Qurama, aforizm xəstəliyi, kor-koranəlik, yarımcan – Yazarlar El Romanı tənqid etdilər

Qurama, aforizm xəstəliyi, kor-koranəlik, yarımcan – Yazarlar El Romanı tənqid etdilər
11 fevral 2022
# 15:10

Kulis.az “Şeir müzakirəsi” layihəsindən El Romanın yeni şeirləri haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan şeirlər ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Rəşad Məcid

Rəşad Məcid deyəndə...

El Romanın şeirlərini bəyənirəm. Daha da püxtələşməsini arzulayıram. Özünəxas intonasiyasını qoruyub saxlamağı arzulayıram.

Qurama şeirlər yazmasın.

Fərid Hüseyn

Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto

El Romanın təqdim olunan şeirləri gözəldir. Məsələn, “Qadınların yarısı” şeirində poetik nümunənin müxtəlif misralarının son misrası cüzi fərqlə sonuncu bəndi formalaşdırır. Gənc şairlərin bu cür axtarışları maraqlıdır. Bu “gedişat”, şeirin hörgüsü, əslində, onun vahid bir “poetik mexanizm” kimi diqqət mərkəzinə çəkir.

“Mənə inanmırsan” şeirində insanın ayrılığı hava limanına gedən, zəif sürətli maşınlarla eyniləşdirilir və sonda əvvəlki fikrə münasibət bildirilmir. Yenidən əvvəlki fikrə qayıdış olmur. Yəni insan ayrılığa nə qədər ləngisə də ona təəssüf ki çatır. Bu eyniləşdirməni – “təkrarlanan çevrə”ni müəllif açıq saxlayır. Gənc şairin istər kor-koranə, istərsə də bilərəkdən çatdığı bu poetik nöqtə təqdirəlayiqdir.

“Yarasalar” şeirindəki “Mağara – dağların əsnəməsidir. Tərsinə asılmış quş qəfəsidir” kimi seçkin misralar yazan şair sonda deyir ki, bu həqiqəti yarasalardan eşidib. Yarasa qaranlıq “quşudur”. Mağara isə qaranlıq sığınacağıdır. Deməli, mağara həm də yarasanın yuvasıdır. Mağaranı ondan yaxşı hansı canlı tanıya bilər ki? Bu metodla – “kiminsə fikrini çatdırmaqla” şair öz fikrini hökm kimi vermir, mağaranın tərzinə asılan quş qəfəsi olduğunu vurğulamaqla təbiəti anlamağın yolunun təbiətin sakinindən asılılığını vurğulayır. El Romanı təbrik edirəm. Qoy istedadı onun yaradıcılıq yolunu daim işıqlandırsın, hər zaman onu ədəbi yüksəlişlər “təqib eləsin”.

Emin Piri

Emin Piri: “Evli qadınlarla çoxlu günahlar eləmişəm” – Müsahibə

Bəzi deyimlər XXI əsrin XX əsrdən qalma şairini xatırladır. XXI əsrin 20-ci illərini deyil, 90-cı illərin orta yaşlı şairlərini daha qabarıq özündə göstərir.

"Yarasalar" şeirində nəfəs xatırlatsa da digər şeirlərdən poetik tapıntılarına görə seçilir və hətta deyərdim bəzi deyimlər oxucu üçün zövqvericidir. Məhsuldarlıqdan qaçmalıdır, düşünürəm. Məsələn, bir neçə şeir əvəzinə bir şeirlə də kifayətlənmək olar. Yaxud burada təkcə "yarasalar"la nöqtəni qoymaq olar. Məşqlər hər zaman yaxşıdır, amma məşqi kütlə önündə edəndə bəzən tatamidəki uğurun məşqin kölgəsində itə və tənqid oluna bilər. Bütün bunlara rəğmən gənc şair kimi ədəbi mühitin qazandığı imzadır deyə bilərik.

Oğuz Ayvaz

Qonşunun soyuducusu, arvadım, qızım - Oğuz Ayvaz

Üç şeirdən biri xoşuma gəldi. "Yaraslar" şeiri. "Sən kimin olmusan min illər əvvəl? Adını oxudum cam kasalardan..." bu misra nələrisə xatırlatdı mənə. Digər iki şeir isə tanış və təkrar gəldi. Bir də aforizmlər yaratmaq cəhdi gördüm. Təəssüf ki, aforizm yaratmaq xəstəliyi şeirimizdə aludəçiliyə çevrilib. Gənc şairə bu xəstəlikdən tezliklə müalicə olunmağı arzulayıram. Amma onu da deyim ki, “Mağara dağların əsnəməsidir” misrası uzun müddət yaddaşımdan silinməyəcək.

Ramil Əhməd

Aydın Yol / Ramil Əhməd – Metamorfoz

El Roman son illər şeirdə mənim üçün iki-üç maraqlı imzadan biridir. “Yarasalar” şeirini daha əvvəl oxuyub bəyənmişdim. Hər üç şeirində mövzu duyumu və özünü sadə, qatqısız ifadə etməsi xoşuma gəldi. Onun şeirlərinin timsalında şeirimizin ifadə imkanlarının genişlənəcəyinə inanıram. Ümid edirəm ki, misralarının ardından bərq vuran istedadını illərcə qoruyub saxlaya, inkişaf etdirə biləcək. Uğurlar arzulayıram.

Rəvan Cavid

Rəvan Cavid Sözleri ve Alıntıları - 1000Kitap

El Roman yaxşı şairdi, bu şeirləri oxuyandan sonra başa düşdüm ki, o həm də yaxşı reper ola bilər.

Təpədən-dırnağa əruzun havası, “çı”lara meyilli, “laaap”lara meylli şairlərin təsiri və özünü isbat etmək üçün tapdığı bir-iki aforizmdən başqa heç nə oxumadım.

Dərc olunan şeirlərin içində bir-iki sətirdən başqa orijinal fikir yoxdu. Heç onlar da tam orijinal deyil, yarımcandı. Halbuki, El Roman ilk kitabında bundan daha gözəl, daha üstün misralar yazıb.

Şeirləri oxuyub dostumun şeir müstəvisində böyüdüyünü gördüm, sevindim, ancaq bu qədər çox detalın onun öz şeirlərinə, öz ruhuna çılpaq təsir etməsi məni üzdü.

Şeirlərin ritmi isə rep “beat”lərindən başqa heç nəyi xatırlatmır.

# 3182 dəfə oxunub

Müəllifin son yazıları

# # #