"Elə bil hekayəni robot yazıb, robot da tərcümə eləyib" – Yazarlar Sənan İsmayılovu tənqid etdilər

"Elə bil hekayəni robot yazıb, robot da tərcümə eləyib" – Yazarlar Sənan İsmayılovu tənqid etdilər
23 fevral 2022
# 15:12

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Sənan İsmayılovun “Həyat yoldaşı” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Aqşin Yenisey

Aqşin Yenisey. Toğlugötürən (hekayə) » Yarpaq.az

Hekayəyə gəlincə, maraqlı hekayədir. Fantastika janrı bizdə az müraciət olunan janrdır. Ancaq bu hekayənin dili çox ütülüdür, insanlar gündəlik məişət həyatında belə danışmırlar. "Əzizim" sözünü nə vaxt eşitdiyimi xatırlamıram. Texnologiyalar dünyası daha işgüzar bir dillə yazılsa daha maraqlı olar deyə düşünürəm. Müəllifdən oxuduğum ilk hekayədir. Hər halda, bu imzanı yadımda saxladım.

Elnarə Akimova

Sənan İsmayılovun hekayələri daha çox mənəvi böhran yaşayan dünyanın durumunu anladır. Mütləq iki fərqli dünya, iki fərqli dünyagörüş qarşı-qarşıya gətirilir. Sənayeləşən, modernləşən, robotlaşan dünya, insanı öz eksperimentlərinin, texniki yüksəlişinin qurbanlığı kimi seçən bəşəriyyət və bu paradoksal situasiyalardan törəyən yan motivlər - insan duyğularının məhv edilməsi, insanın tənhalaşması, yadlaşması, özgələşən fərd problemləri və s.

Sənan İsmayılovun “Kulis.az”ın hekayə müsabiqəsində layiqli yerini tutan “Parçalanma hüdudu” hekayəsi, həmçinin bu gün müzakirəyə çıxarılan “Həyat yoldaşı” mətni həm nəql texnikası, ictimai-sosial-fəlsəfi motivlərin fərqli interpretasiyada təqdimi, həm də insan xislətini, insan dərinlərini yeni müstəvilərdə sınağa çəkib açmaq baxımından düşündürücüdür. Bu hekayələr insanın artıq nəsnəyə çevrildiyi, duyğularının arxa plana atıldığı və gərəksizləşdiyi dünyada aqibət problematikası yaradır. Məlum olur ki, texniki nailiyyətlərin inkişaf tempi artdıqca insanlar da texnikiləşir, robotlaşır, maddi-texniki dəyərlər mənəvi dəyərləri üstələyir. Hər şey reallığa tabe olur və insan istəməsə belə onun əsirinə, bir parçasına çevrilir.

“Həyat yoldaşı” bu qlobal problemi kiçik bir mətndə dolğunluğu ilə göstərən və müəllifin artıq ənənəyə çevirdiyi hekayə tərzində növbəti uğurlu mətndir. Baş qəhrəman olan Kişi professordur, tələbələrinə “Əks yöndə inqilab: maşınlardan insanlara” mövzusunda mühazirə hazırlayır, bu məsələ ilə bağlı narahatlığı təsvir olunur. Amma bütün adi yaşam proseslərinin içində özü də artıq robota çevrildiyinin fərqindədir. Çoxdan vəfat etmiş həyat yoldaşının ölmədiyinə, evdə onunla birlikdə yaşadığına özünü alışdırıb. Arvadı ilə dialoqu belə adi danışıq dilindən, məişət üslubundan uzaqdır. Daha çox rəsmi-işgüzar üslubda təqdim edilir. Bunu əvvəldə hekayənin başlıca qüsuru görən oxucu sonda fərqli vəziyyətlə qarşılaşanda anlayır ki, ölçülü-biçili yaşama tərk edilmiş insanların danışıq üslubu elə bu səviyyədə qərarlaşmalıdır. Yəni, hekayədə struktur kimi dialoqlar da təhkiyəçi intellektinə tabe olur.

Öz həyatlarını asanlaşdırmaq üçün bütün rahat vasitələrə əl atan, ünsiyyətdən qaçan, heyvanlara meyl edən, onlardan da bezib robotlara üstünlük verən insanlar... Bəs o zaman niyə xoşbəxt ola bilmirlər? Hekayədəki kişi bəlkə də həsrətində olduğu istiliyi, həssaslığı soraqlayır. Onu əhatə edən mühitdə buna rastlamır, tələbələri belə insanların robotlarla müştərək həyatına inanırlar. Kişi də inanmağa çalışır, taxtında uzadılmış, tələbələrinin hədiyyə etdiyi robotu ölən arvadı hesab edib onun varlığını uydurur. Amma darıxır. Bunu hiss eləmək o qədər də çətin deyil. Tutaq ki, arvadı ilə aralarındakı isti münasibətə rəğmən qəhrəmanın yeməyini özü çəkməsi, dizinin üstünə dəsmal salıb tezbazar yeməsi, hamam otağında səssizcə hönkürməsi, kreslonu açıb yatmaq üçün üstünə uzanması şair Şəhriyar del Gerani demiş, ömrün təkadamlıq olmasından xəbər verir. Amma yazıçı ustalığı ondadır ki, bu qənaətin yəqinləşməsi üçün duyğu sümürücülüyünə yol vermir. Əksinə, duyğularını itirməyən insanın obrazını soyuq, emosionallıqdan tamamilə kənar situasiyalarda tanıdır oxucuya. Evə gələndə həyat yoldaşına çiçək alması, hamam otağına girib hönkürməsi, “ürəklə bişirmişəm” cavabını eşidib duruxması hekayənin içindən spontan doğur və qəhrəmanın stixiyasını bəlli etmək artıq oxucunun ixtiyarına buraxılır.

Hasil olunan qənaət nədir? Uydurduğu həyat yoldaşı obrazı kişi üçün yeganə xilasdır. Çiçək, yemək detalları hekayədə sevgi aktının metaforudur və qəhrəmanın içindəki təkliyin fon gücləndirici kimi çıxış edir. Maraqlıdır ki, kişi həyat yoldaşına robotlarla bağlı mühazirəsini anladanda, qlobal məsələləri elmi əsaslarla izah edəndə, qadın öz nikbin replikaları ilə yaşayış tərzindəki minimalizmə vurğu salaraq söhbəti fərqli məna və ovqata keçirir. Və bu artıq qarşılaşma, ziddiyyət deyil. Kişinin iki dünya arasında ortaq istinadları tapıb yaşamaq gücü, monoton dünyadan qaçışıdır, həyatına qatdığı bəlkə də yeganə rəngdir. Hekayədəki fantasmaqorik elementlərin reallıqla bağlanış əlaqəsi də elə bu nöqtədədir.

Qəşəm Nəcəfzadə

Söyüdlü arxın düşüncələri - Qəşəm NƏCƏFZADƏ yazır | Edebiyyatqazeti.az

Hekayə çox zəif gəldi mənə. Tərcümə olunduğu yüzə-yüz bilinir…Yəni cümlələr mexaniki, texniki təsir bağışlayır. Dilin enerjisi yoxdur. Əsl tərcümə odur ki, bunu hiss etməyəsən. Texniki cəhətdən süjet maraqlıdır, amma hiss, duyğu yoxdur. Elə bil hekayəni robot yazıb və robot da tərcümə eləyib.

Belə cümlə olar?

“- Əzizim, onillər uzunu mən sənin bişirdiyin yeməkləri dadıram. Əlinin ləzzətinə hələ də heyrət edirəm. Mənim üçün bu tamamilə ağlasığmazdır...”

Maral Yaqubova

Нет описания.

“Həyat yoldaşı” hekayəsi elmi fantastikanın bir alt qatı olan sosial fantastika janrında yazılıb ki, bizim müasir ədəbiyyatımızda az rast gəlinir. Hekayə insan, daha doğrusu postinsan və robot-ginoid arasında dialoq şəklində nəql olunur. İlk baxışda bu dialoq insana dair arzuolunmaz - əzab, xəstəlik, ağrı, ölüm kimi məsələlərin aradan qaldırılmasına niyyətli transhumanist konsepsiyanın modelləşdirdiyi texno-utopik dünyanın iki nümayəndəsi arasındadır, lakin tədricən sərhədləri genişləyir. Hekayənin əsas mətni ilə “Əks yöndə inqilab: maşınlardan insanlara” adlı məruzənin mətni bir-biri ilə ziddləşir, transhumanist dünyanın gəldiyi nöqtədə dönüb özünütənqid etməsi baş tutur. Belə ki, hekayənin sonunda kişi “hamam otağına girib, qapını arxadan bağladı, əlinə aldığı dəsmalı üzünə sıxaraq səssizcə hönkürdü”. Bu məqamda oxucunun aldığı mesaj təxminən belə səslənir: insan insanın çarəsidir. Sənan İsmayılovun başqa hekayələrini də oxumuşam, maraqlı müəllifdir. Hekayələrində texnokrat gələcəyin dili ilə bu günü görməyi və göstərməyi bacarır. İnsan zehni, insan yaddaşı, insan ruhu kompleks halda, antropoloji dəyərlər çərçivəsində bu hekayələrdə yer ala bilir.

Azad Yaşar

Azad Yaşar — Vikipediya

Şəxsən mən Sənanı aylar öncə və təsadüfən tanımışam. Bir neçə hekayəsini göndərmişdi ki, tanış olum və mən bəyənincə, onların dilimizə tərcüməsi gəldi gündəmə. O, çağdaş ədəbiyyatımızda istedadına inandığım 5-10 yazardan biridir. Vaxtilə tanınmış nasir Seymur Baycan mənim tərcümələrim barədə demişdi ki, onun ədəbiyyatımızda basdırdığı minalar çox sonralar partlayacaq: bunu deyərkən, o, ilk növbədə tərtib və tərcümə etdiyim “Postmodern rus ədəbiyyatı” antologiyasını (2006) nəzərdə tuturdu. Çünki ədəbiyyatımız Sovetlərdən miras aldığı “sosrealizm” termininin içində gizlənən və bir xəbərdarlıq işarəti sayılacaq “SOS!” ön şəkilçisindən hələ də, hətta müstəqillik dövründə də, heç cür qopa bilməyib və bilmir.

Sənanın timsalında nəsrimizdə Viktor Pelevin ruhunda və intellektində bir yazarın peyda olması məndən ötrü son dərəcə əlamətdardır. Ondan birbaşa təsirləndiyini iddia eləyə bilmərəm, amma müzakirəyə çıxarılan “Həyat yoldaşı” hekayəsi (eynilə Pelevinin “Ziqmund kafedə” və “Nika” hekayələrində olduğu kimi) son abzaslara qədər oxucunu intizarda saxlaya bilir və ən nəhayət, oxucu öyrənir ki, professor hekayə boyu canlı bir qadınla yox, mərhum xanımının birə-bir bənzəri kimi öz tələbələri tərəfindən hazırlanaraq, ona hədiyyə edilən… robotla ünsiyyətdə imiş. Pelevinin adıçəkilən mətnlərində isə bunlar tutuquşu və pişik olur.

Həcminə görə bu, Sənanın nisbətən kiçik sayılacaq azsaylı hekayələrindən biridir. Amma ən azı 100 il sonrakı toplum həyatına dair bir epizodu böyük ustalıqla bizə çatdıran yazar robotların tətbiqinin məhdudlaşdırılması barədə o məruzənin necə bitəcəyini də oxucuya açmır, onu növbəti intizara və düşüncələrə məhkum edir. Üstəlik, bu nigarançılıq təkcə texnoloji yeniliklərlə yox, mənəviyyatın inkişafı ilə də birbaşa bağlıdır. Çünki robotlar artıq təkcə istehsalatda, məişətdə tətbiq olunmur, onlar artıq sosial-ictimai sferaya da nüfuz ediblər: robotlar partiya lideri, hakim, hətta deputat seçilirlər, qanun və qərarların qəbulunda tamamilə təmənnasız davranırlar. Özü robot xanımla yaşayan professor robotların məhdudlaşdırılmasına həsr etdiyi məruzədəki müddəaları onunla bölüşməklə qalmır, hələ buna qarşı çıxmağı da uyğun sayır: halbuki rüşvətxor və ədalətsiz cəmiyyətə malik ölkələrdə onların tətbiqi geniş vüsət tapdığından vətəndaş müharibələri önlənir, yarıtmaz hallar aradan qaldırılır. Hətta bunlara rəğmən də, professor onların geniş tətbiqini əks-inqilaba bənzədir, alışılmış insan münasibətlərinə qayıtmağın vacibliyini (hələlik öz məruzəsində!) müdafiə edir. Bu isə mühafizəkar düşüncəli bir elm adamının adekvat düşüncədən məhrum olduğu üçün real nailiyyətlərə necə avamca arxa çevirə biləcəyinin sübutudur. Öz mövqeyini də o, belə əsaslandırır ki, biz artıq robotlarsız yaşamağı öyrənmişik… Əgər belə olmuş olsaydı, o, mövcud ictimai münasibətləri tərs məcraya salmağa öz evindən, öz xanımından başlamalıydı. Halbuki rahat uyuduğu həmin gecə məhz robot xanımı onun üstünü örtməklə qalmır, hələ nəvazişlə alnından da öpür. Çünki insanoğlundan fərqli olaraq, robot xanım bu yoldan geriyə dönüşün mümkünsüzlüyündən tamamilə arxayın görünür…

Sonda bir vacib məqamı da vurğulayım: ötən yüzilliklərdə fantastikanın bir qolu kimi “elmi fantastika” bütün dünyada daha geniş yayılmışdı və böyük rəğbət də görürdü. Oxuduğum əsərləri əsasında inamla deyə bilərəm ki, Sənan İsmayılov Azərbaycan ədəbiyyatında “elmi-mənəvi fantastika”nın yaradıcısı kimi səciyyələndirilə bilər, çünki 1970-80-ci illərdə az-çox nümunələri görülən, sonra isə tamamən qeybə qarışan fantastika ədəbiyyatımızda bu xətt ona qədər yox dərəcəsində idi.

Cavid Ramazanov

Нет описания фото.

Ədəbiyyatın elmi fantastika janrı mənlik deyil. Mən ədəbi mətn oxuyarkən əhvalatın orijinallığından, üslubdan, bənzətmələrdən, təsvirlərdən həzz alıram. Elmi fantastik mətnlərdə isə əksərən bunlara deyil, təxəyyülün gücünə əhəmiyyət verilir. Bu mətn pis deyil, əhvalat klişe də olsa, az-maz fantaziya var. Amma ədəbi kriteriyalar nöqteyi-nəzərdən o qupqurudur.

Hekayəyə rəy vermək üçün kuliminasiya nöqtəsindəki cümləyə nəzər salmaq kifayətdir əslində: "Kişi hamam otağına girib, qapını arxadan bağladı, əlinə aldığı dəsmalı üzünə sıxaraq səssizcə hönkürdü. Bir qədər sonra vanna otağından çıxıb, dəyirmi masaya yaxınlaşdı, geri çəkdiyi kreslonu açmaqla, yatmaq üçün onun üstünə uzandı".

Viktor Hüqonun bir sözü var: "Mənə yağışdan danışma, mənə yağışı yağdır!" Bu mətnin qəhrəmanı hönkürəndə mən oxucu kimi onun ürəyindən keçənləri duymalı, gözlərindəki yaşı görməliydim. Təəssüf ki, bunların heç biri baş vermədi, mətni oxuyub bitirməyə tələsdim.

Ayxan Ayvaz

Ayxan Ayvaz ata oldu

Sənan bəyi bir maraqlı hekayəsi ilə tanımışam. Bu hekayədə məni cəlb eləyən unikal bir tapıntı vardı: intihar fikrinə düşmüş adamın yerinə robotun hər dəfə özünəqəsdə cəhdi. Sonradan bir neçə hekayəsini də oxudum. Yeni dünyanın, yeni düşüncənin hekayəsini yazdığını görüb heyrətlənmişdim. Onun hekayələrinin süjetləri həmişə çox fərqli və gözlənilməz olur. Düzü, “Həyat yoldaşı” hekayəsi əvvəl oxuduqlarımdan güclü olmasa da, yenə də həmin o fərqli dünya modeli mənə maraqlı gəldi. Professorun rəhmətlik yoldaşının yerinə tələbələrinin hazırladığı həyat yoldaşı ilə dialoq – bu, Sənan İsmayılovun hər dəfə hekayələrində qoyduğu “mina”lardan biridir.

Bizim nəsrdə, mənə elə gəlir ki, elmi fantastik, bilim-qurğu yazanlar azdı. Ya da heç yoxdurlar. Ona görə də Sənan İsmayılovun bu hekayələri həmin boşluğu doldurur. Bəzən Sənan bəyin hekayəsini oxuyanda hansısa xarici yazarın hekayəsini oxuduğumu sanıram. Yəqin ki, bu da Sənan bəyin rusca yazmasından irəli gəlir. Ancaq bu, mənə görə, problem deyil, əksinə müsbət hadisədir. Məsələ hansı dildə yazmaq yox, hansı düşüncə tərzini daşımaqdır. Mənə görə, ədəbiyyat həm də düşüncə hadisəsidir, yeni düşüncə forması ötürməyən bədii əsərin şirin dili məni cəlb etmir. Əslində bu “qızıl orta”nı tutdurmaq hər yazıçıya nəsib olmur. Ya mövzu köhnə, dil ənənəvi olur, ya da mövzu yeni, dil kasad. Ümid edirəm, Sənan bəy bu “qızıl orta”nı tutduracaq.

# 3512 dəfə oxunub

Müəllifin son yazıları

# # #