İnsan ömrü

İnsan ömrü
1 iyun 2015
# 16:54

Kulis gənc yazar Ulucay Akifin "İnsan ömrü" yazısını təqdim edir.

Açıq pəncərəmdən günəş şüaları otağıma daxil oldu və göz qapaqlarıma toxunaraq məni oyatdı. İlıq may səhəri idi. Bu gün birinci sinfi bitirəcəkdim. İçimdə böyük bir sevinclə yatağımdan qalxdım. Köynəyim ütülənib pəncərənin qırağındakı stuldan asılmışdı artıq. Əlifba bayramının ən yaraşıqlı oğlanı mən olacaqdım...

Əl-üzümü yudum, məhrəba ilə üzümü qurulayanda güzgüyə baxıb saqqalımı qırxmadığımı gördüm. Məktəbdən, ya universitetdən məzun olanlara oxşayırdım bu saqqalla. Amma artıq saat gec idi deyə bu gün belə gedəcəkdim. Qapıdan çıxanda həyat yoldaşım qalstukumu düzəldərək yanağımdan öpdü və mənə uğur dilədi. O biri otaqdan dörd yaşlı oğlum gələndə dondurma almağımı istədi.

Payız yağışında islanmış halda işə çatdım. Yorucu bir iş günün ardından maaşımı almışdım. Evə qayıdanda oğlumun məndən dondurma istədiyini xatırladım. Dondurma? Payızda dondurma? Başımı silkələyərək yadıma salmağa çalışdım. Yəqin oyuncaq-falan istəmişdi. Yorğun olduğumdan xatırlaya bilmirdim. Oyuncaq dükanına girib oğlum üçün bir araba aldım. Artıq evə çatmışdım. Qapını döydüm və gözləməyə başladım. Nəsə bir fərqlilik var idi. Qapının rəngi, pəncərələr, evin çatısı. Sanki hamısı dəyişmişdi.

Qapı açıldı. Dörd yaşlı uşaq əlimdəki oyuncağı görüb sevinərək boynuma sarıldı.

- Çox sağ ol, baba!

- Baba?

- İstədiyim arabadandı.

Bu zaman oğlum uşağı qucağımdan alaraq dedi:

- Ata, niyə əziyət çəkirdin? Axı bilirsən, ev doludu oyuncaqla. Keç içəri, gəl. Gəlinin dadlı yeməklər bişirir bizim üçün.

- Gəlinim?

- Bu gün nəvən Ayselin 1 yaşı tamam olur, bir azdan onu qeyd edəcəyik. Sənin sevdiyin yeməkdən də bişirib gəlinin. Yarpaq dolması. Hələ ki, keç yerinə bir çay gətirsin, yorğunluğunu al.

Pəncərə qırağındakı stulumda əyləşdim. 20 yaşlarında bir gənc qız mənə çay gətirdi.

- Baba, buyur.

- Çox sağ ol, Aysel.

Çayı udumlayaraq küçəni seyr edirdim. Bərk-bərk yağan qar yolu ağartmağa başlamışdı. Şaxtalı qış günündə pəncərə qırağındakı stulda yuxuya getdim.

# 988 dəfə oxunub

Müəllifin son yazıları

# # #