“Ovod” nə deməkdir? – Qorxmaz Quliyevə cavab

“Ovod” nə deməkdir? – Qorxmaz Quliyevə cavab
22 aprel 2022
# 10:38

Kulis.az "Parlaq İmzalar" nəşriyyatının redaktoru Toğrul Musayevin “Ovod” nə deməkdir?” yazısını təqdim edir.

Son dövrlər Sovet dövründə tərcümə olunmuş bir sıra kult kitablar yenidən çevrilir, ya da yenidən redaktə olunur. Bəzi oxucular buna etiraz eləsələr də (niyə yeni əsərlər dura-dura tərcümə olunmuş kitabları çap edirsiniz?), özüm kitabların hazırlanma prosesində birbaşa iştirak etdiyim üçün bu etirazları bir o qədər haqlı hesab etmirəm. Niyə? Çünki Sovet dövründə bir neçə tərcüməni çıxmaq şərtilə kitablar ucdantutma rus dilindən tərcümə olunurdu. Bu da məzmunun dəqiq çatdırılmasına, yazıçı üslubunun qorunmasına, yumşaq desək, imkan vermirdi.

Bu yaxınlarda feysbukda dəyərli alimimiz, professor Qorxmaz Quliyevin mövzu ilə bağlı olan bir statusunu gördüm. Statusu azacıq ixtisarla aşağıda qeyd edirəm:

“... İrlandiyalı yazıçı Voyniçin "Ovod" əsəri xüsusilə yeniyetmələrin sevə-sevə mütaliə etdikləri kitablardan biridir. Roman dilimizə rus dilindən tərcümə olunmuşdur və tərcüməçu rus variantının adını qoruyub saxlamağı məqbul hesab etmişdir. İngilis dilində əsərin adı "The Gadfly"dir. Dilimizə birbaşa tərcümə etsək və ingiliscəyə sədaqət nümayiş etdirsək, əsəri "Mozalan" adlandırmalıyıq. Amma mən sizi əmin edirəm ki, kitabın adı oxucu kütləsinin ondan üz döndərməsinə səbəb olacaq; bu həşərat zəhlətökən vızıltısı ilə əsərin canına nüfuz edəcək, onun pafosunu, ona xas olan yüksək və kövrək romantikanı alt-üst edəcək. Azərbaycan dili ona ehtiyatsız müdaxilə etmiş tərcüməçidən intiqam alacaq. Dil özünə münasibətdə son dərəcə incə, yüz dəfə ölçülüb-biçilmiş rəftar tələb edir. Dil toplum tərəfindən fərd-fərd yaradılır, lakin o fərddən də, toplumdan da, Sossürdən də, hətta Çomskidən qat-qat yüksəkdə durur. Dil bir tərəfdən müxtəlif qəliblər hazırlayır və bizi onlara riayət etməyə məcbur edir, digər tərəfdən gözlənilmədən bizə göz vurub özü öz əli ilə bu qəliblərini dağıdır. Haydegger demişkən, biz dildən yox, dil bizdən istifadə edir. Dil ancaq son dərəcə həssas adamları yaxına buraxır, hansı isə sirrini ona pıçıldayır”.

Hörmətli alimimizin fikrinə münasibət bildirməmişdən qabaq bir məsələni qeyd etmək istəyirəm. Bu yaxınlarda redaktor kimi çalışdığım “Parlaq İmzalar” nəşriyyatı yeni klassika seriyasına başlayıb. Bu seriyada əsas məqsədimiz həm tərcümədə ikinci dil problemini aradan qaldırmaq, yəni kitabları orijinal dildən çevirmək, həm də bu vaxta kimi tərcümə olunmamış önəmli klassik kitabları oxuculara təqdim etməkdir.

Ölkəmizdə çox sevilən, Qorxmaz müəllimin də dediyi kimi, gənclərin dönə-dönə oxuduğu kitablardan biri də irlandiyalı yazıçı E. L. Voyniçin “The Gadfly” romanıdır. Biz təzəlikcə romanı orijinaldan, ingilis dilindən çevirərək klassika seriyasında çap eləmişik. Kitabı peşəkar tərcüməçi Anar Mahmudov çevirib.

Romanın bildiyiniz kimi Sovet dövründə tərcümə olunmuş adı “Ovod”dur. Məlum məsələdir ki, Azərbaycan dilindən “ovod” sözü yoxdur, bu, rus sözüdür. Əsəri ilk dəfə bu adla 1933-cü ildə Nigar Rəfibəyli çevirib. Maraqlıdır, həmin vaxt Nigar xanımın 20 yaşı var imiş. 20 yaşında belə bir romanı tərcümə eləmək, həqiqətən, təqdirəlayiq haldır. Ancaq, təəssüf ki, bu tərcümə böyük ixtisarla çap olunub.

Romanı yenidən 1955-ci ildə mərhum tərcüməçi Beydulla Musayev çevirib. Nədənsə o da adı dəyişməyib. Ancaq bu tərcümə də ixtisarla çap olunub. Əsərdən, bəzən hərəsi 4-5 səhifə olmaqla, çox iri hissələr çıxarılıb. Qəhrəmanın dini baxışlarının haradan başlayıb hara gəlməsi qaranlıq qalır. Onun nitqi dini kontekstdən tamam arındırılıb, irqi, milli ayrı-seçkilik kimi qavranıla biləcək məqamlar Sovet siyasətinin tələblərinə uyğun olaraq ləğv edilib. Rivares XIX əsrin əvvəllərində İtaliyaya hazır Sovet casusu kimi gəlir – bir qara plaşı çatmır ki, Qleb Jeqlov olsun. Hətta əsərin ən dramatik yerində qəhrəmanın son nəfəsində dediyi cümlə də ixtisar edilib. “Padre is your God satisfied?” (Padre, sizin Allahınız razı qaldımı?) bu şəkildə gedib: “Padre, siz razı qaldınızmı?”

Sadalanan problemləri nəzərə alaraq qərar verdik ki, azərbaycanlı oxucuların sevimli romanını orijinaldan, heç bir ixtisara yol vermədən çap edək.

Yeni tərcümənin ən mübahisəli mövzusu, təbii ki, adı olacaqdı. Oxucularımızın əksəriyyəti bu romanı “Ovod” adı ilə oxuyub, o adla sevib. Ona görə də yeni ad rahat qarşılanmayacaqdı. Gələk romanın adına:

Romanın adındakı “gadfly” sözü dilimizə “atmilçəyi, atçibini, mozalan, məzələk” kimi tərcümə olunur. İrlandiyalı yazıçının niyə bu sözü seçdiyini, təəssüf ki, bir çox oxucular gözardı ediblər. Deməli, romanın II hissəsində Artur, Feliçe Rivares adı ilə qarşımıza çıxır. O uzun müddətdən sonra yenidən peyda olaraq Fransa qəzetlərində “Le Taon” (fran. “atmilçəyi”) ayaması ilə satirik yazılar yazır. Orijinal mətndə “gadfly” sözü ilk dəfə Platonun məşhur “Sokratın apologiyası” dialoqundan götürülmüş sitatın içində keçir. Cümlə romanın qəhrəmanı sinyora Bollanın dilindən deyilir:

“So was Athens,” she interrupted, smiling; “but it was 'rather sluggish from its size and needed a gadfly to rouse it'...”

“Afina da eləydi, – sinyora Bolla onun sözünü kəsib təbəssümlə dedi. – “Əzəli əzəməti onda bir durğunluq, hərəkətsizlik yaradıb. Onu oyatmaq, hərəkətə gətirmək üçün bir atmilçəyi lazımdı...”

“Sokratın apologiyası” dialoqunda Sokrat Afina şəhərini “at”a, özünü isə “atmilçəyi”nə bənzədir. Platonun dialoqlarından da bilindiyi kimi, Sokrat bu ləqəbi ona görə seçmişdi ki, o qəflətdə olan insanları ayıldırdı, onlara həyatla, yaradılışla bağlı köklü suallar verirdi, atmilçəyi kimi onların yaxasından əl çəkmirdi. Voyniç də bu xüsusiyyətlərinə görə baş qəhrəmanı Artura bu ləqəbi verir.

İndi bu qədər mənası olan bir sözü bizim dildə heç bir məna ifadə etməyən “ovod” sözü ilə necə vermək olar?

Çox hörmətli Qorxmaz müəllim statusunda yazır:

“... bu həşərat zəhlətökən vızıltısı ilə əsərin canına nüfuz edəcək, onun pafosunu, ona xas olan yüksək və kövrək romantikanı alt-üst edəcək”.

Kitabın adı ilə bağlı konteksti, məzmunu kənara qoyub, fonetik səslənişi, sözün assosiativ təəssüratını əsas prinsip kimi götürmək, açığı, mənə bir o qədər məqbul gəlmədi. Razıyam, kitabda romantik xətt var, amma o qədər də aparıcı deyil, roman dünyada inqilabi, xurafatla mübarizə ruhiyyəsi ilə məşhurdur. Professorumuzun dillə bağlı sonrakı sərrast, həssas fikirləri ilə razıyam, amma onu kitabın adı ilə əlaqələndirməyi mənə məntiqi görünmədi.

Daha sonra statusda qeyd olunur: “...Amma mən sizi əmin edirəm ki, kitabın adı oxucu kütləsinin ondan üz döndərməsinə səbəb olacaq; Azərbaycan dili ona ehtiyatsız müdaxilə etmiş tərcüməçidən intiqam alacaq”.

Tam səmimi deyirəm, romanın yeni tərcüməsi öncəki tərcümələrdən qat-qat yaxşıdır və tamdır (kim istəsə tutuşdura bilər), ikincisi isə yeni tərcümə artıq oxucular tərəfindən qəbul olunur, hələ bu vaxta kimi ada görə bizə ciddi etiraz eləyən olmayıb. Satışı da normaldır.

Mənim bu yazını yazmağımın bir məqsədi də ədəbiyyat konstekstində rus dilindən əxz etdiyimiz bəzi yanaşmaları müzakirəyə açmaqdır. Rus dili müəyyən dövrdə bizim dünyaya çıxışımız olsa da, bir tərəfdən də bizi şikəst eləyib, özündən asılı hala salıb. Ölkədə aparıcı Avropa dillərində olan bədii ədəbiyyat nümunələrini tərcümə edə bilən normal 2-3 tərcüməçi yoxdur. Həqiqətən, acınacaqlı haldır...

Ümid edirəm, ikinci dildən tərcümə olunmuş kitablara yenidən baxış dilimizin və düşüncəmizin inkişafına səbəb olacaq.

Müzakirəni açdığı üçün bir daha böyük alimimizə təşəkkür edirəm...

# 6913 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #