50 il gecikən etiraf

50 il gecikən etiraf
2 yanvar 2014
# 09:00

Şair Cabir Novruz bir vaxtlar M.Ə.Sabir adına Pedaqoji Texnikumda tələbə dostu olmuş Mir Sabirə düz yarım əsr əvvəl - 1963-cü ilin 7 dekabrında bağışladığı “İnsan məhəbbəti” adlı ilk kitabında avtoqraf olaraq yazmışdı: “Məni şer aləminə, sənət aləminə bağlayan ilk sənət müəllimim əziz Sabirə! Ölürəm pedməktəb illəri üçün, o səmimi çağlar üçün”.

Bəli, Pedaqoji məktəbdəki unudulmaz tələbəlik illərinin təəssüratları ilə bu gün də dillər əzbəri olan, bütün ali məktəb və texnikumların on minlərlə bugünkü və yüz minlərlə keçmiş tələbələri tərəfindən sevilə-sevilə, bəzən də göz yaşları içərisində oxunub, zümzümə edilən “Tələbəlik illəri”, “Cavanlığım”, bir vaxtlar bütün dünyada populyarlıq qazanmış məşhur “Ey həyat, sən nə qəribəsən?” və digər sevilən mahnıların mətnlərinin - şeirlərinin müəllifi, mərhum xalq şairimiz Cabir Novruz 50 il əvvəl Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən nəşr edilmiş “İnsan məhəbbəti” adlı ilk kitabının sevincini tələbə dostu Mir Sabirlə (Mirsabir Nağıyevlə) bu cür bölüşmüşdü. Həmin gün Mir Sabir dostunun ilk kitabının çapdan çıxmasına ondan heç də az sevinməmişdi.

İlk uğurlara nail olduqdan, xüsusilə də şana-şöhrətə çatdıqdan sonra öz müəllimlərini, ustadlarını, onların əməyini unudan bəzi yaradıcı adamlardan fərqli olaraq, bütün ömrü boyu yüksək poetik istedadı ilə yanaşı sadəliyi, səmimiyyəti ilə də seçilən Cabir Novruz qədirbilənliyi ilə də dost-tanışlarının və oxucuların hörmət və məhəbbətini, rəğbətini qazana bilmişdi. Təsadüfi deyil ki, şairin “Sağlığında qiymət verin insanlara!” şeiri isə yalnız dost-tanışa deyil, bütün istedadlı, Vətənə, xalqa gərəkli, özü üçün yox, daim el üçün çalışan oğullara olan qayğı-məhəbbətdən yaranmışdı.

...Bakı ədəbi mühitində böyüyərək, şeir, qəzəl yaradıcılığına lap erkən yaşlarından başlamış Mir Sabir Pedməktəbdə tanış olduğu Cabir Novruzun ilk günlərdən etibarən məktəbin müxtəlif tədbirlərində şeirə-sənətə olan həvəsini hiss edərək və istedadına inanaraq, onunla dostlaşmış və imkan düşdükcə gələcək şairi Azərbaycan şeirinin korifeyləri olan Nizami, Nəsimi, Füzuli, Aşıq Ələsgər, Vaqif, Səməd Vurğun, Əliağa Vahid və Mikayıl Müşfiq poeziyasının sirləri ilə daha yaxından tanış edərək, onu poetik yaradıcılığa, yeni və daha mükəmməl, dövrlə səsləşən şeirlər yazmağa ruhlandırmışdı. Və Cabir Novruz ilk əvvəllər ona məxsus bir kənd utancaqlığı ilə, daha sonra isə dost ərki ilə ilk qələm təcrübələrini məhz Mir Sabirə oxumuş, onun məsləhətlərini maraqla dinləmiş, Pedməktəbdə şairlərlə keçirilən görüşlərdə həvəslə iştirak edərək, əsl poeziyanın nə olduğunu daha aydın dərk etmişdi. Belə görüşlərdən sonra gənc dostların şeir-sənətə aid söhbətləri daha qızğın və maraqlı olar, gecənin yarısınadək davam edərdi.

Mir Sabir dostunun gələcəkdə böyük uğurlar əldə edəcəyinə, istedadlı, tanınmış bir şair olacağına inanırdı. Və bu belə də oldu. İllər ötdükcə C.Novruz poeziyası özünəməxsusluğu, orijinallığı ilə xalq tərəfindən daha çox sevildi, şeirləri-mahnıları dillər əzbəri oldu və şair haqlı olaraq Azərbaycan poeziyasında özünə layiq möhkəm və əbədi yer tutdu.

Bəli, Cabir Novruz həqiqətən oxucular tərəfindən sevilən istedadlı, həssas qəlbli bir şair, səmimi bir insan idi. İlk kitabını “İnsan məhəbbəti” adlandırması da təsadüfi deyildi. O, hər bir insan övladına, hər bir Vətən oğluna böyük məhəbbət bəsləyir, insanların bir-birinə dost, qardaş olmasını istəyirdi. C.Novruz bütün dostları kimi Mir Sabiri də çox sevir, onun xətrini əziz tutur, oxucularla görüşlərinə daim onu da dəvət edirdi. Lakin sonralar o, poeziya aləmində uğurla irəliləsə də, hətta Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsinə yüksəlsə də, özünün “sənət müəllimi” Mir Sabir üçün heç nə eləyə bilmədiyinə görə təəssüfünü gizlətmirdi. Səbəbini isə gizlədirdi, deyə bilmirdi. Ancaq Mir Sabir öz kövrək qəlbli şair dostunun deyə bilmədiyini, buna görə də nələr çəkdiyini yaxşı bilir və bunu heç vaxt üzə vurmurdu.

İş onda idi ki, C.Novruzun ailəsi 1937-nin faciələrini, xofunu az yaşamamışdı - dayıları, əmiləri sorğusuz-sualsız “gedər-gəlməz”ə göndərilmişdi. Uşaqlıqdan “37” xofu yaşadığından şairə elə gəlirdi ki, onun hər addımını və hər yerdə izləyirlər. Odur ki, ”yerlipərəst” (hər ikisi Abşeron rayonundan idi) damğası vurulmaqdan ehtiyat edərək, öz yaxın dostu M.Sabirə nə Yazıçılar İttifaqına üzv olmağa, nə də bir kitabını buraxdırmağa kömək edə bilmişdi. Və buna görə həmişə narahatlıq hissi keçirirdi. Gücü yalnız bu dünyada Mir Sabir kimi təmənnasız yaşayan, heç kəsdən heç nə ummayan adamlar üçün “Sağlığında qiymət verin insanlara!” şeirini yazmağa çatmışdı.

Bəs, Mir Sabiri oxucular necə tanıyır?

Cabir Novruzun sənət müəlliminin bioqrafisından: Mir Sabir (Misabir Nağıyev) 1935-ci ildə Bakıda dünyaya gəlmişdir. İlk şeiri 15 yaşında ikən dərc edilmişdir. Ali təhsilli pedaqoq kimi 50 ildən artıq Sumqayıt məktəblərində dərs demişdir. “Azərnəşr”, “Gənclik” və “Şirvannəşr”də uşaqlar üçün 12 kitabı və son illərdə Vətənlə, Qarabağla, dünyada və cəmiyyətimizdə baş verən hadisələrlə bağlı geniş həcmli 3 kitabı nəşr edilmişdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Vaxtilə böyük marağa səbəb olmuş uşaq şeirlərinə görə 1973-cü ildə SSRİ-nin Ümumittifaq Gənclər Festivalında I dərəcəli Diploma layiq görülmüşdür. Şeirləri rus, qazax, özbək və litva dillərinə tərcümə edilmiş, son illərin dərsliklərinə salınmışdır.

10-a yaxın şeirinə, o cümlədən döyüşə, qələbəyə səsləyən “Bir addım geriyə çəkilmək olmaz!” şeirinə bəstəkarlarımız tərəfindən musiqi bəstələnmişdir.

Rəhman Orxan

Aşağıda Mir Sabirin bir şeirini ixtisarla oxuculara təqdim edirik:

Bir addım geriyə çəkilmək olmaz!

Ey Milli Ordumun mərd əsgərləri,

Azadlıq yolunun səfərbərləri,

İrəli! İrəli! Yenə irəli!

Heç vaxt kürəyindən kişi vurulmaz,

Bir addım geriyə çəkilmək olmaz!

Dağıdın bəndləri, açın yolları,

Azad nəfəs alsın Laçın yolları,

Gündə min zəfərlə keçin yolları,

Döyüş meydanında igid yorulmaz,

Bir addım geriyə çəkilmək olmaz!

Arxada anamız, bacımız durur,

Bizim qeyrət adlı tacımız durur,

Hələ şəhidlərə borcumuz durur,

Çağırır bizləri intiqam, qisas,

Bir addım geriyə çəkilmək olmaz!

Bu günlər Vətənin yaman günüdür,

Bizdən qəhrəmanlıq uman günüdür,

Fürsəti verməyin, aman günüdür,

Gözəl Qarabağı eyləyin xilas,

Bir addım geriyə çəkilmək olmaz!

# 4138 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #