsınız, onların nəyə görə və hansı işlərinə görə təqaüdə layiq olduqlarını yazmırsınız? Sizcə bunun adı təmiz iş görməkdirmi? Anar deyir: «Biz bu siyahının dərc olunmasına ehtiyac duymuruq. Ehtiyac olsa, siyahını açıqlaya bilərik. Heç nədən qorxmuruq, heç bir gizli işimiz yoxdur». Əvvəla, nəyə görə ehtiyac yoxdur? Birliyin əksər üzvləri siyahının açıqlanmasını tələb eləyirlər, sizsə deyirsiniz ehtiyac yoxdur. Açıqlayın və nəyə görə ilk olaraq məhz bu adamların təqaüdə layiq görüldüklərini qeyd eləyin, qurtarıb getsin də. Başa düşürəm, heç nədən qorxunuz yoxdur. Amma hər halda bilmək istəyirəm, axirət qorxunuzdamı yoxdur? Nə vaxtsa sizə niyə birinin haqqını digərinə verdiniz sualının veriləcəyi haqda düşündünüzmü? Allah sizə uzun ömür versin, amma hər halda sizin bu haqda hər an düşünən vaxtınızdır. Sizsə meydan oxuyursunuz, sağa-sola barmaq silkələyirsiniz. Olurmu?

İanələr hesabına yaşayan təşkilat öz texniki işçilərinə necə ev paylayar, hətta onlar evlərini genişləndirmək üçün də növbəyə durarlar? Bu yazıçıların birliyidir, ya texniki işçilərin? Axı onlar müvəqqəti işçilərdilər, müqavilə ilə işə götürülür və işdən azad edilirlər. Birliyin katibi oğluna evi olduğu halda ev verirsə, budamı ədalətli işdir?

Yazıçılar Birliyinin 1500-ə yaxın üzvü olduğu halda nəyə görə Birliyin xətti ilə xarici ölkələrdə ancaq eyni adamlar çap olunurlar? Nəriman Əbdülrəhmanlı qurultay iştirakçılarına məktub ünvanlayaraq Birlikdən istefa verdi. Siz deyirsiniz, Nərimanın adının siyahıya düşməməyi texniki səhv olub, Birlik isə bəyanat verir, yox, qurultay nümayəndəsidir. Hansınız haqlıdır? Həm də Nəriman Əbdülrəhmanlı sizin də qabartdığınız kimi qurultaya nümayəndə seçilmədiyinə görə bu addımı atmayıb, sadəcə illər uzunu ona qarşı haqsızlıq eləyibsiniz, nümayəndə seçilməməsi də bardağı daşdıran sonuncu damla olub. Niyə məhz texniki səhv Nərimana aid olur? Niyə Birliyin xətti ilə buraxılan bizim tərcümə elədiyimiz kitabdan da texniki səhvə görə tərcüməçilərin adı silindi? Texniki səhvlərə görə bir kimsə cəza aldımı, bir kimsə üzr istədimi? Siz axı niyə istedadlı adamları sevmirsiniz? Nə olur, siz onlara nifrət eləyəndə onlar istedadlarınımı itirirlər?

Çingiz Hüseynovu isə guya tapa bilməyibsiniz, ona görə də qurultaya dəvət eləməyibsiz. Necə olur, əlində bu qədər imkanı olan sizlər tapa bilmirsiniz, saytdakı cavan uşaqlar isə dərhal tapır, hələ bir intervü də götürürlər.

Ədəbiyyatımız üçün bu qədər xidmətləri olan adamlar birlikdən istefa verirlər. Onları iki-üç xoş sözlə ağırlamaq, azından insanlığa, haqqa uyğun şəkildə yola salmaq buncamı çətindir? Bunca ayağının altını görməməzlik hardandır? İnsanlıq adına, ən adi əxlaq naminə bu adamların getməsinin birlik üçün itki olduğunu qeyd eləsəydiniz nə olacaqdı, ordenlərinizimi alacaqdılar, şöhrətinizmi düşəcəkdi? Kim gedir bu əzəmətli birlik heç nə itirmir, siz qalırsınız, bəs eləyir, eləmi?

Ümumiyyətlə AYB nə iş görür? Nəriman Əbdülrəhmanlının idarə heyətinin iclaslarına çağrılmamasına Anar belə izahat verir. Biz bütün 1600 üzvümüzü dəvət eləyə bilmərik. İdarə heyətinin cəmisi 31 üzvü var. Hər iclas qabağı bu adamlara telefonla danışmaq, telefonlarına və ya elektron poçtlarına məktub yazıb iclasın vaxtını, hansı məsələnin müzakirə olunmasını yazmaq beləmi çətindir? Şəxsən mən, o cümlədən yer kürəsinin yüzlərlə ölkəsində yaşayan milyonlarla insan Amerika prezidentinin idarə aparatından ayda azından üç məktub alırıq, hansısa məsələyə münasibət, rəy bildirməyimizi istəyirlər. 31 adama və ya lap elə Birliyin bütün üzvlərinə məktub göndərib hansısa məsələni müzakirə eləmək, xəbərləri bölüşmək, hansısa məsələyə münasibətlərini öyrənmək çətindirmi? Hansı əsrdir, hansı dövrdür? 1600 və ya 2000 adamın ünvanını yazırsan kompüterin yaddaşına, hər dəfə də iclasın tarixini və ya müzakirə olunacaq məsələni yazırsan, düyməni bircə dəfə basırsan bütün üzvlərə məktub gedir. Birlikdə bunu eləməyə adammı çatışmır? Onda yazıçılar üçün nəzərdə tutulan təqaüdü alan katibəniz, yazıçılar üçün nəzərdə tutulan evdən pay uman köməkçiniz nə işlə məşğul olur? Kommunist üsul-idarəsindən irəliyə doğru bircə addım da olsa atıbsınızmı?

Yüzlərlə üzvü olan bu boyda təşkilat niyə müstəqil fəaliyyət göstərən ədəbi saytlar qədər iş görə bilmir, illərdir AYB-nin elektron saytını normal işlədən tapılmır və bu sayt bütün ədəbi saytlar içərisində ən nüfuzsuzu olur? Nəyə görə sizin keçirdiyiniz və daha çox sahəni əhatə eləyən müsabiqə Nigar Köçərlinin təkbaşına keçirdiyi Milli Kitab Mükafatı qədər nüfuzlu ola, ədəbi camiədə rezonans doğura bilmir? Bu özü Yazıçılar birliyinin nüfuz göstəricisi deyilmi? Nəyə görə Oxu Zalının, Kulis.az-ın, Kult.az-ın keçirdiyi hekayə müsabiqələri sizin keçirdiyiniz bütün müsabiqələri, o cümlədən beynəlxalq müsabiqələri kölgədə qoyur? Bunu necə əsaslandıra, izah eləyə bilərsiniz? Birlik Şahbaz Xuduoğlunun təkbaşına tərcümə elətdirib çapdan buraxdığının yüzdə biri qədər kitab tərcümə elətdirib yaya bilirmi? Millət vəkili Qənirə Paşayevanın təkbaşına yazıçı-şairlərə göstərdiyi qayğını göstərə bilirmi?

Əvəz edilməz sədrin on illərlə rəhbərlik elədiyi AYB niyə nüfuzunu bunca itirdi? Bu suallara necə, bir aydınlıq gətirən tapılarmı?

Tapılmayacaq. Tapılsa da, artıq çoxdan məlum olan bayatıları oxuyacaq.

O bayatılara isə inanan olmayacaq.

# 5781 dəfə oxunub

Müəllifin son yazıları

# # #