Ailə albomu

Ailə albomu
19 sentyabr 2013
# 10:46

Anam:

- Dayanın, sizə görün nə göstərəcəm? – dedi. Nənənin başına yığışanlar böyük həvəs və maraqla gözləməyə başladılar. Ana o biri otağa keçdi. Oradan əlində qəzetə bükülü bir bağlama gətirdi.

İçi mən qarışıq hamımız səbrimizi basa bilmədik:

- Hə, nə oldu, o nədir? – deyə sualları yağdırdıq.

- Dayanın, tələsməyin. Bu dəqiqə - deyə, anam bizi sakitləşdirə-sakitləşdirə əlindəki bükülünü stolun üstünə qoyub açmağa başladı.

- Bunu qardaşımgildən gətirmişəm, qaytarmaq şərtilə.

Bükülünün içindən ağ-qara şəkillər çıxdı. Şəkilləri anam çox qiymətli bir əşya kimi bir-bir ötürməyə başladı. Şəkillər dövrə vuraraq bir-bir hamımızın əlinə keçdi. Anam izahat verə-verə şəkilləri ötürürdü.

- Baxın, bu mənəm, tələbə vaxtı imtahana hazırlaşarkən çəkdirmişəm.

Ağ-qara fotoda gənc, nərmənazik, əynində don, donun üstündən də toxunma jiletli bir yapışıqlı qız, uzun şabalıdı qalın hörüklərini nümayiş etdirərək başının üstündən qaldırıb çarpazlamışdı. Elə bu təsvirdən şəkildəki qızın şıltaq duruşu baxanları təəccübləndirdi. Nəvələri:

- Nənə, bu kimin şəklidir?

- Bu mənəm – nənə qısaca cavab verdi.

Bu cavabı heç kim gözləmirdi. Onlar nənəni belə görməmişdilər. Ətrafdakıların heyrətdən səsləri kəsildi.

Hardan görə bilərdilər? Onlar iki nəsil sonra dünyaya gəlmişdilər.

Anam növbəti şəkli yanındakı qız nəvəsinə ötürdü:

- Bu, bacım Ofelya, bibim Həcər müəllimdir.

İstisudadırlar. Şəkildən çox məmnun halda iki qadın bizə baxırdı. Həcər anamın müəllimə bibisi idi. Həyat yoldaşı Böyük Vətən Müharibəsində həlak olmuşdu. Bütün rayon ona Həcər müəllim deyirdi. Demək olar ki, bütün rayona dərs demişdi. Xalamla Həcər müəllim rayonda da bir məhəllədə yaşayırdılar. Dincələndə də, İstisuya müalicəyə gedəndə də bir-birlərinə yoldaşlıq edirdi bibi ilə qardaşqızı. Hər ikisi gümrah, baxımlı görsənirdi.

Anam növbəti şəkli ötürdü. Bu şəkil də o biriləri kimi sıra ilə əldən-ələ keçdi. Nəhayət mənə də növbə çatdı. Evin böyründə, çəmənlikdə kiçik xalam Raya, nənəm və anam palaz salıb oturublar. Xalamın qucağında bir qız oturub, diqqətlə onun üzünə baxır. Bu uşaq rayon uşağına oxşamır. Qısa kəsilmiş saçında ağ bant var. Mən özümü tanıyıram:

- Ay mama, bu mənəm. Heç bu şəkildən özümüzdə yoxdur.

Mamam şəkli məndən alıb, “mən elə bilirdim bu Fəridədir”-, zənn ilə baxıb, “hə bu sənsən”, dedi.

Mən bir də şəkli alıb baxdım. Yəqin ki, onu ya babam çəkmişdi, ya da dayılarımdan biri.

Növbəti şəkil dairə vuranda heç kim onu tanımadı. Yaraşıqlı, ağbəniz bir uşağın şəkli idi. Mən şəkli onlardan aldım. Bu Məhəmmədin uşaqlıq şəkli idi. Bu şəkli çəkdirməyə anamla mən də getmişdim. Şəklin çəkdirildiyi gün indiki kimi yadımdadır. O, uşaqlığında da çox gözəl idi. Evimizə kim gəlirdisə onun şəklini aparırdı. İş o yerə çatmışdı ki, bu şəkildən özümüzdə qalmamışdı. Amma bütün qohumların evində var idi. Hamının sevimlisi idi.

Şəkillər çox idi. Burda anamgilin köhnə məhəllələrindəki qohumların, indi ağsaqqal, ağbirçək olmuş kişilərin, arvadların uşaqlıq şəkilləri, dayılarımın, xalalarımın, anamın gənclik illərində çəkdirdikləri, nənəmin şəkilləri var idi. Ağ-qara şəkillərdən elə bil o insanlar bizə tərəf boylanırdılar. O qədər canlı idilər ki, sanki biz paralel bir həyat yaşayırdıq.

Anam səliqə ilə şəkilləri toplayıb yenə də gətirdiyi kimi qəzetə bükdü. Mən ona bərk-bərk tapşırdım ki, saxlasın, biz üzünü çıxartdıraq, sonra versin dayımgilə. Çox qəribədir. İnsanlar rayonu, illərlə yaşadıqları, ocaq qurduqları, dolu ev-eşiklərini qoyub ordan heç nə götürməyib çıxmışdılar. Bircə o xoş günlərin şahidi kimi xatirə olaraq ailə albomunu gətirmişdilər. Çünki onların firavan keçmişlərinin şahidi kimi təkcə bu ailə albomu qalmışdı.

# 2009 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #