“Milyonçu qadın” – Elçinin Bernard Şoudan tərcüməsi...

“Milyonçu qadın” – <span style="color:red;">Elçinin Bernard Şoudan tərcüməsi...
20 aprel 2017
# 12:40

Ölümə hazır olan insan

(«Milyonçu qadın»ı tərcümə edərkən)

1960-cı illəri ikinci yarısında Jan-Pol Sartrın Nobel nitqi «Samizdat» vasitəsilə yayılmış (Sovet İttifaqında çap olunmayan, qadağan edilən əsrlər adi makina kağızlarında çap edilib, gizli yayılırdı) populyar yazılardan biri idi və o zaman biz – bir qrup gənc yazıçı – o çıxışı əldə edib, bir-birimizə ötürərək oxuyurduq. Bu ciddi, fəlsəfi mütəfəkkir sözü şəxsən mənə çox təsir etmişdi və belə bir tarixi mətndən sonra, Sartrdan xeyli əvəl Nobel mükafatına layiq görülmüş Bernard Şounun bu hadisəni «keçən il heç nə nəşr etdirməyərək dünya oxucularını əziyyətdən xilas etdiyim üçün təşəkkür nişanəsi» kimi qiymətləndirməsi, doğrusu, mənə qoca Şounun ucuz və təkəbbürlü bir yumoru təsiri bağışlayırdı.

Ancaq elə ki, mən Şounu adda-budda yox, dərindən oxumağa və tanımağa başladım, Şou ironiyası ilə bağlı həmin «ucuz» və «təkəbbür» sözü mənim düşüncəmdə həmişəlik yox oldu – artıq mənim üçün söhbət XIX əsrin sonu, XX əsrin nəhəng dramaturqundan və eləcə də nəhəng bir intellektualından gedirdi.

***

Şou nə qədər intellektual bir yazıçıydısa, bir o qədər də xəlqi idi və onun estetik anlayışında sənət sənət üçün deyildi, o, kütləni və məhz kütlə vasitəsilə də cəmiyyəti sənətin biləvasitə ünvanı hesab edirdi. Onun özü də təbiəti etibarilə xəlqi bir insan idi və elə yalnız bu fakta fikir verin: Şou bir sıra romanlardan, külli sayda məqalə və esselərdən, altmış üç pyesdən başqa 250 000 (iki yüz əlli min!) məktub yazıb və bu məktubların böyük əksəriyyəti sadə oxucu məktublarına cavabdır.

Şou dialoqlarında intellektuallıqla, hətta mən deyərdim ki, elitarlıqla, onun yaratdığı xarakterlərin təbiiliyi (xəlqiliyi!) arasında qəribə bir bədii-psixoloji vəhdət var və biz bu cəhəti «Milyonçu qadın» pyesində (özü bu əsəri «təmtəraqlı komediya» adlandırır) aşkar görürük. Dialoqlar gizli, yaxud açıq ironiya ilə, incə yumorla zəngindir və burada şitliyə, yüngül hırıltı doğuracaq situasiyalara, bayağı söz oyunlarına rast gələ bilməyəcəksiz. Düzdür, Şou bəzən «Milyonçu qadın»da Edrian Blenderblendin yaralanmısı səhnəsində olduğu kimi, buffonada elementlərindən istifadə edir, ancaq bu tipli səhnələrin özündə də həmin ironiya, həmin incə yumorla bayağılıq arasındakı sərhəd çox ciddi qorunr. Elə bil, bu dialoqları dramaturq özü yazmır, bunları personajlar ona diktə edirlər və qoca Şounun özü də onlara qulaq asa-asa, onların bir-birlərinə dediklərini ağ kağıza köçürə-köçürə gülür.

«Milyonçu qadın»ın baş və ekssentrik qəhrəmanı Epifaniya, məncə, Şounun ən duzlu-şirəli, ətli-qanlı obrazlarından biri, birincilərdən biridir və əgər doğrudan da bu əsər bilavasitə personajların mistik diktəsi ilə yazılsaydı, mən şübhə etmirəm ki, danışıq tərzi, mühakimələri, iddiaları, məntiqli həyasızlığı ilə onuonu ən çox güldürən milyonçu qadın Epifaniya olardı.

Şou «Drama və teatr haqqında» yazdığı məşhur essedə dramaturgiyanı iki yerə ayırır: sosial problemlərdən bəhs edən pyeslər və «individual insan xarakterlərini» açan pyeslər. (B.Şru. O drame i teatre, Moskva, 1963, str. 182.)

Sovet ədəbiyyatşünaslığı isə bu «Şou təsnifat»ını nəinki qəbul edir, hətta bundan su-istifadə edirdi və dolayı yolla da olsa, üstünlüyü sosial probolematikaya verirdi.

Belə bir ideoloji bucaq altından baxdıqda, əlbəttə, Epifaniya «nisbətən az inandrıcı personaj» kimi qiymətləndirilirdi, çünki sosrealizm ədəbiyyatının əsas qəliblərindən birini – surətlərin «mənfi» və «müsbət» qütblərə bölünməsini bu məşhur pyesin baş qəhrəmanına tətbiq etmək heç cürə mümkün deyildi. O dövrün tənqidi elə bu cür də yazırdı: Epifaniya surətini «ya mənfi, ya da tam müsbət» surət hesab etmək mümkün deyil. (A.Q.Obraztsova. «Millionerşa», B.Şou, Polnoe sobranie pyes, t.6, Leninqrad, 1081, str.614-25.)

Düzdür, Şou Sovet İttifaqının o zamanın təbiri ilə desəm, «kapitalist dünyasında» nüfuzlu dostu idi – bu, öz yerində, ancaq ideoloji doqmalar daha əsas idi və o vaxt sarsılmaz görünürdü.

Şou öz bədii-estetik istedadının təbiətinə görə modernist yox, reformator idi və ingilisdilli dramaturgiyada (və ümumiyyətlə, dünya dramaturgiyasında) yeni bir mərhələnin yaradıcılarından olan Şou dramaturgiyada iki min illik real ənənələrdən birdən-birə əks qütbə sıçramağın (Bekke, İonesko) yox, əgər belə demək olarsa, bədii-estetik təkamül tərəfdarı idi, onun özünün də süjetlərinin, dialoqlarının təzəliyi məhz təkamülün gətirib çıxardığı təzəlik idi.

Düzdür, vaxtı ilə Lev Tolstoy Şounun məktubuna cavabında yazırdı ki, «Yaradan, şər və xeyir məsələləri çox ciddidir, onlar haqqında zarafatla (orijinalda «şutə») danışmaq olmaz», ancaq Şou Tolstoyun vəfatından (1910) sonra 40 il yaşayıb və 94 illik ömrünün axırına kimi ayıq bir təfəkkürlə yazıb (son pyesini vəfatından bir neçə gün əvvəl bitirib). Bu qırx il isə onun yaradıcılığının ən məhsuldar dövrüdür və altmış üç (!) pyesinin, böyük əksəriyyətini elə bu dövrdə – Tolstoydan sonra yazıb, yəni Tolstoyun irad tutduğu Şou – tam Şou, bütöv Şou deyil.

Şou yumoru «ağır çəkili» yumordur, bu yumorun, bəzi məqamlarda isə hətta qrotekstin arxasnda zəngin bədii-fəlsəfi mündərəcatlı Sözü sadə və zövqlü bir ironiya ilə demək bacarığı dayanır və fikir verin, bu, məşhur Şou kəlamlarından biridir: «Hərdən insanları, sizi dar ağacından asmaq fikrindən yayındırmaq üçün, güldürmək lazımdır.»

Bu isə, onun başqa bir kəlamıdır: «Mənim zarafat etmək vasitəm – həqiqəti deməkdir. Dünyada bundan gülməli bir şey yoxdur.»

Həqiqəti deməkdən gülməli bir şey yoxdur – bu, bütün Şou yaradıcılığına (bizdə Sabir yaradacılığında, Mirzə Cəlil yaradıcılığında olduğu kimi) şamil edilə biləcək bir devizdir və onun pyeslərinin biri çox yüksək bədii səviyyəli, o biri nisbətən zəif ola bilər, ancaq onlarda yalan, falş yoxdur, onlar sadəlövhlüyün yox, müdrikliyin ifadəsidir.

«Milyonçu qadın»ı tərcümə edərkən, Şou ironiyasının, yumorunun təravəti bir xatirəni mənim yadıma saldı: Slovakiyada, Avropanın qədim şəhərlərindən biri Mariborda 400 il yaşı olan (!) bir üzüm ağacı bitir və o üzüm ağacı bu gün də (400 ildən sonra!) qış yuxusundan oyanaraq təzə-tər yarpaqlarla yarpaqlayır, sağlam salxımlar yetişdirir. Bu ağac ildə 60 kilo üzüm verir, o üzümdən 40 litr çaxır hasil olunur və insanlar bu gün də o çaxırdan içərək deyib-gülürlər, müsbət emosiya alırlar.

Bernard Şou «Milyonçu qadın»ı 1935-36-cı illərdə, səksən yaşında yazıb, ancaq heç bir mübaliğəyə varmadan deyim ki, onun səksən, doxsan yaşlarında da yazdığı pyeslər oynaq, şux estetikası ilə əsil gənclik şövqünün, ehtirasının, enerjisinin ifadəsidir.

Şounun bioqrafiyasında bir fakt da var ki, ondan söhbət düşəndə bəziləri bunu razılıqla, bəziləri isə böyük təssüf hissi ilə xatırlayırlar: 1931-ci ildə – İosif Stalinin hələ «allahlaşdırılmadığı» bir dövrdə Şou Sovet İttifaqına on günlük səfər edib və Stalinlə görüşüb. Stalin adətən xarici qonaqları iyirmi dəqiqədən artıq qəbul etmirdi, Şou ilə söhbət isə iki saat iyirmi dəqiqə çəkib və bu görüşdən sonra bəyanat verərək Stalin haqqında məşhur sözlərini deyib: «Stalin – nəhəngdir, ancaq Qərb xadimlərinin hamısı – piqmeydirlər.»

Piqmeylər Afrika cəngəlliklərində yaşayan xalqlar arasında ən qısaboylulardır.

Düzdür, 1931-ci ildə Stalin hələ stalinizmin təcəssümü deyildi, 1937-38-ci illər hələ irəlidə idi, ancaq bir cəhət var ki, Şou ömrünün sonuna qədər, yuxarıda dediyim kimi, Sovet İttifaqının (deməli, Stalinin də!) dostu olub və düşünürəm ki, uzaq, tanınmaz (SSRİ kimi nəhəng bir ölkəyə bələd olmaq üçün on gün hətta Şou üçün də kifayət deyildi!) və o dövr üçün bir az da ekzotik SSRİ-yə belə bir münsibətin səbəblərindən biri də, yəqin, Şounun yaşadığı və güldüyü ingilis burjua cəmiyyətinə qarşı daxili kin-küdurəti idi. Bu kin-küdurətin isə sərt reallığını ilk növbədə onun əsrləri sübut edir.

Şekspirdən sonra İngiltərənin ən böyük dramaturqu Bernard Şou mənşə etibarilə irland idi və onun milli təəssübkeşlikdən qat-qat artıq dərəcədə sosial sarkazm ilə dolu bu sözləri də məşhurdur: «İngiltərə İrlandiyanı işğal edib. İndi mən nə edim? İngiltərəni işğal edim?»

Yeri düşmüşkən, deyim ki, o dövrün Romen Rollan, Leon Feyxtvanger, Anri Barbüs kimi SSRİ-yə səfər edib, Stalinlə görüşmüş böyük qələm sahibləri, tanınmış şəxsiyyətlər də 1930-cu illərdə Sovet İttifaqının nüfuzlu dostları sırasında olublar.

Ancaq baxın, bu yerdə də Şou ironiyası onunladır, hətta mən deyərdim ki, Şou ironiyası (və yazıçı fəhmi!) onun özündən də irəli gedib: «Milyonçu qadın»ı bitirdikdən sonra Şou pyesə əlavə olaraq kiçik bir final yazır və qeyd edir ki, əgər əsər Rusiyada, ya da kommunizmə rəğbət bəsləyən başqa bir ölkədə tamaşaya qoyulsa, bu finalla qurtarsın.

Əlavə final isə ondan ibarətdir ki, Epifaniya Rusiyaya gedəcəyini və orada milyonçu yox, zəhmətkeş olacağını deyir, «ancaq yarım ildən sonra Kommisarlar Şurasının iclasında iştirak edəcəyəm, bir ildən sonra isə Siyasi Büronun üzvü olacağam.»

Və Epifaniyanın yeni məşquliyyəti olan Misirli həkim də cuşa gələrək İngiltərədə qalmağı təklif edir – ancaq niyə? – çünki «nə üçün biz Britaniya imperiyasını Sovet Respublikasına çevirməyək?» Bu isə Epifaniyanın coşğun qətiliyi: «Mütləq çevirəcəyik! Ancaq bunun üçün biz gərək həddi-büluğa çatanların hamısını bir kənara ataq və cəmiyyətdə yenidənqurmanı yenicə doğulmuş körpələrlə başlayaq.»

Belə bir sonluqdakı aşkar ironiya, hətta nəinki ironiya, kəsgin satira (qrotekst) ilə, elə bil, qoca Şou özü-özünə gülür.

***

Şou lap gənc yaşlarından etibarən vegeterian idi

70 yaşlarında olarkən, jurnalistlər ondan soruşurlar:

- Özünüzü necə hiss edirsiniz?

Şou:

- Çox əla! – deyir.- Ancaq həkimlər məndən əl çəkmirlər ki, ət yeməsəm, öləcəyəm.

Və Şou 90 yaşında ikən juralistlər ona yenə eyni sualı verirlər.

Şou:

- Özümü əla hiss edirəm.- deyir.- Daha məni heç kim narahat etmir. O həkimlər ki, məni qorxudurdular, guya ət yeməsəm öləcəyəm, indi onların hamısı rəhmətə gedib.

Corc Bernard Şou 1950-ci ildə, 94 yaşında vəfat edib və onun son sözləri bu olub:

- Mən ölməyə hazıram.

18 yanvar 2017.

Roqaşka.

Bernard Şou

Milyonçu qadın

(İkinci pərdədən bir səhnə)

Londonun kənarında, çay sahilində qədim bir mehmanxananın cansıxıcı qəhvəxanası.

Köhnə, kasıb və səliqəsiz bir qəhvəxanadır.

Qapının ağzındakı asılqanda mister Edrien Blenderblendin şlyapası və plaşı asılıb.

Epifaniya və onun pərəstişkarı Edrien Blenderblend mizlərdən birinin yuxarı başında oturublar.

Yeməklərini indicə bitiriblər. Pendir ilə biskivid hələ mizin üstündədir.

Epifaniyanın görkəmindən hiss olunur ki, xoşbəxtdir. Edrien isə çox pis bir əhval-ruhiyyədədir.

EPİFANİYA. Bura necə də qəşəngdi!

Edrien laqeyid nəzərlərlə ətrafa baxır.

EDRİEN. Mən, deyəsən, çox yaraşıqlı bir kişiyəm.

EPİFANİYA (gözlərini geniş açaraq). Doğrudan? Yaxşı, mübahisə etmirəm, ancaq bunun mənim indicə dediyimə nə dəxli var?

EDRİEN. Siz dediz ki, «Bura necə də qəşəngdi!» Mən də guya bu qədim mehmanxananın köhnə, çirkli aşxanasına baxdım. İndicə iyrənc bir səhər naharı etdik – şorba adıyla qıcqırmış pamidor şirəsi, bazar günündən qalma donuz budunun artığı, Brüssel kələmi, kartof, amerikadangəlmə qupquru pendir konservi. Əgər siz buna dözürsünüzsə, hətta deyirsiz ki, «Bura necə də qəşəngdi!», deməli, bura sizin üçün nəyə görəsə, çox mühümdü. Əslində isə, burda, məndən başqa hər şey adamı iyrəndirir.

EPİFANİYA. Yəni doğrudan da bu köhnədəbli yerlər sizin xoşunuza gəlmir? Mən belə yerləri çox sevirəm.

EDRİEN. Mən isə – yox. Bütün bu zirzibili yer üzündən silib, yandırıb, atmaq lazımdır. Sizin Londonda, çay kənarındakı evnizin təkcə elə əşyaları binövrəsindən tutmuş damına kimi buradan bahadır. Siz evdə telefonun dəstəyini qaldırmağınız kifayətdir ki, gözəl qab-qacaqda, gözəl də bir səhər naharı gətirsinlər. Ya da o yaraşıqlı avtomobiliniz sizi bir göz qırpımında gözəl bir yerdə əla bir otelə apara bilər. Siz isə bu iyrənc traktirə gəlirsiz, özünüz də «Bura necə də qəşəngdir!» deyirsiz. Bundan ötrü heç milyonçu olmağa dəyər?

EPİFANİYA. Boş sözlərdi! Mən pulu bir qadın kimi, kübar cəmiyyətə baş vuranda, necə bilirsiz, nə qədər vaxt lazım oldu ki, mağazalara qaçmaqdan, sizin sevdiyiniz o təmtəraqdan zəhləm getsin? İki həftədən də az. Mənim atam yüz milyonu ola-ola, həmişə üçüncü klasda gedirdi, özünə lazımlı olan adamları da qəbul etməyəndə, bir gündə on şillinqdən artıq xərcləmirdi. Niyə bədxərclik etməliydi? Başqaları kimi yeyib-içirdi, başqaları kimi də geyinirdi. Mən də onun kimi edirəm.

EDRİEN. Onda niyə siz pulu sevirsiz, heç nə də xərcləmirsiz?

EPİFANİYA. Çünki pul – gücdür. Pul – qətiyyətdir. Pul – azadlıqdır. Bir var vulkanda yaşayasan, bir də var Hesperid bağlarında rahatlıqdan həzz alasan. Bundan başqa, pul həmişə bir sevinc yaradır ki, onu daha da artıra bilərsən. İmkan olanda hər şey mümkündü. Bir milyonu iki milyona çevirmək, hansısa kasıb bir qadının qazandığı beş funtu on funta çevirməkdən daha asandı. Hələ orasını demirəm ki, o qadın on funtu əldə edə biləcək, ya yox? Əslinə baxsan, pul özü-özünü çoxaldır.

EDRİEN. Mənim üçün pul – insanın ruhunu qayğılarla dolduran vulqar bir şeydir. Əlbəttə, mənə də pul lazımdı, ancaq mən onu sevmirəm. Mümkün olan vaxtlar mən pul barədə heç düşünmürəm də.

EPİFANİYA. Onda bəs nə barədə düşünürsüz? Qadınlar barədə?

EDRİEN. Hə, ancaq təkcə onlar barədə yox.

EPİFANİYA. Yemək barədə?

EDRİEN. Yemək barədə də həmişə yox, hərçənd yeməyə biganə deyiləm. (Əli ilə mizin üstünü göstərir.) Etiraf edirəm ki, belə bir səhər naharı gözləmirdim.

EPİFANİYA. Aha, deməli, buna görə belə pis əhval-ruhiyyədəsiz? Hə?

EDRİEN (təxərrüşlə). Xeyir. Axı, siz mənə nəfis bir gəzinti boyun olmuşduz. Siz dediz ki, çay kənarında gözəl bir yer tapmısız, orda təbiətin qoynunda oturub, gözəl kənd təamları yeyəcəyik. Yoxsa, bu çirkli zibilxananı siz gözəl bir yer hesab edirsiz? Ömrünüzdə heç bugünkü kimi köhnə, dadsız səhər yeməyi yemişdiz? Burda heç ayrıca bir otaq da yoxdu, kim istəsə, haçan istəsə girib-çıxa bilər. Riçmondda, ya da Meydenheddə olsaydıq, başa məsələ. Özü də, deyəsən, yağış başlayıb.

EPİFANİYA. Bu da mənim təqsirimdi?

EDRİEN. Yox, ancaq yəqin ki, bu yağış sizin üçün şəhər kənarında keçirdiyiniz gözəl bir gün təsəvvürünü daha da tamamlayır. Nə üçün həyatdan ləzzət almağı bacaran adamların heç vaxt pulu olmur, ancaq bunu bacarmayanların nə qədər desən, pulu olur?

EPİFANİYA. Edrien, siz bir o qədər də nəzakətli deyilsiz.

EDRİEN. Ancaq siz də bir o qədər əliaçıq xanım deyilsiz, Epifaniya. Yalvarıram sizə, minək maşına, harasa başqa bir yerə gedək. Sizin avtomobiliniz burdan qat-qat rahat bir yerdir. Həm də orda bir-birimizə sığına bilərik.

EPİFANİYA. O maşından daha zəhləm gedir.

EDRİEN. Ah, mənim belə bir maşınım olsaydı!..

EPİFANİYA. Elə bilirdim ki, bu xudmani yerdə oturub, mənimlə söhbətləşmək sizinçün xoş olacaq. Amma indi görürəm ki, siz qarımış şıltaq qocasız. Siz ancaq yemək barədə, bir də ki, rahatlıq barədə fikirləşirsiz. Siz Elesterdən də pissiz. Onunla heç olmasa boks barədə, tenis barədə söhbət etmək olur.

EDRİEN. Sizinlə isə ancaq pul barədə söhbət etmək olur.

EPİFANİYA. Doğrudan da bu sizin üçün maraqlı deyil? Eh, siz əgər mənim atamı tanısaydız!..

EDRİEN. Çox şadam ki, tanımamışam.

EPİFANİYA (dərhal çox təhlükəli olur). Nə dediniz?

EDRİEN. Əziz Epifaniya. Əgər biz dostuqsa, mənim açıq danışmaq səlahiyyətim var. Sizin atanız haqqında danışdıqlarınıza qulaq asdıqca, tamam əmin olmuşam ki, o, quru, cansıxıcı bir adam olub. Düzdü, sizə qarşı qayğıkeş, nəvazişli olub, ancaq bu da sizdə, doktor Freydin dili ilə desək, olduqca yorucu bir Edip kompleksi yaradıb.

EPİFANİYA. Mənim atamı deyirsiz? Siz, həddən artıq mənasız bir adam, mənim atam haqqında bu cür danışmağa cürət edirsiz? Mənim atam yüz əlli milyon qazanıb, siz isə bütün ömrünüz boyu heç yarım milyon da qazana bilməmisiz!

EDRİEN. Mənim əzizim, sizin atanız heç bir şey etməyib. Mən heç cürə təsəvvür etmirəm ki, o, başqalarının varidatını hansı qanuni yolla mənimsəyib. Ancaq bunu bilirəm ki, mənimsədiyinin beşdə dördünü ona görə itirib ki, mühacir rus mülkədərlardan Rusiyada qalmış torpaqlarını satın alıb. Çünki belə hesab edirmiş ki, İngiltərə üç-dörd həftəyə sovet inqilabının işini bitirəcək. Bundan da artıq idiotcasına səhv etmək olar? Bunu hətta mən də eləməzdim, hərçənd siz məni axmaq hesab edirsiz. Bir sözlə, Epifaniya, atanız heç doğulmasaydı da dünya bir şey itirməzdi. Axı, siz özünüz də bunu başa düşürsüz, elə deyil?

Epifaniya yerindən sıçrayaraq, boksçı pozasında dayanır.

EPİFANİYA. Daha məni özümdən çıxartdız! Qalx ayağa, qorxağın biri qorxaq! Özünü qorumağa hazırlaş!

Edrien özünü itirmiş halda ayağa qalxır və hələ təhlükəni axıradək dərk etmir.

EDRİEN. Yaradana and olsun, Epifaniya, siz nahaq özünüzdən çıxırsız.

Epifaniya sol tərəfdən onun çənəsinə zərbə endirir.

EPİFANİYA. Bu ona görə ki, mənim atama quru, cansıxıcı adam dediniz.

Bu dəfə sağ tərəfdən ikinci zərbəni ilişdirir.

Bu da ona görə ki, guya mənim atam heç nə etməyib.

Yerə sərilmiş Edrien aldığı zərbələrin ağrısından qovrulur.

EDRİEN (qışqırır). Kömək edin! Polis! Məni öldürürlər!

Az qala nəfəsi kəsilən Edrien ayağa qalxa bilməyərək sürünə-sürrünə qapıya tərəf gedir. Epifaniya təpiyi ilə onu qapıdan eşiyə itələyir.

EPİFANİYA. Yaramazın biri! Tərbiyəsiz!

Epifaniya asılqandan Edrienin şlyapasını və paltosunu dartıb götürərək, onun ardınca qapıdan vızıldadır.

Aşa-aşa pilləkəndən düşən Edrienin haray-həşiri eşidilir.

EDRİEN (səhnə arxasından qışqırır). Kömək edin! Kömək edin!..

# 2414 dəfə oxunub

Müəllifin son yazıları

# # #