Sevinc Nuruqızının yubileyinə... - Sədaqət Əhmədova

Sevinc Nuruqızının yubileyinə... - Sədaqət Əhmədova
22 iyul 2024
# 11:49

Kulis.az Sədaqət Əhmədovanın Sevinc Nuruqızının altmış illik yubileyinə həsr etdiyi "Uşaq yazıçısının böyük Vətən sevgisi" məqaləsini təqdim edir.

Onun mükafatlarını, qazandığı uğurları sadalamaqla bitməz. Çoxumuzun uşaq yazıçısı kimi tanıdığımız, əsərləri əcnəbi dillərə tərcümə olunaraq müxtəlif ölkələrdə nəşr olunan və ədəbi müsabiqələrdə yüksək yerlər tutan, saysız-hesabsız kitabların, şeir və hekayələrin, uşaq opera və kukla tamaşalarının, publisistik yazıların müəllifi, radio verilişlərinin aparıcısı olan, şeirlərinə mahnılar bəstələnən Sevinc Nuruqızı təkcə uşaqların deyil, həm də böyüklərin sevimlisidir.

Onun “Edam”, “Ölərəm dərdindən, onu bil”, “Kəpənək ömrü” hekayələri, “Xocalıya”, “Çanaqqala keçilməz” poemaları, “Melisa” nağıl-povesti, “Qaz balası Qaqa” süjetlər silsiləsi, “Al çobanyastığı ləçəkləri” pyesi... müxtəlif müsabiqələrdə yüksək mükafatlara layiq görülmüşdür. Cənubi Koreya Respublikasında üç dildə nəşr olunan “Ağca və Cuppulu” hekayəsi, Türkiyədə keçirilən İLESAM-Akçağ Uşaq ədəbiyyatı müsabiqəsində roman janrı üzrə birinci yeri tutan “Melisa” nağıl-povesti ölkəmizin sərhədlərini çoxdan aşaraq dünyanı dolaşmaqdadır. “Melisa” həm də AMEA-nın Uşaq Ədəbiyyatı şöbəsinin hazırladığı məqalə ilə Vikipediyaya daxil edilmiş ilk müasir uşaq ədəbiyyatı nümunəsidir.

Sevinc Nuruqızının əsərlərinin əsas mövzusu vətənpərvərlik, məqsədi gənc nəslə vətən, torpaq, millət sevgisi aşılamaqdır. Onun uşaqlar üçün nəzərdə tutulmuş əsərləri haqqında çox yazılıb. Mən Sevinc Nuruqızının uşaq ədəbiyyatına verdiyi dəyərli töhfələrdən deyil, bütün yaradıcılığında, həyat tərzində, şəxsiyyətində ifadə olunan böyük, dərin, bitib-tükənməyən vətən sevgisindən danışmaq istəyirəm. Bunun üçün ən yaxşı nümunə onun Zəfər yolunun yolçularına həsr etdiyi “Zəfər nəğməsi – Şuşa” kitabıdır.

Kitaba “Zəfər nəğməsi – Şuşa” povesti, “Al çobanyastığı ləçəkləri” pyesi və əksəriyyəti real hadisələr əsasında yazılmış hekayələr daxildir. Onların hamısında insanın qəlbini və düşüncələrini sarsıdan, çilik-çilik edən ağrı var, acı var... Misilsiz zəfərimizdən sonra belə bu dərin ağrını yazıçı ürəyində daşımaq böyük iradə və səbir istəyir.

“Gənc dost! Bu əsəri yazanda səni düşündüm... Düşündüm ki, yurdun gələcəyi sənin əlindədir... Əsəri diqqətlə oxu... Ən böyük sevginin – Vətən sevgisinin nə olduğunu öyrənəcəksən. Vətəni candan çox sevməyin nə demək olduğunu anlayacaqsan...” Bunlar müəllifin Şuşanın işğaldan azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılara həsr etdiyi “Zəfər nəğməsi – Şuşa” povestinə yazdığı ön sözdəndir. Müəllifin təhkiyə və təsvirləri o qədər canlıdır ki, oxucu sanki döyüş həyəcanını onun qəhrəmanları ilə birgə yaşayır, onlarla birlikdə sıldırım qayalara qalxır, sonra quş kimi qanadlanıb dərin dərəyə enir, düşmənlərin ürəyinə qorxu salır, 28 il həsrətində olduğu, adı çoxdan müqəddəsləşmiş şəhərin hər döngəsi, hər evi uğrunda ölüm-dirim savaşı aparır; şəhid olan döyüş yoldaşları üçün gözləri dolub, ürəyi sızıldasa da, “Şəhadətin mübarək!” sözlərini qürurla səsləndirir...

Bu əsər Azərbaycan əsgərinin cəsurluğunu, əzmini, fədakarlığını Azərbaycan qadınının, azərbaycanlı ananın sevən və qürurlanan dili ilə ifadə edən qəhrəmanlıq dastanıdır.

“Azərbaycan ordusunun şah əsəri oldu Şuşa savaşı... Bundan yaxşı döyüş olmaz, bundan əzmli döyüşçü olmaz, bundan böyük Vətən eşqi olmaz...”

“Əsgər... bir amal uğrunda irəlilədi... Daldalanmağa səngəri olmadı, barıt acılı boğazının yanğısını söndürməyə bir qurtum su tapmadı, aramsız güllə saçan silahının lüləsində isitdi buz bağlamış əllərini... Və bizə Şuşanı qaytardı”.

“Hərdən mənə elə gəlirdi ki, bizim Şuşa qarşısındakı günahımızı heç nə yuya bilməz... Amma yudu... Şəhidlərimizin müqəddəs qanı yudu bu günahı”.

Maraqlıdır ki, müəllif Mədəniyyət Nazirliyinin vətənpərvərlik mövzusunda ədəbi müsabiqəsinin qalibi olmuş “Ölərəm dərdindən, onu bil” adlı hekayəsini də hissə-hissə bu povestə daxil edib. Torpaqlarımız işğaldan azad edildikcə qəmli notlara köklənmiş əsərlərini nikbin, qürurlu sonluğa yönəltmək Sevinc Nuruqızı yaradıcılığına xas xüsusiyyətlərdəndir.

Kitabın “Uşaqların müharibə acısı” bölməsinə müharibənin uşaqların taleyinə acı təsirini əks etdirən hekayələr, “Qadınların müharibə ağrısı” bölməsinə Milli Qəhrəman Salatın Əsgərovaya, həmçinin, müharibənin cismani və mənəvi qurbanlarına çevrilən digər qadınlara həsr olunmuş pyes və hekayələr, “Döyüşçü ürəyi” bölməsinə Milli Qəhrəman Mübariz İbrahimovun, Vətən müharibəsi şəhidlərinin və müharibə iştirakçısının igidliklərindən bəhs edən hekayələr, “44 günlük müharibədən ştrixlər” bölməsinə müharibənin ayrı-ayrı yaddaqalan epizodları daxildir.

“Ədəbi Azadlıq – 2015” müsabiqəsində II yer tutmuş “Edam” hekayəsi çox ağrılı, ürəyə süngü kimi saplanan real əhvalatdan – dəmir borulara doldurulan, hər iki tərəfdən qaynaqlanan borunun içində qətl edilən uşaqlardan bəhs edir. Edamın bu “növ”ünü “kəşf” edənləri insan adlandırmaq olarmı?

“Onlardan olsa, balaca əllərini bu dəmir borunun quru ot yapışmış üzünə qoyub onu çöl boyu diyirlədər, qısa ömürlərinin harasındasa ilişib qalmış şən qəhqəhələrindən bir ovuc götürüb, yanan torpağa çiləyərdilər. Gülüşərdilər...”

Yazıçı, başqa əsərlərində olduğu kimi, bu hekayəsində də hadisənin faciəsini açmaq üçün təzadlardan istifadə edir, yaxşılıqla pisliyi, məsumluqla mənfurluğu, günahsızlıqla günahı qarşılaşdırır. Fikrimdən “İnsanlıqdan kənar vəhşiliyi ədəbiyyatda əks etdirmək oxucuya qarşı qəddarlıq deyilmi?” sualı keçir. Bu cür hekayələri oxumaq da, yazmaq qədər ağır və ağrılıdır. Amma lazımdır. Bu qan donduran vəhşilikləri yaddaşlara yazmaq lazımdır ki, on ildən, yüz ildən sonra yenə qarı düşmənlərimizi süfrəmizin başında oturtmayaq, ən yağlı tikəmizi, ən möhkəm dostluqlarımızı, ən münbit torpaqlarımızı onlarla bölüşməyək...

Sevinc Nuruqızının yaradıcılığında müxtəlif əşyalara, oyuncaqlara, heyvanlara, təbiət ünsürləri və hadisələrinə xüsusi münasibət var. Əşyaların və təbiət ünsürlərinin obrazlaşdırılması əsərlərin bədiiliyini artırır, hadisələrin dərin qatlarının açılmasına yardımçı olur. Yazıçının, demək olar ki, bütün əsərlərində, o cümlədən “Zəfər nəğməsi – Şuşa” kitabında bu qəbildən olan obrazlaşdırmalarla tez-tez rastlaşırıq. “Qaraqaya” hekayəsində insan vəhşiliyindən “nəğməsi dodağında donan” Qaraqaya, “Qaranquşların naləsi” hekayəsində Çingiz Mustafayevin hönkürtüsündən sarsılan qaranquşlar, “Oyuncaq ayı balası” adı altında toplanan, Gəncə hadisələrində zərər çəkmiş uşaqlara həsr olunmuş hekayələrdə “uşaqların... bu dünyanı qarış-qarış gəzib ədalət soraqlayacaq... göz yaşları”, “Edam” hekayəsində gözünü gördüklərindən ayıra bilməyən, edama aparılan uşaqların üstünə “bir ovuc su” çiləyən “canlı-cantaraq bulud”...

“Zəfər nəğməsi – Şuşa” kitabı bütövlükdə şəhidliyin ağrı və qürur dolu elegiyasıdır.

Bu kitabda Mübariz İbrahimovun nümunəsində düşüncələrdə dönüş yaradaraq zəfərin təməlini qoyan qəhrəmanlıq (“Cənnətdə”), öz canı bahasına komandirin həyatını xilas edən işıqçı Əliağanın, “Sizin balalarınız var” deyib düşmənin üstünə təkbaşına gedən 19 yaşlı Cəbrayılın nümunəsində qəhrəmanlığa bərabər fədakarlıq (“O, işıq idi”; “Söz”), nəğməsi “döyüş meydanından qanadlanan” Xudayarın nümunəsində şəhid olmuş istedadlar (“Sən nəğmə idin”), top gurultusu altında qızının gülüş və nəğməsini “eşidərək” gülümsəyən Bilalın nümunəsində şəhid atalar (“Şəhadətin zirvəsi – Vətən”)... təsirli boyalarla əks olunub.

“Hər kəsin bir Vətən adlı sevgilisi var... Hər kəs ona borcunu verməlidir...” (“Günəş, buludlar və Ağca”) deyir dəyərli yazıçımız və özü də oxucularına vətən sevgisi aşılayan əsərləri ilə bu borcu layiqincə verir.

Uşaqların və böyüklərin qəlbində nurlu gələcəyə inam yaradan Sevinc Nuruqızı bu il özünün yubiley yaşını qeyd edir. Sevimli yazıçımızı təbrik edir, sülh qoxulu, nikbin, sevgi və şəfqət aşılayan əsərlərini gözləyirik

# 1058 dəfə oxunub

Müəllifin son yazıları

# # #