İran hökümətinə qarşı döyüşən Güney şəhərimiz - Əhər

İran hökümətinə qarşı döyüşən Güney şəhərimiz - Əhər
19 iyul 2023
# 16:40

Kulis.az APA-nın “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Şəhəryeri: Azərbaycanın talanmış tarix yeri” adlı məqaləsini təqdim edir.

Birinci yazı – XOY

İkinci yazı – Urmiya

Üçüncü yazı – Güney Azərbaycanda Novruz adətləri

Dördüncü yazı – Güney Azərbaycanda farslaşdırılmış türk adları

Beşinci yazı – Ərdəbil

Altıncı yazı – Güney Azərbaycanın milli oyanışında futbolun gücü

Yeddinci yazı - Marağa

Səkkizinci yazı - Təbrizdə Amerika bayrağına sarılaraq, oda atılan Azərbaycan sazı

Doqquzuncu yazı - Zəncan şəhəri: iki mədəniyyətin çarpışdığı yer

Onuncu yazı - Güney Azərbaycandakı görkəmli tarixi məkanlardan biri - ŞƏHƏRYERİ

Əhər şəhəri Şərqi Azərbaycan əyalətinin mərkəzi sayılan Təbriz şəhərinin 88 km quzey-doğusunda yerləşir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Bəzi şəhərlər isə başqa əyalətlərin tərkibinə daxil edilib.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Əhər şəhərinin əhalisi 105 min nəfərdən çox, Əhər rayonunun əhalisi isə 154 530 nəfərə bərabər olub. Əhər şəhəri əslində Əhər rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonun mərkəzi bölümü (bəxş) Azğan, Üç Haça, Keçi Qıran (Bozkoş!), Göyçəbel və Vərgəhan kəndistanlarını əhatə edir. Şəhrin ikinci inzibati bölümünün adı isə Fındıqlıdır ki, Qışlaq və Novduz adlı kəndistanlarını əhatə edir. Son illərdə İran hökuməti Azərbaycanın yer, kənd və şəhər adlarını farslaşdırmağa çalışsa da, demək olar ki, bu bölgədə yerlərin, dağların, çayların və kəndlərin böyük əksəriyyəti hələ də öz türk adlarını qoruyub saxlayır. Azərbaycanın qədim şəhərlərindən biri olan Əhər şəhərinin əhalisinin böyük əksəriyyəti müsəlman şiədir və Azərbaycan türkcəsində danışır. Ancaq bu şəhərdə Əhli-Həq, yaxud Goranların da sayısı yüksəkdir. Əhli-Həqlər qızılbaşları xatırladan təsəvvüfün bir qoluna etiqad edir.

Əhər şəhəri dəniz səviyyəsindən 1360 metr yüksəklikdə yerləşir. Tarixən Qaradağ mahalının mərkəzi sayılan bu şəhər dağlıq ərazidə, quzey-doğusunda Şeyvər dağları, güneydə Keçi Qıran, güney-doğusunda isə Qaşqadağ yerləşir. Kiçikçay şəhərin içindən, Əhərçay güneyindən, Əlirəzəçay və Rəngülçay isə şəhərin batısından keçir.

Əhərin qədim zamanlardan müasir dövrə qədər tarixinə qısa baxış

Əhər ətrafında İslamdan əvvəlki dövrə aid qədim əşyaların tapılması bu bölgənin qədim tarixindən xəbər verir. Hicri 2-ci əsrin sonundan 222-ci (miladi 837) ilə qədər bu şəhər Cavidan və Babək Xürrəmdin ərazisində yerləşirdi. Qeyd etmək lazımdır ki, Bəzz qalası ilə Əhər arasında yalnızca 50 km məsafə var. Babək Xürrəmdinin Abbasi xəlifələrinə qarşı müharibələri zamanı və Babəkin məğlubiyyətindən sonrakı illərdə Əhər şəhəri xeyli ziyan görsə də, sonrakı dövrlərdə də bu şəhər inkişafını davam etdirmişdir. Azərbaycan Atabəyləri hakimiyyəti dövründə Azərbaycanın bir çox şəhərləri kimi Əhər də misilsiz yüksəliş və tərəqqi yaşayıb. Yaqut əl-Həməvi “Muʿcəmü’l-büldân”, yaxud Cоğrafi Lüğət (1228) adlı kitabında Azərbaycan Atabəyləri dövründə bu şəhərin inkişaf etmiş bir şəhər olduğunu qeyd edərək “Əhər, kiçik ölçüsünə baxmayaraq, inkişaf edən bir iqtisadiyyata malikdir” sözünü yazmışdır. Ancaq Yaqut əl-Həməvidən yüz il sonra Qəzvinli Həmdullah Mustovfi “Nüzhət əl-qulub” adlı əsərində bu şəhərin inkişafı haqqında heç bir söz yazmayıb və az gəlirli bir şəhər kimi tanıdıb. Görünür, Yaqut əl-Həməvidən sonrakı əsr yarım ərzində Monqol Elxanilər dövlətinin dövründə Əhər qabaqkı əhəmiyyətini itirib. Bu da çox qəribə bir məsələdir, çünki tarixi qaynaqlar Elxanilər dövrünü də Eldəgizlər dövrü kimi Azərbaycanın inkişaf dövrü hesab edirlər.

Səfəvilər dövründə Əhər Səfəvi şahlarının diqqətini cəlb edirdi. Bunun bir səbəbi Şeyx Şəhabəddin Mahmud Əhərinin (1180-1265) məzarının bu şəhərdə yerləşməsi idi. Rəvayətlərə görə, Əhərli Şeyx Şəhabəddini Səfəvi şahlarının böyük cəddi sayılan Ərdəbilli Şeyx Səfiəddinin müəllimi və mürşüdü olub. Bu iki azərbaycanlı alim və arifin həyat tarixləri bunu təsdiqləməsə də, Şeyx Şəhabəddin, Ərdəbilli Şeyx Səfiəddinin (1252-1334) müəllimi və mürşüdü sayılan Şeyx Zahid Gilaninin (1216-1301) mürşüdü olub. Böyük Şah Abbas 1605 və 1611-ci illərdə iki dəfə bu şəhərə səfər edib. Qacar-Rus savaşları dövründə bu şəhər çox ağır zərbələr alıb. Qaradağ elatları Abbas Mirzənin qoşununun önəmli bir hissəsini təşkil edirdi və hətta bu şəhər bir dönəm Abbas Mirzənin komanda mərkəzi olub. 1837-1843-cü illərdə Əhər şəhərini görən əcnəbi səyyahlar onu “səfil vəziyyətdə olan şəhər” kimi təsvir edirdilər.


Son yüz ildə elat (köçəri) məişət quruluşu dağılana qədər Əhər Qaradağ mahalının iqtisadi mərkəzi olub. Köçəri elatlar Əhər bazarında öz məhsullarını kəndlilərin məhsulları və şəhər malları ilə mübadilə edirdilər. Məsələn, Qaradağ meşələrində istehsal olunan kömür qatır karvanları ilə Əhərə daşınaraq oradan Təbrizə göndərilirdi. Lakin şəhərləşmə və ticarət əlaqələrinin dəyişməsi ilə bu şəhər köçərilərlə Təbriz kimi böyük şəhərləri birləşdirən bir əlaqə yeri kimi demək olar mərkəziliyini itirdi.

1925-ci ildə Pəhləvi hökumətinin qurulmasıyla Azərbaycanda durğunluq və hətta geriləmə dönəmi başladı. Pəhləvi hökuməti farsçı və irqçi bir hökumət olaraq Azərbaycanı iqtisadi, siyasi və mədəni baxımdan zəiflətməyə çalışdı. Təbii ki, Rza şahın bu yanaşmasında Azərbaycan xalqının türk olduğu da təsirsiz deyildi. Əslində kökü çox daha keçmişlərə dayanan, ancaq məşrutə inqilabı ərəfəsində yenidən bir nəzəriyyə kimi ortaya çıxan Farsçılıq düşüncəsinin mahiyyətində Türk və Ərəb düşmənliyi var. Bunun üçün də bu düşüncə Rza şah dönəmində hökumət siyasətinə çevrildiyində Güney Azərbaycan türklərinin ana dili yasaqlandı və istər təhsil sistemində, istər bütün dövlət ərkanında Azərbaycan Türkləri aşağılandı və təhqir olundu. Hakimiyyətin bu siyasətinin son məqsədi Azərbaycan türklərinin kimliyini, mədəniyyətini məhv etmək idi. Əlbəttə, mərkəzi hakimiyyətin Azərbaycanla münasibətləri intiqam xarakteri daşıyırdı. Sanki min ilə yaxın Türk hökumətin əmri altında yaşayan farslar Azərbaycan türklərindən tarixi bir intiqam alırdılar. 1941-ci ildə İranın müttəfiqlər tərəfindən işğalı və Rza şahın məcburi olaraq uzaq bir adaya sürgün edilməsi ilə Azərbaycan xalqı ayağa qalxdı. 1941-1945-ci illər arasında Azərbaycanın əksər şəhərləri Tehran hökumətinin siyasət və agentlərinə qarşı xalq mübarizəsi və etiraz səhnəsi olub. Bütün bu qaranlıq illərdə eyni dərdləri çəkmiş, eyni taleyi yaşamış olan Əhər şəhri və Qaradağ bölgəsinin əhalisi də bu ayaqlanmalara qatılaraq 1945-ci ildə Azərbaycan Milli hökumətinin qurulmasında önəmli rol oynadı.

Azərbaycan milli hökumətinin ömrü cəmi bir il çəkdi. 1946-cı ildə Tehran ordusu Güney Azərbaycana qarşı hücuma keçərək bu bir illik hökuməti aradan qaldırıb çoxlu ağır cinayətlər törətdi. Güney Azərbaycan dili qadağan edilmiş, tarixi təhrif edilmiş, sərvətləri talan edilmiş, kimliyi inkar edilən bir müstəmləkə statusunu bir daha təcrübə etdi.

İran hökumətinin son yüz ildəki siyasəti Azərbaycan türklərinin bir qismini assimilyasiya etməyi bacarsa da, Əhər şəhrində və ümumiyyətlə Qaradağ bölgəsində Azərbaycan mədəniyyəti çox ciddi və çox güclü bir şəkildə hələ də yaşamaqdadır. Bəlkə də demək olar ki, bu bölgə İran hökumətinin repressiv mədəniyyət siyasətinin o qədər də uğur qazana bilmədiyi Güney Azərbaycanın azsaylı bölgələrindəndir. Qeyd etmək lazımdır ki, bu bölgədə zəngin aşıq sənəti ənənəsinin mövcudluğu digər amillərlə yanaşı, Azərbaycan türk mədəniyyətinin qorunub saxlanmasında və möhkəmlənməsində də təsirli olub. Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, ilin son çərşənbə axşamı dəbləri, Novruz bayramı dəbləri, sayaçılar, təkəmçilər, çillə gecəsi, Koroğlu dastanı kimi adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca, demək ki, Azərbaycan hələ bu şəhərdə yaşayır.


Günümüzdə Güney Azərbaycan türkləri, xüsusilə gənc nəsil, hökumətin bütün maneə və sərtliklərinə baxmayaraq, Azərbaycanlılığını, türklüyünü, mədəniyyətini, tarixini və dilini qoruyub saxlamağa qərarlı görünür. Heç bir şübhə etmədən demək olar ki, bu gün bu şəhər və onun çevrəsindəki Qaradağ bölgəsi Azərbaycan mədəniyyətinin ən ciddi şəkildə qorunduğu bölgələrdən biri sayılır. İran hökumətinin mədəni, iqtisadi və siyasi zülmlərinə qarşı qəti iradə ilə dayanan, həbs və zindan ağrısını çəkən şair, yazıçı, aşıq və Azərbaycan milli hərəkatının digər fəalları Güney Azərbaycana parlaq gələcək vəd edir. Düzdür, onların Azərbaycan mədəniyyətini silməyə çalışan dövlət qurumları ilə müqayisədə imkanları çox az və məhduddur, lakin onların sarsılmaz iradəsi yeni nəsil Güney Azərbaycan türklərində öz kimliyinə qayıtmaq istəyinin gündən-günə güclənməsinə səbəb olub.

Tarixi əsərlər və görməli yerlər

Şeyx Şəhabəddin Mahmud Əhərinin məzarı

Bu məqbərə, çox ehtimal ki, I Şah Abbasın dövründə Şeyx Şahabəddinin məzarı üzərində tikilib. Təbii ki, orada Elxanilər dövrü kimi daha qabaqkı dövrlərə aid izlər də görmək olar. (1180-1265) Azərbaycanın tanınmış ariflərindəndir. Şeyx Şəhabəddin, Səfəvi şahlarının böyük cəddi olan Ərdəbilli Şeyx Səfiəddinin (1252-1334) müəllimi və mürşüdü sayılan Şeyx Zahid Gilaninin (1216-1301) mürşüdü olub.


Bu kompleksin müxtəlif hissələrinə xanqah, çini xana, həyət, uzun eyvan, minarələr və çoxsaylı köşklər daxildir. İxtisaslaşmış muzeylərdən biri kimi bu məkanda yaradılmış Ədəbiyyat və İrfan Muzeyində Səfəvilərdən Qacarlara qədər tarixi dövrlərə aid maraqlı ədəbi-mistik əsərlər nümayiş etdirilir.


Məscidin divarlarında Şeyx Bəhainin, III Şah Abbasın və tanınmış Azərbaycan şairi Əbül Qasım Nəbatinin əlyazmaları görünməkdədir.

Qapalı (Üstü örtülü) Bazar

Güney Azərbaycanın bir çox qədim şəhərləri kimi, Əhər şəhrinin tarixi üstü örtülü bazarı bu gün bir yandan bu şəhərin tarixi inkişafını əks etdirməkdədir, bdigər yandan da bir alış-veriş mərkəzi olaraq öz həyatına davam etməkdədir.


Dağ Qalası

Bu qala Qaradağ bölgəsinin tarixi qalalarından sayılır və Əhərin görməli yerlərindən biri kimi turistləri özünə çəkir. Bu qala Əhər şəhərindən 25 km güney-doğuda, Novduz kəndinin yaxınlığında, Əhərçay çayına baxan yüksək dağ zirvəsinin üstündə yerləşir və ona yalnız dağın quzey tərəfindən daxil olmaq mümkündür. Kərpic və sarı rəngdə daş, palçıq və əhəng ilə tikilmiş bu qalanın qülləsinin hündürlüyü 11 metr olduğu təxmin edilir. Qüllələrin və divarların əksəriyyəti dağın daş gövdəsi əsasında qurulmuş və qala daxilində tunel vurmaq imkanını minimuma endirmişdir. Divarların yuxarı hissəsi zaman keçdikcə dağılmış və hündürlüyü bir neçə metr azalmış çiy kərpic və palçıqdan tikilmişdir. Hərbi məqsədlər üçün tikilmiş və ətrafdakı dağlara kifayət qədər nəzarət edən bu qalanın tarixi, görünür, İslamdan əvvəlki dövrə gedib çıxır.


# 1277 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #