Səni niyə belə sevdim, belə istədim niyə?

Səni niyə belə sevdim,  belə istədim niyə?
4 noyabr 2013
# 12:53

Kulis.az şair Vaqif Bayatlı Ödərin şeirlərini təqdim edir.

Səni niyə belə sevdim?

Səni niyə belə sevdim,

belə istədim niyə,

canımdakı min tikana,

bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı

görəmməyən varmı, hanı?!

həm gizlətdim, həm də hamı

bilə istədim niyə?

Min illərçün də Allahdan

Gecə-gündüz, hər an, hər an

səni özümə həm sultan,

həm də, həm də

kölə istədim niyə?!

Bir də kimsəni sevməyəcəm

Bir də kimsəni sevməyəcəyəm

Bu gecə nədəndir hamıdan qabaq

ağrıyan, qəlbimə yanıram dostlar,

Bir də sevda nədi, bilməyəcəyəm,

Bir də bir kimsəni sevməyəcəyəm.

Bir də bu dünyada eşqdən yazmağa,

Gecələr azmağa daha halım yox.

Bu xan oğlanlara, xanım qızlara

Qara sevda nədi, bir sualım yox.

Getdi gözlərimdən bir dəvə kini,

Getdi qollarımdan küçə davası.

Bahar ağaclardan çəkilən kimi.

Çəkildi başımdan gənclik havası.

Könlüm dəliliyi unutdu çoxdan,

Axır ki, ağlımın səsinə uydum.

Qonur gözlərimdə yorğunluq – haqdan,

doydum küçələrdən, yollardan doydum.

Bir də sevda nədi, bilməyəcəyəm,

Bir də kimsəni sevməyəcəyəm.

Bir qızın telləri əsdi üzümə

Gizlicə-gizlicə gəldi buludlar,

Gizlicə-gizlicə döndü ümidlər,

İndiki buludlar beləcə gəlmir,

İndiki yağışlar beləcə yağmır.

İllərin o başından

bir qız yaylığı üstdə

bir ipək xatirə döndü qəlbimə,

bir qızın telləri əsdi üzümə.

Gülüm yağış! Çiçəyim yağış!

O ipək illərdən,

atlaz günlərdən,

Gilənar göylərdən dolan yağışım,

yollarda yorulub

gözümdə, könlümdə qalan yağışım,

bir çinar üstündə

qoyub gəlmişdim səni,

çinarın altında bir gilənar qız.

İndiki yağışlar beləcə yağmır...

Bu gilənar yağış

mənim qəsdimə yağır,

O dost çinarın üstündən yağır,

On ildən, beş ildən, dünəndən yağır,

bütün sevgilərin

dönən yerindən yağır.

Bəlkə də, bəlkə də lal məhəbbətlərin

dinən yerindən yağır.

İllərin altında solmaz o tellər,

Hər bulud lələyi ümidlə gələr,

O barlı illərin sevgisi qızlar

Bir də gilə-gilə qızardı bəlkə...

Ölümdən sonra başlar şair ömrü

Noldu birdən-birə, Mixail Yuriyeviç,

İndicə gülürdünüz?!

İndi qəbir tüfəng lüləsitək dar,

Elə bilirdiniz hamının Allahı var?

Diz çökün, cənab Martınov, diz çökün!

Fələyin zülmü çox, Allahın mərhəməti!

Diz çökün! Bir şair də söndü -

Sevdalar yaşılı, ocaq kösöyü,

Üstündə Allahı, üstündə göyü.

Gözlər hədəqədə, ölüm sinədə,

Alın yazısına, qara günə də,

bazarda soğanın qiymətinə də,

bir bəhanə gərək, bir bayıs gərək

Güllələyin şairləri! Sonra diz çökün!

Kimin günahı var, kimin ahı var,

Dünyanın nə qədər pis sabahı var.

Hamsına, hamsına şairlər bayıs!

Güllələyin şairləri! Sonra diz çökün!

Güllələyin qulaqları, oxşamayan təzə sözü,

Güllələyin damarlara sığmayan təzə qanı!

Güllələyin lirikanı, Lorkanı, Nerudanı!

Güllələyib güllələnmək əsridi,

Güllələyib güllələnin!

Qəbristanlıqlar ölüyə həsrət!

Dəlixanalar dəliyə həsrət!

Güllələyin şairləri!

Koroğlu zəncirdə, Qıratı darda,

Dəlləklər gəzirlər karetalarda.

İndi ağlayanlar güləcək gorda,

Gorda ağlayanlar güləcək harda?

Güllələyin şairləri! Onsuz da

Şairlər ölürlər yaz yağışından,

Arvad qarğışından, qız baxışından,

Dünyanın tələsik yır-yığışından,

Günahlı, günahsız şairlər ölür.

Güllələyin şairləri!

Ancaq tövbə gecəsi əynində soyxa,

qorxa-qorxa

Puşkinin yarasın öpməyə yüyürsün Dantes,

bir kilsə qapısında səhərəcən

böyürsün Dantes;

Bir də yol verin, yol verin cənab Martınova

yıxılan Lermontovu qucaqlamağa...

Mən zalım adamam, kamança

Qardaşım ağaclar, bacım çiçəklər,

bir də söz tutdu sizi,

söz tutdu, sevda qurutdu,

üz tutub yüyürməyin mənə sarı,

bağlanıb gözümün

yaş qapaqları.

Dünyanın bəla qapıları

qala qapıları, daş qapıları,

yetim qapıları, boş qapıları

bağlanıb könlümə, bağlanıb

bağlanıb gözümün yaş qapaqları

Mən söz bəlasıyam,

zalım tifili.

Sürüşüb alnımdam tanrının əli

daha sən də

sən də ağladammazsan məni

mən zalım adamam, kamança.

# 4152 dəfə oxunub

Müəllifin son yazıları

# # #