Kulis.az Günel Xəzəlin “Niyə oyanmırdın? – Mən burdayam, ilahi?” filmi haqqında yazısını təqdim edir.
Real hekayəni qələmə almaq xəyalında canlanan hadisələri yazmaqdan çətindir. Çünki olanı mətnə çevirmək səni Tanrıyla həmkar edir.
“Mən burdayam, İlahi!” filminin nümayiş gecəsinə dəvət alanda Vaqif Səmədoğlu misrasının işığına getmək yox, qaçmaq istədim. Zehnimizdə poetik fəlsəfəsi ilə özünə taxt qurmuş şairin kölgəsində qüsur olmamalı idi, hər kadr şairanə, hər epizod melodiya kimi səslənməli idi. Əksi olsaydı, qəzəblənərdim. Amma içimdə harmonik bir arxayınlıqla paytaxtın hər bucağından görünən üç qülləyə yol aldıq.
Bəri başdan deyim ki, yazıda ifrat dərəcədə açmalar (spoiler) var, baxmağı planlamısınızsa, oxumayın. Filmi izləyin, sonra elə bu yerdə, bu mətndə görüşək.
Baxanlar və baxıb-baxmamaqda tərəddüdlü olanlar… sizə isə nuş olsun.
Filmdə əməyi keçənlərin kadr arxası pıçıltılarını eşidirdim:
Ssenarist: az söz, çox fikir.
Rejissor: ən gözəl insan əməli – təbəssümdür.
Operator: doğru işıqlandırmada sınıq qapılar da incəsənət kimi görünür.
Rəngsaz: hər rəngin tündü daha gözəldir, ağın da.
Səs: ən təsirli dialoqlar nəfəsdədir.
Qrim: qüsursuz gözəllik, mütləq eybəcərlik yoxdur.
Prodüser: özəl şirkətlər dövlət qurumları olmayan yerə pul xərcləmir, tərsindən gələcəyəm.
Aktyorlar – mən yoxam, O – qəhrəman, var.
Uzun müddət komada olan, oyanan kimi yanına gələn ataya 10 yaşlı uşaq belə bir sual verir: Niyə oyanmırdın? Özü də küskün tənə, ağrılı iradla. Bilmirəm, bu gerçəkdə deyiləndir, ya senaristin təxəyyülü. Fərqi yoxdur. Mənim üçün ssenaridəki ən gözəl cümlə məhz bu idi. Niyə oyanmırdın? Niyə oyanmırdın? Niyə? Niyə şəhid oldun? Niyə qayıtdın? Niyə şikəst oldun? Niyə yoxluğu seçdin? Niyə salamat qayıtmadın? Niyə yaşadın? Niyə öldün?!
Bütün ömrümüzün ana sualı – NİYƏ?
Ölüm və yaşamaq demişkən, bir kadr çox ağlıma ilişdi. Rejissorun ideyasıdır, ya ssenaristin, bilmirəm, bəlkə də montajçının “hoqqa”sıdır. Amma burdan rejissor ətri gəldi mənə. Qəhrəmanın öz anasının məzarını ziyarəti səhnəsindən sonra şüşədə doğulmuş körpə epizodu gəldi. Baş daşı beşiklə elə aramla əvəzləndi ki, “ölüm yox, elə olum da gözlə qaş arasındadır”,- pıçıldadım.
Ssenaridə az sözlü çox danışan qısa cümlələr, çığıran, yorulan, ağrıyan, sevinən baxışlar üçün hesablanmış səhnələr, baş qəhrəmanın yalançı ölümləri ilə izləyicini pərişan etmələr və daha bir çox vurğulanmalı ümumiləşdirmələr vardı.
Rejissorun hadisələri bizə qəhrəmanın gözü, ya rakursu ilə göstərmək istəyi ilk səhnədən diqqətimi çəkdi. Xatırlamıram, hansısa rejissor filmi başdan ayağa bu rakursla çəkmişdi və hətta sanballı kino mükafatlarında birini də qazanmışdı. Mütəmadi dünyaya mələk kimi, qəhrəmanın çiyinlərindən baxdıq: Mühasirəyə düşən əsgərlə otaqdan otağa yaralı da axtardıq, dünyasını dəyişən anamızın ruhunu da, qızımızın qucağına da qaçdıq…
Filmin görüntü mütəxəssisləri əksər kadrları sənət əsərinə çevirmişdi. “Screen” elə, at “oboy”, altından da filmin adını “tag” elə.
Zarafat bir yana, film boyu çoxsaylı poetik kadrlar qəddar postmüharibə reallıqlarını həzm etməyə xeyli kömək oldu. Anladıq ki, həyat bütün ağırlığı, çətinliyi, dözülməzliyi və s. baxmayaraq, çox gözəl işlənib. Ömrün qara naxışlarını da sevdik. Axı onun xaosunda ilahi nizam, ədalətsizliyində dərrakəyə kəm gələn doğru mühakimə var.
Üç baş qəhrəmanın ifası ilə bağlı deyəcəyim: inandım. Şikəstliyə də, acizliyə də, fədakarlığa da, qorxuya da, həyəcana da, sevincə də! İnandım.
“Happy end”lərə həsrət canımıza məlhəmdir bu film. Tarixən qalib olmağın, xalqın millətə çevrilmə prosesində katalizator olduğunu görmüşük. Bu film də ümidli olmağı, acizlikdən utanmamağı, əzmkar olmağı öyrətdi bizə. Bir-birimizin dərdinə şərik, çətinliyinə dəstək olmağın səadət gətirdiyini açıq-aşkar göstərdi.
Mənim üçün Azərbaycan milli mentaliteti nə geyimdədir, nə qidada, nə də davranışda. Milləti sevməyimin, fəxr etməyimin səbəbi onun dəyərləridir.
Bu filmdə qürrələndiyimiz bütün dəyərlər vardı: Ata məhəbbəti, ana qayğısı, qadın fədakarlığı, övlad ehtiramı və vətən sevgisi. Özünü, millətini sevən isə bütün dünya insanlarına ehtiram duyar.
Düşünürəm ki, bu filmin bəhrələndiyi həyat hekayəsində filmdə yer almayan çətinliklər də olub. Amma müəyyən səbəblərdən, bəlkə də neqativi təbliğ etməmək üçün bunlar öz əksini tapmayıb.
Bizə acizlik yaraşmır. Əzmli olmalıyıq. Savaş yalnız müharibədə olmur, həyat özü elə ən böyük döyüş meydanıdır. Burda da qalib olmaq üçün son ana qədər vuruşuruq…
Deyirlər, əsərə o vaxt “alınıb” deyilir ki, ondan sonra “və?” xaric digər suallar yaransın.
Məni filmdən sonra düşündürənlər:
– Acizlik seçimdir, yoxsa mübarizə əzmindən qorxu?
– Fədakarlıq seçimdir, yoxsa mahiyyət?
– Sağlam düşünmək daha çox insanlıqdır, yoxsa emosional pərakəndəlik?
– Haqqının pozulduğunu düşünənlər niyə hüququ bilənə müraciət etmir. Qeyri-cinayət işlərində də vəkilə müraciət mədəniyyətimiz nə vaxt formalaşacaq?
– Görəsən, bu filmə bütün Azərbaycan baxacaq?
Baxsın… Baxın! Axı xeyir qalib olmalıdır.
Bütün kinoteatrlarda yayımlanan filmə ömrünüzün az hissəsini ayırmaqla daha bir tale yaşayın.
Və ən vacibi: əsərə pul xərcləyən sahibkarlar verdikləri məbləği geri qazansalar, bəlkə ölkəmizdə şirkətlərin incəsənətin inkişafına pul xərcləmək mədəniyyəti daha kütləvi hal alar və onlarla istedadlı yazarların maliyyə tapılmadığı üçün kompüterdə yatıb qalan, doğula bilməyən senariləri ömrümüzə ömür qatar.
Sonda film heyətini qeyd edim:
Filmin senari müəllifi Nicat Dadaşov, rejissoru Qulu Əsgərov, təsviri rejissoru Vasif Vəlizadə, prodüseri Həsən Axundovdur.
Aktyor heyətində Rasim Cəfər, Aygün Əlipənahova, Günay Həsən, Ayşad Məmmədov və Leyli Vəliyeva kimi tanınmış simalar yer alır.
P.S. Filmin vikipediya səhifəsini yaratmaq yaxşı olardı. Çünki ən az operator və montajçı kimi film istehsalında vacib zəncir olan kəsləri də qeyd etmək istərdim.
Sim-sim.az
Komada olan atanın on yaşlı oğlu - Günel Xəzəl
8 oktyabr 2023
12:00
2112 dəfə oxunub