Rəngsiz, maraqsız, usandırıcı – Hekayə müzakirəsi

Rəngsiz, maraqsız, usandırıcı – Hekayə müzakirəsi
15 iyun 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Mehdi Dostəlizadənin “Semaşko” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Nərgiz Cabbarlı

Nərgiz Cabbarlı: “Onlar bu mənasız söhbətlərə görə...” – Müsahibə

Çap edilmək, təqdim olunmaq azadlığı çox gözəl imkandır. Lakin bu imkanı, məncə, çox böyük məsuliyyətlə dəyərləndirmək lazımdır. Hər hansı bir mətni yaradıcılıq nümunəsi kimi təqdim etməyin isə məsuliyyəti qat-qat böyükdür. Çünki bununla həm yazana, həm oxuyana “bu BƏDİİ MƏTNDİR” mesajını, istədi-istəmədi, ötürür. Təqdim etməyə çalışdığımızla (yaratmağa çalışdığımız təəssüratla!) oxunan arasında uçurumun olması isə hər üç tərəfin (oxucu da daxil!) əleyhinə işləyir. Bunu heç arzulamazdım. Hər üç tərəfin maraqları naminə!

Mehdi Dostəlizadənin “Semaşko” mətni bədii mətn deyil. Kiminsə, sadəcə, hansısa bir əhvalatı sadə, rəngsiz, maraqsız, hətta usandırıcı bir şəkildə nəql etməsidir. Hekayə ola bilərdimi? Bilərdi, əlbəttə! Amma, təəssüf ki, alınmayıb.

Fəridə

Bulud sarayı – Fəridədən yeni hekayə

Bu Mehdinin oxuduğum sayca üçüncü hekayəsidir.

Məncə, hekayə alınıb. Sürətli, çılpaq mətn, bir-biri ilə əlaqəsiz görünən vəziyyət keçidləri, alt qata və ya bər-bəzəkli, lazımsız təsvirlərə qaçmadan, bir növ təngnəfəs oxunan hekayələri ilə Mehdi məni oxucu kimi qazanıb.

Tərzini bəyənirəm. Hekayələr kitabı olsa, ürəklə alıb oxuyaram.

Hekayə xoşuma gəldi, tənqid etməyə detal görmürəm ona görə də uzatmaq fikrim yoxdur. Hekayəni bəyəndinsə bəyəndin demək yetir, məncə. Niyə bəyəndiyini ciddi-cəhdlə izah etmək mənasızdır.

Mehdinin tərzini bir az çağdaş gürcü yazıçılarına da bənzədirəm. Uğurlar.

Mirmehdi Ağaoğlu

Mirmehdi Ağaoğlu: "Siracla Məhərrəmin minaya düşdüyü yerdən keçəndə..." -  Müsahibə

“Semaşko” sadə, təmkinli, heç bir bəzək-düzəyə qaçmayan, amma elə bəzək-düzəyi də sadəliyində gizlənən hekayədir. Ən əsası isə gənc qələm adamlarının, adətən, meylləndiyi mücərrədlikdən uzaqdır, güncəldir, indinin hekayəsidir. Bu yaxında Amerikan-Dominikan yazıçısı Junot Diazın hekayələr kitabını oxumuşdum. “Semaşko”dan da həmin hekayələrin havasını duydum. Gənc adaşıma uğurlar arzulayıram. Oxuyub sevindiyim, ürəyimi açan hekayələrdən oldu.

Rəvan Cavid

Rəvan Cavid: “Elxan Elatlını oxumaq günahdı” – Müsahibə

Bu hekayə mənə Etqar Keretin hekayələrini xatırlatdı. Minimal süjet xətti, həyatın içindən detallar və monoton cəmiyyətimizin səbirsiz fərdlərini axıcı dil və özünəməxsus üslubla çatdırılması Mehdinin gələcəkdəki bu tipdə daha yaxşı hekayələr yazacağının işarəsidir. Son vaxtlar bu həcmdə və bu dəqiqlikdə hekayələr yazılmayıb.

# 4035 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #