“İdeal” əsərindəki “ölümsüzlük” fəlsəfəsi və Robert lanza fizikası - İradə Musayeva

“İdeal” əsərindəki “ölümsüzlük” fəlsəfəsi və Robert lanza fizikası - İradə Musayeva
3 yanvar 2025
# 13:06

Kulis.az Filologiya elmləri doktoru, ədəbiyyatşünas İradə Musayevanın "İsa Muğannanın “İdeal” əsərindəki “ölümsüzlük” fəlsəfəsi və Robert lanza fizikası" adlı yeni məqaləsini təqdim edir.

İ.Muğannanın nəsrində qloballıq, milli-tarixi erudisya miqyası get-gedə inkişaf etdi. Çoxları elə düşünürdü ki, onun əsərləri mistik, fantastik, romantik təxəyyül sərhədsizliyindən yaranır. Hətta müəllifin özünün imtina etdiyi birnci dövr yaradıcılığı (1949-1984) ədəbi tənqid və oxucu auditoriyası üçün qəbul edilən, ikinci dövr yaradıcılığı isə “anlaşılmaz” kimi izah olundu. Halbuki birinci dövr, “İdeal” romanına qədərki yaradıcılığı da zamanında kəskin tənqidlərə, hücumlara məruz qalmışdı. Maraqlıdır ki, onun qəhrəmanlarını hələ 1950-ci illərin sonundan etibarən “yad planetdən gələn adam” – deyə tənqid edirdilər. Məsələn. 1959-cu ildə İsa Muğannanın “Doğma və yad adamlar” romanındakı qəhrəmanların kommunizm quruculuğu ilə ayaqlaşmadığını çox sərt formada tənqid edən İ.Əfəndiyev deyirdi: “Doğma və yad adamlar” əsəri çox haqlı olaraq kəskin tənqidə məruz qaldı. Doğrudan da, müəllifin roman həsr etdiyi bu canbalayevlər, bəkirlər haradan peyda olmuşlar? Onlar, bu gün kommunizm işi uğrunda fədakarlıqla, ləyaqətlə vuruşan, həmişə ön atəş xəttində dayanan, dünyada ən sağlam ruhlu, ən yüksək ideyalı ədəbiyyat yaradan sovet yazıçıları üçün nə dərəcədə səciyyəvidir? Dünya ədəbiyyatında xudpəsənd yazıçı surətləri təsvir olunmuşdur. Lakin yazıçını, həm də bizim sosializm şəraitində yetişən yazıçını bu cür bir fırıldaqçı kimi, bu cür xırda xəbis kimi qələmə vermək cəhdi harada görünmüşdür?” (Həsənli C. Azərbaycanda sovet liberalizmi: hakimiyyət, ziyalılar, xalq. (1959-1969). Bakı, “Qanun”, 2018, 760 s.s.191).

İ.Muğanna isə başqa dünya ilə və daha böyük tarix, daha böyük zaman və məkan haqqında düşünür, həmin Yer mühitinə sığmayan dünyanın romanlarını yazmağa hazırlaşırdı. Bu böyüklük və bəşərilik yalnız mövzu-məzmun, fikir-ideya fundamentallığı ilə deyil, həm də üslub, estetik baxış və nəsr sənətkarlığında yenilik istəyi ilə ölçülürdü. Onun üzərində dönə-dönə işlədiyi “İdeal” romanında postmodernist nəsr düşüncələri İ.Muğanna üslubuna xas şəkildə ifadəsini tapıb.

“Yanar ürək” povesti üzərində bir neçə dəfə işləyən, hətta onu romana çevirən yazıçı burada irəli sürülmüş ideyaları təkmilləşdirə-təkmilləşdirə, nə qədər paradoksal olsa da, kifayət qədər maraqlı (və orijinal) mövzudan imtina etmədən yeni bir əsər – “İdeal” romanını yaratdı ki, həmin əsər 80-ci illərdə Azərbaycan ədəbiyyatına, ümumən mədəni-ictimai təfəkkürün bir yazıçı-mütəfəkkirin – İsa Muğannanın gəldiyini bütün aydınlığı ilə təsdiq eləsə də, bir müddət bu qeyri-adi (və mürəkkəb!) aydınlığı dərk etməkdə ədəbi-ictimai mühit (hətta bütövlükdə cəmiyyət!) narahatlıq, tərəddüdlər keçirdi” (Cəfərov N. İsa Muğannanın həqiqəti, yaxud həqiqətin İsa Muğannası. “525-ci qəzet”, 2014, 01 sentyabr).

Həqiqətən də, yeni Azərbaycan nəsrinin konturları ilk növbədə İ.Muğannanın bədii təfəkküründə cızıldı. O, şablonlardan imtina edərək yeni təfəkkür, yeni baxış bucağı aramağa başladı. İ.Muğannanın yaradıcılığının ümumi xarakteristikasına toxunmadan onun “İdeal” romanına diqqəti cəlb etmək istərdik. Romanın 2005-ci ildə çap olunan son variantı müəllifin uzun illərdəki redaktələri əsasında hasilə gəlmişdir. Lakin ilk dəfə 1980-ci illər nəsrində gözlənilməz ədəbi hadisə kimi əks-səda verən əsərin inqilabi, intibahi tezisləri əsas verir, deyək ki, bu əsərdə bir müəllifin, bir xalqın ədəbi təfəkkürünün deyil, ümumiyyətlə, böyük miqyaslı ədəbiyyatın intonasiyasını dəyişə biləcək fərqli səs eşidildi.

Stalinizm nəzəriyyəsi ilə idarə olunan ölkədə müharibədən sonra da repressiya və çuğulçuluq bitmirdi. Sürgün həyatı insanları doğmalarından ayırır, yadlaşma faciəsi, aclıq baş alıb gedirdi. İnsanlar qorxu və səfillik içərisində ölürdü. Müəllif Cəbrayıl obrazını Stalinin prototipi kimi yaratmışdı.

“Sürgünlər başladı, Göyçə mahalı bütünlükdə köçürüldü. Göyçə deyilən şey qalmadı. Göyçəlilər Muğanın ən isti, şor torpaqlarına köçürüldülər. Buz bulaqların suyunu içən qırmızı yanaqlı adamlar duzlaqlarda çürüdülər. O dövrdə Stalin gözümün qabağından getmirdi, onun obrazını mən kənd həyatına köçürürdüm. “Doğma və yad adamlar” adlı roman yazmışdım, orada Canbalayev vardı. Onu da Stalinin prototipi saymaq olar” (Hüseynov İ. Ədəbiyyata gəldiyim dövrdə mənim kimi yazıçılar yox idi. “525-ci qəzet”, 2012, 01 sentyabr).

İ.Muğanna İ.Stalinin var gücü ilə Azərbaycanı parçalamaq istəyini, Cənubi Azərbaycanın farsın, Şimali Azərbaycanın isə rusun əlində qalması siyasətini aydınca görürdü. Borçalı və Başkeçidin gürcülərin, İrəvan çökəyi, Zəngəzur, Göyçə, Dilican dərəsinin isə ermənilərin adına yazılması ideyası da İ.Stalin təşəbbüsünün məhsulu hesab edilirdi. “İdeal” romanının mətnində zaman, məkan, hərəkət dialektikası qeyri-adi miqyaslılığı ilə seçilir. Burada həm konkret zaman var, həm də tarixi bəlli olmayan mifoloji zaman. XX əsrin əvvəlləri, Cənubi Azərbaycan və Şimali Azərbaycanda baş verən ictimai-siyasi, sosial hadisələr, XX əsrin 40-cı, 50-ci illərində Stalin repressiyalarının davamı real faktlarla təsvir edilir. Bir də var mistik, qeyri-müəyyən zaman ilğımı. OdƏrlərin keçmişi. Süleyman, Nuh, İbrahim, İsa peyğəmbər tarixindən də qədim zamanın “dli” ilə nəql edilən “tarix”. Məkan məsələsi də romanda illüstirativ təsvirlər və həm də tam dəqiq coğrafi eskizlər (Qonaqlı, Tahirli, Qurbanlı kəndləri və s.) əsasında ifadəsini tapır.

Yazıçı romanında dil, tarix və ədəbiyyat kateqoriyalarının ortaq və yeni ifadə üslubunu yaradır. “İdeal” dili” anlayışı ilə düşünmək, eşitmək zərurəti yaranır. Məsələn, bu parçada bədii təfəkkürün dil və tarix faktlarını öz məxrəcinə gətirib yeni roman dili yaratması ustalığını görürük. Bu cür misallar romanda saysız-hesabsızdır: “OdƏr dilində üç sözdən ibarət bir söz var: EyOdƏr. Uca Həqiqət İşığı deməkdi. Kainatda ilk və ən böyük planetin adıdı bu, həm də Kainatın sahibi, yaşı məlum olmuyan əbədi Bağ EyOdƏr Babamızın adıdı. Pünhanlarımız ƏsƏrlərində Yer təbirilə, “Heydər” yazırlar. On beşinci əsrdə Şah İsmayılın lap uşaq vaxtı Məkkədən “Heydərilər” adıyla casus ordusu dolub içərimizə. Ona görə də bilməlisən ki, hər “Heydəri”yəm deyənə SafAğ demək olmaz. “Biz ayrıyıq” deyiblər onlar sonralar! “Şiə”yik Ayrıyıq! Və başlayıblar Bağları açıq-açığına qırmağa... EyOdƏr Babamızın Oğlunun adı BağBağÜndü. “Beyin” BağÜn Bağı deməkdi. BağBağÜn Babamızın Oğlunun adı BağOddu, biz Bağ Ata deyirik. Bağ Atamızın böyük oğlunun adı ƏlBağdı, biz Ulu Bağ deyirik. Bəri başdan bilməlisən ki, bütün OdƏr ƏsÜzləri (Yaradan mənaları) – “Söz”ləri Bağların Odlarıdı (Həqiqətləridi) – adlarıdı – rütbələridi” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, s.64)

Bütün əsər boyu qorunacaq, hifz olunacaq bir sərvətin, xəzinənin, mirasın davası gedir. Az qala bütün dünya bu miras, sərvət üstündə mücadiləyə qalxır. Hətta sirr yuvası olan Vatikan da. OdƏrlərin kütləvi şəkildə məhv edilməsi siyasətinin sirri, səbəbi də “Süleyman padşahın xəzinəsi” – elmi ilə bağlıdır. Bağdayda Bağ nəslinin, OdƏr xalqının, Kainatın OdƏr bəşəriyyətinin sirr kimi saxlanılmasını istəyən böyük güclər onu məhv etmək niyyətindədir. “Süleyman padşahın xəzinəsi” adlanan külliyyatı Məhəmməd Əmirli və onun oğulları Şeyx Ağ Əmir, Şeyx Boz Əmir və başqa fədailər yazır. Qonaqlıda “Dam direktor” deyilən Ələsgər müəllim öz ikimərtəbəli evinin çardağında uşaqlara bu Xəzinədən dərs keçir. O xəzinə ki həm də “Vərəsə” adlanırdı, onun üstündə ilan yatdığını da deyirdilər. O “Vərəsə”nin qoruyucuları (Məhərrəm Məhərrəmov, Saşa Babayev, Qılınc Qurban, Lüt Cəfər, Təftiş Abbas, Sultan Əmirli, Mədəd Əmirli, Xızr Abı) daima əlbəyaxadadır. Və bu tayda o varidatın ən sadiq qoruyucusu, o yolda özünü göz görəsi şəhid kimi qurban verəni Mədəd Əmirli olur. Dostları, eləcə də qardaşı Sultan Əmirli təklif edəndə ki, “Bəlkə təhvil verək?” Mədəd deyib: “Vərəsə qardaşlarımızın zindanda kəsilən başlarıdı. Nəyi təhvil verək? Qardaşlarımızın başlarını, ya özümüzü?” Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, s. 536 s. s.192). Xəzinə elmimiz, tariximizdir. Lakin onun açılmasına, yayılmasına imkan vermirlər. Məsələn, Mir Cəfər Bağırov Nərimanovun “Lenin və Şərq” kitabını yığışdırıb gizlədir. İ.Stalinin əmri ilə saxta tarixçilər tutub yalançı tarix yazdırır. Haqqın sahibsizliyi ağrıdıcı fraqmentlərlə göstərilir. Yer planeti haqqa sahib çıxa bilmir, onu qorumağı bacarmır. SafAğdan az-çox başı çıxanların hamısının sağ gicgahına iti uclu çəkic çaxırlar. Mədədin bu barədə qətiyyətli fikri (“Vərəsə nəsilbənəsil “Muğ” yetirmək üçün deyilmi, dadaş?! Əsrlərnən qırıla-qırıla dağılışan Türk hələ də dünyanın ən böyük xalqı deyilmi?! Mən bilirəm, bundan sonra da çox qıracaqlar bizi. Yerdə qalanların umudu nədi, dadaş?! “Vərəsə”ni versən, Türk kar-kor qalıb tamam savadsızlaşmazmı?! OdƏrliyimiz tamam unudulmazmı, dadaş?!” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.193) bizi roman boyu “vərəsə” haqqında ciddi düşünməyə vadar edir. Bu “vərəsə”nin sirrini həm də “İdeal” dili” lüğətinin sözləri vasitəsi ilə tapmaq olur. Təkcə fonetik baxımdan deyil, həm də leksik-semantik baxımdan maraq doğuran bu sözlərin lüğəti tərtib olunsa, xüsusi leksikoqrafiya araşdırması obyekti ola bilər. “Allah” – ƏlAğ, “OdƏr” – Həqiqət işığı,“BağHəmOd” – Məhəmməd, “EySar” – İsa – İis+us, “Kalaktika” – QalAğ, “ƏsƏlim” – Yaradan Əlim və s. bu kimi yüzlərlə yeni ifadələr işlədilir.

“Ümumiyyətlə, Odər dili ideyasının (və ya bu ideyanı formalaşdıran etimoloji materialın) linqivistik baxımdan nə dərəcədə əsaslı (elmi) olub-olmaması barədə mübahisə etmək mümkündür, lakin məsələ burasındadır ki, həmin ideya ədəbi-bədii fakt (obraz) kimi tamamilə mübahisəsiz, hətta o qədər mükəmməldir ki, ondan imtina olunsa (bir vaxtlar belə fikirlər də səslənirdi), yazıçının ədəbi-fəlsəfi mövqeyinə ciddi xələl gələr.

Bu yerdə və bu məsələ ilə bağlı olaraq böyük tənqidçi ədəbiyyatşünas Yaşar Qarayevin bir fikri yada düşür. O deyirdi ki, elm Darvinin şəxsində insanın meymun, ədəbiyyat, poeziya isə Nəsiminin şəxsində Allah mənşəyini kəşf etdi...” (Cəfərov N. İsa Muğannanın həqiqəti, yaxud həqiqətin İsa Muğannası. “525-ci qəzet”, 2014, 01 sentyabr).

“İdeal” romanında müəllifin oxucuları qorxudan ultimatum xarakterli narahatlığı isə hələ də sual olaraq qalmaqdadır. İ.Hüseynov mistika, yuxu, qeybdən gələn səs əsasında tarix yazırdımı? Bu tarixin həqiqiliyinə inanmağa səbəb vardırmı? Axı müəllif bütün bunları ancaq bədii mətndə, roman məzmunu kontekstində deyil, romana yazdığı “ön söz”də və müsahibələrində, çıxışlarında da deyirdi: “Mən sözün əsl mənasında ürək ağrısı ilə, faciə içində bildirirəm ki, əsrlər boyunca Vatikan casuslarının təlimatları əsasında (“öz əlimizlə”) gah açıq, gah da gizlin məhv edilən “Muğ” – Bağ nəslinin təhrif adı (“Muğanna” – “Bizim Muğlar”) altında çap etdirdiyim ƏsƏrlərdəki Bağ həqiqəti – SafAğ Elmi hələ də təhrif “izm”lərin müqavimət səddi arxasındadır. Yeni Zaman – 2000-ci il ərəfəsində sədd dağılmalıdır, təhrif insan məhz SafAğ Elmi sayəsində maariflənməli, saflaşmalı, hər cəhətdən ucalıb OdƏr bəşəriyyətinə – əbədi həyat planetlərinə qovuşmalı, yəni “Yer”– EyƏr (Uca İşıq) planetinə gizlin gəlib gedən İşıq gəmilərinin düşdükləri guşələrə buraxılası halda olmalıdır. Əks halda fəlakət baş verəcək” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s.5) İ.Hüseynovun fikrincə, Odərlər sonradan sufiyə çevriliblər. Ərəblər Saf Ağ elmini təhrif edib.

“İdeal” romanının iki kateqoriyada oxucuları var. Birinci kateqoriya oxucuları mütaliə zamanı romanda Səməd və Gülgəz, Səməd və Gülbəniz, Sultan və Gülgəz, Çax-çux Xalıq və Mədəd Əmirli və s. bu kimi fərdlərarası süjetləri izləyir. İkinci kateqoriya oxucuları isə minilliklər arasında bəşəriyyətin tarixi, Azərbaycan adlı məmləkətin minilliklər arxasındakı sirli taleyi peşindədir. İ.Muğanna romanın ilk səhifələrində bir işarə ilə həqiqi mətni bizə nişan verir. Məlum olur ki, sevgi macəraları, məişət söhbətləri, bu dünya ilə bağlı həzz və əyləncəli olaylar sadəcə bir pərdədir. Obrazlarına “ölümlü dünyanın uşaqları” kimi baxır. Amma müəllifin hədəfi əbədi həyat dünyasının taleyi ilə bağlıdır. Bu dünyanın – əbədi həyat dünyasının kainatdan ayrılma səbəbini öyrənməyə çalışır. “Ölümlü dünya uşaqları”ndan biri olan Səmədi – varisi isə dostlarından ayırıb roman boyunca baş verən böyük hadisələrdən, faciələrdən keçirərək tarixi, milli, qlobal missiyalı şəxsiyyətə çevirir.

Romanda qoyulan sual və problem əsərin əvvəlində təbii olaraq şübhə doğurur. On min illərin arxasından inanılmaz tarix faktları göstərmək istəyən müəllif nəyə istinad edəcək? Hansı elmi-tarixi mənbəni əsas göstərəcək? Təkcə yuxu, qeybdən gələn səs mülahizəsi inandırıcı ola bilərmi? Müəllif inamla bildirir ki, onun əsərlərinin yazılma səbəbi Ey Sarın işıq gəmisi ilə səmadan gələrək onun qulağına pıçıldadığı fikirlərlə bağlıdır. “Qurani-Kərim”də soruşulması qadağan edilən “ruh” haqqında qeybdən eşitdiklərini qələmə alır. Bildirir ki, insan ruhunun ölməzliyi və bədəni tərk edəndən sonra İşıq Gəmisi ilə paralel dünyalara gedib orada məskunlaşması əbədi həyat deməkdir.

Romanın sonuncu cümləsi qiyamət xəbəri assosasiyası doğursa da (“İşıq gəmilərinin “Yer”ə enməyinə lap az qalıb”), yazıçı insanın bu dünyadakı sonunu müjdə ilə qarşılayır. Işıq gəmiləri xilasedici funksiyasındadır.

“1985-ci ildə ün eşitdim. Onda mən “Yanar ürək” əsərini yeddinci dəfə işləyirdim. Dünyada İisus adı ilə tanınan Ey Sar (ey uca, Sar hökmdar deməkdir, ruslar çar demirlərmi) mənimlə danışmağa başladı. O, məni danladı ki, bir romanı nə qədər yazmaq olar? Sən elə hesab edirsən ki, Azərbaycanın faciəsi partiyanın siyasəti ilə bağlıdır. Amma səhv edirsən. O vaxt qonşularınız olan yunanlar, dil, təfəkkür baxımından vəhşi xalqları sizin dilinizi, göylərlə bağlı təfəkkürünüzü əlinizdən alıblar, sizin faciəniz də bundadır. Ey Sar dedi ki, “Yanar ürək” əsəri üzərində işləməkdən əl çək, mən sənə müasir dövrə aid roman verəcəyəm. Hadisələr danışacağam və sən onun əsasında roman yazacaqsan. Mən də tabe oldum və 1985-ci ildən “İdeal”ı yazmağa başladım. Bundan sonra mənim şüurum, təfəkkürüm, yaradıcılığım tamamilə dəyişdi. Dostlarımdan, yazıçı kollektivindən aralandım” (Muğanna İ.Düşmənlərim üçün darıxıram

“İdeal” romanında “göylərlə bağlı təfəkkür” işarəti yeni suallar yaradır. Qədim və möhtəşəm dil, mədəniyyət qalıqlarının xarabalıqları üzərində dayanıb faciəmizin tarixini öyrənməyə çalışırıq. İ.Hüseynov bu romanı ilə bizim bir xalq kimi özümüzü özümüzə tanıtmağa cəhd edir. “Malenkaya respublika” – həqarətinə kitablarla, cildlərlə romanlar yazıb cavab verir. “Ölməz xalq – ölməz ruh” – teoremi üzərində yaddaşımızı təzələyir. Bu sufiyanə təfəkkürlə müəllif “Məşhər” romanını da yazır. Lakin onu da qeyd edir ki, sufilik SafAğ elminin mahiyyətini daşıyır. Ərəblər SafAğ elminin adını təhrif edib “Sufilik” kimi tarixdə yaşadıblar. Dünyanın, kainatın insanlarla Yer adlı məkandakı bağını müəyyənləşdirmək məqsədi əsas ideyaya çevrilir. “Biz tarixdə varıq və ya, tarix bizdən başlanır” – iddiası roman boyunca SafAğ elmi nəzəriyyəsinin tezisləri ilə düşüncəyə yeridilir. Özü də “Qabusnamə” əsərindəki “Ey oğul!” – nidası ilə. Romanda hər kəs Səmədə –Sim Oda (Azərbaycana) “Ey oğul, özünü, əslini, kökünü, dostunu, düşmənini tanı!” – mesajını tövsiyə kimi deyil, tale məsələsi kimi təlqin edir. Ölümlər çoxdur əsərdə. Boz Əmir, Ağ Əmir, Mədəd Əmirli. Sultan Əmirli, Heydər Nəcəfoğlu Hüseynov, Saşa Babayev və onlarla fədai. Eləcə də tarix, yaddaş kitabları məhv edilir, lakin ölmürlər. Səməndər quşu kimi küldən oda, oddan külə dönürlər, fəqət yox olmurlar, başqa qalaktikalarda, kiminsə şüurunda, mənəviyyatında, əxlaqında, dilində, dinində yaşayır, əbədi ölməzlik qazanırlar.

İ.Muğannanın “İdeal” əsərindəki “ölümsüzlük” fəlsəfəsi sadəcə mistik, intiutiv diktələrlə izah edilmir. Yazıçı elmi müddəalarını bədii dillə də olsa, açıqlamağa çalışır. O yazır ki, insan öləndə, bədəni tamam soyuyana qədər və bir az da bədəni soyuyandan sonra beynindən “ruh” – ƏrAğ (SafAğ İşıq) çıxır. İnsanın ölmüş bədənində diri və əbədi yaşamaq gücündə olan hüceyrələrlə dolu işıq var. Meyidin təxminən üç-dörd metrliyində, lap yaxında uzunsov şar şəklində toplanır, ağappaq olsa da, açıq havada qaraya çalır. Adi insan, yəni təhrif insan o şarı görmür. SafAğ Elmini mənimsəyən, beyni, gözləri SafAğ İşıqla zəngin olan insan isə o ölən adamın silueti olan şarı görür. Diri qalan “şüur” insanları görür, onlara münasibətini də ifadə edə bilir. Nifrət və ya rəğbətli yanaşmasını hiss etdirir. Ölən adamın bütün varlığının proqramı həmin şarda gizlənib. Daş-divarı dələ biləcək həmin “şar” ölümsüzlüyün və əbədiyyətin gücü kimi simvollaşır. Və həmin “şar” maneəsiz olaraq uçub, planetimizin atmosferindən sürətlə çıxıb gedə bilir.

“Kainatdan elementlər çırpınır, dolur o rüşeymə və... nə olur? Hamanca insan cəmisi bir neçə saata yaranıb başqa planetə enir. İkinci doğuluşdu bu. Bildinmi?! “Ər” – “Ərən” deyilənlər belə gedirlər “Axirət”ə – AğƏrə! Ana bətnində işıq – uşaq ananın canından, qanından necə yaranırsa, “öləndə” anası Kainatın bətnində eləcə yaranıb, bizim bu torpağımız kimicə adi torpaq üstə enib əbədi yaşayır! Bax belə Elmin var, SafAğ Elmi! Nəsimidən əvvəl Nəimiynən bağlı olub. Nəimidən əvvəl Nizamiynən bağlı olub. Nizamidən əvvəl “Babək” adıynan tanıdığınız, qılınc qəhrəmanı saydığınız nəhəng bir alimimiznən bağlı olub. “Silsilə” deyirlər bu SafAğ Elmi alimlərinə. Çoxdular. Alimlərin silsiləsi uzana-uzana gedib Ulu Bağ ƏsƏlMən –“Süleyman” padşahımıza qovuşur” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.358).

Bütün əsər boyu ölümsüzlük istər insan, istər xalq, istərsə də dil və zaman üçün məqbul hesab edilir. İ.Muğanna inamla sübut etməyə çalışır ki, ölüm Yer planeti üçün qanundur, lakin kainatda yox olma, itmə, məhv edilmə mümkün deyil. Bədənin ölümü ilə həyat sonlana bilməz. İnsan öz zehni, şüuru ilə var olur. Şüur isə yaşamağa davam edir.

Maraqlıdır ki, müasir dünya elmində də ölümsüzlük və ölümdən sonrakı həyat haqqında maraqlı nəzəriyyələr və kəşflər yaranmaqdadır. Robert Lanza “Biomərkəzdən o tərəfə” adlı əsərində ölümdən sonrakı varolmanın səciyyəsini bu şəkildə izah edir. 2011-ci ildən insan geninin kök hüceyrəsi testinə başlayan Robert Lanza Kvant fizikasının nəzəriyyəsini əsas götürərək sübut etməyə çalışdı ki, ölüm əslində mövcud deyil. Bu – ölüm sadəcə insan beynində bir düşüncə modelidir. Zaman və məkan olmayan yerdə ölümdən söhbət gedə bilməz. O bu nəzəriyyəsi ilə əslində A.Eynşteyn tezislərini təsdiq etmiş oldu. R.Lanza ölümsüzlüyün zamana bağlı olmadığını iddia etdi. Yəni ölümsüzlük məntiqlə zamansızlıq deməkdir. R.Lanzanın qənaətinə görə ölüm və ya ölümsüzlük sırf insan beyni ilə bağlı məsələdir. Fiziki yoxolma hələ ölüm demək deyil.

Dini kitablarda, eləcə də Quranda ölümdən sonrakı həyatın mövcudluğu haqqında yazılır. Ikinci həyat, ölüb, yenidən dirilmə və əbədi həyat məsələsi bəzən xurafat kimi qəbul edilib. Elm, xüsusən də materialstlərin təsəvvürü bu iddianı çox zaman ciddi qəbul etməyib. Lanza ölümü bir həyatdan başqasına keçid kimi qəbul edir. Göstərir ki, insan enerji kimi mövcuddursa, bu enerji şəklini dəyişirsə, bunu ölüm adlandırmaq olmaz. Dahi fizikin fikrincə, insan beynində aşkar olunan enerji mənbəyi bədənin ölümü ilə birlikdə yox olmur. Heç zaman ölməyən enerji qaynağı insanın mövcudluğunun, daimi, əbədi mövcudluğunun şərtidir. Bədənin ölümündən sonra da var olan bu beyin enerjisi əslində insanın ölməzliyi faktıdır. Bizim düşüncəmizdə sərhədlədiyimiz zaman içərisində hansısa insanın fiziki yoxluğu onun ölməsi, bitməsi demək deyil. Beyin enerjisinin köçməsi, hansısa planetə ötürülməsi həyatın davamı deməkdir. Robert Lanza “Biomərkəzdən o tərəfə” adlı əsərində ölümdən sonrakı həyatı elmi dəlillərlə izah etməyə çalışıb. Bədənin ölməsindən sonra şüurun, beyin enerjisinin başqa planetə köçməsi ölüm yox. Sadəcə bir keçiddir.

“Yeni nəzəriyyə sonsuz sayda dünyaların mövcudluğunu düşünür. Gələcəkdə baş verə biləcək hər şey mütləq onlardan birində baş verir və heç bir ssenaridə heç bir real ölüm yoxdur. Bütün kainat eyni vaxtda mövcuddur və hər birində nə baş verdiyindən asılı olmayaraq ölüm yoxdur. “Mən kiməm?” (Həyat mənbəyi) -sualının cavabı belədir: yaşama gücü beyində hərəkət edən 20 vatt enerji mənbəyidir və bu enerji ölməz. Elm aksiomlarından biri də enerjinin nə yaradılıb, nə də məhv edilə bilməsi məsələsi ilə bağlıdır. Biosentrizm isə deyir: ölənin şüuru paralel bir kainatda oyanır. Yeni nəzəriyyə daha çox alimlər, xüsusilə bioloqlar tərəfindən tanınır” (Ланца Р. — ученый, открывший бессмертие или Кто же мы на самом деле. https://terratunguska.livejournal.com/61314.html). Daha sonra yazıçı, yuxarıda da deyildiyi kimi, ölümün insan varlığının sonu kimi yox, sadəcə olaraq insanın fərqinə vara biləcəyi bir keçid olduğunu əsaslandırmaq üçün İ.Nəsimi ilə bağlı rəvayətlərə, salnamələrə üz tutur. Sübut etməyə çalışır ki, bu keçiddən sonra insan ruhu başqa bir qalaktikada məskunlaşır. Bizim gizlin elm mərkəzlərimizdən biri olan Hələb şəhərində baş verən möcüzəvi hadisəni xatırladır:

“İdeal”da İslam dinində, “Qurani-Kərim”də təsvir edilən əbədi məkan – cənnət və cəhənnəm kateqoriyalılığına, əzablardan keçib təmizləndikdən sonra işıqlı məkanda qərar tutma prosesinə işarə edilir. Məlum olur ki, biz təhrif olunmuş, yanlış dünyada yaşayırıq. Ruhlarımızın buraları tərk edib üz tutduğu başqa bir qalaktika var. O qalaktika bizdən xəbərsiz deyil. Aramızda bağ, ün, əlaqəsi var.

“İşgəncələrdən keçib əbədiyyət qazananlarımıza, yəni təhrif həyatı dərindən dərk edənlərimizə icazə verilir ki, “Yer”ə, öz vətənlərinə Ün göndərsinlər. Belələri, lazım gələndə, “İşıq gəmiləri” dediyimiz planetlərarası gəmilərdə “Yer”ə gəlib, gizlin guşələrdə gizlin yaşayırlar, Ey-Sarın tapşırığı ilə iş görürlər” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.64).

Kamil İnsan problemi İ.Muğanna nəsrinin daimi mövzusudur. Hər addımda haqqı tapdalayan cahil insanlarla mübarizəsini qələmi ilə icra edən yazıçı İ.Nəsimi sufizmini, öz yaratdığı “Allah” – ƏlAğ-SafAğ İnsan Əli olan OdƏr düşüncəsindən keçirir. SafAğ Elmini dəryaya bənzədir. Yalnız SafAğ Elmini öyrənənlərə məlumdur ki, “Firdovsi” niyə deyir: “Rüstəm Zal Simurğun yuvasında böyüyüb”. Naşı oxucu çiynini çəkir: “Bu nə əfsanədi belə?! Necə yəni Simurğun yuvasında böyüyüb?!” Rəmzlərə bələd oxucu isə əvvəlcədən bilir ki, “Simurğ” – SimƏrAğ gəmisinin yuvası Kainatdı!” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.524).

Romanda hadisələrin zamanı və məkanı böyük miqyasda əhatə olunur. Şimali və Cənubi Azərbaycan tarixini parçalanmış bir ailənin – Əmirlilər soyunun timsalında göstərir. Səməd təkcə faciə qəhrəmanı deyil, gənc hesab edilən, əslində isə min illərlə yaşı olan bir məmləkətin – Azərbaycanın özüdür. Varisdir!

1904-cü ildən 1922-ci ilə qədər Cənubi Azərbaycanda Nərimanovun fəaliyyətini İ.Stalin alt-üst edib. Məlum olur ki, 1922-ci və 1930-cu illərin kütləvi tutquları olmasaydı, Cənubda Milli hökumət elə o zaman qurulardı. S.C.Pişəvəri “Zindan xatirələri” əsərində də təsdiqləyibmiş ki, 1945-ci ilin dekabrından 1946-cı ilin dekabrına qədər Milli hökumət yüz ilin işini görübmüş. “Yüz ilin işini” də İ. Stalin məhv edib.

1950-1960-cı illərdə də İ.Muğanna rəsmi ideologiya ilə daban-dabana zidd olan ideyalarını ədəbiyyata gətirməklə məşğul idi. Onun qəhrəmanlarının bir qismi stalinizmi, yaşamaqda olan Stalin nəzəriyyələrini canında, əməlində, ruhunda gəzdirən kabuslar kimi təsvir edilirdi. 1960-cı illərdə də İ.Muğanna rəsmi ideologiyanın tənqid hədəfi olaraq qalmaqda idi. Həmin illərdə Xasay Vəzirov çıxışının böyük bir hissəsini İsa Hüseynovun “Azərbaycan” jurnalının 1963-cü il 3-cü nömrəsində çap olunmuş “Kabus” povestinin kəskin tənqidinə həsr etmişdir.

İ.Muğanna yaradıcılığının sonrakı mərhələsi göstərdi ki, müəllif artıq Yer qanunları, real zaman və məkan aurası orbitindən çıxır. O daha nə Mərkəzi Komitə, nə Azərbaycan Yazıçılar İttifaqı, nə də ədəbi tənqidçiləri eşitmirdi. Təbii ki, Xasay Vəzirovun da “tövsiyələri” eşidilməz oldu. Çünki artıq 1980-ci illərdə yazıçı qeybdən səs – ün eşitməyə başladı. Həmin fövqəl Ün sahibini tənqid etmək isə asan məsələ deyildi. Lakin o da kədərli idi ki, “İdeal” romanının sonunda yazıçı öz anlaşılmaz durumunu etiraf edəcəkdi. Yer adlı planetdə anlaşılmamaq faciəsi yaşayan yazıçı gecədən səhərə qədər EySarın səsini dinləyə-dinləyə yazdığı əsərin taleyindən narahatlığını bildirəcək, insanları bu əsəri oxumağa səsləyəcəkdi. “EySar (İsa) ilə Muğanna (İ.Hüseynov) arasında əlaqə yaranıbdır, ey insan, ayıl, oxu!” – nidası yalvarışa bənzər səsə çevriləcəkdir. Sübut etmək istəyəcəkdir ki, əbədiyyət əfsanə deyil, insan əbədi yaşaya bilər, yaradan İşığı, Odu dərk etmək, saflaşmaq, elmlənmək, təhrif beyin, çürük bədənlə vidalaşmaq lazımdır.

“SimƏrAğ”, “GurOd” adlarında Kainat gəmilərini, Ulu Bağ ƏsƏlMəni, EySar ÜnEvi, EvƏrimi, EySan, Bağlarını, Bağ Atanı görəcəksən. Uca Odlarınla – əcdadlarmla birgə OdAğÜz BağOdƏrə OdAğÜzdən EyƏrə uçacaqsan. Bütün Kainatın əbədi sakini olacaqsan. Bundan böyük xoşbəxtlik olarmı, ey Odsuz - həqiqətsiz bədbəxt “kor” – OdƏr?! Əlavə xəbər: İşıq gəmilərinin “Yer”ə enməyinə lap az qalıb” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.534)

İ.Muğanna ağıl kəsən nə vardırsa, hamısının cövhərinə, rüşeyminə qədər enirdi. Hətta sözləri hərf-hərf, səs-səs analiz edir, öz böyük həqiqətini burada da kəşf edirdi.

Səməd – SimOd (Uca həqiqət) tarixin, əslində süjetin və dramatizmin mərkəzinə çəkilir. Ona qarşı olan haqsızlıqlar və ədavət istər doğmaları, istərsə də yadlar tərəfindən baş verir. Və bu məqamdan Səmədi Azərbaycanın simvolu, rəmzi, işarəsi kimi xəyalımızda canlandırırıq. Azərbaycan uca həqiqət məqamında olan qədimlik, ilkinlikdir. Hər bəla onun başı üzrəində dövr edir və yazıçı bütün bu xronikanı əsrlərin, minilliklərin sərhəddində analiz edir.

Roman boyu bütün vəsiyyətlər ancaq Səmədə edilir, sirlər də ona açılır. Atası Mədəd Əmirli, əmisi Sultan Əmirli, Çax-çux Xalıq, Seyid, Xızr Abı – hamısı Səmədi hədəf kimi qəbul edir. Səməd bu sirləri eşidən gündən “dəli-dolu” cavanlığı ilə vidalaşır və nəinki sirr, həm də dərd dağarcığı olur. Əmisi Sultan Əmirli ona Süleyman peyğəmbərin xəzinəsinin də onlarda olduğunu deyir. Yenə də Səmədi bir şəxs, fərdtək deyil, məmləkət simvolu kimi gözlərimiz önündə canlandırırıq. Sərvət (Neft, qızıl yataqlarımı, yoxsa elm, sirr, hikmət kitabları?) üstündə yatan, sərvəti ucbatından başı bəlalar çəkən Azərbaycan!

Dörd qardaş (Ağ Əmir, Boz Əmir, Sultan Əmirli, Mədəd Əmirli) iki-iki bölünür. İkisi (Ağ Əmir, Boz Əmir) Cənubda, ikisi (Sultan Əmirli, Mədəd Əmirli) Şimalda qalır. Hər iki qütbdə tale və tarix onların ziyanına işləyir. Tarixini bilməyən xalq bəzən bir-birinə qənim kəsilir. Necə ki, Səmədin əmiləri Ağ Əmir və Boz Əmir Pəhləvilərlə türklərin eyni millət olduğunu sübut eləməyə çalışsalar da, “millətpərəst qiyamçılar” damğasından qurtara bilməyərək otuzuncu ilin qışında ikisi də bir gündə xəlvəti öldürülür. Onları “Əmir məzarstanı” deyilən qəbrstanda dəfn edirlər. Onlar şeyx kimi fəaliyyət göstərsələr də, əslində Təbriz mədrəsəsində “Kainat elmi” – “SafAğ Elmi” təbliği, tədrisi və Quranın batin təfsiri ilə məşğul olurdular. Ataları Məhəmməd də SafAğ Elmi alimlərindən idi. Kainat elmi ilə dünyanın tarixini öyrənir və öyrədirdilər. Onların başladıqları işin – kainat kodlarını açmaq iddiasının kökü qədim ozan sənətinə, sufiliyə gedib çıxacaqdır. Aşıq Alı sənətinin fəlsəfəsindən çox danışılır. Aşıq Ələsgərdən sonra kainat kodları ilə danışan sənətkarın olmadığı deyilir. Bütün bunların hamısını sovetlər zamanında dini təlim və Lenin ideyalarının davamı kimi ört-basdır etmək istəsələr də, qazdan ayıq çuğulçular onları ələ verir. Eləcə də Cümhuriyyət məğlubiyyətindən sonra gizli fəaliyyət göstərən fədailər sosialistlərin arasında məxfi iş aparırdı. Və bütün bunların hamısı Stalinə çatdırılırdı.

Romanda N.Nərimanov fədailiyi tarixi faktlar əsasında mətnin aparıcı süjetlərindən birinə çevrilir.

“Doktorumuzun başçılığıynan “Hümmət” Partiyasının pudnan qızılını daşımışıq o taya ki, Səttar xan fədailəri silahsız qalmasınlar çöllərdə. Qohum-əqrəbalarımızı qan içində qoyub qayıtmışıq bu taya ki, lazımıq burda” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.13)

Dırnaq işarəsi arasında yazılan ifadələr ilk baxışdan qəribə görünsə də, sətiraltı deyil, xüsusi kodlar kimi açılanda ikinci və əslində qırxıncı qapı həqiqəti ilə rastlaşırıq. Mədəd Əmirli bəzi sirləri oğluna açıb evdən çıxır və həmin gün də “qəzaya düşüb” ölür. Burada dedektiv roman üslubu və işarələri aramaq əbəsdir. Sadəcə, sirr var, o sirri bilənlər sıra-sıra “qəzaya düşüb” ölür. “Qəza” təkcə avtomobillə olmur. Romanda sanki sirri, tarixi, həqiqəti bilənlərin qapısında əcəlləri həmişə hazır dayanır. O tayda şahın siyasilərindən xeyli adam Stalinin tapşırığıynan göndərilən casuslardı. Orda da tutqular, qırğın, repressiya prosesi gedir. Bu tayda isə o taydakı qardaşların (Ağ Əmir, Boz Əmir) bir tayı – Mədəd əmirli qətlə yetirilir. Daha sonra isə Sultan Əmirli, Səməd Əmirli müəmma və sirr kimi Yer adlı planetdən yox olur, əbədi həyat qazanır.

İ.Muğanna bizim faciəmizin tarixi səbəblərini “Qrek” – “Latın” – “Fars” fatehlərinin, sonra bu dəhşətli üclüyə qoşulan “Ərəb”, Səlib-Xaç fatehlərinin, Vatikanın gizlin məktubları əsasında Romanovlar fatehlərinin soyqırımı siyasətində görür.

Yazıçı obrazlarını bir rayonun, bir kəndin spesifik, tipik nümayəndələri kimi müəyyənləşdirmir. Zamanın, müharibədən sonrakı Azərbaycanın sosial-siyasi tarixinin canlı həyat faktlarıtək ümumiləşdirərək yaradır.

Əsərin əsas ideyası milli qırğınlar, parçalanmalar, deportasiya və torpaqların tədriclə ermənilərə təhvili faciəsini hədəfə alır. Əmirlilərin də ən böyük dərdi budur. Sultan Əmirli yuxuda sayaqlayanda deyirdi:

“Qırıb qurtaracaqlar milləti!..”, “Sürəcəklər, ay oğul, büsbütün sürəcəklər, bircə bala!..”, “Yurdumuza murdar millət dolduracaqlar, bircə bala!..”, “O tay əldən getdi, bu tay da getmirmi?!” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.41)

Romanda “təhrif” ifadəsi tez-tez işlədilir. Ərazinin təhrifi, tarixin təhrifi, dinin, mədəniyyətin, dilin, təfəkkür miqyasının, talelərin və bağların, münasibətlərin, bəşəri əlaqələrin təhrifi fəlakətlər yaradır. Təhrif dünya! Aldanılaraq gətirildiyimiz yanlışlıq dünyası! Muğlar – Bağlar SafAğ Elmi sözləri ilə açılıb aydınlaşmalıdır. Bağ Ün – beyin bütün hadisələrin səbəbini və nəticəsini dəyirman kimi üyüdür, əridir. “İdeal” dili” – anlayışı haqqında düşünürük. Bu əsəri sıradan oxucu kimi oxusaq, anlamaq çətin olar. “İdeal” dili” bilmək lazımdır. Muğları Bağlar övladı kimi qəbul etmək, Süleyman səltənətinin varisliyinə inanmaq, məşhur Aşıq Şəmşirin SafAğ Elmi ustadlarından biri olduğunu qəbul etmək, Nizamidən qalan ənənəyə görə, rəmzi mənanın fars dili altında gizlədildiyini, yalnız Türkcəyə tərcümədən və şərhdən sonra rəmzlərin açıldığını anlamaq lazımdır. Məsələn, “Nuşab”ə – “içməli su” – “dirilik suyu” - OdƏr dili nümunəsi idi. Qəbul etməliyik ki, Rusiyada, o tay-bu tay Azərbaycanda və Türkiyədə əsrlərdən bəri məskun olan xalqların hamısı BağOdƏr ƏlAğ, EySar (“İsa”, “İisus”) və BağHəmOd adlarına söykənən vahid millətdir, aralarına ayrılıq toxumu səpilib, hətta dillərini də dəyişdiriblər. “Xəzinə” nədən ibarətdir? – sualı tez-tez səslənir. Məlum olur ki, bu xəzinənin yaşı bəlli deyil. “Tövrat”, “İncil” və “Quran”dan da qədim tarixi var. Bütün bu müqəddəs kitablardan əvvəl və onlardan sonra var olan bir müqəddəslikdir. Onu min dəfələrlə yandırıb, külünü sovurmaq istəsələr də, qır-qırıntısından yeni kitablar yazılıb, yeni elmlər doğulub. Qırx altıncı ildə o tayda hökumət yıxılanda, qırğın xəbəri yayılanda Mircəfər Bağırovun əmri ilə bu kitablar “Şeyx Xorasan” türbəsindən də çıxardıb küçəyə tökülür.

Beyinlər təhrif olunmuş mexanizm ilə işə salınır, hətta “İndendertal insan” nəzəriyyəsi aşılanır. “İdeal” “həqiqəti” isə iddia edir ki, bu planetə insanlar İşıq gəmisi adlanan, atılma sürətiynən uçan gəmilərdə, Ulu Babamız ƏsƏlMənin ətrafında, Yupiterdən uçub gəliblər. “O dünya - bu dünya” həqiqəti yoxdur, vahid kainat elmi var. On səkkiz min “Aləm” var. Yer planeti də onlardan biridir. İnsanlar öləndən sonra işıq kimi canlı olur və qarşımıza çıxa bilir. Lakin yunan mifologiyası əsil həqiqəti təhrif edib. SafAğ elminin işığından istifadə edib, başqaları üçün bunu gizlədiblər.

İ.Muğanna estetik nəzəriyyəsi ilə onun tənqidçiləri arasında maraqlı anlaşılmazlıq yaranmışdı. Tənqidçilər israrla sübut etmək istəyirdi ki, yazıçı kommunizm ideyalarını, sovet insanını və kəndi, kənd həyatını təhrif edir. Məsələn, tanınmış tənqidçi M.C.Cəfərov qeyd edirdi ki, “kommunist əxlaqı prinsiplərinin pozulması hallarına qarşı barışmaz münasibət sosializm realizmi ədəbiyyatının çox mühüm xüsusiyyətlərindəndir. Lakin ayrı-ayrı əsərlərdə nöqsanlı cəhətlərin həddindən artıq qabarıq verilməsi nəticəsində kolxoz kəndinin həyatı birtərəfli və təhrif olunmuş şəkildə işıqlandırılır. Müasir kəndin qabaqcıl qüvvələri, kənddə bərqərar olan yeniliklər diqqətdən yayınır... Hüseyn İbrahimovun “Sabahın sorağında” romanında, İsa Hüseynovun “Tütək səsi” povestində və bir sıra digər əsərlərdə kənd zəhmətkeşlərinin həyatının işıqlandırılmasında nöqsanlara yol verilmişdir” (Azərbaycan yazıçılarının IV qurultayı. “Ədəbiyyat və incəsənət” qəzeti. 1966, 01 yanvar).

Tarix barədəki təsəvvürlər minilliklər arasında postmodern oyunlar fonunda romanlaşır. İfadələr müasirliklə qədimlik arasında qəfləti keçidlər edir. Məsələn, niyə Gülgəzin anası Səmədin ən qəzəbli zamanında, Əlləzoğlu evinə hücum çəkəndə Hənifə arvad onu sakitləşdirmək üçün dua yox, ovsun oxuyur? Niyə bizim taleyimiz məhz XVIII əsrdə rusun əlinə keçdi? Biz Süleyman peyğəmbər nəslindən olanlarıqmı? Gizlin “Muğlar” – Bağlar övladıyıqmı, həqiqətən?

1954-cü ildir, Stalin yoxdur, stalinzm ənənəsi isə davam edir. Xudiyev “əməliyyatları” bitməyib hələ. Əlləzoğlu da Çax-çux Xalıq kimi “xidmətçi”dir. Şərin və xeyirin arasında ruhu didərgin olacaq adamlardandır. “Qudalı uşaqları” deyilən tarixi düşmənlə mübarizə xarici düşmənlə mübarizədən də çətindir. Məlum olur ki, millətimizin içərisinə soxulub daxili təxribatlar və təhriflər edən “Qudalı” tayfası əslində erməni əsillilər – Qıdalılardır. Sənədlərdə fars, xəlvətdə erməni olan bu törəmənin ulu babsı Qıda I Pyotr zamanından fəaliyyətdə olub.

Əsərdə Əmirlilərdən başqa Qılınc Qurban, Lüt Cəfər, Dantes Qeybalı, Xəlvət Rəhim, Xaş nəçənnik, Qarmonçu Şənbə, Təftiş Abbas, Çax-çux Xalıq, Gülənov, Saşa Babayev və onlarla başqa xarakterlər var. Bütün obrazlar cəbhələşib. Mənfi və ya müsbət planda deyil, xeyir və şər tərəflərə bölünüblər. Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdur, ikincisi milis rəisi Gülənov, üçüncüsü isə “RİK Atamalı” idi. Hər iki tərəfin arxası, dayağı var. Və qəribədir ki, bu qorunmanın, mühafizə olunmanın coğrafiyası çox genişdir. Məsələn, adi alverçi kimi təqdim olunan Xalıq romanın bir yerində sistem işçisi kimi rolunu oynayır.

Azərbaycan daxilində, həm o tayda, həm bu tayda terror güclənir. Müharibədən sonrakı anti-türk hərəkatına start verilir. Muğannalar, əsl türklər öz torpaqlarından səhralara, düzəngahlara sürülür, ermənilər isə ən gözəl ərazilərimizdə məskunlaşırdı. SSRİ-də və ümumən dünyada siyasi mənzərələr dəyişir, amma millətimizin taleyi dəyişmir. Stalin ölür, Mircəfər Bağırov həbs olunur, fəqət Qonaqlıda kriminal durum mahiyyətini dəyişmir. “Bayaq alova baxa-baxa dərk elədim ki, Əmirli mülkü deyil o yanan, Vətənimizdi! O tayı verib Farsa, bu tayı paylayıb erməniyə, gürcüyə. “Böyük qardaşımız Rus” çoxdan içib qanımızı, Qurban əmi!” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.138) – yanğısı artıq Əmirlilər nəslinin yeni liderinin – Səmədin dilindən çıxır. Səməd Sultan Əmirli idarəetməsindəki səhvləri görür və yeni enerji, yeni prinsiplərlə kiçik də olsa, səlahiyyətləri ələ alır.

“Sənin xəbərin yoxdu, “Ermənistan” adlandırılan ƏrMən torpağında qalıb hələ Muğannalar. Bir etibarlı adamımızın, gizlətmirəm, həmin Saşanın məlumatına görə, Xudiyev agentlərinin Türkiyədə də agentləri çoxdular, deyir, türk ordusunun içinə göndəriblər, Türkiyənin ən məsul işçilərinə çevriliblər, asta-asta dağıdırlar ölkəni daxildən. Belə bədbəxtliyimiz var” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.118).

Romanda tarixi şəxsiyyətlər, N.Nərimanov, S.C.Pişəvəritək milli liderlər o taylı-bu taylı Azərbaycanın xilaskarı kimi əks olunur. Bu cür xilaskarlar zaman-zaman sui-qəsd, terror qurbanı olur. M.K.Atatürkə də sui-qəsd edilir. Türk dünyasına da hücum ermənilərin əli ilə olur. Ağ Əmir, Boz Əmir, Mədəd və Sultan Əmirlilər də milli dəyər kimi məhv edilir.

Romanda rəqəmlərin və kəlmələrin mistik assosasiyası var. Əsasən 4 peyğəmbərdən söhbət açılır. Varislər, “sərvət – elm qoruyucuları” da 4 qardaşdır. İkisi Cənubi Azərbaycanda, ikisi isə Şimali Azərbaycanda fədailik edir. Biz əsərin müəyyən hissəsindən sonra 3 qurbanın (Boz Əmir, Ağ Əmir, Mədəd Əmirli) yeganə qisasçıları kimi Sultan Əmirli və Səməd Əmirlinin taleyini, fəaliyyətini izləyirik. Şər qüvvələr var gücləri ilə onları bir-birinə düşmən etmək, onları qarşılaşdırıb həqiqi milli dəyərləri məhv etmək niyyətindədir. Ona görə də fitnə-fəsadla Səmədin sevgilisi Gülgəzi Sultan Əmirliyə arvad edirlər. Onun atasının qatili kimi Sultanı nişan verirlər. Düşmən o qədər çoxsahəli və real görünə biləcək üsullarla işləyir ki, Səmədi daima tərəddüd içərisində saxlayır.

“İsa Hüseynov yaradıcılığının tematik genişliyində müharibə mövzusu daha doğrusu, arxa cəbhədəki həyat şəraitini, müharibənin doğurduğu bir sıra çətinlikləri, məhrumiyyətləri, xalqın qırılmaz əzmini, mənəvi qüdrətini əks etdirən əsərlər mühüm yer tutur” (Hüseynov M. Janr, zaman və ədəbi qəhrəman (İsa Hüseynovun hekayələri), Bakı, “Elm və təhsil”, 2012, 156 səh. s.32).

Ölkə Moskvadan, Qonaqlı kəndi isə “Şüşəli pavliyon”dan idarə edilir. Hər kəsin iki missiyası var sanki. Haqqında bəhs olunan Azərbaycanın sərhədləri çox geniş ərazini əhatə edir. Böyük, bütöv Azərbaycanın taleyi, erməni-azərbaycanlı münaqişəsinin tarixi kökləri açılır. “Azərbaycan” adlı ədəbi portretin cizgiləri minilliklərin qələmi ilə çəkilir. Millətin elminə, dilinə, tarixinə qarşı müharibə elan olunub, tarixi vəsiyyətnamələrdə gizlədilib. Dəfələrlə onun əsil tarixinin kitabları yandırılır.

“Bağ” ifadəsi bütün kateqoriyalarda əsas kod, əsas ideya kimi əks-səda verir. Bağlanmaq, əlaqələnmək, sevgi, ünsiyyət, birlik ifadə edən bu söz bəşəriyyəti və kainatı xilas edəcək qüvvə, güc, enerji kimi hər yerdən boy verir. Kainatın “Bağ”a ehtiyacı var. Bağlar qırılıb. “Bağ” “Boq” olub. Haqq təhrif edilib. Ailədən tutmuş, millətə, Yer və diğər planetlərə, qalaktikalara qədər hər tərəfdə “bağ”sızlıq, haqsızlıq başlayıb. Bəşəriyyət bilmir ki, OdƏr dilində “Bağ” kəlməsini unudandaca həqiqətdən məhrum olur insan!

“Beyindən, daha doğrusu, BağÜndən, yəni Bağ əcdadlarımızın planetlerdən gələn Ünündən – səsindən məhrum olur... Bəli, Ün eşidəndi insan! Milyon kilometrlərlə məsafədən Ün eşidəndi insan!” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.56).

Bağ – bağlantı elmi beyinlər arasında da mövcud ola bilir. Hətta yer adlı planetdəki insanlardan Yupiter planetiylə danışanlar da var. Beyinlərarası dialoq elmi mövcuddur. “Bağ” insanın həm öz mahiyyətində olur, həm də özüylə ətraf mühit arasında. Bəzən insanın özü ilə arasındakı bağ da qırıla bilir, bəzən isə dünyayla, başqa planetlərlə bağı kəsilə bilir. Bağsızlıq faciədir, təcrid və təhrif olunmadır. Elm və eşq sahibi insanın yaradılışının özündə də “Bağ” fəlsəfəsi var. Körpənin anaya bağlantısı (bağlanan bağırsaq) da kəsiləndə bir az yadlaşa bilir. Anadan ayrılıb dünyayla bağlaşır.

Heydər Hüseynov (Nəcəfoğlu) gecələr də işləyir, OdƏr həqiqətini yazırdı. Və deyirdi ki, yuxuda OdƏrləri görür, Yupiterdən dalğa göndərirlər, tavanı tıqqıldadırlar. Nəcəfoğlu venasını hamamda kəsməsəydi, sağ qalsaydı Yupiterlə əlaqənin ikinci əsas mərhələsinə qədəm qoyacaqdı, yəni o tıqqıltılardan sonra Ün eşitməliydi. SafAğ elminin qanunu elədir. SafAğ elmi ilə mütəmadi məşğulluq beyində SafAğ İşığını artırır, sonda Bağlarla ünsiyyətə girə bilir.

Yer əhli öz missiyasını bilmir, əbədi olduğundan xəbərsizdir. “AdıPünhan” “Muğannalar” gizli və açıq mübarizə aparıb bu missiyanı insanlara anlatmaq istəyir. Lakin çox zaman “dəstələr” səhv düşür, adamlar olduqları yerdə həqiqi obrazında görünmür. Necə ki müharibədən əvvəl “Müəllim” Xüdiyev dəstəsindən sayılırmış. Halbuki o da “AdıPünhan” “Muğannalar”dandır. Ulu Bağ nəslinin bir qolu olan “Ağ Türklər”dəndir.

Xəzinə “Şeyx Xorasan” məqbərəsindədir. Ağ Əmirlə Boz Əmirin şəxsi arxivi və “köhnə dünyaya aid” kitabxana qədim kitablara qarışdırılıb ki, bilinməsin. Hürufilikdən, İ.Nəsimidən də söz açılır. Quran hərflərinin sirrini açdığına görə “Hürufilər” adlandırılan alimlərin də külliyyatı çoxlu suallar doğurur.

“Sirr” əsərdə az qala hamıya aid edilən bir gözlənilməzlikdir. Hətta Çax-çux Xalıq da “Xəzinə sirləri”ndən danışır və deyir ki, boşuna vaxt itirməyin, xəzinə əldən gedib. Bütün söhbətlərin məzmununda sirlilik var. Aşıq ədəbiyyatı, dastanlar, tarix kitabları, vəsiyyətnamələr – hamısı sirdən danışır. O da maraqlıdır ki, bütün sirr bilənlər elə hey “Fəlakət, fəlakət!” – deyirdi. Çax-çux Xalıq həm də EvƏrEyləri yer üzündən köklü-köməcli silmək planının “Vatikan”da yazılmasından da danışırdı:

Əşyaların, sözlərin və bəzi məkanların da sirr dolu səciyyəsi var. Məsələn, Çax-çux Xalıqın çəki daşı əvəzinə işlətdiyi, “Avariya” günü daxmanın qabağındakı palıd kötüyünün üstündən yoxa çıxan “qurğuşunlu nal” cinayət tarixçəsində əsas silah kimi görünüb yox olur. Sədr Mədədə sui-qəsddən, S.C.Pişəvərinin “avariya”ya düşməyindən, Heydər Hüseynovun venasını kəsməyindən başqa da onlarla sirli ölüm qovluqları mövcuddur.

Romanın kuliminasiya nöqtəsi insanların taleyi ilə bağlı deyil. Nə Sultan Əmirlinin, nə Səmədin, nə də digərlərinin. Kuliminasiya nöqtəsi Bağday tarixinin açılması ilə əlaqədardır. Sultan Əmirli və dostları Ali Baş Komandan Stalinə Bağday tarixinin açılmasının bütün planet üçün xeyirli olması barədə elmi məlumat vermək istəyirdi. Fəlsəfə İnstitutundan Cənub mətbuatına material aparan çekist dostlarının vasitəsilə Pişəvəriyə yollamaq, “Azadlıq cəbhəsi”nin konvertinə qoyub, Tehrandan Moskvaya “ikinci cəbhənin” poçtunu daşıyan təyyarə ilə göndərilməyinə nail olmaq. Lakin bu plan, sözsüz ki baş tutmayacaqdı. Xəzinə, sirr, həqiqət qorxulu sahə kimi gizlədilir, məqbərəyə ayağı dəyənlərdən hərəsi bir yolla aradan götürülür. Casusluq ən xırda sahədən ən böyük ərazilərə qədər qanuni hala çevrilib. Kiçik bir təşkilatdan tutmuş Vatikana qədər hər sahənin casusu var. Cuqaşvili Gürcüstan və Azərbaycan ərazisindəki Qrekləri himayə edən çox varlı Vatikan casusu imiş.

İ.Muğannanın roman təfəkkürü, yaradıcılıq üslubu və metodikası bir deyil, bir neçə romanın materialını bir mətn kontekstində sistemli və anlaşıqlı şəkildə təqdim etmək imkanı verir. Məsələn, bir xalqın əsrlərlə başına gətirilən “Təhrif” oyunlarını xronoloji ardıcıllıqla, tarix faktı əsasında bədiiləşdirib əks etdirmək nə qədər çətin iş olsa da, müəllif bu işin öhdəsindən gəlir. Əsərinin qəhrəmanlarını günün problemləri ilə deyil, əsrlərin dərdi ilə yükləyir. Öz tarixi ağrılarını onlarla bölüşür əsərdə. Əmirlilər şəxsi tale sevinci yaşamır, onların milli, bəşəri bir missiya üçün doğulduğu romanın əvvəlindəcə aydın olur. Məhəmməd Əmirli öz nəslini sirli tarixin qaranlıq mağarasına buraxır. Bu yolda həbslər, qətllər və “qəzalar”, qaranlıq mağaralarda divlər və əjdahalarla döyüşmək təhlükələrinin qorxusu lap əvvəldən yox edilib, bu nəslin, bu şəcərənin canından çıxarılıb. Əzab və ölüm onları bədbəxtliklərə və yoxluğa deyil, əbədi var olma, tarix yaratma xoşbəxtliyi yoluna yönləndirir.

Vatikan, Rusiya, İran siyasəti ilə üz-üzə dayanaraq mübarizə aparmaq adi insan işidirmi? Onlar adi tale yaşamadılar və xalq kimi var olub, bu günə qədər yaşamanın səbəbkarlarından oldular. Bizim daima balaca xalq hesab etdiyimiz erməniləri Vatikanın silahlandırmasını yazan müəllif həm də tarix boyu rusların, ingilislərin əliylə erməniləri içərilərimizə yeritmə siyasətini də vurğulayır. 1905-ci ildən üzü bu yana türk qanı axıdılır durmadan. Bizə isə “Qardaş oldu Hayestan – Azərbaycan!” mahnısı oxutduruldu. Soyqırım haqqındakı qərarlardan, katolikos məktublarından SafAğ Varisinin xəbəri var. O da bilir ki, biz bitməz, sonlanmaz bir mücadilənin, müharibənin içərisinə düşmüşük. Düşünən insanlar izlənilir, öldürülür. Hətta M.Bağırovun bir gecədə 400 nəfər türkü qətlə yetirməsi faktını da oxuyuruq.

İ.Muğannanın dil özünəməxsusluğunu mütəxəssislər ilk əsərlərində görmüş və təqdir etmişdir. Məsələn, M.İbrahimov yazırdı: “Təbiilik cəhətdən İsa Hüseynovun... dili bizə xoş gəlir. Bizə xoş gələn odur ki, bui yoldaşda saxta təm-təraq, qəsdən dəbdəbəli sözlər axtarmaq təşəbbüsü yoxdur” (İbrahimov M. “Bədii dil və süjet haqqında”. “Ədəbiyyat və incəsənət” qəzeti, 1955, №12).

Romanın həm məzmun, həm də forma – texniki tərəfləri postmodern üslubda, qeyri-adi kompozisiya strukturu ilə ifadəsini tapır. Mətnin mənası həm bir-birini inkar, həm də bir-birini təsdiq absurdluğu ilə açılır. Bütün qarşılaşdırmalar səbəb-nəticə məntiqinə söykənir. Məsələn, “varis-varisi öldürür” qədəri təsdiqini tapır. Əmirlilərin taleyində bir-birini fiziki baxımdan məhv etmə ənənəsi davam edir. Sultan Əmirli Stalin teleqramının qardaşı Mədəd Əmirlidə olduğunu deyir, halbuki teleqram özündə idi. Mədəd Əmirlini sui-qəsdlə öldürürlər. Sultan Əmirli Səməd Əmirlinin, Səməd Əmirli digər bir varis Mədəd Əmirlinin vasitəsilə əbədiyyətə qovuşur. Və aydın olur ki, bu cür ölümlər davamlı olacaq. Lakin həm də bir-birini mənən yaşatma, beyin və təfəkkür köçürməsi, sirlərin, varidatın təhvil-təslimi ilə bir-biri ilə halallaşma üsulu da var. Romanda çoxlu qurbanvermə məqamları ilə rastlaşırıq. Sultan Əmirli Mədədi qurban verdi, Səməd sevgilisi Gülgəzi qurban verir. Vaxtilə Səmədin anası Sura da doğuş zamanı canını qurban verib ki, doğuşda Səməd salamat qalsın. Mədəd Əmirlidən soruşulanda o da varisin sağ qalmasını istəyib, sevimli xanımı Suranı qurban verib. Milli varolma yolunda saysız-hesabsız ziyalıların qurban verilməsi tarixçəsi də vərəqlənir. Repressiyalar, sui-qəsdlər, terrorlar baş alıb gedir. Lakin bu qaranlıq dünyadan işıqlı kainata çıxmaq yolunun qurbanları kimi əbədiyyət qazanma şansı da inandırıcı şəkildə izah edilir.

Düşmən güclü və qərarlı, kinlidir. Lakin ortada “Xəzinə” mirasına sahib çıxma qətiyyəti var:

“İdeal” romanı ədəbi-mədəni irsimizdəki təhriflərin siyahısını təqdim edir həm də. Ə.Firdovsi, N.Gəncəvi, F.Nəimi, İ.Nəsimi, Aşıq Alı yaradıcılığı, “Koroğlu” dastanı və onlarla təcavüzə, təkzibə məruz qalmış ədəbi abidələr nişan verilir. İ.Stalinin göstərişi ilə “Xəmsə”nin mətni və ideyası təhrif edilir. Digər dəyərlərimiz də həmçinin. N.Gəncəvi fəlsəfəsindəki AğEy icması məsələsi, Əxi ideologiyası (Qardaşlıq düsturu) bir fəlsəfi-sosial tezis kimi təhrif edilir İ.Stalin tərəfindən. Nəticədə 1930-cu illərdə təhrif edilmiş həmin ideologiya əsasında kolxoz quruculuğu hərəkatı başlayır.

Bununla bağlı İ.Stalin “Nizamnamə” imzalayır. Əslində isə bu sənədi N.Gəncəvini təhrif edərək işləyir. N.Gəncəvi fəlsəfəsindəki “Əxi icması” tendensiyası təhrif olunmuşdu. “Kim yaradacaq Nizaminin “utopiya” damğasıynan damğalanan AğEy – “Əxi” icmasını?!” – sualını İ.Muğanna əsərdə bir neçə səhifəlik həcmdə aktual problem kimi təhlilə çəkir.

Romanın süjetində zavyazka nöqtəsi Səmədin əsl mahiyyəti dərk etməsi anından başlayır. (“İndi-indi dərk eləyirəm “Allah” nədi, ƏlAğ nədi! Ulu Bağ ƏsƏlMon kimdi, UluBağlar nəsli nədi? OdƏr bəşəriyyəti nədi? “Vərəsə” kitabxana ətrafında olanlar, mülkümüzün yandırılması, divarların elə təcili dağıdılması, Abının, qocaların elə dizin-dizin, sürünə-sürünə vərəqləri yığmaqları indi-indi çatır mənə. İndi-indi qanıram Xızr Abının böyüklüyünü. Öyrənəcəm Elmi! Mütləq!” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.216) Əsl mahiyyət onu subyektivizmdən uzaqlaşdırır. Milli, bəşəri ideyalar yolunun yolçusu edir. Mətnin dramatizmi bir süjet və bir konflikt üstündə qurulmayıb. Konfliktlər şəxslər arasında olsa da, şəxsi, subyektiv xarakter daşımır. Məsələn, Əmirlilərlə Qudalılar arasındakı nifaq qan davası deyil, milli xarakterlidir. Çünki Qudalıların erməni əsilli olması faktı sonra ortaya çıxır.

Konfliktlər həm də xeyir və şər, işıq və qaranlıq, elm və cəhalət qütbləri arasındadır. Bu cür əbədi mübarizənin isə hər əsrdə öz tarixi hadisələri olur. İ.Muğanna da yazır ki, “Faraon”ların – EvƏrEyÜnlərin zamanından bu günəcən alimlərimizə divan tutublar. Necə ki SafAğ elmi ilə az qala bütün dünya mübarizə aparır.

Yazıçı Azərbaycanın başına açılan oyunların romanını yazmaqla həm də bütün planetin xəstəliyini açıb göstərir. “İdeal” ifadəsi üst qatdakı mənada Səmədin əmisi Sultan Əmirliyə ünvanladığı müraciətdir. “İdeal” – OdƏl – mənasını ifadə edir. Həqiqət əli! “OdƏr dili” haqqında da yeri düşdükcə izahlarla tanış oluruq. “OdƏr dili” o qədər qədim və doğmadır ki, əslində bu dil düşüncənin, beyinin və təfəkkürün, şüurun tarixi ilə yaşıddır. “Dil İsa Muğanna üçün bir ifadə vasitəsi deyil, yenidən yaratma gücüdür. Ünlü alman yazıçısı Tomas Mann 1933-cü ildə ölkəsini tərk edərək Amerikaya getdiyində: “Mənim gerçək ölkəm dilimdir” demişdi. İsa Muğanna üçünsə dil Muğanlı kəndidir, Ağstafa, Qazaxdır, Azərbaycandır, hətta Altaylardakı Tanrı dağları, İstanbuldakı Sultan Əhməd məscididir. Onun dili bizim danışdığımız, yazdığımız dilin məhdudiyyətinə sığmayan və bizə sayıqlama kimi gələn, əslində, bizim görəmmədiyimiz, sezə bilmədiyimiz başqa bir aləmi ifadə edən, geniş dünyaya sahib bir dildir. Bu dil “Ana” deyən, “Can” deyən, “Vətən” deyən bizim dilimizdir. Dostoyevski Puşkin haqqında belə demişdi: “Puşkinin bütün əsərləri rus mənliyinə, rus mənliyinin mənəvi gücünə inancı ilə dolub-daşır. İnancın olduğu yerdə ümid var. Rus insanının gələcəyi qarşısında duyulan böyük ümid...” (Aras O. İsa Muğanna. “525-ci qəzet”, 2018, 26 oktyabr).

Postmodern ədəbi-nəzəri estetikası əsasında yazılan romanda az qala bütün fraqmentlər işarələrlə kodlaşır. İstər dil, istər tarix və ya mədəniyyət, istərsə də günün siyasəti, qlobal faciələr işarə izləri ilə açılır. Eyni zamanda C.Coysun “Uliss” romanında olduğu kimi şüur axını, fasiləsiz düşüncə seli zamansız və məkansız bir dünyaya yol açır təsəvvürümüzdə. Düşüncə oyunları qeyri-ciddi xarakterli deyil. Bu üslubdakı postmodern təqdimat oxucunu konkret tarix, il, ay, gün işarəsi ilə uzaqlara apara bilir. Necə ki, Cənubda 1922, 1928, 1930-1940-cı illər tarixi dönüşü haqqındakı məlumatlar o illər çərçivəsini dağıdaraq uzaq “Midiya” zamanına işarə edir. Onu da qeyd edək ki, rəqəmlər təkcə riyazi deyil, magik səciyyəsi ilə də mətni mənalandırır. Cənubda 1922-ci, 1930-cu, 1946-cı illərin hadisələri “zəruri” və qaçılmaz məğlubiyyətlər kimi təqdim edilirdi. Halbuki bütün bunların hamısında İmperiyaların əli var idi. Reallıqda isə “Pəhləvi hakimiyyəti” adı altında İranda mövqe gücləndirirdilər.

İ.Muğanna elmi təfəkkürlə bədii təfəkkür tipini roman təfəkkürü ortamında qovuşdura bilir. Postmodern dil və üslub metoforik səciyyə daşıyır. Bəzən tarix rəvayət və əfsanə, yaddaş diktəsi əsasında, amma reallığa söykənərək bərpa edilir.

Bu bir həqiqətdir ki, dünya tarixinin gedişinə inqilabları və repressiyaları ilə müdaxilə edən Rusiya siyasəti daima bizim əleyhimizə işləyib. V.İ.Lenin və İ.Stalindən tutmuş M.Qorbaçova qədər aparılan anti-türk, anti-Azərbaycan siyasətin mahiyyəti açılır. İ.Muğanna hadisələri, xüsusən də erməni-azərbaycanlı münaqişələrini 1988-ci ilə qədər gətirir. Daxili düşmənlərdən biri – Xəlvət Rəhim deyir: “Bütün xaçpərəst aləmi düşməndi bu “SafAğ” deyilənə! KPSS, şəxsən generalnıy sekretar Qorbaçov düşməndi SafAğa. “Yevrey”i EvƏrEy, Torik – Türk eləyən sehrkar Mağlardan qalıb bu SafAğ elmi! İmam Xomeyni düşməndi İslamı ƏsƏlim eliyən, Farsı EvƏrƏs eliyən Dəlilərə! Lap açıq deyirəm, biri də səlamət qalmıyacaq bu Muğ, Mağ, Muğanna deyilənlərdən!” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.457-458)

Düşmənliyin kökləri uzaq tarixdən başlanıb və subyektiv xarakterli deyil. Müəllifin də dediyi kimi, kamillik yolunda SafAğlarla İlan arasında idi. “İlan”- qreklərdən, farslardan, ruslardan, ermənilərdən ibarət düşmən sürüsü – demək idi. Azərbaycan əleyhinə fəaliyyətdə olanların çoxu “Milli birlik” adı ilə birləşib iş görürdü. Qonaqlıda yaradılan “Milli birlik” təşkilatı da bu qəbildən idi. Rim, Moskva “ilanı” olan Xudiyevin əli ilə yaradılıb. Onların arasında türk yoxdur, lakin özlərini “türkçülük” ideologiyası uğrunda çalışanlar kimi göstərirlər.

Məhərrəm Məhərrəmov, Saşa Babayev, Seyid Cəfər Pişəvəri, Sultan Əmirli, Mədəd Əmirli, Xızr Abı, Çürük Aşıq, Ələsgər müəllim qlobal faciələrin analitik təhlillərini aparır, bu böyük faciələr içərisində öz taleyimizin xilas yollarını arayırdılar. Elə o analizlər zamanı məlum olmuşdur ki, prezident Ruzvelt heç də öz əcəli ilə ölməyib. Amerika, Böyük Britaniya, Sovetlər İttifaqı adlarında bir-birinə düşmən “müttəfiqlər”in Tehran müşavirəsində, Stalinin iqamətgahında zəhər verilib Ruzveltə ki, o tay-bu tay Azərbaycanın birləşdirilməsi baş tutmasın.

İ.Muğanna romanlarının özünəməxsus və yeni nəzəriyyə ilə təhlilə ehtiyacı var. Onun estetik prinsipləri, üslubu və metodologiyası ənənəvi ədəbiyyatşünaslıq prinsipinə uyğun gəlmir. SafAğ həqiqətlərinin qavranılması üçün “İdeal”dan sonra ”Ölüm-dirim” “Peyğəmbərin möhürü”, “Qəbristan”, “Gur Ün”, “İsahəq, Musahəq”, “Məhşər” oxunmalıdır. İ.Muğanna romanlar silsiləsi yaratmayıb təkcə. Həm də öz möhtəşəm roman təfəkkürü hesabına tariximizin, dilimizin, faciələrimizin kodunu açıb, anatomiyasını öyrənib.

# 1002 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #