Ana bətnindən abort stoluna... - ŞEİR

Ana bətnindən abort stoluna... - ŞEİR
29 may 2015
# 11:45

Şair Emin Pirinin “Tanrının kölgəsi” adlı kitabı işıq üzü görüb. Kitabda şairin son dönəmlərdə yazdığı şeirlər yer alıb. Kitab “aybKitab” layihəsi çərçivəsində çap olunub. Müəllif iyunun 19-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan klubu”nda imza günü keçirəcək. Kulis kitabda yer alan yeni şeirlərdən bir neçəsini təqdim edir.

Uşaqlıq illərim asan keçməyib

Çətin keçib uşaqlığım,

ayaqqabım yırtılardı

böyüyəndə ayağım.

Ayağınız böyüməsin deyə

dua etmisinizmi heç?!

Uşaqlıq illərim asan keçməyib...

Bir az çətin olub uşaq illərim.

Sərhədin

tikanlı məftilləri kimi görünərdi

kasıb uşaqlarının gözündə

məktəb bufetinin qapısı.

O sərhədi keçə bilmək

bəlkə də həyatımızın

ən böyük inqilabı.

alın yazımıza qarşı

ən böyük üsyan idi.

Anamın erkən ağaran saçlarında

görünürdü

ala bilmədiyi oyuncaqlar.

Taleyin oyuncağına çevrilmişdik.

Bəs hardaydı

Körpələri sevən Tanrı?!

Hindus olmasaq da,

atamızın cibinə görə

bölmüşdülər bizi

sinif otaqlarında

Kastalara.

Dəniz suları okean sularına

qarışmadığı kimi

Bizi qarışdırmazdılar...

Heç də sevgidən udmur

Okean balıqları

Dəniz balıqlarını.

Oynayanda belə varlı uşaqları

Bizi özlərinə yaraşdırmazdılar.

Paltarının yamağını gizlətməkdi

varlıların gözündən

Kasıb uşaqlarının oyunu.

Kişilər ağlamaz deyən anam

yerimə özü ağlardı.

Nağıl söylərdi,

göydən üç alma düşməzdi nağıllarında,

deməzdi bunu anam –

birdən ürəyimiz alma istəyər...

Abort stolunda yalvaran körpə

Cənnət anaların ayağı altındadı

deyən qadın

bətnində doğratdığı

körpə bədənini

yığıb ayaqları altına

qalxır cənnətə sarı.

Burda Hippokrat andına,

körpə qanı axıdaraq

and içirlər.

Kimlərinsə

ömür boyu arzuladığı

körpə səsi

cərrah bıçağıyla kəsilir...

Şeytan boylanır

ağ xalatlı pəncərədən

gözləri bərəlib

dizləri əsir

ürəyi dözmür baxmağa.

Qadın dözür ancaq

Və baxır...

Öz fəryadından tutulan qulaqları

eşidə bilmir

bətnindəki körpənin

“yaşamaq istəyirəm” hayqırtısını.

Alın yazısında həyat

ana bətnindən

abort stoluna kimi

uzanan yolmuş.

Küncə atılmış

körpə bədəni

əllərini açıb göyə

“mən təsliməm, ana,

yetər bu işgəncə! “ –

deyib yalvarır.

İşıqforda çaşan külək

Döngələrdə gizlənib

oğrun-oğrun

baxır qızlara külək.

Kiminin taleyini,

kiminin telini aparır.

Tutub ətəklərindən

şit-şit zarafatlaşır,

əl atıb saçlarına

yolur

və gülür külək.

Bu külək canından çıxıb

harda can verəcək bilmir.

adamlar küləkdən qaçıb

hara gedəcək bilmir.

İşıqforda gözləyib

baxır

havalı keçən maşına

necə keçsin küçənin

bu başından o başına.

Yorulub əldən düşür,

şəhərin gözündən düşür,

o qədər qıza ilişib

utandığından

dağlara qaçır külək.

Toylarda oynayan xanımlar kimi

yellənir

sünbülü dolmuş zəmilər

bu küləyin havasına.

Yayın istisi vurub başına

üz-gözü tər içində

payızçün yaman darıxıb.

oturub ağac kölgəsində

özünü küləyə verir

bu külək.

Oyun

Əsəbimi soyutmaq istəyirəm

bir şeylə:

təpik vurasan yer kürəsinə

Marsla Venera arasından keçə

sən də sevinəsən “qol vurdum” deyə.

Günəş yüyürə ardınca

qışqırıb bağıra arxanca

əl atıb saçını yola -

ay oğlan, topumu qaytar dala.

Ən çox sevdiyi qadından da

bezir adam.

Başının üstə qaldırıb

Yer kürəsini

soxasan Marian çökəkliyinə

bir qadın ucbatından.

Günəş dar ağacı,

dünya edam kürsüsü

haqq-nahaq asılır hamı.

...bu Yer kürəsini

sapand daşıtək

atıb Bermud üçbucağına

gizlədəsən özünü.

İsanın saqqalı kimi

dalğalanır günəş şəfəqləri

həvarilər dövrəsində.

bir səhər oyanıb görəcəyik

başqa qalaktikaya köçüb

planetlərdən birisi.

Şeytan barmağında ipləri

yellənən beşikdi bu yer.

Demək tabutmuş bu beşik

yatırmaqçün ölüləri.

Başımızı qadınla aldadıb

tutub yerimizi Allah.

Qalxıb yaxasından

tutub deyəsən

bu qədər oynatdın,

bəsin deyilmi?!

Bu dünya oyundu -

Oynayır

kişiylə qadın,

adamla Şeytan.

...Alnımıza

bu oyunun hesabını

çoxdan yazıb

Oynadan.

Sağ qalan varmı?!...

əsgər sinəsi axtarır

isinməyə

fevral şaxtasından

üşüyən güllə.

hər əsgər tabutu

bir ağ gəlinliklə köçər...

əsgər deyil,

sevən qızın arzularını

götürüb gedər

hər atılan güllə.

soba yanında

gecə yarısı bir qız

məktub yazır səngərə.

anasının yarıyuxulu

“qızım yatmamısan?”

sualına diksinir:

“üşüyürəm, ana,

odun atıram sobaya” ...

daha

gecələri oyaq qalmağa

soba yanında

məktub yazmağa,

yalandan üşüməyə

sobaya odun atmağa

ehtiyac yoxdu...

səngərdən qıvrıla-qıvrıla

boğuq səsi gəlir

tağım komandirinin:

“kimsə sağdı?!”

Allahın zarafatı

Ölənlər oyanıb çıxa qəbirdən

durub dirilərin qaza qəbrini.

gedəsən sevdiyin qəbrin üstünə

görəsən yazılıb:

bir zarafatdı.

Şeytan da bezikib çıxa özündən

içindən allahın özü boylana

dönüb arxasınca gələn bəndəyə:

“Yaman aldatdım ha...”

Deyə!

Sancıdan qıvrılan anaya

məktub gələ

bətnindəki körpədən:

məni gözləməyin,

bu, zarafatdı.

75 yaşında döyülə qapın -

məktəbdə sevdiyin qızdı

qayıdıb.

əlində əsanın qoyduğu qabar

toxuna saçlarına...

Qoşulub İblisə çıxıb gedəsən

Allahın dalınca qeybət edəsən

arxanca mələklər yalvara

Allah da göydən qışqıra:

Emin,

bu,

zarafat deyil?!

Ölən dənizləri kim ağlar

Günəş işığına, gəmi fitinə

oyanıb dənizdən çıxır buludlar.

Bu səhər

bəxti tora ilişib balıqçının, -

tilova gəlmir balıqlar.

“Bəs hardadı,

yola gələn balıqlar,

yola gedən balıqlar.

Pullu-pulsuz,

hamısı

pula gedən balıqlar.”

Söymə bu dənizi, balıqçı qardaş,

xırda soxulcana gəlməz

hər balıq.

Bir dəfə də öpüş qoy tilovuna

bəlkə sevgiyə aldanıb

bir balıq düşə “toruna”.

Balıqlar dənizi sevdiyi kimi

dünyada sevdiyin bir qadın olsa

sən onun, o sənin həyatın olsa,

biryolluq atarsan toru, tilovu.

Hamı “mənim Tanrım” deyib

tək Allahı

öz aralarında

bölə bilmədikləritək

Yüz illərdi bu dənizi

bölür, bölür

bölə bilmir adamlar.

Bu qədər tordan, tələdən

necə çıxıb bu dəniz

bilə bilmir adamlar.

Dəniz soyuqlayıb,

Neftçilər çərtib belini

Qan alır bu dənizdən.

Hə, balıqçı qardaş, belə...

nə soyuqdəymədən,

nə susuzluqdan öləcək

bu dəniz...

Qorxuram qansızlıqdan ölə!

Ölən dənizlər var,

ölü dəniz var.

Ölən dənizləri görən kim ağlar?!

Bir gün bu dənizin başı üstündə

durub saçlarını yolar buludlar...

Boyat çörək kimisən

Havası alınmamış mətbəxin

nəmlənmiş divarları küncündə

boyat çörək kimisən.

Nə özüm yeyə bilirəm,

nə də bərəkətdi deyə

çölə ata bilmədiyim –

SƏN!..

Burda bir xalq uyuyur

Böyük Qafqaz,

Kiçik Qafqaz, -

Qafqaz sıra dağları...

bir az da baş daşlarına oxşayır...

bircə yazısı çatışmır:

“Burda bir xalq uyuyur.”

Bizə qul olmağı anamız öyrətdi!

İstidən, ya aclıqdan,

ya da qandal kimi bələyə

etiraz eləyib ağlayanda,

bir ana laylasıyla susdurulduq

“köləliyə xoş gəldin” deyib.

Daram çəkilmiş neft boruları

Atamın təzyiqli damarlarına bənzəyir.

Ürəyinə qayıtmırsa,

bəs, hara axır bu qan?

İşsiz vaxtlarımda evdən çıxanda

Anamın namaz üstə

dediyi duaları qoydum cibimə

Yolpulu əvəzi.

“Xalqım, xalqım” deyib

timsah kimi ağlama.

Axıtdığın göz yaşı deyil,

vicdanının gözlərindən

öz sifətinə tüpürməyindi.

“Ölərəm,

əldən əgər getsə vətən”

deyənlər

uzunömürlü kimi

təqaüd almaq üçün

bankomatlar önündə

növbəyə düzüldülər

işğaldan sonra.

Canavar südünə

susayıb dodaqlarım

Ergenekondan bəri ilk dəfə

belə yalnızam...

...Qonşumuzdakı Gülöyşə xalanın

bir əlini dəzgah aparıb

hələ sovet vaxtı.

qocalıb indi

bütün bədənini gəzir qırışlar.

Gəzib hər yerini axtarıb tapıb

bircə tapa bilmir həmin əlini.

O qırışların

o əli axtardığı,

özlədiyi kimi

özlədim səni, Vətən!..

Üstü-başı tozlu şeir

Nə olsun ki, yanaşıram,

adın bilmədiklərimə.

Mən şeir yazmıram, xanım,

dadın bilmədiklərimə.

Hayandansan, haralısan

elə də maraqlı deyil.

Heç səndən əvvəlkilər də

dünyanın maralı deyil.

Gah nazını, gah fikrini,

gah da yükünü çəkirəm.

Mən yazıq çarmıxa gedən

İsa çəkəni çəkirəm.

Vurulmuşam,

divarına

vurulan bir şəkil kimi.

Çəkirsən məni özünə

quraqlıqda çat-çat olmuş

torpaq suyu çəkən kimi.

İydə ağacı altından

qıraq ol, xatası çıxar.

Bu sakit may gecəsinin

fevral ayı səsi çıxar.

Mən şeir yazmıram, xanım,

dadın bilmədiklərimə.

Nə olsun ki, yanaşıram

adın bilmədiklərimə.

Can borcu

Gəl,

döy qapımı...

yolun uzaqdı bilirəm,

əziyyət çəkmə,

sizə gətirrəm

qapımı

döy,

ürəyin döyünən qədər.

Yaşayıb güldürmədim

səni doyunca.

qoy,

ölüm...

doyunca ağladım səni.

Tanrım,

sənin də yanında

yalançı oldum,

göndərə bilmədim əmanətini.

sənə də can borcum qalıb,

nisyə dəftərinə yazarsan məni.

# 1252 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #