Qadınlar cəmiyyətin diktələrinə məğlub olan insanlardır - İlahə Səfərzadə

Qadınlar cəmiyyətin diktələrinə məğlub olan insanlardır - İlahə Səfərzadə
23 iyul 2024
# 14:41

Kulis.az İlahə Səfərzadənin "Hekayə janrı: müəllifin gender mənsubiyyəti və qadın" adlı yazısını təqdim edir.

Ədəbiyyatda qadın məsələsinin qoyuluşuna diqqət ötən əsrin ikinci yarısından yeni keyfiyyət müstəvisinə keçirilib. Ədəbiyyat və qadın məsələsi Azərbaycan ədəbiyyatşünaslığı üçün də yeni deyil. Lakin həm bədii ədəbiyyat, həm də onu öyrənən ədəbiyyatşünaslıq eyni yerdə sayan elmi durğun hadisə olmadığına, daim dəyişdiyinə, yeniləndiyinə görə bu mövzu da yeni baxış və yanaşmalar tələb etməkdədir. Bu baxımdan, ədəbiyyat və qadın mövzusunun "qadın yazıçı" və "kişi yazıçı" prizmasından dəyərləndirilməsi müasir ədəbiyyatşünaslığın aktuallıq daşıyan istiqamətlərindəndir. Azərbaycan nəsrinin nümayəndələri Ruhiyyə Abbaszadə ilə Azər Qismətin hekayələrində qadın obrazların müqayisəli təhlilini verdiyimiz bu məqalə cəmiyyətdə və ədəbiyyatda qadına iki fərqli yanaşmanın mövcud olduğunu əks etdirir.

Ədəbiyyatdakı qadın obrazlarının cəmiyyətdəki rolu ilə bağlı aparılan araşdırmaların keyfiyyəti tədqiqatçının gender (və ya feminizm) məsələsinə yanaşmasından asılıdır. "Feminist ədəbiyyat" deyəndə, ictimai münasibətləri qadının baxış bucağından təqdim edən və cinslər arasındakı asimmetrik əlaqələrə, həmçinin patriarxal düşüncə stereotiplərinə qarşı tənqidi münasibət sərgiləyən ədəbiyyat nəzərdə tutulur (Öğüt H. "Edebiyatta feminizm ve feminist edebiyat eleştirisi").

Qadına qadının gözü ilə baxanda

Müasir Azərbaycan ədəbiyyatında qadınların yaşadıqları çətinlikləri, onların üzləşdikləri haqsızlıqları qələmə alan yazıçılardan biri Ruhiyyə Abbaszadədir. Onun ailə-məişət mövzulu hekayələrinin əsas motivini cəmiyyətin qadına münasibəti təşkil edir. "Allah adamı", "Bir damla işıq", "Qatil ər" kimi hekayələrinin əsasında Azərbaycan qadınının mövcud vəziyyəti, problemləri durur. Bu hekayələrin qadın qəhrəmanları çox vaxt ölümün astanasından dönür. Bu qadınlar daha çox, oxucunun rəğbət bəslədiyi və müəyyən mənada, rəhmə ehtiyacı olan obrazlar kimi təqdim olunur.

"Allah adamı" hekayəsində sevdiyi adam tərəfindən fiziki şiddət görən Çinarə adlı gənc qızın həyatından bəhs olunur. Universitetə qəbul olmaq xəyalı suya düşdükdən sonra oxumaqdan əlini üzən qız ona elçi düşən oğlanlardan birinə könül versə də, ata-anası buna qarşı çıxır. Evin tək qızı olan, övladlığa götürülmüş Çinarənin valideynləri doğma olmasalar da, onu öz övladları kimi sevib qayğısına qalmışdılar. Buna görə də qızlarının dürüst hesab etmədikləri bu oğlanla evlənməsinə qəti etiraz etmişdilər.

Qız sevdiyi oğlanla gizli görüşüb, onunla qaçır. Çox qısa müddət sonra oğlan ondan ata-anasından pul, əmlak tələb etməyini istəyir, qıza mənəvi və fiziki işgəncələr verir. Qız bu vəziyyətdən bezib özünü öldürmək istəyərkən, qonşu kənddə yaşayan bir nəfər onu xilas edib evinə aparır. Onlar Çinarənin qayğısına qalır, onun mənəvi yaralarını sağaltmağa çalışırlar. Bir müddət sonra isə Çinarəni gətirib sağ-salamat ailəsinə təhvil verirlər.

R.Abbaszadə hekayədə şiddətə məruz qalmış qadının yaşadıqlarını dərindən incələməyə çalışmışdır. Yazıçı qızın emosional daxili dünyasına enir və aldığı travmaların onun həyatına təsirlərini araşdırır. Zorakılığa məruz qalmış qadın obrazı vasitəsilə diqqət cəmiyyətdəki gender ayrı-seçkiliyinə, patriarxal düşüncəyə və sosial ədalətsizliklərə yönəldilir. Bu qəbildən olan obrazlar cəmiyyətdə qadına münasibətin dəyişməsinin zəruriliyini ön plana çəkməklə yanaşı, qızlara həyatdan ibrət götürməyi aşılayır.

R.Abbaszadənin "Qatil ər" hekayəsində ərinin fiziki şiddətinə məruz qalan qadının məşəqqətli həyatı təsvir olunub. Azyaşlı qızı anasını xilas etmək üçün polis bölməsinə şikayət edir və hüquq-mühafizə orqanları əri bir müddət həbsdə saxlayır. Ər həbsdə olarkən arvadını öldürmək barədə düşünür. Qadının şikayətini geri götürməsilə evinə qayıdan qəzəbli ər azadlığa çıxandan dərhal sonra öz müdhiş planını həyata keçirməyə cəhd göstərir, lakin qadın möcüzəli şəkildə sağ qalır.

Qadına kişinin gözü ilə baxanda

Azər Qismətin "Amerikasayağı arzu", "Xanım taksi", "Qrammofon", "Qadının əhliləşdirilməsi", "Sevgi zarafatı", "Ağbirçək masajçı", "Qonşu qadın", "Qadın istəyi", "Otaq söhbəti" və s. kimi hekayələrindəki bir-birindən fərqli qadın obrazları ilə dövrün reallıqları əks etdirilmişdir.

Azər Qismətin hekayələrinin əksəriyyətində qadına kişinin gözü ilə baxılır, qadınların yaşamları və duyğuları bu prizmadan dəyərləndirilir.

"Otaq söhbəti" hekayəsində ərinin şikəst olmasından sui-istifadə edən qadının həyat yoldaşının namusuna ləkə gətirərək ətrafındakı bütün kişilərlə cinsi münasibət yaşadığı təsvir olunur. Qadınla ərin dialoqundan məlum olur ki, qadın öz ərinə yazığı gəlsə də, öz canından qorxduğu üçün onun sağalmasını arzulamır. Qadın düşünür ki, kişi sağalsa, yüngül davranışını ona bağışlamayacaq: "Çox istəyirəm ki, sağalıb ayağa durasan. Bir tərəfdənsə istəmirəm. Çünki sağalıb ayağa duranda saçımdan sürüyüb çölə atacaqsan. Buynuzlu olmağa dözməyəcəksən" Azər Qismət. "Duman" hekayələr kitabı).

Hekayədə qadın mənfi obraz kimi təqdim olunur. Onun sadəlövhlüyü, avamlığı, cəmiyyətin əxlaq normalarından kənar davranışları öz dili və əməlləri ilə ifşa edilir.

"Amerikasayağı arzu" hekayəsində isə illərlə uşağı olmayan qadını əri artıq öz evində görmək istəmir. Qadının bütün yalvarışlarına baxmayaraq, əri onu alçaldır və evdən qovur. Bu münasibət ailələrin hansı təməl prinsiplər üzərində qurulduğuna işarədir. Burada hekayənin əsas tənqid hədəfi kişi olduğu halda, müəllif qadının da avamlığına diqqət çəkmişdir. O, əvvəlcə boşamasın deyə ərinə çox yalvar-yaxar edir, bunun bir təsiri olmadığını görəndə isə taleyinə boyun əyir. Sonradan Amerikada yaşayan azərbaycanlı siyasətçi ilə ailə quran qadın vətənindən ayrılıb Amerikaya köçür. Müalicədən sonra övlad sahibi olsa da, ruhunun dərinliyində eyni sadəlövhlüyü və avamlığı daşıyır. Aradan illər keçsə də, bir gün geri dönüb keçmiş ərinə söymək, onu alçaltmaq kimi bəsit arzularla yaşayır.

"Qonşu qadın" hekayəsində də qadının iradəcə zəifliyi təsvir edilib. Hekayənin əsasında bu fikir dayanır ki, qadın nə qədər əxlaqlı, məsum görünsə də, məcburiyyət qarşısında qalanda onun yalan və hiyləyə əl atacağı qaçılmazdır. Maddi cəhətdən təmin olunmayan qadın qızı ilə tək yaşayır və qızının xərclərini qarşılaya bilmədiyi üçün qızı tərəfindən döyülür. Nəticədə qadın kişi qonşusunun ona qarşı xoş niyyətindən sui-istifadə edib, ərzaq malı alveri pərdəsi altında qonşu kişidən pul qopartmağa başlayır.

Göründüyü kimi, Azər Qismətin ailə-məişət mövzulu hekayələrində qadınlar cəmiyyətin diktələrinə məğlub olan insanlardır. Lakin bu məğlubiyyəti yaradan səbəblərin açılması qadını alçaltmağa yox, onları oyatmağa xidmət etməkdədir.

Qadına zamanın gözü ilə baxanda

Ruhiyyə Abbaszadə ilə Azər Qismətin nəzərdən keçirdiyimiz hekayələrində yaradılan qadın obrazlarının hər birinin özünəməxsus dünyası var. Bu obrazlar onları yaradan yazıçıların dünyagörüşünü qabarıq şəkildə ifadə edir. R.Abbaszadənin hekayələrində qadının ən ümidsiz anlarda ilahi qüvvəyə tapınması və ondan güc alması, dünyada nə qədər zalımlıq olsa da, mərhəmətin insanın taleyi üçün xilaskar qüvvə olduğu ön plandadır. Azər Qismət isə məsələyə daha çox rasional mövqedən yanaşır, reallığı mübaliğəli şəkildə əks etdirir. Hər iki yazıçının qadın obrazları mütiliklə yanaşı, asidirlər.

"Qatil ər" hekayəsində qadın hüquqsuzluğuna toxunan R.Abbaszadə qadının müstəqil yaşaya bilmək gücünü arxa plana atır. Hekayənin əsas qəhrəmanı belə hesab edir ki, ər qadını yalnız xəyanət, namus, əxlaqsızlıq üstündə cəzalandıra bilər. Bu isə cəmiyyətdə qadın cinayətlərinə haqq qazandırmaq kimi yanlış yozumların yaranmasına da gətirib çıxara bilər. A.Qismətin "Qonşu qadın" əsərində özünə məzlumluq görkəmi verən hiyləgər satıcı qadın ona yaxşılıq edən kişini aldadır, həm məzlumluq sifəti, həm də fiziki cazibədarlığı ilə qarşı cinsin duyğularını istismar edir. A. Qismətin "Otaq söhbəti", "Qadın istəyi" kimi hekayələrində də qadının kişi ilə münasibətində fiziki cazibədən, cinsi təhrikdən sui-istifadə etməsinə diqqət çəkilmişdir. R.Abbaszadənin əsərlərində isə qadın-kişi münasibətlərində seksual mülahizələrə yer verilmir, yazıçı daha çox patriarxal əxlaqın hökm sürdüyü toplumda qadın olmağın çətinliyinə önəm verir.

R.Abbaszadə və A.Qismətin hekayələrindəki qadın obrazlarını müqayisə edərkən, yazıçının gender mənsubiyyətinin onun yaratdığı obrazlarda öz ifadəsini tapdığını, mövzuya fərqli tendensiyalardan yanaşıldığını görürük. R.Abbaszadənin hekayələrində cəmiyyətdə qadın hüquqlarının tanınmaması, qadının ailə daxilində məruz qaldığı təzyiqlər, azad yaşamaq marağının zəifliyi kimi nüanslar qabarıq verilir. A.Qismətin hekayələrində isə cəmiyyətin qadına qarşı dəyişməyən görüşlərinin təsdiqi üstünlük təşkil edir. R.Abbaszadənin hekayələrində qadının iç dünyasının detallarına varılır, A.Qismətin qadın xarakterinin açılması üçün ətrafdan "dəstək" gətirilir - qadının dünyası daha çox mühitin fonunda işıqlandırılır.

Qadın və kişi yazıçıların əsərlərinin gender amili nəzərə alınmaqla geniş təhlilə cəlb edilməsi Azərbaycanda feminist tənqidin yaranması üçün faydalı başlanğıc ola bilər.

# 1227 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #