Uğursuz paralellik, adamı yolundan edən, dekadansa yaxınlaşma – Yazarlar Ulucay Akifi tənqid etdilər

Uğursuz paralellik, adamı yolundan edən, dekadansa yaxınlaşma – Yazarlar Ulucay Akifi tənqid etdilər
4 mart 2022
# 15:00

Kulis.az “Şeir müzakirəsi” layihəsindən Ulucay Akifin yeni şeirləri haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan şeirlər ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Qismət

Qismət Rüstəmov — Vikipediya

Bu silsilədəki bütün şeirləri, məncə, yığcamlaşdırmaq və təsir gücünü artırmaq olardı. Tutalım, birinci şeirdə yüksək səslə "and içilir" və belə deyək ki, şeirdə danışan narratorun xəyali barmağını uzadıb bizə göstərdiklərinin hərəkət vektoru "masmavi göylər"dən "payız yarpaqları"na qədər dəyişir, yəni, yuxarıdan aşağı bir sadalamadan söhbət gedir. Bu, özlüyündə maraqlıdır, elə bil, kamera əvvəlcə uzun planda nələrisə göstərir, sonra-sonra yavaş yaxın plana keçir, yaxınlaşır əsas yerə, əsas məkana. Ancaq, bu fənd, məncə, müəllifin sanki nitq deyirmişcəsinə and içməsi şəklində yox, daha neytral tonda yazılsaydı, daha effektiv olardı və vizuallığın gücü də artardı.

İkinci şeirin "məni dərd eləmə" ilə başlayan birinci paraqrafını çıxarsaq və şeir birbaşa "gündüz bir ağac gördüm" hissəsi başlasa, məncə, daha effektiv olar.

Silsilədə ən xoşuma gələn "Revolver" şeiri oldu. Demək istədiyini birbaşa deyən, bütün əlavə şərhlərdən, romantik gileylərdən arınmış yığcam və gözəl şeirdir. Təkrarımı üzrlü sayın: geniş və dərin təhlil üçün geniş zamana ehtiyac var. Ulucaya uğurlar!

Qəşəm Nəcəfzadə

Qəşəm Nəcəfzadə: “Məni Kəramət xilas etdi” – Müsahibə

Ulucay Akifin şeirləri yaşadığı Bayılın qəsəbəsinin küçələrinə bənzəyir. Əyri-üyrü, dar, dükanlı, dost-tanışlı, bayatılı, kələmli, göy-göyərtili, yəni, hər dəqiqədən bir ayağını saxlayıb nəsə soruşmalı olduğun bir küçəyə. Belə küçələr gözəldir. Barlı-bərəkətlidir. Xatirələrlə, hiss və duyğularla doludur.

Elə küçələr var ki, səni özünə çəkən, səni yolundan eləyən, ayaq saxlatdıran heç nəyi yoxdur. İki saatdan bir salam verməyə qarşına bir adam, çıxa, ya çıxmaya. Dümdüz bir küçə, balıq kimi şütüyüb eləcə gedirsən, sonra yadında heç nə qalmır bu küçədən.

Amma “Ulucay Akif” küçəsində daha rahatsan. Misraların hər tinində, vergülündə və nöqtəsində dayana bilirsən. Əgər bir şeirdə iki-üç misra səni özündə saxlaya bilirsə (elə bil Bayılın küçəsində getdiyin yerdə dayanıb kimdənsə saatı soruşursan), demək, o şeir yaxşı şeirdir. Gərək şeir sənin fikrini əyləndirə, çəkib özündə bir müddət saxlaya (əylən deyim, Qıratın qiymətini). Ulucayın şeirləri “adamı yolundan” eləyən şeirlərdir. Ulucayın hər misrası bir küçədir. Xatirələr küçəsi, misralar küçəsi, duyğular və sevgilər küçəsi. Baxın:

and olsun masmavi göylərə

ucsuz-bucaqsız dənizlərə

və kimsəsiz adalara

dənizə yağan yağış

səhraya yağanla eynidi

amma bir deyil.

Bu il “Azərbaycan” jurnalının 2-ci sayında Ulucayın şeirlərini çap eləmişik. Bu şeirlər də bənzərsiz, yeni və təptəzədir. Kitabını da oxumuşam. Bütövlükdə götürəndə Ulucay orijinal, maraqlı şairdir.

Ulucay həmişə həyatı, deyək ki, Bayılın küçələrini, bir qızın kədərini, ağacın kölgəsində fikirləşən baltanı (bu, ciddi bir şeydir), Xərçəng bürcünü, ilk sevgini, ilk ayrılığı, ilk siqareti və ya Nevanın sahillərini gülümsəyərək müşahidə edir. Bu gülüşün və ya təbəssümün bir ilməsinə toxunsan, çəksən, altında Akif Səmədə qədər bir boşluq kədəri görərsən, Akif Səməddən də Adəmə qədər. Yəni, Ulucay bu qədər qədimdir.

Bir məsələni də deyim. Hər şeir müəllifinə oxşamır. Ulucayın şeirləri özüdür ki, var. Yerişi, gülüşü, danışığı, saqqalı və sair. Şeirlər Ulucayın yerinə həmişə nişan var. Bu, hər şairdə olmur. Gənc şair dostuma uğurlar diləyirəm.

Rəşad Məcid

Yaxşı şeirlərdi. Fərqli ovqat yarada bilir. Gələcəkdə fikirlərimi geniş yazaram. Ulucaya uğurlar!

Aqşin Yenisey

Aqşin Yenisey: “Şair kimi tükəndiyimi elan edirəm” – Müsahibə - Günün Səsi

Ulucayın bu şeirlərindəki təmkin genetikdir, yəqin ki.

Şairlik səssiz haraydı. Edvard Munkun “Haray”ı var bu şeirlərdə.

Dönə-dönə oxuyacağam. Bir şair bir səsdir, eşidən qulaqlar üçün. Misraya bax: “Sevdiyim bütün adamlarda səni axtardım”. Mən də əlavə edirəm “Yoxdun heç kimdə!”

Fərid Hüseyn

Fərid Hüseyn sədr seçildi

and olsun masmavi göylərə

ucsuz-bucaqsız dənizlərə

və kimsəsiz adalara

dənizə yağan yağış

səhraya yağanla eynidi

amma bir deyil

İlk “bənd”dəki and, “Qurani-Kərim” xitablarını xatırladır: “And olsun gecəyə”, amma aşağıdakı misralar andın təsirini öldürür. Əlbəttə, dənizə yağan yağışla, səhraya yağan yağış mahiyyətcə fərqlidi, bunun üçün and içməyə, aman eləməyə nə ehtiyac var ki? Bunu uşaq da bilir ki, dənizin “su” adlı dərdi yoxdur, səhra isə suya təşnədir. Ümumiyyətlə, iki yanaşı dayanmış adam üçün belə yağış eyni deyil, o ki ola səhra və dəniz.

and olsun quşlara

dilsiz balıqlara

və kimsəsiz adamlara

Yuxarıdakı misrada tamlıq naminə quşların qarşısında da hansısa ürəyi qanadan, çatışmazlığı bildirən təşbeh yazılsaydı yaxşı olardı, adamlar kimsəsiz, balıqlar dilsizdirsə, bəs quşlar necədir? Axı şeirin tonundan hiss olunur ki, şairin nəzərdə tutduğu quş çobanaldadan, yaxud quzğun deyil, orda söhbət hansısa zərif quşdan gedir. “Quşşünaslıq” eləmək istəmirəm, amma hər halda belə xırdalıqlara diqqət etmək lazımdır.

gündüzlər gecələrə

sevdalar ayrılıqlara

yarpaqlar payıza

mən də sənə

mən də sənə

mən də sənə aşiqəm...

Bu iki “bənd” uğurludur. Yəni, şair dolayısı ilə demək istəyir ki, hər şey öz aqibətinə aşiqdir. Bu eyniləşdirmə poetik cəhətdən də məntiqlidir və təsirli sonluq hesab oluna bilər.

İkinci şeir mənaca zəngindir. Qoyulan sual da düşündürücüdür. Yəni, insan ağacdır, ölüm balta. İnsan baltanı – onu gözləyən ölümü görür, amma balta – ölüm bizə edəcəyindən xəbərdardırmı? Sevgi şeiri timsalında ayrılıq elə ölümə adekvatdır. Poetik mətləbi üstüörtülü verməklə Ulucay düz yol tutub, öz ideyasına xırdalanmayıb.

Üçüncü şeirdə xərçəng bürcü ilə xərçəng xəstəliyi arasında uğursuz paralel aparılıb. Söz oyununu şair öz aləmində məntiq oyunu müstəvisinə keçirib. İfrat uğursuzluq göz qabağındadır, şair gərək belə “tapıntılar”dan həzz almaq mərhələsini mümkün qədər tez yekunlaşdıra. Əks halda şairin poetik təfəkkürü ətraf mühitdə ancaq uğursuz analogiyalar axtarır və ən pisi o analogiyalar sonra şeirləşdirilir.

“Revolyer” şeiri çox gözəldir, müəllif duel məsələsinə əla poetik şərh verib. Yəni, sevdiyinin uğrunda heç kəsi öldürmürsən, ancaq ölümə gedirsən, onsuz sevəndə öldürsən də ölürsən, ölsən də öz aqibətinə qovuşursan. Ona görə də sovet tənqidçiləri demişkən “lirik mən” axırda havaya atəş açır. Havaya atəş açmaq həm qarşı tərəfi bağışlamaqdır, həm də dünyanı atəş səsiylə oyadıb öz sevgindən xəbərdar etməkdir. Bu şeirdə ağayanalıq var, müəllif oxucunu düşündürür, ancaq fikrini çılpaqlaşdırmır. Həm də müəllif ötən əsrlərə səyahətlə sevginin mahiyyətcə dəyişməməsinə ustalıqla işarə edilir.

“Sual” şeiri də çox gözəldir. Dünyanı anlamağa çalışan insanın üzünü təbiətə, Allaha tutub soruşduqları bizə də fikir aynamızda bəzi mətləbləri aydınlaşdırır:

ya Rəbb

sevdiyim bütün adamlarda

Səni axtardım

bəs Sən məni

kimdə axtaracaqsan?!

İnsan nə zaman sevir, insan o zaman sevir ki, təhtəlşüurunda bəyəndiyin bir adama oxşar kiməsə rast olursan. Bu mənada, sevgi təqliddir. Füzuli sevilməməyinin səbəbini izah edərkən “Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım” deyirdi. Yəni, oxşarım yoxdur ki, məni kiməsə bənzədib sevsinlər. İnsan gözəl olan hər şeyi Allaha aid bilərək sevir, onda Allah əlaməti, oxşarlığı görür. Vaqif Bayatlı da deyir ki, bəs insan təkrarsızdırsa, unikaldırsa, hətta barmaq izlərimiz belə bir-birinə bənzəmirsə, Allah bizi kimə oxşadıb sevəcək, bizi kimdə axtarıb tapacaq? Bu düşüncəni açmağa çalışır Ulucay. Bu sual Ulucayı ona görə düşündürür ki, Tanrıyla bağlı düşüncələri hələ aydınlaşmayıb. Aydınlaşsaydı, həmin sualın cavabı belə olardı: Allah bizi yanına aparır deyə onun bizi axtarmağına ehtiyacı yoxdur. İnsan diriykən Allahın nəzəri qarşısında olur, aqibətinə qovuşandan sonra isə Onun yanında. Heç gözünün qarşısında, yaxud yanında olanı da axtarmaq olar? Əlbəttə, Ulucay şairdir, ondan “dini təfəkkürün belə olmalıdır” deyə tələb etmək də doğru deyil. Şairdən “molla düzəltmək” iddiasında deyiləm. Zamanla çox şeylər öz-özünə ona aydınlaşacaq və onda o, bu cür suallara cavab tapacaq və nəticədə təkrar redaktələrində şeirlərindəki sual işarələrini “mina kimi” təmizləyəcək. Uğurlar diləyirəm.

Fəridə

Noa'' qəbiləsinin qadınları – Fəridə

"Ulucay Akifdən yeni şeirlər" deyə paylaşmısınız, amma bu şeirlərin, demək olar, hamısıyla tanışam. Kitabdan oxuduqlarım da var aralarında.

Mənim üçün şeir haqda fikir bildirmək ifadəsi absurd səslənir. Şeir varsa, var, yoxdursa yoxdur. Ulucayı şair kimi çox gec kəşf etsəm də, maraqla oxuyuram. Yaxşı şairdir. Uğurlar arzulayıram.

Rəvan Cavid

Dünyanın ən ciddi mövzusu - Rəvan Cavid

Ulucayın şeirlərinin özünəməxsus mətndaxili ritmi olsa da, üslub müstəvisində bəzən bu axıcılıq şeirlərin temperamentini azaldır. Xüsusən, sərbəst şeirlərdə bəndlərin arasına sıxılmış “heca vəznlilər” özündən öncəkinin məna qatını kiçildir.

Bu şeirlərin içində mənim üçün xüsusi ovqat yaradan “Revolver” oldu. Şeirin mahiyyəti günümüzdəki müharibə ilə səsləşir və məna etibarı ilə sülhə çağırışdır. Şairlərin, sənətçilərin yaratdıqları alternativ məkanın və zamanın real dünyaya təzahürünün arzusudur.

“Məni dərd eləmə...” və “Proqnoz” şeirləri isə yarımçıqdı, müəllifin nə hiss etdiyini, nədən bəhs etdiyini, ümumiyyətlə, bu şeiri niyə yazdığını oxucuya ötürə bilməyən misralardan qurulub. Mütləq bir ovqat da yaratmır.

Ulucayın əvvəlki şeirlərində ümid daha çox olsa da, bu şeirlərdə şair zamanla barışmış, bir az da həyata təslim olmuş mövqedədir. Ümid edirəm, bu tədirginlik onu dekadansa çevirməz.

# 4052 dəfə oxunub

Müəllifin son yazıları

# # #