Mikayıl Müşfiqin səhvi

Mikayıl Müşfiqin səhvi
5 avqust 2013
# 11:44

Qu quşunun nəğməsi və ya şeirimizin faciəsi

1937-ci ilin amansız repressiyalarının qurbanı olmuş böyük şairimiz, Azərbaycan ədəbiyyatı tarixində və Azərbaycan oxucularının ürəyində xüsusi yeri olan Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri çox təəssüflər olsun ki, son vaxtlar cəfəng bir müzakirənin hədəfinə çevrildi. Həmin müzakirənin ictimai rezonansı barədə Sevda Sultanovanın kifayət qədər sərt və haqlı tənqidini nəzərə alaraq təfərrüatlara varmadan təəssüfümü bildirmək istəyirəm ki, getdikcə qar topası kimi böyüyən bu tendensiya media ictimaiyyətinin bəzi qrupları arasında bir çox dəyərlərimizə, eləcə də Mikayıl Müşfiq yaradıcılığına və ruhuna da yadlaşmağın, laqeydləşməyin heç də xoş olmayan bir göstəricisidir.

Bu, bir həqiqəti daha aydın və qabarıq göstərir ki, Mikayıl Müşfiqin yaradıcılığı, bənzərsiz poetik dünyası ictimai rəy yaradan bəzi dairələr üçün o qədər də maraqlı deyil: maraqlı olan məşhur insanların adlarını ucuz bazar malına çevirməkdir. “Yenə o bağ olaydı” ətrafında müzakirə aparmaq üçünsə daha düşündürücü səbəblər tapmaq mümkün idi...

Nikbinlik və həyat eşqi ilə dolu “Yenə o bağ olaydı” Mikayıl Müşfiq yaradıcılığının və Azərbaycan ədəbiyyatının böyük kədər doğuran ən tragik əsərlərindən biridir. Qu quşunun son nəğməsi təsiri bağışlayan bu şeirdə əbədi dünyanın əbədi gözəllikləri - qumlu sahil, dil-dil ötən xırçın sular, qıvrılan tellər, coşan dalğalar, ürəkdə qopan fırtınalar, qısqanclıqlar, xəyallar şairin ilhamının yelkənini hərəkətə gətirdiyi kimi, yeni zəmanə, yeni ictimai münasibətlər, sovet gerçəkliyi də coşqun bir ilhamla tərənnüm olunur...

Paradoks bundadır ki, 1930-cu illər – kütləvi repressiyalar dövrü Azərbaycan ədəbiyyatının ən ciddi ictimai dəyər və məzmun daşıyan nümunələrindən biri olan bu şeir müəllifinin ürəyinə dammış ölüm duyğusunun addım səslərini əks etdirir. Bu şeirdə ölüm “gəlirəm” deyir və bütün varlığı ilə yaşamaq, sevmək, sevilmək istəyən bir insanın lap yaxınında dolaşan ölümü hiss etməsi və bu müdhiş duyğunu özündən uzaqlaşdırmaq ümidi və istəyi ən parlaq boyalarla əks olunur…

Ölümü – dünyadan əbədi ayrılığı hiss etmək və dünyanın əbədi gözəlliklərinin fərqinə varmaq. Ölümlə üz-üzə olmaq və bütün varlığınla onun səndən yan keçəcəyinə inanmaq, yaxud özünü buna inandırmaq. Şeirin faciə dolu dramatizmi də bundadır.

M.Müşfiqin yaradıcılığında ölüm duyğusunu birbaşa və daha müstəqim əks etdirən başqa bir şeir də var: müəllif həmin şeirdə ölümün ona tərəf gəldiyini açıq dilə gətirir.

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim…

Bu misralarda dünyadan əl çəkmək hissiyyatının real bir gerçəklik olduğu görünməkdədir. Şairin “gündən-günə gözəlləşən işıqlı dünyadan” əl çəkmək istəməməsi isə təbii insan duyğusudur – kim dünyadan əl çəkmək istəyir ki?...

Ancaq burada bir sual da doğur: doğrudanmı 1930-cu illər – bir yanda dünyanı faşizm taununun bürüdüyü, bir yanda kommunist repressiya maşınının amansızlaşdığı bir zəmanədə dünya bu qədər işıqlı idi, bir belə gözəlləşmişdi, sevilməyə, tərənnüm edilməyə layiq olmuşdu? Sovet ədəbiyyatının ideoloqlarından olan Vladimir Mayakovskinin 1921-ci ildə Aleksandr Blokun ölümü münasibətilə qələmə aldığı yazısında maraqlı bir məqam var: “Xatırlayıram, inqilabın ilk günlərində Qış sarayının qarşısındakı tonqalda qızınan arıq, donqarlaşmış əsgərin yanından keçirdim. Məni səslədilər. Blok idi. “Detski podyezd”ə qədər bir yerdə gəldik.

“Xoşuna gəlirmi?” – soruşdum. – “Yaxşıdır, – Blok dedi. Sonra da əlavə elədi: – Mənim kənddəki kitabxanamı yandırıblar”.

Bax bu “yaxşıdır” və bu “kitabxanamı yandırıblar” inqilabın yaratdığı iki duyğu idi… Şair anlamalı idi ki, onda bu duyğulardan hansı daha güclüdür. “Yaxşını” tərənnüm etmək, yoxsa yanğının ah-vayını çəkmək lazımdır – Blok öz poeziyasında seçim etmədi”.

Mikayıl Müşfiq də seçim edə bilmədi. O vaxt şairin qarşısındakı yolayrıcı iki istiqamət təklif edirdi: ya “gündən-günə gözəlləşən dünyanı”, “yerlə çarpışan, göylə əlləşən” insanları tərənnüm etmək, mənəvi və fiziki terrora, repressiyalara, “Oxuma, tar” çağırışı edənlərə və onlara haqq qazandıranlara qoşulmaq, ya da “Oxu, tar!” haykırmaq. “Gündən-günə gözəlləşən dünya” isə məhz “Oxuma, tar!” deməyi tələb edirdi, “gözəlliyin” ideologiyası, fəlsəfəsi bunun üzərində qurulmuşdu…
Əslində, “Oxu, tar” şeirində yeni zəmanəyə xor gələcək bir fikir, sovet ideologiyasına zidd sayıla biləcək ən cüzi bir eyham belə yoxdur. Əksinə, yeni həyatın, onun fabrik, zavod, traktor, radio… kimi simvollarının açıq tərənnümü var. Şair tarı “bir silah kimi çevirib”, “qəlblərdə gizlənən keçmişi” “yeni nəğmənin əliylə devirməyi” tərənnüm və təbliğ edir. Özü də onun şeir dili müasirlərinin çoxundan fərqli olaraq daha səmimi və poetik səslənir.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm.
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əliylə
Devirə bilərəm!
“Qəlblərdə gizlənən keçmişi yeni nəğmənin əliylə devirmək” və “tarın unudulmaz nəğməsinə” tapınmaq, orada ruhi bir təskinlik tapmaq. Kitabxanası yandırılmış Blokun inqilaba “yaxşı” deməsi kimi Müşfiqin də seçimsizliyi və tragizmi bunda idi. Çünki “qəlblərdə gizlənən keçmişi” devirmək, tarın keçmişdən indiyə daşıdığı dəyərləri oradan təmizləmək mümkün deyildi: nə tarın yeni nəğməsi ilə, nə də repressiyalarla.
Bu təkcə Müşfiqin deyil, həm də Azərbaycan sovet şeirinin digər istedadlı nümayəndələrinin – Səməd Vurğunun, Əhməd Cavadın, Rəsul Rzanın… da seçimsizliyi idi (Bu seçimsizliyin son böyük qurbanı isə Nazim Hikmət olmuşdu). Ona görə də bu gündən baxanda həmin şairləri “ağ” göstərmək üçün də kifayət qədər əsaslar var, “qara” göstərmək üçün də. Şeir yazılandan az sonra Mikayil Müşfiqin özü də ittiham etdiyi “qəlblərdə gizlənən keçmişin” daşıyıcısı kimi ittiham olunacaqdı…
Heç şübhəsiz ki, “Yenə o bağ olaydı” ədəbiyyatımızın bütün zamanlarında böyük istedadla yazılmış ən güclü məhəbbət şeirlərindən biridir. Ancaq bu şeirdə də biz iki Müşfiq görürük: məhəbbəti və dünyanın gözəlliyini hər şeydən üstün tutub böyük ilhamla tərənnüm edən zərif duyğulu qəlb şairini və yeni zəmanəyə nəğmə qoşan, “qəlblərdə gizlənən keçmişi” hədəf alan sovet şairini, yeni zəmanənin alovlu nəğməkarını.
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha məsud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz bir başqa yazdır!
Həmin yaz həqiqətən də başqa yaz idi. Ancaq bu günün gözü ilə baxanda, bu günün dəyərləri ilə qiymət verəndə heç də insanları məsud – xoşbəxt edəcək bir yaz deyildi. Azərbaycanın, eləcə də bütün bəşər tarixinin ən dəhşətli, ən qanlı dövrü idi. Müşfiq “yolumuzdan daş, kəsək təmizlənib bir az da” dediyi yazda “qəlbləri keçmişə bağlı” insanları rəhmsizcəsinə daş-kəsək kimi əzir, üyüdüb-ələyir, məhv edirdilər. “Ellərin kefini saz eləmək” üçün insanlarda belə bir fikir yaradırdılar ki, yolumuzu təmizləyirik...

Azərbaycan sovet poeziyasının ən istedadlı nümayəndələrindən olan Mikayıl Müşfiq son nəğməsində həmişə yaşayan və yaşayacaq, elə onun öz şeiri ilə anılacaq məhəbbətlə bərabər, “təmizlənmiş yolu” da tərənnüm edirdi. Bu yol isə yanan ürəklərin, düşünən beyinlərin bir-birinin ardınca gedər-gəlməzə göndərildiyi yol idi.

Azərbaycan tarixinin ən böyük tragik qəhrəmanlarından birinin – Mikayıl Müşfiqin son monoloqunu söyləyərək içinə çökmüş zəhmli ölüm qorxusu ilə “təmizlənmiş yola” baxdığı həmin yaz isə 1937-ci ilin yazı idi. V.Mayakovski demiş: “İrəliyə yol yox idi. İrəlidə ölüm var idi. O da gəldi”...

# 4952 dəfə oxunub

Müəllifin son yazıları

# # #