13 aprel alman yazıçı, heykəltaraş, rəssam, esseist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Günter Qrassın anım günüdür.
Kulis.az Günəş Məmmədovanın "Günter Qrassın “Mənim yüzilliyim” əsərində II Dünya müharibəsinin insanların və ölkələrin taleyinə təsiri" yazısını təqdim edir.
XX əsr alman ədəbiyyatının görkəmli nümayəndəsi Günter Qrassın romanları dünya ədəbiyyatının nadir incilərindən sayılır. Bütün əsərlərində realist metoda sadiq qalan yazıçının yaradıcılığı tarixin müxtəlif mərhələlərində baş vermiş ictimai-siyasi hadisələri daha çox əks etdirir. Qrass həyatda qarşılaşdığı çətinlikləri, keşməkeşli ömür yolunu, müharibənin dəhşətlərini bədii formaya salaraq həm alman, həm də dünya oxucularına təqdim etmişdir. Müharibə mövzusu isə onun yaradıcılığından qırmızı xətt kimi keçir. Müharibənin doğurduğu faciələr, müxtəlif ölkələrin siyasi arenada oynadığı rol yazıçının daim müraciət mövzusu olmuşdur.
Bu mövzuda olan əsərlərdən biri də “Mənim yüzilliyim” əsəridir. Günter Qrass yaradıcılığında yer alan əsərlərin hər birinin öz missiyası var.
1999-cu ildə yazdığı “Mənim yüzilliyim” əsərində yaşadığı dövrün qlobal hadisələrini, siyasi proseslərini, müharibələrini canlandıran Qrass onların hamısını müxtəlif şəxslərin adından danışmaqla bir əsər daxilində verməyə çalışmışdır. Hətta o gen manipulyasiyası və klonlaşdırma kimi qlobal problemləri bədii ədəbiyyatda ilk dəfə təqdim edən müəlliflərdən biri kimi tanınır (Heinrich & Günter, 2017).
Tədqiqat “Xatırlamaq seçməyi seçmək deməkdir” – Günter Qrassın bu qeydi həm də “Mənim yüzilliyim” kitabında özünün xatirələri üçün keçərlidir. Son yüz ilin hər birində müəllif onun üçün vacib olan və xatırlamağa dəyər bir epizod və ya mövzu seçmişdir. Və başlıqdan da göründüyü kimi, bu həm də Günter Qrassın əsridir, onun son yüz ilinin öz şəxsi, bədii təsviri görünüşüdür. Buna görə də kitab təkcə müəllif ilə bağlı deyil, daha çox minilliyin sonunda ədəbi dairələrdə rast gəlinən dünyagörüşü və əhvali-ruhiyyəni əks etdirmək baxımından ibrətamizdir. Məhz buna görə də kitab bəzən ictimai tənqidə məruz qala bilirdi.

“Mənim yüzilliyim” əsərində 1900-cu ildən 1999-cu ilə qədər baş verən bütün ictimai siyasi hadisələr öz əksini tapır. Bu əsərdən biz nəinki Almaniyanın vəziyyətini, həmçinin digər şərq və qərb ölkələrinin də siyasi arenada oynadığı rolu açıq şəkildə görə bilirik. Əsərin ilk hissəsində müharibə haqqında təəssüratlara rast gəlirik. Kayzer haqqında qeyd olunanlar əsərin inandırıcılığını daha da artırır. Kayzer deyirdi: “Əməliyyata başladığımız zaman bir şeyi dəqiq bilin ki, düşmənə aman verməməli, əsir götürməməlisiniz”. Sonra kral Atilla və hun ordusu haqqında danışdı. Hunları "təqlid olunmağa layiq insanlar" adlandırdı, hərçənd ki, onlar da öz zamanlarında həddindən artıq çox qəddarlıq etmişdilər. Hadisələri danışan birinci obraz heç vaxt müharibə zamanı gördüyü dəhşətləri və amansız rəftarları nişanlısına yazdığı məktubda qeyd etmirdi (Totes, 1990).
Əsərdən yapon və çinlilərin də həyat tərzləri və milli ənənələri haqqında məlumat almaq olar. Yaponlarla çinlilərin arasında olan müharibənin amansızlığına dair müəllif xeyli materiallardan istifadə etmişdir. “Amma belə görünürdü ki, boksçular başlarının kəsilməyindənsə, güllələnməyə daha çox üstünlük verirdilər. Çünki o dünyada başları qoltuqlarının altında qaçmaq məcburiyyətində qalacaqlarından utanırdılar. Amma o da var idi ki, heç nədən qorxmurdular. Mən belə bir çinlini öz gözlərimlə görmüş, hətta bir müddət dayanaraq ona tamaşa da etmişdim. O, güllələnməzdən bir qədər əvvəl əllərini düyü piroqunun şirin siropuna batıra-batıra, heç bir şey olmamış kimi acgözlüklə yemək yeyirdi” (Günter, 2010).
Bu əsrdə yaşayan insanların gündəlik tələbatını ödəmək üçün şaxtalarda və mədənlərdə təhlükə altında çalışdıqlarını və bir müddət sonra bu cür insani olmayan rəftara qarşı tab gətirə bilmədikləri üçün tətilə başlamaları da ətraflı şəkildə təsvir olunur. Almaniyada tətil qərargahı 89-cu Berlin sülh protokoluna əsaslanaraq normal 8 saatlıq iş vaxtı tələb edir. Ancaq hər yerdə işin qurtarma saatını uzadırlar.
Hətta Herndə insanlar 10 saatdan çox torpağın altında qalırlar. Müharibənin insanların həyatını necə məhv etməsi və aclıq təhlükəsinin onları yer-yurdlarından qaçmağa məcbur etməsi təsirli şəkildə və faktlarla əks olunub. “Kanalın sahilində əldə etdiyimiz növbəti uğurlardan və düz gəmiləri irlandiya dənizinə qədər rahat və qətiyyətli şəkildə suyun altına yolladıqdan sonra əvvəl Londonda, sonra isə bütün adada qiymətlər kəlləçarxa qalxdı. Beş penslik çörək bir qədər sonra artıq yarım şillinq idi. Əsas yük limanlarının davamlı olaraq blokadada saxlanılması sayəsində qiymətləri getdikcə daha da artırmağa və bütün ölkədə aclıq yaratmağa müvəffəq olduq. Ac qalan əhali güc tətbiq etməklə hakimiyyətə qarşı mübarizəyə qalxdı... Yüksək təbəqəyə mənsub olanlar və ümumiyyətlə, imkanı çatanlar İrlandiyaya qaçdılar. Orada kartof tarlaları yetəri qədər idi və nəhayət, qürurlu İngiltərə Norlandiya ilə təhqiramiz bir sülh müqaviləsi bağlamaq məcburiyyətində qaldı” (Günter, 2012).

“1908-ci il” hissəsində bir dəmiryol işçisinin bu dövrlə bağlı xatırələri öz əksini tapır. Elzas və Lotaringiyanın zəbt olunması sülh deyil, müharibə gətirmişdi. Tarixi hadisələr də reallıq əsas götürələrək canlandırılmışdı. Militarizm əleyhinə siyası çıxışlar edən Lubknextin həbs olunması, Qlats qalasında düz bir il yatması obrazların dilindən təsirli şəkildə verilmişdir. Müharibə tək-tək insanların deyil, bütöv bir ailənin taleyini faciəli şəkildə idarə edirdi. Gonbul Berta adlandırılan qadının dilindən verilən hadisələr insanların həyatının necə acınacaqlı olduğunu təsvir etmək üçün olduqca yetərlidir. “O zamanlar biz zavod qəsəbəsində yaşayırdıq. Mənzilimizi zavod vermişdi, qəsəbə də ora çox yaxın idi. Zavodun bütün tüstüsü, adətən, bizim payımıza düşürdü. Bu zavodda Prisə atəş açmaq üçün hazırladıqları Kruppanın da axırda heç bir faydası olmur” (Günter, 2016).
Yazıçı xırda detallara toxunaraq müharibəyə cəlb olunan insanların hansı psixoloji durumda olduqlarını sənətkarcasına əks etdirmişdir. Modifikasiya edilmiş M16 bir qədər sonra isə M17 polad dəbilqələri haqqında məlumat verilərkən heç bir hazırlıq keçməmiş, yeni əsgərlərdən təşkil olunan əlavə qoşun hissələrinin taleyi göz önünə gətirilirdi. Papaqların altından uşaqüzlü əsgərlərin qorxurmuş kimi büzülmüş dodaqları. Bir də titrəyən çənələri görünürdü. Bu həm gülməli idi, həm də ağlamalı. Mərmilərin, hətta xırda şnapellərin belə bu polad dəbilqələri dələ bildiyi haqqında yazıçı danışmağa çətinlik çəkir. Müharibəyə şahid olmuş insanların dilindən verilən nitqlər oxucunu da daha da tarixi hadisələrə yaxınlaşdırır. Lakin bu nitqlərdəki bəzi qırılmalar, danışarkən söz tapa bilməmək .gördüklərini sözlə təsvir etməyə çətinlik çəkmək əsərin bədiiliyinə və tarixiliyinə xələl gətirmir, əksinə, oxucunun təxəyyül dünyasını daha da zənginləşdirir (Volker, 1987).
Bəşəriyyəti məhvə sürükləyən elmi-hərbi texnikanın inkişafını müharibə zamanı dünyanı qan gölünə çevirməsi inandırıcı faktlarla müharibə zamanı yaşamış insanların dilindən nəql edilir. Atom bombasının ixtirası və müharibədə amansız istifadəsi əsərin qəhrəmanlarından biri olan Remarkın nitqində atom bombasını ata bilən birinin daxilində hansısa “əyləc”in olmamasını, “dayan” deyə bilməməsini soyuqqanlı şəkildə vurğulayır. Qaz müharibəsi zamanı bu təhlükəli maddənin insanın bütün orqanlarını bir andaca məhv etməsi, bu maddənin təsirindən ölən insanların daha çox təcrübəsiz, yaşı az olan əsgərlərin olması oxucuda müharibəyə qarşı dərin bir nifrət oyadır. “Qusma bir neçə gün davam edirdi, zəhərlənənlər öz ağ ciyərlərini parça-parça qaytarırdılar. Hər yer yandırıldığı üçün səngəri tərk edə bilmirdilər. Hamıdan da pis vəziyyətə təcrübəsiz, yeni əsgərlər düşürdülər. O, ağappaq ağarmış və əzab dolu üzlər (Günter, 2016).
Yazıçı ön cəbhədə vuruşan əsgərlərin taleyini təsvir edərkən arxa cəbhədə yaşamağa çalışan insanların aqibətini də göz önünə gətirmişdir. Sülh olmasına baxmayaraq, insanların yaşayışının daha da çətinləşməsi,asayişin bərqərar olmaması vəziyyəti daha da kəskinləşdirən amillərdən biridir.Əsərdə təsvir olunan qadınlardan birinin əri müharibə zamanı şikəst qalmış,müharibə iki qızını əlindən almışdı. Yeganə qardaşı isə hələ də donanmada xidmət edib müharibədən sağ çıxsa da, Berlinə çatdığı zaman güllə onu barikadalarda haqlamışdır. “İndi deyirsiniz ki, bu sülhdür. Məgər buna sülh demək olar.Mən bu məqamda ancaq acı-acı gülümsəyə bilərəm” (Günter, 2022).
Sülh zamanı insanların maddi rifahının nə dərəcədə zəiflədiyini, Almaniyada yaşayan insanlara sadəcə ayaq üstə dura bilmələri üçün ərzaq təchiz edildiyi də ən incə detalları ilə əks olunmuşdur.

Ağartı əvəzinə insanlara süd həblərinin paylanması, qışın sərt keçdiyinə görə kartofun tamamilə məhv olması Almaniyada yaşayan insanların həm fiziki, həm də mənəvi sağlamlığını məhv etmişdi. Sadə insanların bu qədər çətinliyə dözməsinə baxmayaraq, hələ utanmadan “arxa cəbhədəkilər əsgərlərə xəyanət edib” şüarı altında onları təqsirləndirirdilər. Ancaq insanlar yaşaya bilmək üçün şalğama möhtac olduqları bir zamanda Vilhelm öz vardövlətini toplayıb Hollandiyadakı qəsrinə qaçıb.
1920-ci illərdə məhv olan gəncliyin vəziyyəti daha da ağır idi. Onlar sanki izi-tozu bilinməyən bir boşluq içərisində çabalayırdı. İşsizlik və yaşam hissinin qalmaması onları təhlükəli yollara sürükləyirdi. Bəzən isə daha çox özlərinə qapanıb xarici aləmdə baş verən bütün hadisələrə etinasız yanaşırdılar. “Bu o zamanlar idi ki, mənim gəncliyimin qulaqcıqları yenə də gənclər arasında populyarlıq qazanmağa başlamışdı. Bu gənclərin də eynilə mənim kimi qulaqları tıxanmışdır. Baxışları dünyaya deyil, öz içlərinə yönəlib, görünüşləri də laqeyd hal alıb. Onlar həm burada deyillər, amma eyni zamanda da buradadırlar”. Həmin dövrdə yetişən gənclər sanki günün birində hər hansı bir müharibədə əşya kimki istifadə edilmək üçün böyüyürdülər.
Onların xəyalları və planları yox idi. Çünki yalnız nazirlər, diplomatlar, vəliəhdlər plan qura bilərdilər. Digər təbəqə isə bu planın bir qurbanı olmaq üçün yaşayırdılar. Yazıçı bu təsviri gücləndirmək üçün “Körpə ağac” simvolundan istifadə etmişdir. Yazıçı qeyd edir ki, Dornu əhatə edən cığırlarda yeni əkilmiş körpə ağaclar böyüyürdü. Meşəyə yaxın olan bu yerlərdəki həmin ağaclar lazım olan hündürlüyə gəlib çatdıqları zaman Kayzer alihəzrətləri onları da baltalayacaqdı.
20-ci illərdə yaranmış dəhşətli bir vəziyyət də ailə içərisində olan insanların demək olar ki, birbirinə yadlaşmasında, fərqli ideologiyalara mənsub olmasında görmək olar. Yazıçı bir qəhrəmanın həyat tarixçəsini obrazın öz dilindən verməklə belə bir təəssürat yaradır ki, həmin şəxsin həm uşaqlıq, həm də ahıl vaxtları maddi sıxıntı içərisində keçirmişdir. Buradan belə nəticə çıxır ki, XX əsr nəinki təkcə Almaniya, hətta bütün dünya üçün faciəli bir zaman olmuşdur. Əsərdə yəhudilərin taleyi də canlandırılmışdır. Onların öz yer-yurdlarından didərgin düşmələri, insanlar arasında dini, siyasi və irqi ayrı-seçkiliyin yaradılmasını müharibəni başladan rəhbərlərin siyasi fitnəsi kimi qiymətləndirir. “Bu arada məktəblilər şəhərimizdə olan hadisələrə, kimsəsiz yəhudi uşaqlar üçün tikilmiş və Vilhelm adını daşıyan yetimxanada baş verənlərə böyük maraq göstərmədilər. Sən demə, orada bütün uşaqları küçəyə qovublarmış. Onların dərs kitablarını, dua kitablarını qalaq-qalaq toplayaraq yandırmışdılar. Bütün bunlara ağlaya -ağlaya tamaşa etmək məcburiyyətində qalan uşaqlar qorxurdular ki, kitablarla birlikdə onları da yandırarlar” (Günter, 2015).

Digər tərəfdən də 2 aprel 2012-ci ildə dərc olunmuş qəzet məqaləsində də Günter Qrassın dünyada hələ də gedən müharibələrlə yaxından maraqlandığını və münasibət bildirməkdə tərəddüd etmədiyinin şahidi oluruq. Onun yazdığı yeni poema İsrailin İranı məhv etmək cəhdlərindən bəhs edir. 84 yaşlı solçu yazıçı "Bu deyilməlidir" poeması vasitəsilə həyacan təbili çalaraq, dünyanı "İsrailin İran xalqını yer üzündən silmək" planlarından xəbərdar edir. Bu dövrdə fəaliyyət göstərən müxbirlər belə, gördüklərini əks etməyə söz tapa bilməyib, susmağı öyrəndilər. Xarabalığa çevrilmiş evlərdən birində tapılan bir oyuncaq ayı insanı düşündürməyə bilməzdi. “Görəsən bu ayıcığın sahibi olan uşağın başına nə gəlmişdi?”
Berlin ərazisində müharibədən sonra 5 min işçi qadın var idi. Kişilər isə həm az qalmışdılar, həm də işsiz-gücsüz bütün günü veyllənirdilər. Uşaqların həyatı isə daha da vahiməli idi. Pis qidalanma, soyuq evlər tezliklə onların bu həyatdan getməsinə səbəb olurdu. Almaniyada inqilab niyə uğursuz oldu? Niyə Rusiya İnqilabı onilliklər sürən bir proseslə boğuldu? İştirakçılar hansı məqsəd və maraqları ifadə etdilər? Tarix başqa cür dönə bilərdimi? İnsan müharibədən, Hitlerdən və Holokostdan qaça bilərdimi? Bu və buna bənzər suallar məhz əsrin əvvəllərində oxucunu, ya da ən azı, keçmişi şəkilli kitab kimi vərəqləməklə kifayətlənməyən, indiki problemlərin köklərini və suallarına cavab tapmaq istəyən oxucuları narahat edir.
Bu cür suallar “Mənim yüzilliyim” əsərində nadir hallarda verilir, sonra isə dolayısı ilə oxucunu aydın olmayan bir fikir üzərində düşünməyə yönəldir.. Amma məhz bu epizodlar ən çox əks-səda doğurur. 50-ci illərdə vəziyyət daha da gərginləşməyə başlamışdı. Daxildə gedən müharibələr insanlar arasındakı müharibəni daha da pisləşdirmişdi. İki alman ordusu üz-üzə dayanmışdı. Sadə vətəndaşlar isə sadəcə, ümid edirdilər ki, yaxın gələcəkdə milli qüvvələr birləşəcəkdir. Universitetlərdə tələbələr müəllimlərə qarşı çıxırdılar. Bəzən akademikləri belə qovub auditoriyadan çıxara bilirdilər. Gənclərin çoxu qadağan olunmuş maddədən istifadə edirdi.
Uşi adında bir qızın həyatının təsviri isə o dövrdə yaşamış gənclərin ümumiləşdirilmiş obrazı sayıla bilər. Ümidsizlikdən və yeknəsəqlikdən təngə gəlmiş Uşinin hər hansı bir maddədə təsəlli tapması və sonda, Ştutqart vağzalında dozanın aşılması nəticəsində həyatını itirməsi oxucuda dərin təəssüf hissi yaradır. 60-70-ci illərdə sənayenin inkişafı isə demək olar ki, bütün təbiəti məhv etmişdi. “Bax, bu fıstıq ağacıdır, bu palıddır, bu isə iynəyarpaqlıdır. Onların təpələri elə bir pasla örtülüb ki... Bir baxın... Bilirsiniz niyə? Sənaye və avtomaşınlara görə. Ətrafda o qədər avtomaşın var ki.... İşlənmiş qazlar nəticəsində özünüz başa düşürsününz də...” (Günter, 2017).

80-ci illərdə yaşayan bir qocanın nəql etdiyi hadisədən isə aydın olur ki, övladlarını böyüdüb boya-başa çatdırmaq üçün əziyyət çəksə belə, qoca vaxtlarında övladları ona etinasızlıq edir. Yazıçı əsəri “1999-cu il” fəsli ilə bitirir. Bu fəsildə də sıradan bir ailənin necə pərakəndə düşməsini, onların həyatda yalnız şəkildə mübarizə aparmasını təsvir edir. “Mənim atam çilingər işləmişdi və silah fabrikində çalışırdı. Çox tez həlak oldu, daha sonra isə iki qardaşım Fransada öldü. Üçüncü qardaşım sadə kelner işləyirdi. Düzdü, o çox uzaqlara getdi, amma sonlara yaxın canını ölümdən qurtara bilmədi. Anam isə hələ sülh dövrünün gəlməsinə həddindən artıq çox qalmış, öz oğullarının dalınca yoxa çıxdı. Daha doğrusu, dərddən öldü və mən balaca Betti ilə birlikdə tək qaldım. Tək-tənha... Bütün yer üzündə tək tənha...” (Günter, 2013).
Amma obrazın dilindən dünyanın dəyişən tərəfinin sadəcə təqvimlə baş verdiyini anlayırıq. Yer üzərində insan yaşadıqca daima müharibələr olacaq və insanların həyatı bu müharibələrin qurbanı olmağa davam edəcək. Grass başqalarının eşitmək istəmədiyi şeyləri deyirdi və bəzən bir az şişirdirdi. O, Almaniyanın öz keçmişi haqqında susqunluğunu pozdu, təkcə nasist almanlarının başqalarına etdiklərini deyil, həm də alman xalqının Üçüncü Reyx dövründə və ondan sonra çəkdiyi əziyyətləri ədəbiyyata gətirdi. Onun romanları bütöv bir xalqın Hitlerə necə təslim olmasının faciəsini göstərdiyinə görə yox, bu təslimin qorxunc komediyasını göstərdiyinə görə xalqı dəhşətə gətirdi və valeh etdi (Willy & Günter, 2013).
Qrassın “Mənim yüzilliyim” əsəri bütöv bir əsrin canlı mənzərəsini oxucuların gözü qarşısında canlandırır. Bu əsəri demək olar ki, "XX əsrin ensiklopediyası" adlandırmaq olar.
Qrassın digər əsərlərində olduğu kimi bu əsəri haqqında müxtəlif ictimai-siyasi mülahizələr səsləndirilsə də, əsər qısa müddətdə geniş oxucu kütləsi qazanaraq, müxtəlif dillərə tərcümə edildi və bu da bir həqiqətdir ki, “Mənim yüzilliyim” əsəri təkcə XX əsr hadisələrini deyil, həm də əsrlərlə davam edən və bitmək bilməyən ziddiyətləri əks etdirən bir yaradıcılıq nümunəsidir.