Tanınmış aparıcı: “Həyat hekayətimi yazacam”

Tanınmış aparıcı: “Həyat hekayətimi yazacam”
13 yanvar 2016
# 11:27
Kulis məşhur teleaparıcı Günay Yelmarqızı ilə kitab barədə söhbəti təqdim edir.

- Nə oxumusunuz, nə oxuyursunuz?

- Bəlkə bir az şablon cavab olacaq (gülür). Əminəm ki, əksər müsahibləriniz bu salınıza belə cavab verib yəqin. Amma doğrudan da mütaliəni sevirəm. Kiçik yaşlarımdan kitaba marağım olub. Bəlkə də bu, nağıllara olan marağımdan qaynaqlanır. Uşaqlığım sovet dövrünə təsadüf edir. O zamanlar Rusiya kanallarında xüsusən qış tətillərində yayımlanan nağıllar əsasında çəkilən filmlərə böyük həvəslə baxırdım. Sonra onların kitablarını oxuyurdum. Orta məktəbdə ədəbiyyat dərsində bizə tapşırılan bütün ədəbiyyat siyahısını oxuyurdum, xüsusən də yay tətillərində. Oxuduğumuz əsərləri ədəbiyyat dərsində müzakirə edirdik. Bəzən sinifdə əsərləri hissə-hissə ucadan oxuyurduq. Bu prosesdə çox fəal iştirak edirdim. Məsələn ,sinifdə Süleyman Rəhimovun “Mehman” əsərini oxuduğumu xatırlayıram. Bu o vaxt mənim ən sevdiyim ədəbiyyat nümunəsi idi. O vaxtdan bu yana Azərbaycan və dünya klassiklərinin əsərlərindən oxumuşam. Sizə ən son, belə deyək son bir ildə oxuduğum kitablardan bəzilərinin adını çəkə bilərəm. Umberto Eko “Qızıl gülün adı”, Selincer “Çovdarlıqda uçurumdan qoruyan”, Markes “Yüz ilin tənhalığı”, Remark “Triumfalnaya arka”, Çingiz Abdullayev “Qanın üç rəngi”, Bulqakov “Master və Marqarita”, Xalid Hüseyn ”Çərpələng uçuran”, “Min möhtəşəm günəş”, Haruki Murakami “Norveç meşəsi”, Orxan Pamuk “Məsumiyyət muzeyi”, Elif Şafak “Qara süd”, “Aşk”... Xatırladığım bunlardır. Bir balaca yaddaşım zəifləyib, hamısını xatırlaya bilmədim. Ən son bu yaxınlarda “Qanun” nəşriyyat evinin təşkil etdiyi kitab yarmarkasında Ekzüperinin “Balaca şahzadə”sini alıb oxudum. Çox sevirəm o əsəri. Amma etiraf edirəm ki, mütaliəni seməyimə rəğmən çox oxumaq imkanım olmur.

- Sizcə, aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Məncə, tam bir ədəbiyyat bilicisi olmasa da, kifayət qədər məlumatlı olmalıdır. Çünki, nə qədər çox ədəbiyyat nümunəsilə tanışsansa, o qədər çox dünyagörüşünə maliksən. Bu isə hər zaman bir pillə öndə olmağın deməkdir. Təbii, bütün ədəbiyyat nümunələrini oxumaq mümkün deyil. Çünki Azərbaycan, dünya klassikləri, müasir ədəbiyyat nümunələri və s. – seçim imkanı çoxdur. Janr və müəllif seçimi artıq insanın zövqünə, daxili istəyinə uyğundur, buna görə kimisə qınamaq olmaz. Ancaq ümumi tendensiyadan, ümumi mənzərədən xəbərdar olmalıdır. Və heç olmasa ədəbiyyatın qaymaq nümunələrini oxumalıdır.

- Məşhurların bir çoxu mütaliə etmir. Hətta məşhur xanəndələr var ki, ömrü boyu qəzəli səhv oxuyur, mənasını anlamır. Eyni zamanda aparıcılar sözü, vurğunu düz demir, bəhs etdiyi mövzuya yaxından bələd deyil. Bu məsələyə necə baxırsınız?

- Xanəndənin oxuduğu qəzəlin mənasından, aparıcının bəhs etdiyi mövzudan bixəbər olması, təqdim etdiyi xəbəri dərk etməməsi elə mütaliəsizlikdən irəli gəlir. Tamaşaçı o dəqiqə hiss edir ki, bu xanəndə muğama, aparıcı da təqdim etdiyi mövzu və xəbərə yaddır, yamaqdır. Sən əsla özün dərk etmədiyin, anlamadığın nəyəsə tamaşaçını inandıra bilməzsən. Nitqin, danışığın, söz bazasının, dünyagörüşünün formalaşmasında mütaliənin böyük rolu var. Biz oxuduğumuz qədər söz ehtiyatına malikik. Bəzən görürsən hansısa bir verilişdə aparıcı eyni sözü bəlkə yüz dəfə təkrar edir, o qədər bəsit, rabitəsiz danışır ki, normal mütaliəsi olan insan əsla bu cür edə bilməz. Mütaliə edən insan maraqlı, savadlı cümlələr qura bilir, fikrini bədii, bəzən obrazlı şəkildə ifadə edə bilər. Əks halda ortaya gülməli mənzərə çıxır. Eynilə, görürsən çox məşhur bir xanəndə çıxır efirə iki cümləni normal çatdıra bilmir tamaşaçıya. Əgər o, qəzəlləri yaxşı bilsə çox gözəl ifadə edə bilər. Yəni qəzəli çözə bilən adam, necə deyərlər, bülbül kimi ötə bilər.

- Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

- Təbii ki, bizdə də çox savadlı, zəngin mütaliəli aparıcılar, jurnalistlər var.

- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq...

- Kitab mədəniyyətinin formalaşması bizim hər birimizdən asılıdır. Yaxşı olardı ki, sosial şəbəkələrdə yerli-yersiz mövzuların müzakirəsinə, “klaviatura qəhrəmanlığı” ilə məşğul olub hər mövzuda hamıya dərs keçmək əvəzinə kitab, mütaliə mədəniyyətinin təbliğatı ilə məşğul olaq.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes...

- Uşaqlıqda şeir yazırdım. Bir dəftərim var idi, nə görürdüm ona şeir qoşurdum. İndi xatırlamıram onları. Yeganə yadımda qalan təyyarəyə qoşduğum şeir demək mümkünsə - söz yığıdır (gülür) :

Təyyarə gedirdi içində soldat

Qardaşım dedi ki, ermənidir bax.

Dedim, yox qardaşım, erməni deyil

İnsanları qoruyan soldatdır ancaq.

Bir müharibə uşağının yazdığı şeir də bu olar yəqin. Bunu yazanda mən təxminən 10 yaşında olardım bəlkə. Və Qarabağ savaşının başladığı illər idi. Ağdamda yazmışdım. Ondan sonra bir dəfə də müharibə haqqında yazdım. Aradan təxminən 22 il keçmişdi. Bir gün Ağdamın işğal tarixində “Dəfn etdiyim balaca Mən” başlıqlı bir yazı yazdım, dostların təkidi ilə. Mətbuatda da dərc olundu. Bu, mənim müharibədə yaşadıqlarım, hiss etdiklərim ağrılar barədə ilk və yeganə yazım idi. Uzun illər içimdə boğulub qalan hisslərimi bölüşmüşdüm. Ondan sonra çox müsbət rəylər aldım, dostlar təkid etdilər ki, yaz, səndə alınır. Köşə yazıları ilə çıxış et mətbuatda. Amma yazmadım. Dedim, elə öz işimi görsəm yaxşıdır. İndi hər yerindən duran köşə yazısı yazır. Az qala adamlar facebookda yazdıqları statusları köşə yazısı adı ilə dərc etdirirlər. Çox istəyərdim köşə yazısı öz dəyərini, sanbalını itirməsin. Ən azından yazdıqları yazıları bu adla təqdim etməsinlər. O ki qaldı status məsələsinə, yazıram. Facebookda müşahidə etdiklərimlə bağlı fikirlərimi bölüşürəm. Oxuduğum, rastıma çıxan gözəl fikirləri paylaşıram. Sevirəm maraqlı paylaşımları. Və nə zamansa bir kitab yazmaq istəyirəm. Cəmi bir kitab – həyat hekayəmi.

- Şeir əzbərləyirsiniz?

- Olur arada. Ucadan şeir oxumağı sevirəm. Deyilənə görə pis alınmır (gülür).

- Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə.

- Bir tv və ya radio proqramında olsaydıq sevdiyim bəzi şeirləri oxuyardım. Ramiz Rövşəni sevirəm, Vaqif Səmədoğlunun bəzi şeirlərini çox bəyənirəm. Nəriman Həsənzadə, Bəxtiyar Vahabzadə, Məmməd Arazın gözəl şeirləri var. Yəni, bütün gözəl şeirləri sevirəm, müəllifindən asılı olmayaraq. Daha çox sərbəst şeirləri sevirəm. Gənc şairlərdən bəyəndiyim, sevdiyim şeirlərini paylaşdığım müəlliflər var. Klassik ədəbiyyatımızın demək olar bütün gözəl nümunələrini sevirəm. Aqil Abbasin “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” əsərini, Rəşad Məcidin “11 sentyabr” əsərini, Yaşarın hekayələini çox bəyənirəm. Müasir yazarların yaradıcılığına o qədər də bələdçiliyim yoxdur. Bu, mənim minusumdur təbii ki. Amma bəhanəm var (gülür). 15 ildir xəbərin içində olan bir jurnalistəm. Həyatım işdə, xəbər hazırlamaqla keçir. Ona görə ədəbiyyat sahəsində xüsusən son illərdə baş verən proseslərdən o qədər də məlumatlı deyiləm. Amma az-çox mətbuatdan izlədiyim qədərilə müasir yazarlar daha çox əsərləri ilə yox, qalmaqallarla gündəmdə olurlar.

- Dünya ədəbiyyatından sevdiyiniz əsərlər hansılardır?

- “Cinayət və cəza”, “Hərb və sülh”, “Yüz ilin tənhalığı”, “Anna Karenina”, “Kerri Bacı”, “Üç yoldaş” , “Master və Marqarita”, “Qoca və dəniz”, “Dəniz kənarıyla qaçan alabaş”, “Əsrə bərabər gün” və s. Bunlar və bayaq adlarını çəkdiyim əsərlər oxuduğum və bəyəndiyim ədəbiyyat nümunələridir. Paulo Koelyonun əsərlərini də bəyənirəm. Gözəl nümunələr çoxdur. Amma ilk yadıma düşənlər bunlardır.

- Varqas Lyosanı tanıyırsız?

- Elə yaxından tanımıram. Bir yaradıcılıq nümunəsini belə oxumamışam. Bir neçə il əvvəl ədəbiyyat üzrə Nobel mükafatı laureatı kimi xatirimdə qalıb. Məsləhət görürsüzə oxuyaram. Onun yalnız həyata dair bəzi fikirlərini oxumuşdum, hətta səhv etmirəmsə paylaşmışdım da: “Mən ona görə yazıram ki, xoşbəxt deyiləm. Yazmaq – xoşbəxtlik uğrunda mübarizə aparmaqdı”. Maraqlı fikirdir. Amma bilmirəm bu doğrudan da belədi, ya yox.

- Sizcə, niyə ciddi bir kitaba 5 manat verməyən azərbaycanlı saiti samitdən ayıra bilməyən toy müğənnisinə və tamadalara minlərlə manat sayır? Bu ciddi problemdir, yoxsa heç bir zərəri yoxdur?

- Bu natamamlıq kompleksidir, məncə. Özünütəsdiqin uğursuz bir üsulu. “Qöy görsünlər ki, filankəsin toyunda filankəslər var idi” kimi başqalarının düşüncəsinə hesablanan, həyat sürən insanlar da var təəssüf ki. .

- Səmavi kitablardan hansıları oxumusunuz?

- “Quran”ı oxuyuram uzun müddətdir. Hələ də bitirməmişəm.

- Son olaraq həmkarlarınıza və tamaşaçılarınıza ədəbiyyatla, kitabla bağlı nə dəmək istəyirsiniz?

- Bilirsiz, mən elə güclü ədəbiyyat bilicisi olmadığıma görə kiməsə məsləhət vermək haqqı da görmürəm özümdə. Yalnız hər kəsi kitab oxumağa çağıra bilərəm. Heç bir elektron variant kitabın yerini verə bilməz. Kitabı vərəqləyərkən aldığım enerjini, zövqü şəxsən mən, elektron mütaliədən ala bilmirəm. Kitabı hiss etmək və sevmək lazımdır. Mən də daxil olmaqla gəlin elə bu gündən mütaliəmizi genişləndirək. Küçədə, parkda, ictimai nəqliyyatda əllərində kitab olanların sayı çoxalsın.

# 1072 dəfə oxunub

Müəllifin son yazıları

# # #