Onlar Kəramət Böyükçölün qələmini sındırmaq istəmədi - Seçkiləri "ifşa" edən yazıçımız

Kəramət Böyükçöl, yazıçı

Kəramət Böyükçöl, yazıçı

11 iyul 2024
# 12:00

Kulis.az Hafiz Mirzənin Kəramət Böyükçölün “Səs” romanı barədə "Səssiz qeydlər"ini təqdim edir.

Sevindim ki, Kəramət Böyükçölü axtarmaqdan ötrü daha Elmlər Akademiyasının qarşısındakı bağa getməyə ehtiyac olmayacaq. Yazıçının adı üstündədir: ya-zı-çı! Satıcı yox ki!

Yazıçı Kəramətin “Kerazon” kitab ma­ğa­zasına həm də xeyir-dua verməyə getdim.

Xeyirli-uğurlu olsun!

Mağaza, əslində, binanın zirzəmisində qurulsa da, səki kə­na­rın­da, birinci mər­tə­bə­də yerləşən modern görünüşlü brend mağazalardan daha çox məşhur idi. Kimdən so­ruş­dum­sa, yerini bildi və dəqiq göstərdi. Yəqin adamların təhtəlşüurunda kitab mağazasının daha mühüm və va­cib mis­si­yanın daşıyıcısı olması barədə bilgilərin olmasının təzahürü idi.

Təbliğat işi uğurlu alındığı üçün Kəramətin “Səs” romanı diqqətimi daha çox çəkdi. “Səs” kitab olaraq öz formatı, çap üsulu və tərtibatı ilə orijinal idi.

Romanı oxudum; estetik, bədii həzz aldım və... və bir azca da xəcalət çəkdim.

Bu roman barəsində yazmaq fikrim yox idi. Hər gördüyümüz, eşitdiyimiz, oxuduq­­larmız barədə yazsaq, rahat yaşamağa bir gün, bir saat macalımız olmaz. Ma­şal­lah, ölkə­miz mövzular diyarıdır. Bunun 80 faizi düşük olsa da, ədəbiyyatımız barədə mövzuların çəkisi daha ağır gələr. Üstəlik, Kəramətin “Səs” romanında özü barə­sin­də düşünməyə və söz deməyə təhrikedici nüanslar çox idi.

Nədən bəhs edirdi “Səs” romanı?

Əslində, heç nədən: Milli Məclisə seçkidən, seçki öncəsi proses­lərdən, sadə və ləyaqətli namizədlərin hiss və duyğularından və bütün bunların kənar görüntülərindən, vəssəlam.

“Heç nədən” dedim, ona görə ki, Kəramət Böyükçöl romanda uzaq tarixə baş vurmayıb, elmi hipotezalardan bəhs etməyib, fəlsəfə açmayıb, fantastika yazmayıb, sadəcə, günümüzün acı reallıqlarından bir azca bəhs edib.

Əvvəlcə atası şair Qəşəm Nəcəfzadə­nin, sonra da özünün seçki marafonu barədə çox sadə, hamının gördüyü və bildiyi həqiqətlərdən yazıb. Ada­mın Allahı var, həm də zor yazıb!

Seçki dövrünün qəzet və jurnallarında, TV verilişlə­rində, saytlarda təqdim olunan yazılarla müqayisədə ən böyük fərq orasın­da­dır ki, Kəramət bu həqiqətlərə İlham Əzizin seçdiyi bahalı, ütülü kostyum­lar­dan geyin­dir­mədən, boynuna anasının ayırdığı qırmızı qalstuk taxmadan, Cub­bu­lunun in­ternetdən tapdığı kremdən vurmadan, necə var – o cür, yəni tam çılpaqlığı ilə, sa­dəcə bir az “pəsök” (“şəkər tozu” yəni) qatmaqla yazıb.

Əlbəttə, seçki həqiqətlərini bu cür real təsvir etməyə yazıçı üçün cəsarətdən daha çox dili mükəmməl bilmək, bədii obraz komponentlərindən, təsvir vasitələrindən düzgün istifadə etmək məharəti vacibdir. Cavan oğlan olasan, dilin imkanlarını bu qədər mü­kəm­məl bilə­sən!

Ona görə də, romanı az qala metronun “İçərişəhər” stansiya­sın­dan “Ko­roğlu” stansi­ya­sına qədər, öz stansiyamı buraxaraq, bir nəfəsə oxu­yub qurta­racaqdım. Necə de­yər­lər, cümlələr “yağ-bal” kimi gedirdi. Romanın daxili ahəngi çox sakit idi. Temp tədricən yüksəlir, amma pik nöqtəsinə tam çatmadan, hərdən azca düşməklə da­vam edir (pik nöqtə sonda Cəmilənin də satıldığı bəlli olan məqamdır).

Seçicilərlə ilk görüş zamanı kəndin məşhur dəlisi Samitlə bağlı nüanslar da çox dramatik, həm də yumorludur. Romanda cümlələrin daxili harmoniyası qırılmır, müəllif sözün qüdrəti ilə mənzərənin, hadisənin və qəhrəmanların obrazını dolğun yarada bilir. Ümumiyyətlə, Kəramətin əksər tənqidi fikirlərində aqressiv­likdən əsər-əlamət yoxdur. Çünki o, dilin şirin notlarından yaxşı xəbərdardır. Ro­man­da adları çəkilən real şəxsləri elə gözəl, elə xoş, elə dadlı ifadələrlə səciy­yələn­dirir ki, zəhər tuluğu olan kəslər bunu “barmağına dolayır”, biz isə “zarafat edir” ki­mi qəbul edirik və əminəm ki, o şəxslərdən heç biri məcazi mənada Kəra­mətin qələmini sındırmaq barədə düşün­mə­yib.

Kəramət romanın bütün qəh­rə­manlarını sevir. Seçicilərin na­mizədə münasibəti qorxaqlıqdan, haqsızlığa boyun əy­məkdən, ədalətsizlikdən daha çox ifrat ehtiyatgirlik, siyasi savadsızlıq və “şah­sevərlik” kimi və çox incə yumorla təqdim olunur. Qəşəm müəllimin bir yaraşıqlı kostyumun həvə­sinə düşüb, anasının isə Sədaqət adlı qadına qarşı qadın hikkəsinə uyaraq, depu­tat­lığa namizəd olmağa razılıq verməsi onun saflığından daha çox insan­se­vər­liyi və səmimiyyəti kimi təsvir olunur.

Təbii ki, romanda ifadə olunan hadisə və məziy­yətlə­rin, obraz və xarakter keyfiy­yətlərinin heç də hamısı tam real deyil, Kəramətin yazıçı təxəyyülünün məh­su­­lu­dur. Yoxsa biz özümüzü italiyan kinorejissor Federiko Fellininin hansısa bir fil­­minin qəhrəmanı kimi hiss edərdik. Amma bütün bunlar Azərbaycan reallığıdır, ümumiləşdirilmiş cəhətlər olsa da, ha­mı­mız bunun canlı şahi­dləriyik.

Əgər romanda veril­miş bütün detalları bir-bir xatırladası olsaq, söhbətimiz çox uzanar. Ancaq nənəsinin səsinin də oğurlanması tamam böyük biabırçılıq və if­rat tra­gi­ko­miklik idi və bunu qeyd etməmək olmur.

Seçki ilə bağlı komik məqamlar kimin ba­şına gəl­mə­yib ki?

Eyni cür hadisə bir vaxtlar ilk bələdiyyə seçkisinin səmimiyyətinə inanaraq, namizəd­liyi­mi ve­rərkən mə­nim də ba­şıma gəlmişdi; ucdantutma guya saxta­karlıq üzə “çı­xar­dan” dairə seç­ki komissiyası qay­nanamın imzasını da saxta çıxart­mışdı. Romanda itlərin üstünə cumub-cum­ma­yacağı ilə namizədin kəndə doğmalıq dərə­cə­sinin müəyyən edilməsi metodu isə ta­mam orijinal və maraqlı bir üsuldur və yəqin ki, dünyanın heç bir yerində, heç kəsin ağlına gəlməz. Əsər bu kimi cəhətlərlə zən­gin­dir. Bu isə romanı maraqlı və oxu­naqlı edir. Oxuyaraq ucadan gülə də bilərsən, gülüşünü öz içinə axıtmağın da mümkündür, təkcə bu yumoru duymamaq, inkar etmək real deyil.

Azər­baycanda seçki mövzusu siyasi xarakter daşıdığı üçün barə­sində hə­lə hekayə, roman və pyes yazılmamış, mahnı bəstələnməmişdir. Dü­şün­mü­rəm ki, o mahnını nə vaxtsa Elza Seyidcahan bəstələyəcək, amma ilk seçki romanını Kəramət Bö­yükçöl yazdı! Əgər bədii məziy­yətləri daha üstün olmasaydı, onu sənədli ro­man da hesab etmək olardı.

“Səs” ro­manını yəqin ki, seçki saxta­kar­lıq­la­rı ilə pe­şə­kar­laşmış şəxslər daha çox və daha tez oxumuş, hər kəs özünü orada də­qiq gör­müş­dür. İnanmaq istərdik ki, elə şəxslər növbəti seçkilərdə daha özlərini təkrar etmə­yə­cəklər. Kəramətin arzuladığı da məhz budur. Yazıçı bir çox seçicilərin cılız maraqlarını, obrazların primitiv dü­şüncə, sadə arzu və saf xəyallarını elə poetik və elə yumorlu hadisə və mə­qam­ların içərisində verir ki, buna həm güləsi, həm də acıyası olursan.

Romanda seçki zamanı hamımızın yaşadığı, görmədiyi və ya görə bilmədiyi elə tərəflər təsvir olunur ki, gülməklə yanaşı həm də ağlamaq istəyirsən! Bir xalqın siyasi savadı niyə bu səviyyəyə enməlidir?!

Kimsə bunda iqtidarı günahlan­dırırsa, səhv edir.

Kəramət də elə bu cür deyir, bu cür yazır. Əsas olan insanımızın daxili dünyası, mənəvi səviyyəsi və gücüdür. Nə yazıq ki, bu bi­zik; kimsə yaxasını kənara çəkməsin. Hikkəsi dünyaları dağıtmağa yetən adam­la­rın əslində bircə öz səsini qorumasına və düzgün namizədə səs verməsinə gücü və ləya­qəti çatmırsa, Kəramət onun barəsində nə desə azdır. Amma, vallah, Kəramət elə də kəskin tən­qid etmir, gülür və gülməyə çağırır, vəssəlam!

Müəllif kitabın bir yerində “...Səsini itirdinsə, özünü, cəmiyyəti və ən axırda Vətəni itirirsən” yazır. Romanda seçkidə oğurlanan səslərdən daha çox seçkiyə qədər itirilən səslərdən söz açılır. Özünün şəxsiyyət vəsiqəsini öz mövqeyi kimi işbazlara verən, beş-on manat pula görə əmisi oğluna deyil, kənar bir adama səs verəcəyini bildirən seçiciləri ən kəskin ifadələrlə yamanlamağın yeri var. Amma müəllif onların halına acıyır. Nəhayət, bircə nəfər əsl ləyaqətli seçicini – Cəmiləni tapdığına sevinən namizəd bunu özünün ən böyük nailiyyəti hesab edir.

Cəmilə özünün səsini satmır, bağışlamır, itirmir, ürəyinin tələblərinə - ləyaqətli namizədə ve­rəcəyini açıq bildirir. Amma rəqib tərəf hamını satın almağa çalışır. Bircə nəfər də olsa, öz səsinin qədrini, qiymətini, dəyərini bilən seçici olmamalı imiş.

Ancaq son­da Cəmilənin də satıldığı məlum olur.

Həqiqətin də ən pak və ağıllı insanın sonda sınması, xəyanət et­məsi, satılması ən böyük faciədir. Təsəlli təkcə onadır ki, Cəmilə onu çox baha satıb; Əfqanıstanda itkin düşmüş sevgilisi Vüqarın tapılıb Vətənə qaytarılmasına kömək edəcəyi naminə o, öz şəxsiyyət vəsiqəsini əks tərəfə təqdim edir. Bir namizəd olaraq özünə ən etibarlı tərəfdaş kimi vəkil təyin etdiyi Əli, prokurorsevər əmisi oğlu Loğman müəllim, milçək tutmaqda mahir olan Yadigar müəllim, yaltaq aşıq Mürvət və digərləri də, əslində, faciə qəhrəmanlarıdır. Ruhi xəstə olan Samit onlardan daha ləyaqət­lidir.

Romanda təsadüfi fikirlər, cümlələr, obrazlar yoxdur. Hamısı bir ob­yek­tə yönəlib – səsə! Xarab olmuş sovet radiosunu düzəltməyə çalışan bibisinin hə­yat yol­daşı Xanbala dayı da, əslində, radionu deyil, xırıltısı gələn sovet seçki sis­te­mini dü­zəltməyə çalışırmış kimi verilir. Sonda o “səsi” düzəldə bilmədən dünyadan kö­çür.

Romanda sonluq çox uğurlu alınıb. Ata­sının seçkisi üçün məntə­qə­­yə gələn Barış qutunu aşırdır və bütün saxta bülletenlər cansız səs kimi yerə da­ğı­lır. Barış saxtakarlığı ayaqlar altına salacaq, dağıdacaq yeni nəslin obrazıdır. Bu ki­mi yüzlərcə faydalı məziyyətlərinə görə qətiyyətlə demək olar ki, “Səs” romanı ədə­biyyatımızda səs sala bildi. Uğurlar – Kəramət Böyükçöl! Dilin vardı, dilçəyinin də olduğunu bir daha sübut edə bildin!

Düşünürəm ki, növbəti seçkilər əgər büsbütün ölkə üzrə və bir növ proporsional qaydada keçirilərsə, Kəramət Böyükçöl “Səs” romanı ilə artıq özünə yekdil seçki sə­­sini toplaya bildi. Reallıqda necə olacaq - Allah bilir. Qorxmağa, çəkinməyə dəyməz. Hər şey doğru olarsa, o halda bizi qarşıda “Milli Məclis” adlı yeni romanın göz­lə­di­yinin anon­sunu indidən verə bilərik, vəssəlam! Guya başqa nə olasıdır ki?

# 3806 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #